Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2928/2024 24.06.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, İddiaçı n iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(060)-5635/2019 saylı qətnaməsinə əsasən, birgə nikahdan dünyaya gəlmiş övladları xx.xx.2011-ci il təvəllüdlü X1 və xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin olunmuş hər ay hər uşağa görə 160 manat olmaqla, ümumilikdə 320 manat məbləğində alimentin miqdarının artırılaraq, hər ay hər uşaq üçün 235 manat sabit pul məbləğində olmaqla, ümumilikdə 470 manat məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh arasında bağlanmış rəsmi nikaha Sumqayıt Şəhər Məhkəməsinin 12 yanvar 2015-ci il tarixli, 2(060)-396/2015 saylı qətnaməsinə əsasən xitam verilmiş, birgə nikahdan dünyaya gəlmiş övladları xx.xx.2011 -ci il təvəllüdlü X1 və xx.xx.2013-cü il təvəllüdlü X3 onun yanımda saxlanılmaları və uşaqların yetkinlik yaşlarına çatandək saxlanılmalarına görə hər ay hər uşaq üçün 108 (yüz səkkiz) manat olmaqla, ümumilikdə 216 (iki yüz on altı) manat məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsi qət edilmişdir. Daha sonra o, uşaqların ehtiyclarını tək başına qarşılamaqda çətinlik çəkdiyinə görə, alimentin miqdarının artırılması tələbi ilə bağlı Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmiş və nəticədə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(060)-563 5/2019 saylı qətnaməsinə əsasən, alimentin miqdarı artırılaraq, hər ay hər uşaq üçün 160 (yüz altmış) manat olmaqla, ümumilikdə 320 (üç ytiz iyrimi) manat məbləğində təyin olunmuşdur. Hazırda ölkədə bütün ərzaq məhsullarının, eyni zamanda kommunal xidmətlərin qiyməti xeyli artmışdır. Hər il övladlarının gündəlik tələbatlarında, həmçinin dövlət tərəfindən müəyyən edilmiş yaşayış minimumunun məbləğində artım olur. Alimentin məbləği də övladlarımın tələbatlarını ödəmir. Övladları böyüdükcə gündəlik məişət, təhsil, həkim xərcləri də artır və bu xərclərin ödənilməsi üçün maddi imkanı kifayət etmir. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia ərizəsinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş emişdir. xx.xx.2024-cü il tarixli məhkəmə hazırlıq iclasında iştirak etmiş Cavabdeh hər ay 300 manat aliment ödədiyini, 470 manat aliment ödəməyə imkanının çatmaığını bildirmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. 34-cü maddəsinin İV bəndinə əsasən, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Ağdam rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, AZ-İİ № 805585 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X4 xx.xx.2011-ci il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 94 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası Cavabdeh, anası İddiaçıdır. -Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, AZ-İİİ № 038732 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X5 xx.xx.2013-cü il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 353 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası Cavabdeh, anası İddiaçıdır. -Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(060)-5635/2019 saylı qətnaməsindən görünür ki, iddia təmin edilmiş, xx.xx.2011-ci il təvəllüdlü X1 və xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(060)-396/2015 saylı qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulmuş alimentin miqdarı artırılaraq hər ay hər ay hər uşaq üçün 160 manat olmaqla, cəmi 320 manat məbləğində müəyyən edilməsi, Cavabdeh 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatlardan görünür ki, İddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsi, ev 67, mənzil 10, Cavabdeh isə ünvan 1 ünvanında qeydiyyatdadır. İşin məhkəmə iclasında araşdırılan hallarına əsasən, iddiaçının cavabdeh ilə birgə nikahlarından xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X5 anadan olmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra mətndə Ailə Məcəlləsi adlanacaq): 75.1. və 75.4. maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1. maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. 78.2. maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1. maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya alimenti ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh ilə İddiaçı birgə nikahlarından xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X5 dünyaya gəlmişdir. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(060)-5635/2019 saylı qətnaməsinə əsasən, Cavabdeh uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər uşağa görə ayda 160 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət olunmuşdur. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qətnamə ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilərək, uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər bir uşaq üçün 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində alimentin tutulmasını məhkəmədən xahiş etmişdir. İşin hallarını araşdıraraq məhkəmə qeyd edir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanunu”na əsasən, 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat müəyyən edilmişdir. Eyni zamanda “Azərbaycan Respublikasında 2024-cü il üçün Yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanunu”na əsasən, 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat müəyyən edilmişdir. Məhkəmə qanunun qeyd edilən tələbini rəhbər tutaraq qeyd edir ki, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(060)-5635/2019 saylı qətnaməsi ilə tutulmuş alimentin miqdarı hazırkı gün üçün yaşayış minimumundan azdır və məlum olduğu kimi, qeyd olunan məhkəmə qətnaməsi ilə uşağın saxlanması üçün aliment tutulması qət ediləndən sonra yaşayış minimumu xeyli artmışdır. Hazırkı şəraitdə həmin uşaqların yaşını, qida və digər zəruri xərclərə tələbatını nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, qət edilmiş 160 manat aliment məbləği müəyyən edilmiş yaşayış minimumundan aşağı olduğundan uşaqların saxlanması üçün yetərli hesab edilə bilməz. Eyni zamanda, məhkəmə qeyd edir ki, qanunvericilik uşağın həmin minimum dolanışıq xərcinin ödənilməsini valideynin üzərinə vəzifə kimi qoymuşdur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında qeyd edilir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). Beləliklə, məhkəmə qanunun qeyd edilən tələbini rəhbər tutub məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək, həmçinin, tərəflərin birgə nikahlarından olan uşaqların mənafeyini, о cümlədən, tərəflərin diqqətəlаyiq mаrаqlаrını, iddiaçının cavabdehin gəlirləri barədə sübutlarını təqdim etməməsini nəzərə alaraq belə qənaətə gəlir ki, iddia ərizəsi qismən təmin edilməli, xx.xx.2011-ci il təvəllüdlü X1 və xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(060)-5635/2019 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək, Cavabdeh İddiaçı xeyrinə hər ay hər bir uşaq üçün 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində aliment tutulmalı, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Bundan başqa, məhkəmə qeyd edir ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Hazırki iddia tələbi isə alimentin tutulması barədə ilkin iddia deyil, alimentin artırılması barədədir. Bu səbəbdən də məhkəmə hesab edir ki, artırılmış alimentin tutulmasının vaxtı Ailə Məcəlləsinin 100.2-ci maddəsinin təsiri altına düşə bilməz. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 №-li Qərarında da məhkəmələrə tövsiyyə edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə də məhkəmə qeyd edir ki, hazırki halda alimentin dəyişdirilmiş miqdarı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikası Milli Məclisinin 21 iyul 1992-ci il tarixli, 236 saylı Qərarı ilə Azərbaycan Respublikasının qoşulduğu, BMT-nin Baş Məclisinin 20 noyabr 1989-cu il tarixdə qəbul etdiyi «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Mülki Prosessual Məcəllənin:
107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə eyni zamanda, Mülki Prosessual Qanunvericiliyin tələblərinə istinad edərək qeyd edir ki, alimentin tutulması tələbinə dair iddia ərizəsi üzrə iddiaçı dövlət rüsumunun ödənilməsindən azad olunduğundan iddia tələbinin qiymətinə mütənasib olaraq, yəni, (200-160=40 manat, 40 manat x 2 (uşaq)=80 manat, 80 manat x 12 ay = 960 manat) ödənilməli olan 30 manat dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə keçirilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.3. maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4 maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia ərizəsi qismən təmin edilsin. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(060)-5635/2019 saylı qətnaməsi ilə müəyyən olunan alimentin miqdarı dəyişdirilərək, xx.xx.2011-ci il təvəllüdlü X1 və xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər bir uşaq üçün 200 (iki yüz) manat olmaqla, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində aliment tutulsun. Alimentin dəyişdirilmiş miqdarı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulsun. Cavabdeh dövlət rüsumuna görə 30 (otuz) manat pul vəsaiti tutularaq dövlət büdcəsinə ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Habil Əhmədov