Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2923/2022 30.06.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı müqavilə üzrə yaranmış borcun qaytarılması tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Kreditor İddiaçı ASC borclular Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı müqavilə üzrə yaranmış borcun qaytarılması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onlardan 2853,87 manat əsas borc, 1689,07 manat faiz borcu olmaqla, cəmi 4542,94 manat və dövlət rüsumu kimi ödənilmiş 20 manat pulun tutulması barədə məhkəmə əmrinin verilməsini xahiş etmişdir. Tələb bununla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında imzalanmış xx.xx.2013-cü il tarixli 4452/f-13 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 illik 32 % hesablanması şərti ilə 24 ay müddətinə 4000 manat məbləğində kredit verilmişdir. Öhdəliklərin təminatı kimi bankla Cavabdeh2 və Cavabdeh3 arasında eyni tarixli zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh müqavilə ilə müəyyən olunmuş öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu ödəməmişdir. Nəticədə cavabdehlərin banka 2853,87 manat əsas, 1689,07 manat faiz borcu olmaqla, cəmi 4542,94 manat məbləğində borcu yaranmışdır. Bu borc onlardan birgə qaydada tutularaq banka qaytarılmalıdır. Abşeron Rayon Məhkəməsinin 16 sentyabr 2015-ci il tarixli 2(012)-5249/2015 saylı əmri ilə borclular Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada kreditor İddiaçı ASC-nin xeyrinə cəmi 4542,94 manat məbləğində borcun və dövlət rüsumu kimi ödənilmiş 20 manat məbləğində pul vəsaitinin tutulması əmr edilmişdir. Borclu Cavabdeh1 həmin əmrə etiraz verərək, Abşeron Rayon Məhkəməsinin 16 sentyabr 2015-ci il tarixli 2(012)-5249/2015 saylı əmrini ləğv edib, iddia icraatına keçilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 18 aprel 2022-ci il tarixli 2(012)-5249/2015 saylı qərardadı ilə həmin Məhkəmənin 16 sentyabr 2015-ci il tarixli, 2(012)-5249/2015 saylı məhkəmə əmri ləğv edilərək, işə iddia icraatı qaydasında mahiyyəti üzrə baxılması davam etdirilmişdir. Məhkəmə gedişatında İddiaçı ASC iddia ərizəsinə əlavə haqqında ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 1395,11 manat faiz borcunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etdi. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh1 bildirdi ki, onun borcu bank tərəfindən şişirdilmişdir. Cavabdeh iddianı qismən qəbul etdi. Digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə həmin cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2013-cü il tarixli 4452/f-13 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh1 32% hesablanması şərti ilə 24 ay müddətinə 4000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2013-cü il tarixli 4452/f-13 saylı zaminlik müqaviləsindən müəyyən edilir ki, Cavabdeh2 və Cavabdeh3 Cavabdeh1 İddiaçı ASC qarşısında xx.xx.2013-cü il tarixli 4452/f-13 saylı kredit müqaviləsi üzrə götürdüyü öhdəliyin icra edilməsi üçün tam məsuliyyəti öz üzərinə götürürlər və həmin öhdəliyi tamamilə icra edilməsinə görə onunla birlikdə bank qarşısında birgə məsuliyyət daşıyırlar. Zaminliklə təmin edilmiş öhdəlik kredit alan tərəfindən bank qarşısında tam həcmdə icra edilənədək qüvvədədir. İş materiallarında olan maliyyə arayışından müəyyən edilir ki, xx.xx.2013-cü il tarixli 4452/f-13 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 İddiaçı ASC-yə 2853,87 manat əsas borc, 1689,07 manat faiz borcu olmaqla, cəmi 4542,94 manat borcu vardır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından müəyyən edilir ki, xx.xx.2013-cü il tarixli 4452/f-13 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 İddiaçı ASCyə 1395,11 manat faiz borcu vardır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabehdir. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 743-cü maddəsinə görə əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında kredit müqaviləsi bağlanmasına baxmayaraq, Cavabdeh1 müqavilə ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən və bununla da onun əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi müəyyən edildiyindən, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı ASC-nin xeyrinə faiz borcu kimi 1395,11 manat məbləğində pul tutulmalı, iddia təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsində göstərilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən dövlət rüsumu olaraq ödənilmiş 20 manat məbləğində pul Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı ASC-nin xeyrinə faiz borcu kimi 1395,11 manat və ödənilmiş dövlət rüsumuna görə 20 manat məbləğində pul vəsaiti tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-2923/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2923/2022
30.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver