Məhkəmə qərarları › İş №2(012)-2863/2020

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2863/2020

14.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2863/2020 14.10.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədirliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı QSC-nin nümayəndəsi Əhmədova Aysel Zöhrab qızının, Cavabdeh X2 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və X3 qarşı “borcun tutulması” tələbinə dair mülki işə xx xxxxxxx 2020-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və X1 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 438,75 manat məbləğində kredit borcu, 83,21 manat məbləğində faiz borcu və 149,90 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 671,86 manat məbləğində borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı QSC-nin nümayəndəsi Əhmədova Aysel Zöhrab qızı məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirdi ki, Cavabdeh1 İddiaçı QSC ilə xx.xx.2018-ci il tarixdə bağladığı 017A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 2,25% olmaqla 18 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 800 manat məbləğində kredit götürmüşdür. Cavabdeh kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. Cavabdeh götürdüyü kredit borcundan 361,25 manat ödəniş etmiş və onun iddiaçıya 438,75 manat məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1 bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh kredit borcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2020-ci il tarixə 347 gün üçün hesablanmış faiz borcu 83,21 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5 % məbləğində cərimə ödəməlidir. xx.xx.2020-ci il tarixə 347 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 149,90 manat təşkil edir. Kredit müqaviləsinin 4.1.2-ci bəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi qaytarma planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Bu kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 zaminlik müqaviləsinə əsasən, bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. Cavabdeh2 həmin zaminlik müqaviləsinin 1-ci bəndinə əsasən həmin kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir. Qeyd olunanlara əsasən nümayəndə, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında izahatında bildirdi ki, o, “xxxxxxxxx” ASC ilə Cavabdeh1 bağladığı xx.xx.2018-ci il tarixli, 017A********** saylı kredit müqaviləsi üzrə zamindir. Cavabdeh1 onun iş yoldaşıdır və yanacaq doldurma məntəqəsində işləmişdir. İş materiallarından olan xx.xx.2018-ci il tarixli, 017A********** saylı kredit müqaviləsindən görünür ki, "İddiaçı" QSC-nin Azadlıq filialı (bank) ilə Cavabdeh1 (kredit alan) arasında kredit müqaviləsi bağlanmış və bu müqaviləyə əsasən bank ümumi məbləği 800 manat olan borc pulu aylıq faiz dərəcəsi 2,25 % olmaqla 18 ay müddətinə kredit alana verir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli, 017G**********01 saylı zaminlik müqaviləsindən görünür ki, İddiaçı QSC-nin Xırdalan filialı, bundan sonra zamin adlandırılacaq Cavabdeh2 bu müqaviləni bank və bundan sonra borclu adlandırılacaq Cavabdeh1 arasında xx.xx.2018-ci il tarixdə Xırdalan şəhərində bağlanmış 017A********** saylı kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlamışdır. İş materiallarında olan maliyyə arayışdan görünür ki, Cavabdeh1 xx.xx.2018-ci il tarixli, 017A********** saylı kredit razılaşması üzrə xx.xx.2020-ci il tarixə olan borcu 438,75 manat məbləğində kredit borcu, 83,21 manat məbləğində faiz borcu va 149,90 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 671,86 manat məbləğində təşkil edir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında xx.xx.2018-ci il tarixli, 017A********** saylı kredit müqaviləsi imzalanmışdır. Bu müqavilə Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanmışdır və onun etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. Lakin, Cavabdeh1 xx.xx.2018-ci il tarixli, 017A********** saylı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi, yəni borc məbləğini və ona hesablanmış faizləri kredit razılaşması və ödəmə cədvəlinə uyğun olaraq tam ödəməmiş və bununla da öhdəliyini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu geçikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyət və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə hesab edir ki, iddiaçı təşkilatın cavabdehlərdən öhdəliyi lazımınca icra etmədikləri üçün cərimə pulu almaq tələbinin də qanuni əsasları vardır. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və lazımınca icra edilmədyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Ona görə də məhkəmə hesab edir ki, dəbbə pulu hissəsində də iddia tələbi təmin edilməlidir. Lakin məhkəmə cərimə pulunun yüksək hesablandığı qənaətinə gəlir. Belə ki, hesablanmış 149,90 manat məbləğində cərimə pulu cavadehin onsuzda ağır olan maddi durumunu daha da ağırlaşdıra bilər. Ona görə də məhkəmə hesab edir ki, cərimə pulu hissəsində iddia tələbi qismən təmin edilməli və bu məbləğ 5 manat məbləğində olmalıdır. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə borcun müştərək qaydada tutulması ilə bağlı belə qənaətə gəlir ki, Cavabdeh1 xx.xx.2018-ci il tarixli, 017A********** saylı kredit müqaviləsindən irəli gələn öhdəliyini lazımınca yerinə yetirmədiyi üçün İddiaçı QSC-nin həmin müqavilənin icrasına zaminlik etmiş digər cavabdeh olan Cavabdeh2 öz öhdəliyinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin məcəllənin 472.3cü maddəsinə görə birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçı təşkilat tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu da cavabdehdən alınmalı və iddiaçı təşkilata ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 438,75 manat məbləğində kredit borcu, 83,21 manat məbləğində faiz borcu və 5 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 526,96 manat məbləğində borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar