Məhkəmə qərarları › İş №2(012)-2890/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2890/2021

31.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2890/2021 31.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki işə 31 may 2021-ci il tarixdə, Xırdalan şəhərində məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 4 oktyabr 2019-cu il tarixli, NSMK-1122_KMP saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC-nin xeyrinə əsas borc üzrə 3422,77 manat, 5 manat faiz borcu üzrə olmaqla, cəmi 3427,77 manat və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Nizami filialı ilə Cavabdeh1 arasında bağlanmış 4 oktyabr 2019-cu il tarixli, NSMK-1122_KMP saylı kredit müqaviləsinə əsasən illik 1% dərəcəsi olmaqla 60 ay müddətinə 3616,77 manat məbləğində cavabdehə kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq 4 oktyabr 2019-cu il tarixdə İddiaçı ASC-nin Nizami filialı ilə digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 arasında zaminlik müqavilələri bağlanılmışdır. Həmin müqavilə üzrə zamin kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə borclu ilə birlikdə məsuliyyət daşıyır. Kredit müqaviləsinin şərtlərinə görə borc alan kredit müqaviləsi üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında hər ayın 4-dən gec olmayaraq hər ay 61,83 manat ödəniş etməli olduğu halda, öhdəliklərini vaxtlı-vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdeh1 kredit müqaviləsi üzrə borcunun məbləği əsas borcuna görə 3422,77 manat, 5 manat faiz borcu üzrə olmaqla, cəmi borcu 3427,77 manat təşkil edir. İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, mülki işə onun iştirakı olmadan baxılmasını və iddianın tam təmin edilməsini xahiş etmişdir. Məhkəmə mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbinə etiraz edərək bildirdi ki, maddi vəziyyətinə görə borcunu ödəyə bilməmişdir. Digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə, mülki işə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Cavabdeh1 izahatını dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan 4 oktyabr 2019-cu il tarixli, NSMK-1122_KMP saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh1 60 ay müddətinə illik 1 % ödəmək şərti ilə 3616,77 manat məbləğində kredit verilmişdir. Mülki işin materiallarında olan 4 oktyabr 2019-cu il tarixli, NSMK-1122_KMP saylı zaminlik müqavilələrinə əsasən Cavabdeh2 və Cavabdeh3 kredit müqaviləsi üzrə öhdəliklərin icrası barədə zamin durmuşlar. İşin materiallarında olan 01.04.2021-ci il tarixli arayışdan müəyyən edilir ki, borclu Cavabdeh1 hazırkı kredit müqaviləsi üzrə 3422,77 manat əsas borc, 5 manat faiz borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-cu maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin məcəllənin 449.4-cü maddəsinə görə isə özgə vəsaitindən istifadə ücün faizlər, əgər müqavilədə faizlərin hesablanması ücün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri ücün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında etibarlı kredit müqaviləsi bağlanmasına baxmayaraq, Cavabdeh1 həmin müqavilə ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən və bununla da onun əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi müəyyən edildiyindən, digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 Cavabdeh1 4 oktyabr 2019-cu il tarixli, NSMK-1122_KMP saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrası barədə bank qarşısında birgə məsuliyyət daşımaq barədə öhdəliyi üzərinə götürdüklərindən, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 4 oktyabr 2019-cu il tarixli, NSMK-1122_KMP saylı kredit müqaviləsi üzrə əsas borca görə 3422,77 manat və faiz borcu üzrə 5 manat olmaqla, cəmi 3427,77 manat məbləğində pul alınaraq İddiaçı ASC-yə qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu üçün 30 manat məbləğində pul vəsaiti də cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 4 oktyabr 2019-cu il tarixli, NSMK-1122_KMP saylı kredit müqaviləsi üzrə əsas borca üzrə 3422,77 manat, faiz borcu üzrə 5 manat olmaqla, cəmi 3427,77 manat və ödənilmiş dövlət rüsumu üçün 30 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar