Məhkəmə qərarları › İş №2(012)-2895/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2895/2021

20.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2895/2021 20.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ilə birgə nikahlarından olan 08.08.2003-cü il təvəllüdlü X2 və 20.09.2006-cı il təvəllüdlü X1 üçün Cavabdeh tutulan alimentin məbləği artırılaraq hər ay hər bir uşaq üçün 200 manat olmaqla cəmi 400 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2002-ci ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, birgə nikahlarından 08.08.2003-cü il təvəllüdlü X7 və 20.09.2006-cı il təvəllüdlü X8 anadan olmuşdur. Cavabdehlə birgə yaşadıqları dövrdə bir müddət mehriban yaşamış, lakin sonradan münasibətləri pozulmuşdur. Buna görə də o, nikahın pozulması və alimentin tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Abşeron rayon Məhkəməsinin 02.07.2011-ci il tarixli qətnaməsi ilə cavabdehlə bağladığı nikah pozulmuş, uşaqlar onun yanında saxlanılmış və Cavabdeh uşaqların yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün hər uşağa görə 103 manat, cəmi 206 manat alimentin onun xeyrinə tutulması qət edilmişdir. Hazırda məhkəmə qətnaməsi əsasında təyin edilmiş hər uşağa görə 100 manat, cəmi 200 manat aliment uşaqlarının saxlanılmasına çatmır və buna görə də alimentin məhkəmə qaydasında artırılmasını istəyir. Əmək haqqı çox aşağı olduğundan uşaqlarının ehtiyaclarını ödəməkdə çətinlik çəkir. Belə ki, uşaqların geyim, yemək və digər xərclərinə 600 manata qədər xərci çıxır. Cavabdeh isə heç bir köməklik etmir. Əməliyyat olduğuna görə alimentin miqdarının artırılması tələbi ilə bağlı məhkəməyə müraciət edə bilməmişdir. Odur ki, göstərilənləri nəzərə alaraq məhkəmədən iddiasının təmin olunmasını xahiş edir. Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, onun İddiaçı ilə birgə nikahlarından 08.08.2003-cü il təvəllüdlü X7 və 20.09.2006-cı il təvəllüdlü X8 anadan olmuşdur. Abşeron rayon Məhkəməsinin 02.07.2011-ci il tarixli qətnaməsi ilə iddiaçı ilə bağladığı nikah pozulmuş, uşaqlar iddiaçının yanında saxlanılmış və ondan uşaqların yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün hər uşağa görə 103 manat, cəmi 206 manat alimentin iddiaçının xeyrinə tutulması qət edilmişdir. Hazırda, növbəti dəfə nikaha daxil olduğundan, həmin nikahdan bir azyaşlı uşağı olduğundan və əmək haqqı yüksək olmadığından alimentin miqdarının artırılmasına razı deyildir. Ona görə də göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş edir. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarını və işin faktiki hallarını hərtərəfli araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Zərdab RPŞ tərəfindən verilmiş 12.04.2010-cu il tarixli AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Cavabdeh Zərdab rayon Şəftəhal kəndində qeydiyyatdadır. -Bakı şəhəri Nizami rayon VVADQ şöbəsi tərəfindən 21.10.2003-cü il tarixdə verilmiş AZ-İ 378909 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 08.08.2003-cü ildə Bakı şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 1338 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası Cavabdeh, anası İddiaçıdır. -Bakı şəhəri Nizami rayon VVADQ şöbəsi tərəfindən 27.09.2006-cı il tarixdə verilmiş AZ-İ 825169 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 20.09.2006-cı ildə Bakı şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 1698 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası Cavabdeh, anası İddiaçıdır. -Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 29.05.2012-ci il tarixli AZ-İ № 146264 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Cavabdeh ilə İddiaçı nikahı ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 110 nömrəsi ilə qeyd edilmiş, nikah ləğv olunandan sonra qadına Atabalayeva soyadı verilmişdir. -Cavabdeh barəsində haqq-hesab vərəqələrindən görünür ki, Cavabdeh H.Əliyev adına NEZ-də texniki avadanlıqların təmiri üzrə xidmət müqaviləsinə əsasən ixtisaslı fəhlə işləyir. -Abşeron rayon Məhkəməsinin 28.02.2014-cü il tarixli 2(012)-378/2014 saylı qətnaməsindən görünür ki, iddia təmin edilmiş, 08.08.2003-cü il tarixdə anadan olmuş X2 və 20.09.2006-cı il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşağa görə 103 manat, cəmi 206 manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı verilməsi, hazırki miqdarda alimentin tutulmasının 08.01.2014-cü il tarixdən hesablanması qət edilmişdir. -Zərdab rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 11.08.2011-ci il tarixli AZ-İ № 693000 saylı nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Cavabdeh ilə X4 11.08.2011-ci il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 197 nömrəsi ilə qeyd edilmiş, nikaha daxil olduqdan sonra arvada Şahmurova soyadı verilmişdir. - Zərdab rayon Qeydiyyat şöbəsi tərəfindən 23.04.2013-cü il tarixdə verilmiş AZ-İİİ 072929 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 26.01.2013-cü ildə Bakı şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 146 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası Cavabdeh, anası X5r. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 75.1. və 75.4. maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1. maddəsinin tələbində göstərilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. 78.2. maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Eyni zamanda, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1. maddəsinin tələbində göstərilir ki, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya alimenti ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, tərəflərin birgə nikahlarından 08.08.2003-cü il təvəllüdlü X7 və 20.09.2006-cı il təvəllüdlü X8 anadan olmuş, Abşeron rayon Məhkəməsinin 28.02.2014-cü il tarixli 2(012)-378/2014 saylı qətnaməsinə əsasən Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikahın pozulması, birgə nikahlarından olan uşaqların anası İddiaçı yanında qalması, uşaqların saxlanılması üçün hər ay hər uşağa görə 103 manat olmaqla cəmi 206 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yetkinlik yaşına çatmayan 08.08.2003-cü il təvəllüdlü X2 və 20.09.2006-cı il təvəllüdlü X1 üçün Cavabdeh tutulan alimentin məbləği artırılaraq hər ay bir uşaq üçün 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh isə iddianı qəbul etməmiş yeni nikahdan olan X6 onun tərəfindən saxlanılması, əmək haqqının yüksək olmamasının nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. İşin hallarını araşdıraraq məhkəmə qeyd edir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, qanunun qeyd edilən tələbini rəhbər tutaraq qeyd edir ki, Abşeron rayon Məhkəməsinin 28.02.2014-cü il tarixli 2(012)-378/2014 saylı qətnaməsi ilə tutulmuş alimentin miqdarı olan 103 manat hazırkı gün üçün yaşayış minimumundan azdır və məlum olduğu kimi qeyd olunan məhkəmə qətnaməsi ilə uşağın saxlanması üçün 103 manat aliment tutulması qət ediləndən sonra yaşayış minimumu xeyli artmışdır. Hazırkı şəraitdə həmin uşaqların yaşını, qida və digər zəruri xərclərə tələbatını nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, 103 manat aliment məbləği müəyyən edilmiş yaşayış minimumundan aşağı olduğundan uşağın saxlanması üçün yetərli hesab edilə bilməz. İddiaçı tələb etdiyi hər ay hər bir uşaq üçün 200 manat olmaqla cəmi 400 manat sabit pul məbləğində alimentin cavabdehin ödəməyə imkanının olub-olmamasını sübut etmək vəzifəsi iddiaçının üzərinə düşsə də, o, buna dair hər hansı əsaslı sübutu məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarı təyin edilərkən, 2021-ci il üçün uşaqların yaşayış minimumunun 175 manat məbləğində nəzərdə tutulmasını da əsas götürərək, eyni zamanda cavabdehin növbəti dəfə nikaha daxil olması və həmin nikahdan azyaşlı uşağının olması onun ilk nikahdan olan uşaqlarına münasibətdə aliment öhdəliklərindən azad edilməsi üçün əsas olmadığından, cavabdehdən tutulmalı olan alimentin miqdarı artırılaraq 140 manat məbləğində müəyyən edilməsini məhkəmə məqbul hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli, qərarında qeyd edilir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Beləliklə, məhkəmə, qanunun qeyd edilən tələbini rəhbər tutub məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək, həmçinin, tərəflərin birgə nikahından olan uşaqların mənafeyini nəzərə alaraq, 08.08.2003-cü il təvəllüdlü X7 və 20.09.2006-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Abşeron rayon Məhkəməsinin 28.02.2014-cü il tarixli 2(012)-378/2014 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilərək, Cavabdeh 08.08.2003-cü il təvəllüdlü X7 və 20.09.2006-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı xeyrinə hər ay hər uşağa görə 140 manat olmaqla, cəmi 280 manat sabit pul məbləğində aliment tutulmasını məqsədəmüvafiq hesab edir. Bundan başqa məhkəmə qeyd edir ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Hazırki iddia tələbi isə alimentin tutulması barədə ilkin iddia deyil, alimentin artırılması barədədir. Bu səbəbdən də məhkəmə hesab edir ki, artırılmış alimentin tutulmasının vaxtı Ailə Məcəlləsinin 100.2-ci maddəsinin təsiri altına düşə bilməz. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 №-li Qərarında da məhkəmələrə tövsiyyə edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə də, məhkəmə qeyd edir ki, hazırki halda alimentin dəyişdirilmiş miqdarı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Milli Məclisinin 21 iyul 1992-ci il tarixli, 236 saylı qərarı ilə Azərbaycan Respublikasının qoşulduğu, BMT-nin Baş Məclisinin 20 noyabr 1989-cu il tarixdə qəbul etdiyi «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3. maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Abşeron rayon Məhkəməsinin 28.02.2014-cü il tarixli 2(012)-378/2014 saylı qətnaməsi ilə müəyyən olunan alimentin miqdarı dəyişdirilərək, 08.08.2003-cü il təvəllüdlü X2 və 20.09.2006-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay, hər uşağa görə 140 (yüz qırx) manat olmaqla, cəmi 280 (iki yüz səksən) manat sabit pul məbləğində aliment tutulsun. Alimentin dəyişdirilmiş miqdarı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulsun. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar