Məhkəmə qərarları › İş №2(012)-2853/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2853/2023

06.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2853/2023 06.07.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin e-2(012)-1031/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2006-cı il təvəllüdlü X6, xx.xx.2008-ci il təvəllüdlü X8 və xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh onun xeyrinə tutulan alimentin miqdarının artırılaraq cavabdehdən hər ay hər uşağa 220 manat olmaqla, cəmi 660 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, Abşeron rayon Məhkəməsinin e-2(004)- 1031/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə X3 ilə Cavabdeh arasında xx.xx.2005ci il tarixdə Bakı şəhəri Sabunçu rayon Qeydiyyat Şöbəsində bağlanmış 521 nömrəli akt qeydli nikah pozulmuş, xx.xx.2006-ci il təvəllüdlü X6, xx.xx.2008-ci il təvəllüdlü X8 və xx.xx.2019-cu il təvəllüdlü X4 iddiaçı X1 yanında saxlanılması və Cavabdeh xx.xx.2006-cı il təvəllüdlü X5, xx.xx.2008-ci il təvəllüdlü X7 və xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 193 manat olmaqla, cəmi 579 manat sabit pul məbləğində alimentin iddiaçı X1 xeyrinə tutulması qət edilmişdir. Övladlarına hazırda özü baxır. Uşaqları saxlamaq onun üçün maddi cəhətdən çox çətindir. Belə ki, onların təhsili, sağlamlığı və s. bu kimi hallar nəzərə alınsa, 2022-ci ildə təyin edilən 193 manat hazırda onların saxlanmasını təmin eləmir. Uşaqlar üçün yaşayış minimumunun məbləği 2023-cü il üçün ölkə üzrə 220 manat məbləğində müəyyən edilmişdir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. O bildirdi ki, cavabdeh rəsmi işləməsə də, avtomobil alqı-satqısı ilə məşğuldur və maddi gəlirləri yaxşıdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iddiaçını dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Abşeron rayon Məhkəməsinin e-2(012)-1031/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, X3 ilə Cavabdeh arasında xx.xx.2005-ci il tarixdə Bakı şəhəri Sabunçu rayon Qeydiyyat Şöbəsində bağlanmış 521 nömrəli akt qeydli nikah pozulmuş, xx.xx.2006-cı il təvəllüdlü X6, xx.xx.2008-ci il təvəllüdlü X8 və xx.xx.2019-cu il təvəllüdlü X4 iddiaçı X1 yanında saxlanılması və Cavabdeh xx.xx.2006-cı il təvəllüdlü X5, xx.xx.2008-ci il təvəllüdlü X7 və xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 193 manat olmaqla, cəmi 579 manat sabit pul məbləğində alimentin iddiaçı X1 xeyrinə tutulması qət edilmişdir. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi üzrə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad ola bilər. "Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlara görə 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı təyin edilmiş aliment məbləğinin hazırda birgə nikahdan doğulmuş uşaqların saxlanması üçün kifayət etmədiyini iddia edir. Birgə nikahdan doğulmuş uşaqlar iddiaçının himayəsindədir və onların maddi ehtiyacları artmaqdadır. Məhkəmə Fidan, Əli və Selin adlı uşaqların mənafeyini, normal inkişaf etmələrini, uşaqlar üçün hal-hazırda minimum yaşayış həddinin məbləğini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Abşeron rayon Məhkəməsinin e-2(012)-1031/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2006-cı il təvəllüdlü X6, xx.xx.2008-ci il təvəllüdlü X8 və xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanmaları üçün təyin olunmuş hər ay cəmi 579 manat sabit pul məbləğində alimentin miqdarı artırılaraq, hər ay hər uşağa 220 manat olmaqla, cəmi 660 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq X2 verilməli və alimentin tutulmasının əvvəli bu qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Abşeron rayon Məhkəməsinin e-2(012)-1031/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilsin. xx.xx.2006-cı il təvəllüdlü X6, xx.xx.2008-ci il təvəllüdlü X8 və xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşağa görə 220 manat olmaqla, cəmi 660 manat sabit məbləğdə aliment tutulsun. Cavabdeh tutulan alimentin miqdarının dəyişdirilməsinin əvvəli bu qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar