Məhkəmə qərarları › İş №2(012)-2891/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2891/2021

14.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2891/2021 14.06.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 ilə Nikoyl İKB ASC arasında bağlanmış 10.04.2019-cu il tarixli, 4-MZ- 1-0-286-19 saylı kredit müqaviləsi üzrə Yelo Bank ASC-nin xeyrinə 2558.35 manat əsas, 100.09 manat faiz borcu olmaqla, ümumilikdə cəmi 2658.44 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra X8 Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia ərizəsinə əlavə təqdim edərək Cavabdeh1 ilə Nikoyl İKB ASC arasında bağlanmış 10.04.2019-cu il tarixli, 4-MZ-1-0-286-19 saylı kredit müqaviləsi üzrə Yelo Bank ASC-nin xeyrinə 2126.33 manat əsas, 7.26 manat faiz, 10.4 manat cərimə, kredit müqaviləsi üzrə 10.04.2021-ci il tarixdən 20.05.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 11.65 manat məbləğində əldən çıxmış fayda olmaqla cəmi 2155.64 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Yelo Bank ASC-nin nümayəndəsi X2 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Cavabdeh1 10.04.2019-cu il tarixli kredit müqaviləsinə əsasən Nikoyl İKB ASC-dən illik 28 faizlə 24 ay müddətinə 8000 manat kredit götürmüşdür. Borcun təminatı olaraq 10.04.2019-cu il tarixli Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 29.03.2021-ci ilədək Cavabdeh1 banka 10.04.2019-cu il tarixli kredit müqaviləsi üzrə 2558.35 manat əsas, 100.09 manat faiz borcu olmaqla, ümumilikdə cəmi 2658.44 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Hazırda cavabdehlər tərəfindən ödənişlər edildiyindən iddia tələbinin həcminin azaldılması zəruriyyəti yaranmışdır. Cavabdehlərin 10.04.2019-cu il tarixli, 4-MZ-1-0-286-19 saylı kredit müqaviləsi üzrə 2126.33 manat əsas, 7.26 manat faiz, 10.4 manat cərimə, kredit müqaviləsi üzrə 10.04.2021-ci il tarixdən 20.05.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 11.65 manat məbləğində əldən çıxmış fayda olmaqla cəmi 2155.64 manat borcu vardır. Ona görə də göstərilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barəsində məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, iddia ərizəsinin dəlillərini nəzərə alaraq hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1. və 739.2. maddələrindən görünür ki, kredit müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Kreditverən Nikoyl İKB ASC ilə kreditalan Cavabdeh1 arasında bağlanmış 10.04.2019-cu il tarixli, 4-MZ-1-0-286-19 saylı kredit müqaviləsindən görünür ki, Bank borcalana 24 ay müddətinə illik faiz dərəcəsi 28 faiz olmaqla 8000 manat kredit verməyi, borcalan isə həmin kredit məbləğini ödəməyi öhdəsinə götürmüşdür. -10.04.2019-cu il tarixli, 4-MZ-1-0-286-19 saylı kredit müqaviləsi üzrə ödəniş qrafikindən görünür ki, borcalan Cavabdeh1 10.05.2019-cu il tarixdən 10.04.2021-ci il tarixədək olan müddətdə 8000 manat kredit borcunu hər ay 439.11 manat (sonuncu ay isə 439.08) manat olmaqla hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. - Nikoyl İKB ASC, borcalan Cavabdeh1, zamin Cavabdeh2 arasında bağlanmış 10.04.2019-cu il tarixli, 4-MZ-1-0-286-19 saylı zaminlik müqaviləsindən görünür ki, zamin borcalan tərəfindən kreditor qarşısında üzərinə götürdüyü öhdəlikləri tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. - 10.04.2019-cu il tarixli mədaxil qəbzinin surətindən görünür ki, Bank müştəri Cavabdeh1 4281 manat kredit vermiş, borcalan həmin kredit vəsaitini imza etməklə təhvil almışdır. -02.02.2021-ci il tarixli xəbərdarlıqdan və qəbzlərdən görünür ki, cavabdehlərə müqavilənin şərtlərinin pozulması ilə əlaqədar xəbərdarlıq edilmiş, borcun ödənilməsi üçün 5 gün vaxt verilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. - 29.03.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 10.04.2019-cu il tarixli kredit müqaviləsi üzrə 2558.35 manat əsas, 100.09 manat faiz borcu olmaqla, ümumilikdə cəmi 2658.44 manat borcu vardır. - 20.05.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 10.04.2019-cu il tarixli kredit müqaviləsi üzrə 2126.33 manat əsas, 7.26 manat faiz, 10.4 manat cərimə, kredit müqaviləsi üzrə 10.04.2021-ci il tarixdən 20.05.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 11.65 manat məbləğində əldən çıxmış fayda olmaqla cəmi 2155.64 manat borcu vardır. -10.04.2019-cu il - 20.05.2021-ci il tarixlərini əhatə edən hesabdan çıxarışdan görünür ki, Cavabdeh1 sonuncu dəfə 16.05.2021-ci il tarixdə 93.94 manat ödəniş etmişdir. - Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin Dövlət Qeydiyyat İdarəsinin çıxarışından görünür ki, X8 Səhmdar Cəmiyyəti – adlı qurum, qanuni təmsilçisi X6 olmaqla VÖEN ********** dövlət qeydiyyatı nömrəsi ilə 03.02.2021-ci il tarixdə, **********461600 nömrəli çıxarış verilmişdir. - Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS şöbəsinin 22.02.2021-ci il tarixli arayışından görünür ki, Aslanov X5 rayonu Novxanı kəndində qeydiyyatdadır. - Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS şöbəsinin 22.02.2021-ci il tarixli arayışından görünür ki, Aslanov X4 rayonu Novxanı kəndində qeydiyyatdadır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 425.1. maddəsində göstərilir ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. 428.4. və 743-cü maddələrinin tələbindən görünür ki, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. 423.2. maddəsinin mahiyyətindən görünür ki, tərəf müqavilənin ləğv edilməsi tələbini məhkəməyə təklifdə göstərilmiş müddətdə irəli sürə bilər. 443.1. maddəsində göstərilir ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1. və 448.2. maddələrinə əsasən əgər qanunla və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. İşin müəyyən edilən hallarına əsasən əsas borclu, Cavabdeh1 müqavilə öhdəliklərinin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğu halda lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Məhkəmə Cavabdeh2 cavabdehliyi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxs, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyır. Sadalanan maddi hüquq normasının tələblərinə və zaminlik müqaviləsinə əsasən məhkəmə hesab edir ki, Cavabdeh2 iddiaçı bank qarşısında, digər cavabdeh olan Cavabdeh1 ilə birlikdə eyni həcmdə birgə məsuliyyət daşıyır. Eyni zamanda işin faktiki hallarına qiymət verərək və qeyd olunan maddi hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, Cavabdeh1 iddiaçıdan aldığı krediti faizlərlə birlikdə vaxtında və lazımı qaydada qaytarmamış, zamin Cavabdeh2 isə borclunun əvəzinə hər hansı ödəniş etməmiş və bununla da cavabdehlər kredit və zaminlik müqavilələrindən irəli gələn öhdəlikləri yerinə yetirməmişlər. Ona görə də, borc məbləği cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Yuxarıda qeyd edildiyi kimi, Cavabdeh2 ödəmələri vaxtında icra etməməsi onun üzərinə kredit müqaviləsi üzrə 10.04.2021-ci il tarixdən 20.05.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə olmaqla 11.65 manat məbləğində əldən çıxmış fayda (cərimə) hesablanması ilə nəticələnmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərin qarşılıqlı hüquqi bağlılığı davam edir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Bu isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin Öhdəliklərin icra edilməməsi adlanan 22-ci fəslində və Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət adlanan 23-cü fəslində müəyyən edilmiş müddəaların tətbiq edilməsini tələb edir. İstinad olunmuş qərarda belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldə çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdara faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüquq yaranır. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarında nümayiş etdirilmiş hüquqi mövqe baxımından məhkəmə hesab edir ki, iddiaçı 10.04.2021-ci il tarixdən 20.05.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 11.65 manat əldən çıxmış fayda qanuni və əsaslı olduğundan həmin məbləği cavabdehlərdən tələb edə bilər. Şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 10.04.2019-cu il tarixli, 4-MZ-1-0-286-19 saylı kredit müqaviləsi üzrə Yelo Bank ASC-nin xeyrinə 2126.33 manat əsas, 7.26 manat faiz, 10.4 manat cərimə, kredit müqaviləsi üzrə 10.04.2021-ci il tarixdən 20.05.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 11.65 manat məbləğində əldən çıxmış fayda olmaqla cəmi 2155.64 manat borc müştərək qaydada tutulmalıdır. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehlərə aid edilməli və 30 manat alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində göstərilir ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. "xxxx" ASC-nin xeyrinə Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 10.04.2019-cu il tarixli, 4-MZ-1-0-286-19 saylı kredit müqaviləsi üzrə 2126,33 (iki min yüz iyirmi altı manat 33 qəpik) manat əsas, 7,26 (yeddi manat 26 qəpik) manat faiz, 10,4 (on manat 40 qəpik) manat cərimə, kredit müqaviləsi üzrə 10.04.2021-ci il tarixdən 20.05.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 11,65 (on bir manat 65 qəpik) manat məbləğində əldən çıxmış fayda olmaqla cəmi 2155,64 (iki min yüz əlli beş manat 64 qəpik) manat borc və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat pul vəsaiti tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar