Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2881/2022 12.08.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Şirinova Nigar Nazim qızının katibliyi ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı pulun qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı pulun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK-ya ödədiyi 12500 manat, nümayəndəyə ödədiyi 1000 manat, maddi ziyana görə 750 manat, mənəvi ziyana görə 750 manat, etibarnamə üçün ödədiyi 12 manat və dövlət rüsumunun əvəzi kimi 136 manat, ümumilikdə 15148 manat pulun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1995-ci ildə Masallı rayonunun Yeyənkənd kəndində anadan olmuşdur, hazırda da həmin ünvanda qeydiyyatda olmaqla orada yaşayır. 28 iyun 2021-ci il tarixdə mənzil tikintisi haqqında müqavilə üzrə Cavabdeh MTK-da “payçı” olaraq, həmin təşkilata 13500 manat ilkin ödəniş etmişdir. Elə həmin gün (xx.xx.2021-ci il) MTK barədə ofisin həyətində mənfi fikirlər olduğunu görüb ödədiyi pulu geri almaq üçün nə qədər cəhd etsə də, Cavabdeh MTK-nin sədri Emil Səməndərov onu süründürməçiliyə salaraq bugünki günə qədər get-gələ salmışdır. Bununla bağlı 5-6 dəfə onu Masallı rayonundan Bakı şəhərinə işlədiyi ofisə çağırıb, özü isə orda olmamaqla yanaşı, ofisin həyətinə belə onu buraxmamışlar. Məcburiyyət qarşısında qalıb axşama qədər gözləyib geri dönmüşdür. Belə olduğunu görüb, pulun geri alınması üçün hüquqi xidmət sahəsində fəaliyyət göstərən X4 30 iyul 2021-ci il tarixdə etibarnamə verərək, həmin tarixdə də onunla 012 saylı öhdəlik müqaviləsi bağlayaraq, işin həllindən aslı olmayaraq onun hesabına 1000 manat nağd pul köçürmüşdür. O da pulun geri alınması üçün aidiyyəti təşkilatlara müraciət etmiş, həmin şikayətlər ərəfəsində Cavabdeh MTK-nin sədri Emil Səməndərov hər ikisini işlədiyi ofisə çağıraraq xx.xx.2021-ci il tarixdə 1000 manat pul qaytarmışdır. O söz vermişdir ki, tez bir müddətdə qalan pulunu qaytaracaqdır. Həmin vaxtdan isə indiyədək borclu olduğu pulu vermir. Cavabdeh onun pulunu mənimsəyərək əsassız varlanmışdır. Bundan başqa, Emil Səməndərov onu və nümayəndəsini dəfələrlə işlədiyi Bakı şəhərində yerləşən ofisinə çağırmaqla, bu cür rəftar etməsi ona maddi ziyanla yanaşı, mənəvi iztirablar da vermişdir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İştirak etdiyi məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh MTK məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onun nümayəndəsi səbəbini bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş: - “Mənzil tikintisi haqqında” 28 iyun 2021-ci tarixli müqavilədən görünür ki, İddiaçı Cavabdeh MTK tərəfindən Xırdalan şəhəri, M.Ə.Rəsulzadə, 1 A ünvanında inşa edilən 16 mərtəbəli yaşayış evinin 5-ci bloku, 12-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 81,2 kv.metrlik 2 otaqlı 86 saylı mənzilinə dair pay hüququ qazanır. Mənzilin 1 kv.metrinin dəyəri 375 manat, mənzilin ümumi dəyəri 30500 manat təşkil edir. - xx.xx.2021-ci il tarixli, PS00-0001174 saylı kassa mədaxil orderindən görünür ki, İddiaçı Cavabdeh MTK-nin hesabına qeyd edilən mənzilin pay dəyəri kimi 13500 manat pul ödəmişdir. - xx.xx.2021-ci il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh MTK tərəfindən İddiaçı 1000 manat pul ödənilmişdir. - xx.xx.2021-ci il tarixli, 012 saylı öhdəlik müqaviləsindən görünür ki, X1 Fərid Müqərrib oğluna mübahisəli mənzillə bağlı ödənilmiş pul mübahisəsi üzrə ona verilən etibarnamədəki səlahiyyətlər daxlində hüquqi yardım göstərir. Sifarişçi bunun müqabilində işin hallarında asılı olmayaraq 1000 manat pulu icraçıya ödəyir, işin həllindən sonra isə tutulan məbləğin 10 % miqdarında vəsait ödəyəcəkdir. - AR – İİ 385447 saylı, xx.xx.2021-ci il tarixli etbarnamədən görünür ki, İddiaçı X4 xx.xx.2031-ci ilədək bəzi səlahiyyətlər vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. Həmin Məcəllənin 109.2-ci maddəsinə görə kooperativ üzvü bu Məcəllənin tələblərinə cavab verən və kooperativin nizamnaməsində müəyyənləşdirilən qaydada və həcmdə üzvlük haqqı, mütləq və əlavə pay haqqı ödəmiş və kooperativə qəbul edilmiş, onun fəaliyyətində iştirak edən və səs hüququ (bu Məcəllənin 49-1.2-ci və 49-1.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla) olan fiziki və (və ya) hüquqi şəxsdir. Həmin Məcəllənin 109.3-cü maddəsinə görə kooperativin ortaq (assosiativ) üzvü bu Məcəllənin tələblərinə cavab verən və kooperativin nizamnaməsində müəyyənləşdirilən qaydada və həcmdə üzvlük haqqı və yalnız mütləq pay haqqı ödəmiş və kooperativə qəbul edilmiş, onun fəaliyyətində iştirak etmək və bu Məcəllədə nəzərdə tutulan hallar istisna olmaqla səs hüququna malik olmayan fiziki və (və ya) hüquqi şəxsdir. Həmin Məcəllənin 109-4.1 və 109-4.1.1-ci maddələrinə görə kooperativin üzvlərinin kooperativə daxil olmaq və könüllü qaydada kooperativdən çıxmaq hüquqları vardır.\ Həmin Məcəllənin 112.1-ci maddəsinə görə kooperativ üzvünün kooperativdən çıxmaq ixtiyarı vardır. Bu halda ona payının dəyəri ödənilməli və ya payına uyğun əmlak verilməli, habelə kooperativin nizamnaməsində nəzərdə tutulan digər ödənişlər verilməlidir. Kooperativin çıxan üzvünə payın dəyərinin ödənilməsi və ya başqa əmlakın verilməsi, əgər kooperativin nizamnaməsində ayrı qayda nəzərdə tutulmayıbsa, maliyyə ili qurtardıqdan və kooperativin maliyyə hesabatları təsdiq edildikdən sonra həyata keçirilir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, tələbkarın isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir. Həmin Məcəllənin 1097.1-ci maddəsinə uyğun olaraq mülki hüquq pozuntusu törətmiş şəxs fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzini tam həcmdə ödəməlidir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. İddiaçı tərəfin təqdim etdiyi sübutları qiymətləndirərək, məhkəmə belə qənaətə gəlir ki, sözügedən mübahisəli mənzil xx.xx.2021-ci il tarixdə bağlanmış müqavilədə nəzərdə tutulmuş pay haqqına uyğun olaraq kooperativin üzvlüyünə qəbul edilmiş İddiaçı istifadə və sahibliyinə verilməli idi. Lakin pay haqqı ödənilən gün İddiaçı bu müqavilədən imtina etmiş və ödədiyi 13500 manat vəsaiti geri tələb etmişdir. xx.xx.2021-ci ildə Cavabdeh MTK bu vəsaitdən 1000 manat hissəni payçıya qaytarmışdır. Məhkəmə hesab edir ki, bununla da hər iki tərəf onlar arasında imzalanmış xx.xx.2021-ci il tarixli mənzil tikintisi haqqında müqavilədən imtina etmişdir. Bununla belə, bu müqavilə qarşılıqlı razılaşma əsasında ləğv edilsə də, iddiaçının ödədiyi 12500 manat vəsait MTK tərəfindən ona qaytarılmamışdır. Mülki Məcəllənin 421.2-ci maddəsinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ləğv edilə bilər. Həmin Məcəllənin 427.2-ci maddəsinə görə əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Həmin Məcəllənin 424.5-ci maddəsinə əsasən əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. İşin halları və qeyd edilən qanunvercilik normaları baxımdan iddiaçının həmin müqavilə üzrə ödənilmiş məbləğin geri qaytarılmasını tələb etmək hüququ vardır. Məhkəmə müqavilənin 6.1-ci bəndinə görə payçının koopertaivin üzvlüyündən çıxması halında ödənilmiş pay haqqının, həmin mənzil üçüncü şəxsə satıldıqdan sonrakı 7 iş günü ərzində alıcıya qaytarılmalı olmasını isə əsaslı saymır. Belə ki, məhkəmə bir daha qeyd edir ki, ödənilmiş pulun iddiaçıya qaytarılmasının müqavilədə tikilməsinin nə vaxt başa çatacağı göstərilməyən və şəraitə görə də tikintisinin nə vaxt başa çatması məlum olmayan mənzilin üçüncü şəxslərə satılması ilə şərtləndirilməsi əsaslı dəlil deyil. Ümumiyyətlə, hələ mövcud olmayan mənzilin satılması ağlabatan dəlil sayıla bilməz və öhdəliyin uzun müddət üçün yerinə yetirilməməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin “Azərbaycan Respublikası MM-nın 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2010-cu il tarixli qərarına əsasən,kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərancam vermək hüququnu əldə edirlər. Şərh olunan hüquq normasını, Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburi hüquqi qüvvəyə malik olan Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin “Azərbaycan Respublikası MM-nın 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2010-cu il tarixli qərarını rəhbər tutaraq məhkəmə qeyd edir ki, iddiaçı tərəf mübahisələndirilən mənzilin dəyərini tam ödəmişdir. Müqavilə şərtlərində qeyd edilməsə də, tərəflər arasında olan şifahi razılaşmaya əsasən, mənzil 1 il 8 ay müddətinə iddiaçıya təhvil verilməli idi. Belə ki, tikinti inşasında müddətin müəyyən edilməsi tərəflər arasında bağlanmış müqavilədə göstərilməyibsə, tikintinin inşa edilib tərəfə təhvil verilməsi ağlabatan müddətdə müəyyən edilməlidir. Ağlabatan müddət dedikdə mövcud şəraitin imkan verdiyi həddə məsələnin məqsədəmüvafiq şəkildə icrası üçün zəruri olan mümkün zaman müddəti başa düşülür. Belə olan halda məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh MTK-ya qarşı pulun qaytarılması barədə iddia tələbi qismən təmin edilməli, Cavabdeh MTK-dan 12500 manat pul tutularaq İddiaçı qaytarılmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı digər hissələrə dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdehlər tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Həmin Məcəllənin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbzdən görünür ki, iddiaçı məhkəməyə iddia ərizəsinin verilməsi üçün 136 manat rüsum ödəmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, dövlət rüsumu kimi ödənilmiş 136 manat məbləğində pulun əvəzi cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MTK-dan 12500 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 136 manat pul tutularaq İddiaçı qaytarılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-2881/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2881/2022
12.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver