Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2888/2021 20.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, İddiaçı Yelo Bank ASC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə İddiaçı X7 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsinin ləğv edilməsi və borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X7 Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kredit müqaviləsinin ləğv edilməsi və borcun tutulması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 04.02.2020-ci il tarixli 22-Y-3-0-214-20 saylı kredit müqaviləsinə əsasən 8812.25 manat əsas, 1299.53 manat faiz və 95.41 manat cərimə olmaqla, ümumilikdə 10207.19 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun X7 Səhmdar Cəmiyyətinin xeyrinə tutulması və X7 Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 04.02.2020-ci il tarixli 22-Y-3-0-214-20 saylı kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Yelo Bank ASC-nin nümayəndəsi X2 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Cavabdeh 04.02.2020-ci il tarixli kredit müqaviləsinə əsasən Yelo Bank ASC-dən illik 21 %-lə 36 ay müddətinə 9000 manat kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 29.03.2021-ci il tarixədək 04.02.2020-ci il tarixli kredit müqaviləsi üzrə banka 8812.25 manat əsas, 1299.53 manat faiz və 95.41 manat cərimə borcu olmaqla, ümumilikdə 10207.19 manat borcu yaranmışdır. Bank tərəfindən cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq isə o, borcu ödəməkdən yayınmışdır. Odur ki, göstərilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, o, 04.02.2020-ci il tarixli kredit müqaviləsinə əsasən Yelo Bank ASC-dən illik 21%-lə 36 ay müddətinə 9000 manat kredit götürmüşdür. Əvvəllər kredit müqaviləsi üzrə ödənişlərini vaxtlı-vaxtında yerinə yetirsə də sonradan, ödənişlərində çətinliklər yaranmışdır. Belə ki, özəl məktəbdə müəllim olaraq fəaliyyət göstərir və Covid-19 pandemiyası ilə əlaqədar işi bağlandığından maddi çətinliyi yaranmış, bu səbəbdən də banka olan kredit ödənişlərində də gecikmələri yaranmışdır. Ona görə də göstərilənlərə əsasən mövcud vəziyyətin nəzərə alınmasını xahiş edir. Məhkəmə, tərəflərin izahatını, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1. və 739.2. maddələrindən görünür ki, kredit müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -Yelo Bank ASC ilə Cavabdeh arasında bağlanmış 04.02.2020-ci il tarixli 22-Y-3-0- 214-20 saylı kredit müqaviləsinə əsasən, Bank tərəfindən sonuncuya 36 ay müddətinə illik istifadə haqqı 21% hesabı ilə 9000 manat məbləğində kredit verilmişdir. -Eyni zamanda, kredit müqaviləsinin şərtindən və həmin müqaviləyə əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, Cavabdeh ona verilmiş kredit üzrə əsas və faiz borclarını hesabında qalıq yarandığı gündən bir ay sonradan, yəni 04.03.2020-ci il tarixdən başlayaraq, 9000 manat əsas, 3206.66 manat faiz borcu olmaqla, 12206.66 manat borcu hər ay hissə-hissə ödəməklə qaytarmalıdır. -19.07.2019-cu il tarixli kassa məxaric orderinin surətindən görünür ki, Cavabdeh 9000 manat məbləğində krediti həmin tarixdə Yelo Bank ASC-dən imza edərək qəbul etmişdir. -Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS şöbəsinin 05.03.2021-ci il tarixli arayışından görünür ki, Əsgərov X4 rayonu, Masazır ərazi dairəsi, Masazır kəndi Yeni məhəllə ünvanında qeydiyyatdadır. -29.03.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 8812.25 manat əsas, 1299.53 manat faiz və 95.41 manat cərimə borcu olmaqla, ümumilikdə 10207.19 manat borcu vardır. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş 03.02.2021-ci il tarixli çıxarışdan görünür ki, Yelo Bank ASC ********** saylı VÖEN ilə qanuni təmsilçi X5 olmaqla 03.02.2021-ci il tarixdə **********461600 nömrəli çıxarış verilmişdir. Yelo Bank ASC tərəfindən Cavabdeh ünvanlanmış 2021-ci il tarixli 3526 saylı xəbərdarlıqdan görünür ki, bank tərəfindən borcalana kredit müqaviləsi üzrə borc 5 gün müddətində ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1. maddəsində göstərilir ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. 427.3. maddəsinə əsasən öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 741 və 742.1-ci maddələrinin mənasından görünür ki, əgər tərəflər arasındakı müqavilədə borcun qaytarılmasına dair müddət nəzərdə tutulmuşdursa, borclu aldığı kredit məbləğini faizləri ilə birlikdə həmin müddət bitənədək qaytarmalıdır. İşin müəyyən edilən hallarına və tədqiq edilmiş sübutlara əsasən borclu Cavabdeh həmin müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Yuxarıda qeyd edildiyi kimi, cavabdehin ödəmələri vaxtında icra etməməsi onun bank qarşısında borc öhdəliyi üzrə 95.41 manat cərimənin hesablanması ilə nəticələnmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1. maddəsində göstərilir ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1. və 448.2. maddələrinə əsasən əgər qanunla və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Bununla belə, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən müqavilə üzrə tənasübsüz surətdə yüksək miqdarda maliyyə sanksiyası tətbiq edilmişdir və bu tərəflərin qarşılıqlı mənafeyinə uyğun gəlmir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsində göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair 09 iyul 2009-cu il tarixli qərarında göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır. İstinad edilən maddi hüquq normalarının tələbləri baxımından məhkəmə hesab edir ki, əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu gəlir kimi çıxış edə bilməz. Belə ki, dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə zidd olardı. Ona görə də məhkəmə 04.02.2020-ci il tarixli 22-Y-3-0-214-20 saylı kredit müqaviləsi üzrə 8812.25 manat əsas borc üzrə hesablanmış 95.41 manat məbləğində cərimənin azaldılaraq 5 (beş) manat məbləğində müəyyən edilməsini qanuni, əsaslı və ədalətli olmaqla, həm də iddiaçı təşkilatın əmlak mənafelərinə, həmçinin cavabdehin maddi, əmlak vəziyyətinə uyğun hesab edir. Eyni zamanda iddia ərizəsində X7 Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 04.02.2020-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə qeyd edir ki, müqavilənin vaxtından əvvəl ləğv edilməsi barədə iddiaçının tələbi tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə uyğundur və əsaslıdır. Məhkəmə qeyd edir ki, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər Mülki Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər. (MM-nin 421.1.,421.2.,422.2.-ci mad.) Tərəflər araşında bağlanmış müqavilənin şərtlərindən müəyyən olunur ki, müştəri müqavilədən irəli gələn öhdəliklərini vaxtında yerinə yetirmədiyi təqdirdə, İddiaçı ASC-nin müqavilə müddətinin bitməsindən əvvəl borcun ödənilməsini tələb etmək hüququ vardır. İddiaçının tələbetmə hüququndan istifadə edərək borcu vaxtından əvvəl tələb etməsi əsaslıdır və müqavilənin vaxtından əvvəl xitam verilməsi müqavilə şərtlərinə uyğundur. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməli və ondan 30 manat alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirib, məhkəmə iclasında tədqiq edilən sübutları məcmu halda qiymətləndirib hesab edir ki, iddiaçı Yelo Bank ASC ilə Cavabdeh arasında bağlanmış 04.02.2020-ci il tarixli 22-Y-3-0-214-20 saylı kredit müqaviləsi ləğv edilməli, cavabdeh tərəfindən müqavilə öhdəliklərinin vaxtında və lazımınca yerinə yetirilməməsini və qanunvericiliyin tələblərini nəzərə alınaraq ondan iddiaçının xeyrinə 8812.25 manat əsas, 1299.53 manat faiz və 5 manat cərimə borcu olmaqla, ümumilikdə 10116.78 manat pul vəsaiti və 30 manat ödənilmiş dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 217.4. maddəsində göstərilir ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Yelo Bank ASC ilə Cavabdeh arasında bağlanmış 04.02.2020-ci il tarixli 22-Y-3-0- 214-20 saylı kredit müqaviləsi ləğv edilsin. 04.02.2020-ci il tarixli 22-Y-3-0-214-20 saylı kredit müqaviləsi üzrə Cavabdeh X7 Səhmdar Cəmiyyətinin xeyrinə 8812.25 (səkkiz min səkkiz yüz on iki manat iyirmi beş qəpik) manat əsas, 1299.53 (min iki yüz doxsan doqquz manat əlli üç qəpik) manat faiz və 5 (beş) manat cərimə olmaqla, ümumilikdə 10116.78 (on min yüz on altı manat yetmiş səkkiz qəpik) manat borc və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat məbləğində pul vəsaiti tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-2888/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2888/2021
20.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver