Məhkəmə qərarları › İş №2(012)-2856/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2856/2024

03.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2856/2024 03.09.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məşədiyeva Fidan Eynur qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Salyan Rayon Məhkəməsinin 2(057)-221/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin artırılaraq hər ay 235 manat məbləğində müəyyən edilməsi və cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Salyan Rayon Məhkəməsinin 2(057)- 221/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən, iddiaçı ilə Cavabdeh arasında xx.xx.2014-cü il tarixdə Salyan rayon Qeydiyyat şöbəsində AZ İ 978042 saylı nikah şəhadətnaməsi ilə rəsmiləşdirilmiş 335 saylı nikaha xitam verilməsi, birgə nikahdan olan xx.xx.2015-ci il təvəllüdlü X3 iddiaçının himayəsində qalması müəyyən edilərək ayda 120 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qərar qəbul edilmişdir. Buna baxmayaraq, təyin olunan alimentin ödənilməsi vaxtı-vaxtında icra edilmir, uşağın saxlanmasına cavabdeh tərəfindən heç bir əlavə maddi kömək göstərilmir. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmağı, həmçinin, maddi tələbatlarını ödəməyi iddiaçı təkbaşına qarşılayır. X4 orta məktəbdə təhsil alır, bu baxımdan xərcləri xeyli artdığından artıq bu hal iddiaçı üçün çətinləşməyə başlamışdır. Odur ki, göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, o (iddiaçı) artıq 5 aydır ki, alimentlə təmin olunmur. Bundan əvvəllər də aliment ödənilməsinə dair təzyiqlərlə, gecikmələrlə ödəniş olunub. Cavabdeh 2-ci dəfədir ki, narkotik aludəçisi olduğu üçün cəzaçəkmə müəssisəsinə daxil olur. Cavabdehin özü hazırda cəzaçəkmə müəssisəsində olsa da, normalda atasının yanında yaşayır. Cavabdehin atasının imkanı olduqca yaxşıdır, aylıq aliment ödənişlərini çox zaman məhz o (cavabdehin atası) etmişdir. Birgə nikahdan olan xx.xx.2015-ci il təvəllüdlü X3 məktəbə getməsi ilə bağlı xərcləri xeyli artmışdır. Eyni zamanda, cavabdehin cəzaçəkmə müəssisəsində olduğunu və bu baxımdan rəsmi gəlir mənbəyi olmadığını nəzərə alaraq, aliment məbləğinin artırılaraq hər ay 200 manat məbləğində müəyyən edilərək cavabdehdən alınıb ona (iddiaçıya) verilməsinə razıdır. 11 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Cavabdeh öz etiraz və mülahizələrini təqdim etməsi üçün bildiriş göndərilmiş və bununla bağlı cavabdeh Abşeron Rayon Məhkəməsinə xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 11 saylı Cəzaçəkmə Müəssisəsinin xx.xx.2024-cü il tarixli, 3-16- 17/27/2-3477/2024 məktubu ilə daxil olmuş ərizə ilə müraciət edərək bildirmişdir ki, o (cavabdeh) 11 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir, heç bir yerdə işləmədiyi üçün alimentin ödənilməsinə heç bir imkanı çatmır və təyin edilmiş aliment miqdarının artırılmasına etiraz edir, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş edir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. 34-cü maddəsinin İV bəndinə əsasən, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: xx.xx.2015-ci il təvəllüdlü X4 -Salyan rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, AZ-İİİ № 537877 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X4 xx.xx.2015-ci il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 952 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası Cavabdeh, anası İddiaçıdır. -Salyan Rayon Məhkəməsinin 2(057)-221/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2014-cü il tarixdə Salyan rayon Qeydiyyat şöbəsində AZ İ 978042 saylı nikah şəhadətnaməsi ilə rəsmiləşdirilmiş 335 saylı nikahın pozulması, xx.xx.2015-ci il təvəllüdlü X3 İddiaçı himayəsində saxlanılması və xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xx.xx.2021-ci ildən başlayaraq hər ay 120 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, X1 34.4 manat məbləğində dövlət rüsumunun alınaraq dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatlardan görünür ki, İddiaçı ünvan 1 ünvanda, Cavabdeh isə ünvan 2 ünvanda qeydiyyatdadır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra mətndə Ailə Məcəlləsi adlanacaq): 75.1. və 75.4. maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1. maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. 78.2. maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1. maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya alimenti ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh ilə İddiaçı birgə nikahından xx.xx.2015-ci il təvəllüdlü X4 dünyaya gəlmişdir. Salyan Rayon Məhkəməsinin 2(057)-221/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən, tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2015-ci il təvəllüdlü X3 İddiaçı himayəsində saxlanılması və X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xx.xx.2021-ci ildən başlayaraq hər ay 120 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət olunmuşdur. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qətnamə ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilərək, xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 235 manat sabit pul məbləğində alimentin tutulmasını məhkəmədən xahiş etmişdir. İşin hallarını araşdıraraq məhkəmə qeyd edir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Eyni zamanda “Azərbaycan Respublikasında 2024-cü il üçün Yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanunu”na əsasən, 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat müəyyən edilmişdir. Məhkəmə qanunun qeyd edilən tələbini rəhbər tutaraq qeyd edir ki, Salyan Rayon Məhkəməsinin 2(057)-221/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə tutulmuş alimentin miqdarı hazırkı gün üçün yaşayış minimumundan azdır və məlum olduğu kimi, qeyd olunan məhkəmə qətnaməsi ilə uşağın saxlanması üçün aliment tutulması qət ediləndən sonra yaşayış minimumu xeyli artmışdır. Hazırkı şəraitdə həmin uşağın yaşını, qida və digər zəruri xərclərə tələbatını nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, qət edilmiş aliment məbləği müəyyən edilmiş yaşayış minimumundan aşağı olduğundan uşağın saxlanması üçün yetərli hesab edilə bilməz. Eyni zamanda, məhkəmə qeyd edir ki, qanunvericilik uşağın minimum dolanışıq xərcinin ödənilməsini valideynin üzərinə vəzifə kimi qoymuşdur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında qeyd edilir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). Beləliklə, məhkəmə qanunun qeyd edilən tələbini rəhbər tutub məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək, həmçinin, cavabdehin cəzaçəkmə müəssisəsində cəza çəkməsi ilə əlaqədar heç bir gəlir mənbəyinin olmamasını, tərəflərin birgə nikahlarından olan uşaqların mənafeyini nəzərə alaraq hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Salyan Rayon Məhkəməsinin 2(057)-221/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək Cavabdeh İddiaçı xeyrinə hər ay 200 manat sabit pul məbləğində aliment tutulmalıdır. Bundan başqa, məhkəmə qeyd edir ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Hazırki iddia tələbi isə alimentin tutulması barədə ilkin iddia deyil, alimentin artırılması barədədir. Bu səbəbdən də məhkəmə hesab edir ki, artırılmış alimentin tutulmasının vaxtı Ailə Məcəlləsinin 100.2-ci maddəsinin təsiri altına düşə bilməz. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 №-li Qərarında da məhkəmələrə tövsiyyə edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə də, məhkəmə qeyd edir ki, hazırki halda alimentin dəyişdirilmiş miqdarı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikası Milli Məclisinin 21 iyul 1992-ci il tarixli, 236 saylı Qərarı ilə Azərbaycan Respublikasının qoşulduğu, BMT-nin Baş Məclisinin 20 noyabr 1989-cu il tarixdə qəbul etdiyi «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq):

107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə eyni zamanda, Mülki Prosessual Qanunvericiliyin tələblərinə istinad edərək qeyd edir ki, alimentin tutulması tələbinə dair iddia ərizəsi üzrə iddiaçı dövlət rüsumunun ödənilməsindən azad olunduğundan iddia tələbinin artırılmış qiymətinə mütənasib olaraq, yəni (200-120=80 manat, 80 manat x 1 (uşaq) = 80 manat, 80 manat x 12 ay = 960 manat) ödənilməli olan 30 manat dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə keçirilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.3. maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4 maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Salyan Rayon Məhkəməsinin 2(057)-221/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən olunan alimentin miqdarı dəyişdirilərək, xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı qıznın xeyrinə hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutulsun. Alimentin dəyişdirilmiş miqdarı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulsun. Cavabdeh dövlət rüsumuna görə 30 (otuz) manat pul vəsaiti tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar