Məhkəmə qərarları › İş №2(012)-2937/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2937/2024

31.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2937/2024 31.07.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1800 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 40 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh uzun müddətdir ki, tanıyır və münasibətləri yaxşı olmuşdur. Cavabdeh ona müraciət edərək maddi vəziyyətinin ağır olduğunu və ona borca 1500 manat pul lazım olduğunu bildirmişdir. O, Cavabdehla aralarında olan münasibəti nəzərə alıb 17 avqust 2023-cü il tarixdə ona məxsus “Kapitalbank”a aid bank kartına Abşeron rayonu Xırdalan şəhəri, “AAAF Park” Yaşayış kompleksi ərazisində yerləşən “Ailə Market”də olan bankomatdan “m-pay” vasitəsi ilə 1500 manat borc pul köçürmüşdür. Bundan 10 gün sonra Cavabdeh təkrarən ona müraciət edərək maddi vəziyyətinin yenə də ağır olduğunu və ona borca 300 manat pul lazım olduğunu bildirmiş, o yenə də 27 avqust 2023-cü il tarixdə ona məxsus “Kapitalbank”a aid özünə məxsus bank kartından 300 manat borc pul köçürmüşdür. O, ümumilikdə Cavabdeh, ona məxsus “Kapitalbank”a aid bank kartına (Kart nömrəsi: 523915******3112) köçürməklə, 1800 manat borc pul vermişdir və Cavabdeh bir ay müddətində borcunu qaytaracağına söz vermişdir. Lakin, Cavabdeh bu günədək 1800 manat borcunu qaytarmamışdır. O, hazırda cavabdehi tapa bilmir, onun zənglərinə belə cavab vermir. Bununla bağlı onun tərəfindən Abşeron rayon Polis İdarəsinə müraciət edilmişdir. Abşeron rayon Polis İdarəsində bununla bağlı araşdırma aparılmış və mürciətində qeyd olunan xüsusatların mülki xarakterli olduğu qeyd edilərək, məhkəməyə müraciət etməli olduğu barədə rəsmi məktub göndərilmişdir. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verdi və onun təmin edilməsini xahiş etdi. Hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Cavabdeh videokonfrans vasitəsi ilə izahatı alınmış və o, izahatında iddiaçıya 3000 manat pul verdiyini, iddiaçı isə həmin puldan 1800 manat hissəsini onun kartına ödədiyini bildirmişdir. Məhkəmə tərəfləri dinləyib, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. İşdə olan Abşeron rayon Polis İdarəsinin İddiaçı göndərdiyi xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, onun müraciətində qeyd olunan xüsusatlar mülki xarakterli olduğu üçün məhkəmə orqanlarına müraciət etməsi tövsiyə edilmişdir. İşdə olan M-Pay ödəmə sisteminin xx.xx.2023-cü il tarixli qəbzinin surətindən görünür ki, 523915******3112 saylı kartın hesabına 1800 manat vəsait ödənilmişdir. İşdə olan Kapital bankın bank kartına köçürmə qəbzinin surətindən görünür ki, 523915******3112 saylı kartın hesabına xx.xx.2023-cü il tarixdə 300 manat vəsait ödənilmişdir. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən olunur ki, tərəflər arasında borc verilməsilə bağlı münasibətlər olmuş, cavabdeh iddiaçıdan 17 və 27 avqust 2023-cü il tarixdə iki dəfəyə cəmi 1800 manat borc almış, lakin borcunu qaytarmamış, hazırda onun 1800 manat borcu qalmışdır. Cavabdeh borcunu qaytaracağı barədə iddiaçı qarşısında öhdəlik götürmüş, lakin onu tam icra etməmişdir. İddianın əsaslı olması iş materialları ilə tamamilə təsdiq edilir. Belə ki, cavabdeh də 1800 manat pulun iddiaçı tərəfindən onun kartına köçürüldüyünü bildirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Beləliklə, borcun verilməsi məhkəmə iclasında öz təsdiqini tapmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, 1800 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmalı, iddia təmin edilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, iddia təmin edildiyindən dövlət rüsumu kimi ödənilmiş 38 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1800 manat və dövlət rüsumu üçün 38 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar