Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2908/2023 11.09.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İlkin iddia üzrə İddiaçı1, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı2, Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdeh Azərbaycan Respublikası Abşeron Rayon Masazır Bələdiyyəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı1 və İddiaçı2 Azərbaycan Respublikası Abşeron Rayon Masazır Bələdiyyəsinə qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair ilkin iddiası, Azərbaycan Respublikası Abşeron Rayon Masazır Bələdiyyəsinin İddiaçı2 qarşı “pul” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə Abşeron rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron Rayonu Masazır Bələdiyyəsindən onların xeyrinə 5293 manat zərərin əvəzinin və 6890 manat əldən çıxmış faydanın, cəmi 12183 manat pulun tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Cavabdeh Azərbaycan Respublikası Abşeron Rayon Masazır Bələdiyyəsinin sədri məhkəməyə qarşılıqlı iddia ərizəsi göndərərək, ilkin iddianın rədd edilməsi, 01 dekabr 2021-ci il tarixli icarə müqaviləsini hüququ olmadan imzalayaraq aldığı 3090 manat icarə haqqının İddiaçı2 tutularaq Masazır bələdiyyəsinin hesabına ödənilməsi ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia üzrə İddiaçı1 məhkəmə iclasında izahatında bildirdi ki, o və övladı İddiaçı2 Xocalı şəhərindən məcburi köçkündürlər və müvəqqəti olaraq Yevlax şəhəri, Q.Quliyev küçəsi bina 10 mənzil 18-də yaşayırlar. AC seriyalı 148644 №-li “nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi” nin surətindən görünür ki, **-BA-*** dqnş-lı, buraxılış ili 1991-ci il olan MAZ-5551 yük markalı özüboşaldan avtomobil onun mülkiyyətindədir. Abşeron Rayon Masazır Bələdiyyəsi ilə onun nümayəndəsi İddiaçı2 arasında bağlanmış 01 noyabr 2020-ci il tarixli “nəqliyyat vasitəsinin icarə müqaviləsi” nə əsasən, ona məxsus olan **-BA-*** dqnş-lı, buraxılış ili 1991-ci il olan MAZ-5551 yük markalı özüboşaldan avtomobil bələdiyyəyə icarəyə verilmişdir. İlkin müqavilə bağlanan zaman bələdiyyənin sədri, mühasibi və şöbə müdiri avtomobilə baxış keçirərək, avtomobilin saz vəziyyətdə olduğunu görmüş, hətta avtomobili almaq istədiklərini də bildirmişlər. Lakin o, alqısatqıya razı olmadığı üçün aralarında olan münasibətlər icarə müqaviləsi çərçivəsində tənzimlənmişdir. Həmin müqavilə müddətli şəkildə bağlandığı üçün bir neçə dəfə təkrar müqavilələr bağlanmış, sonuncu müqavilə 01 dekabr 2021-ci ildə imzalanmış və müqavilə 31 mart 2022-ci il tarixə kimi qüvvədə olmuşdur. Yəni aralarında ardıcıl bağlanmış müqavilələr 01 noyabr 2020-ci ildən 31 mart 2022-ci il arasındakı dövrləri əhatə etmişdir. Həmin müqavilələrin 3.2.1-ci bəndinin tələbinə əsasən, o həmin avtomobili saz vəziyyətdə Bələdiyyəyə təhvil vermişdir və 01 noyabr 2020-ci il tarixdən 31 mart 2022-ci il tarixə kimi avtomobil Bələdiyyənin istifadəsində olmuşdur. Lakin cavabdeh tərəfindən müqavilələrin 3.1.3 və 3.1.4-cü bəndlərinə əməl edilməmişdir. Həmin bəndlərə əsasən Bələdiyyə nəqliyyat vasitəsinin mühafizəsini və saz vəziyyətdə saxlanılmasını öz üzərinə götürmüşdür. Lakin Bələdiyyə bu şərtlərə əməl etməmiş, avtomobili yararsız vəziyyətə salmışdır. O, sonuncu dəfə avtomobilə baxmaq istəyərkən, Bələdiyyə ona avtomobilin ustanın yanında olduğunu bildirmişdir. Lakin o, atomobili görən zaman avtomobilin söküldüyünü, dağıdılmış vəziyyətdə saxlanıldığını görmüşdür. Avtomobilin motoru tam yararsız olmuş, kabinkanın yan şüşələri, priborlar qırılmışdır, qabaq və arxa faralar dağılmışş, krılolar məhv edilmiş, təkərlərin ehtiyat yeri, nömrələr, arxa qapi, dəst açarlar, hava şlankı, 36 tonluq danqrat və s. olmamışdır. Təkərlər tamamilə sıradan çıxmışdır. Avtomobilin yük yeri isə zibillə dolu olmuşdur. O dərhal Bələdiyyə sədrinin yanına gələrək öz etirazımı bildirmişdir. Sədr ona avtomobili tez bir zamanda təmir edərək yararlı vəziyyətə gətirəcəyini bildirmişdir. Onlar evakuator tutaraq avtomobili Ramanaya usta yanına aparmışlar. Bundan sonra o, dəfələrlə Bələdiyyə sədrinin yanına gedərək avtomobilin təmiri üçün pul ayrılmasım tələb etmiş, hər dəfə də ona səbrli olmağı, hesabda pul olmadığını, pul olan kimi təmirə pul ayrılacağını bildirmişdir. Beləliklə, 2022-ci ilin dekabr ayına kimi avtomobil o vəziyyətdə ustanın yanında qalmışdır. Avtomobilin yük yerində hələ də zibil olduğu üçün orada yaşayan insanlar bu barədə polisə şikayət etmişlər. Bundan sonra onlar dərhal evakuator tutaraq avtomobili oradan Zabrat 2-də işləyən başqa bir ustanın yanına aparmışlar və bugünə kimi də avtomobil orada qalmaqdadır. Onlar çox çalıssalar da, Bələdiyyə onlara pul ayırmamış və onları aldatmışlar. 2022-ci ilin dekabr ayında onlarla müqavilə bağlayan sədr işdən çıxarılmışdır. 2023-cü ilin mart ayının 27-də onlar Bələdiyyənin yeni sədri ilə görüşmüşlər və həmişəki kimi pulu tələb etmişlər. Lakin yeni sədr onlara müqavilələrin onun dövrünə aid olmadığı üçün pul ayıra bilməyəcəyini bildirmişdir. Artıq Bələdiyyənin pul ayırmadığını görüb onlar öz vəsaitləri hesabına avtomobilin motor hissəsini təmir etmək qərarına gəlmiş və aşağıdakı təmir işlərini görmüşlər: 1. valın şlifovkası, 2. hərəsi 75 manat olmaqla 3 ədəd təzə giliz 3. hərəsi 40 manat olmaqla 3 ədəd köhnə giliz 4. kolsa komplekt 5. hərəsi 65 manat olmaqla 6 ədəd təzə porşen 6. iki ədəd motorun paduşkası 7. mufta üçün aralıq disk 8. hərəsi 5 manat olmaqla 4 ədəd prokladka 9. karterin prokladkası 10. hərəsi 5 manat olmaqla 3 ədəd rezin petrubka 11. hərəsi 25 manat olmaqla 3 ədəd şatun 12. hərəsi 5 manat olmaqla 4 ədəd remen. Bundan əlavə Abşeron Rayon Masazır Bələdiyyəsinin qarşılıqlı iddia ərizəsində göstərilənlər əsassızdır. Qeyd edilənlərə əsasən, o, ilkin iddianın təmin edilməsini, qarşılıqlı iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı2 məhkəmə iclasında İddiaçı1 izahatna uyğun izahat verdi. Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdeh Azərbaycan Respublikası Abşeron Rayon Masazır Bələdiyyəsinin nümayəndəsi X2 iclasında izahatında göstərdi ki, Masazır ərazisində abadlıq və təmizlik xidməti göstərilməsi məqsədilə bələdiyyənin keçmiş rəhbərliyi vətəndaş İddiaçı1 ilə danışıqlar aparılmış və həmin şəxsin mülkiyyətində olan **-BA-*** dövlət qeydiyyat nişanlı, buraxılış ili 1991-ci il tarixli olan MAZ-5551 yük markalı özüboşaldan yük maşınını 1 noyabr 2020-ci il tarixdən icarəyə götürülmüşdür. Bununla bağlı tərəflər arasında müqavilə imzalanmışdır. Lakin müqaviləni yük maşınının mülkiyyətçisi deyil, oğlu İddiaçı2 imzalamışdır. Müqavilənin mülkiyyətçi tərəfindən imzalanması bildirilsə də tərəf buna etiraz etmiş və bildirmişdir ki, İddiaçı1 mülkiyyətçi olsa da bütün səlahiyyətləri oğluna vermiş və bununla bağlı notarial ofisdən etibarnamə də almışdır. İddiaçı1 tərəfindən təqdim olunan etibarnamədən bəlli olur ki, İddiaçı1 mülkiyyətində olan adı çəkilən yük maşınını müvafiq səlahiyyətləri oğlu İddiaçı2 vermişdir. 1 noyabr 2020-ci il tarixdən 30 noyabr 2021-ci il tarixədək yük maşını bələdiyyənin icarəsində olmuş, ərazidə xidmət göstərmiş və yük maşınında yaranan problemlər bələdiyyə tərəfindən həll olunmuşdur. Eyni zamanda bələdiyyə tərəfindən İddiaçı2 vaxtında 530 manat icarə haqqı verilmişdir. Lakin 2021-ci ilin oktyabrnoyabr aylarında icarəçiyə yük maşınının buraxılış ili 1991-ci il tarixdən olduğundan istismarında problemlər yaşandığı və eyni zamanda yük maşınının detalları köhnə olduğundan hər dəfə problemlə üzləşməli olduqları bildirilmişdir. Ərazidə bu yük maşınından tam istifadə olunması mümkün olmur Belə ki, yük maşını bir müddət işlədikdən sonra yaranmış nasazlıqla bağlı təmirə dayanmalı olmuşdur. Bu da ərazidə xidmətin göstərilməsində maneəçilik yaratmışdır. Məsələ ilə bağlı tərəfə də bildirilmişdir. 2021-ci ilin noyabr ayında yük maşını yenidən təmirə dayandırılmışdır. Tərəflər arasında bağlanmış müqavilənin müddəti də noyabr ayının sonunda bitmişdir. Yaranmış problemlə əlaqədar yük maşını təmir olunması üçün Masazır kəndində "nasosxana" adlanan ərazidə yerləşən maşın təmir olunan yerə aparılmışdır. Bundan xəbər tutan iddiaçı bələdiyyəyə gələrək yük maşınının dərhal təmir olunmasını və icarə haqqının ödənilməsini tələb etmişdir. Həmin dövrdə iddiaçıya bildirilmişdir ki, yük maşınında yaranmış problemi aydınlaşdırmaq lazımdır. Belə ki, bələdiyyə bu maşını icarəyə götürdüyü dövrdən daim hansısa problemlər üzləşir. İcarə haqqından əlavə maşının təmirinə pul vəsaiti daha çox ayrılır. Bunun üçün müvafıq mütəxəssislər dəvət olunmalı, araşdırılmalıdır. Masazır kəndində çalışan mütəxəsisslər bunu həll edə bilmir. Lakin İddiaçı2 təkidi ilə tərəflər arasında müqavilə təzələnmiş və 1 dekabr 2021-ci il tarixdən 31 mart 2022-ci il tarixədək uzadılmışdır. Lakin yük maşını bu dövr ərzində yalnız təmir olunurdu, ərazidə xidmət göstərilməsi üçün istismar olunmurdu. Mart ayında müqavilə bitdikdən sonra iddiaçılar yenidən müqavilənin təzələnməsini bildirsə də bələdiyyə rəhbərliyi bununla razılaşmamış və bildirmişdir ki, yük maşını təmir olunaraq özlərinə təhvil veriləcəkdir. Lakin tərəf bununla razı olmamış və bildirmişdir ki, icarə haqqını aylıq ödəyin, ya da bir-iki günə yük maşınını təmir edib təhvil verin, ya da yük maşınını aparıb özü təmir edəcək və vəsaiti onlardan ikiqat alacaqdır. Həmin dövrdə bələdiyyənin hesabında ikasso sərəncamı olduğundan icarə haqqı vaxtında ödənilmirdi. Lakin 1 dekabr 2021-ci ildə-530 manat, 30 dekabr 2021-ci ildə 530 manat, 31 yanvar 2022-ci ildə 530 manat, 11 mart 2022-ci ildə 750 manat, 7 aprel 2022-ci ildə 750 manat ödəniş edilmişdir. Bələdiyyə rəhbərliyi İddiaçı2 nəzərinə çatdırdı ki, yük maşını təmir olunan yerdən götürülə bilməz. Əgər yük maşını bələdiyyənin icazəsi olmadan, təhvil-təslim edilmədən götürülərsə, məsuliyyətdə onların üzərində qalacaqdır. Bələdiyyə bununla bağlı hər-hansı bir ödəniş etməyəcəkdir. Lakin buna baxmayaraq tərəf bələdiyyənin razılığı olmadan, təhvil-təslim edilmədən yük maşının təmir olunan yerdən götürərək bələdiyyəyə məlum olmayan istiqamətə aparılmışdır. Bir müddət sonra isə İddiaçı2 atası ilə gələrək yük maşınının təmiri ilə bağlı çəkilmiş xərci tələb etmişdir. Bələdiyyə rəhbərliyi məsələnin araşdırılacağını və bununla bağlı müvaliq məlumat veriləcəyini tərəfə bildirmişdir. Bələdiyyə tərəfindən aparılmış araşdırma zamanı isə məlum olmuşdur ki, **-BA-*** dövlət qeydiyyat nişanlı, buraxılış ili 1991-ci il tarixli olan MAZ-5551 yük markalı özüboşaldan yük maşınını bələdiyyənin razılığı olmadan İddiaçı2 təhvil-təslim olmadan götürmüş, tərəflər arasında bağlanmış 1 dekabr 2021-ci il tarixli icarə müqaviləsi tərəfin İddiaçı2 səlahiyyəti olmadan imzalanmışdır. Yəni bələdiyyəyə təqdim edilən 29 oktyabr 2020-ci il tarixli nəqliyyat vasitəsinə dair etibarnamənin hüquqi qüvvəsi 29 oktyabr 2021-cil tarixədək olmuşdur. Yəni iddiaçının yük maşınının icarəyə verilməsi ilə bağlı müqaviləyə imza hüququ yoxdur. Həmin müqaviləni yük maşının mülkiyyətçisi İddiaçı1 imzalamalı idi. Tərəflər arasında bağlanmış qanunsuz müqavilə əsasında dekabr ayından aprel ayına kimi İddiaçı2 3090 manat icarə haqqı ödənilmişdir. Eyni zamanda tərəf yük maşınını ilə bağlı avtoservisdən mütəxəssis rəyi almadan, ehtiyyat hissələrinin alınması ilə bağlı bələdiyyəyə sübut təqdim etmədən təmir işlərini görmüşdür. Bu təmirin harada kimin tərəfindən aparılması, çəkilən xərclər barədə bələdiyyəyə məlumat verilməmişdir. Bələdiyyə bu barədə məlumatlı olmamışdır. Qeyd olunanlara əsasən, o, qarşılıqlı iddianın təmin edilməsini, ilkin iddianın rədd edilməsini xahiş etdi. İş materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş çıxarışdan görünür ki, İddiaçı1 mülkiyyətində **-BA-*** dqnş-lı, buraxılış ili 1991-ci il olan MAZ-5551 yük markalı özüboşaldan avtomobil qeydiyyata alınmışdır. İş materiallarında olan 01 noyabr 2020-ci il tarixli, 01 saylı, 30 dekabr 2020-ci il tarixli 01 saylı, 01 may 2021-ci il tarixli, 10 saylı, 01 noyabr 2021-ci il tarixli12 saylı, 01 dekabr 2021-ci il tarixli, 14 saylı, 01 aprel 2021-ci il tarixli, 09 saylı nəqliyyat vasitəsini icarə müqavilələrindən görünür ki, icarəyəverən İddiaçı2 məxsus **-BA-*** dqnş-lı, buraxılış ili 1991-ci il olan MAZ-5551 yük markalı özüboşaldan avtomobili icarəçi Abşeron Rayon Masazır Bələdiyyəsinə verməyi, icarəçi Abşeron Rayon Masazır Bələdiyyəsi isə həmin nəqliyyat vasitəsini xidməti ehtiyacları üçün öz istifadəsinə qəbul etməyi öhdəsinə götürmüşdür. Məhkəmə, işin bütün hallarının məcmusuna, hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, ilkin və qarşılıqlı iddia tələbi rədd edilməlidir. Belə ki, ilkin iddia üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, Azərbaycan Respublikası Abşeron Rayon Masazır Bələdiyyəsi tərəfindən İddiaçı1 məxsus **-BA- *** dqnş-lı, buraxılış ili 1991-ci il olan MAZ-5551 yük markalı özüboşaldan avtomobilə 5293 manat zərər və 6890 manat əldən çıxmış fayda olmaqla, cəmi 12183 manat zərərin dəydiyini bildirsə də, bununla bağlı məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Qarşılıqlı iddia ilə bağlı məhkəmə qeyd edir ki,işin faktiki hallarından göründüyü kimi, İddiaçı1 məxsus **-BA-*** dqnş-lı, buraxılış ili 1991-ci il olan MAZ-5551 yük markalı özüboşaldan avtomobilə dair İddiaçı2 ilə Abşeron Rayon Masazır Bələdiyyəsi arasında icarə hüquq münasibətləri yaranmış və bu münasibətlərdən irəli gelən öhdəliyə əsasən Abşeron Rayon Masazır Bələdiyyəsi İddiaçı2 3090 manat icarə haqqı ödəmişdir.Lakin, Abşeron Rayon Masazır Bələdiyyəsi həmin pulun geri qaytarılması əsaslarlarına və maddi hüquq normalarına istinad etməyərək, yalnız qarşılıqlı iddianı formal mülahizələrlə əsaslandırdığından,məhkəmə hesab edir ki, qarşılıqlı iddia ərizəsi də rədd edilmlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfındən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair AR Konstitusiya Məhkəməsinin 28 noyabr 2018-ci il tarixli Plenum qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərəkən, bir qayda olaraq, affırmanti, non neganti incumbiti probation (sübut etmək yükü təkzib edənin deyıl, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbayçan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddiaçı1 və İddiaçı2 Abşeron Rayonu Masazır Bələdiyyəsinə qarşı Abşeron Rayonu Masazır Bələdiyyəsindən onların xeyrinə 5293 manat zərərin əvəzinin və 6890 manat əldən çıxmış faydanın, cəmi 12183 manat pulun tutularaq ödənilməsi barədə ilkin iddiası rədd edilsin. Azərbaycan Respublikası Abşeron Rayon Masazır Bələdiyyəsinin İddiaçı2 qarşı 01 dekabr 2021-ci il tarixli icarə müqaviləsini hüququ olmadan imzalayaraq aldığı 3090 manat icarə haqqının İddiaçı2 tutularaq Masazır bələdiyyəsinin hesabına ödənilməsi barədə qarşılıqlı iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 bir ay müddətində Abşeron rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV
Məhkəmə qərarları › İş №2(012)-2908/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2908/2023
11.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver