Məhkəmə qərarları › İş №2(012)-2944/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2944/2021

30.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2944/2021 30.06.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı “FİNCA Azerbaijan” X2-Bank Kredit Təşkilatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə 30 iyun 2021-ci il tarixdə, Xırdalan şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “FİNCA Azerbaijan” X2-Bank Kredit Təşkilatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, borclular Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada “FİNCA Azerbaijan” X2-Bank Kredit Təşkilatının xeyrinə əsas borc üzrə 3.997,05 manat, 956,55 manat faiz borcu üzrə olmaqla, cəmi 4.953,60 manat və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “FİNCA Azerbaijan” X2-Bank Kredit Təşkilatı ilə Cavabdeh1 arasında bağlanmış 21.01.2015-ci il tarixli, **********7309 saylı kredit müqaviləsinə əsasən biznes məqsədləri və həyat səviyyəsinin yaxşılaşdırılması üçün bank tərəfindən Cavabdeh1 18 ay müddətinə illik 31% ödəmək şərti ilə 6.000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə əsasən borclunun hər ay 423 manat olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Həmçinin, kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq Cavabdeh2 zamin qismində sözügedən kredit müqaviləsinin tərəfi olmuşdur. Tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi Cavabdeh1 yerinə yetirməmişdir. Həmçinin, 21.01.2015-ci il tarixli, **********7309 saylı kredit müqaviləsi 13.05.2016-cı il tarixli, **********7309 saylı sazişlə restrukturizasiya olunmuş və öhdəliyin icra olunmamış hissəsi, əsas borc 4.036,05 manat, faiz 0,00 manat, cərimə 0,00 manat, müqavilənin müddəti 48 ay , yəni 13.05.2020-ci ilədək müəyyən edilmişdir. Beləliklə, 11 mart 2021-ci il tarixinə olan maliyyə arayışına əsasən 13.05.2016-cı il tarixli, **********7309 saylı kredit müqaviləsi üzrə borcun məbləği əsas borc üzrə 3.997,05 manat, 956,55 manat faiz borcu üzrə olmaqla, cəmi 4.953,60 manat təşkil edir. İddiaçının nümayəndəsi teleqramma ilə müraciət edərək işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddianı qismən qəbul edib, faiz borcunun təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Digər cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında ona “FİNCA Azerbaijan” X2-Bank Kredit Təşkilatı ilə kredit alan Cavabdeh1 və zamin Cavabdeh2 arasında bağlanmış 21 yanvar 2015-ci il tarixində bağlanmış **********7309 saylı kredit müqaviləsindən görünür ki, X2-Bank Kredit Təşkilatı cavabdehə 18 ay müddətinə, illik 31% ödəmək şərti ilə 6.000 manat məbləğində kredit verməyi, borc alan isə borcu qəbul etməyi, müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh2 Cavabdeh1 kreditor qarşısında götürdüyü öhdəliklərin tamamilə icra edilməsi üçün məsuliyyəti kredit alan ilə birgə öz üzərinə götürmüşdür. İş materiallarında olan 21.01.2015-ci il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh1 21.01.2015-ci il tarixdə “FİNCA Azerbaijan” X2-Bank Kredit Təşkilatından 6.000 manat məbləğində vəsait götürmüşdür. İş materiallarında olan 21 yanvar 2015-ci il tarixində bağlanmış **********7309 saylı kredit müqaviləsinin restrukturizasiyasına dair 13 may 2016-cı il tarixli saziş və ödəniş cədvəlindən görünür ki, borclu Cavabdeh1 qalıq qalmış məbləği 4.036,05 manat məbləği qəbul edir və həmin məbləği 48 ay müddətinə, illik 8% hesablanmaqla ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan “FİNCA Azerbaijan” X2-Bank Kredit Təşkilatının 11.03.2021ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 kredit müqaviləsi üzrə borcunun məbləği əsas borc üzrə 3.997,05 manat, faiz borcu üzrə 956,55 manat olmaqla, cəmi 4.953,60 manat təşkil edir. İş materiallarında olan “FİNCA Azerbaijan” X2-Bank Kredit Təşkilatının 30.06.2021ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 kredit müqaviləsi üzrə 13.05.2020-ci il tarixinə borcunun məbləği əsas borc üzrə 3.997,05 manat, faiz borcu üzrə 956,55 manat olmaqla, cəmi 4.953,60 manat təşkil edir. İş materiallarında olan 31.03.2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 390.1-ci maddəsinə əsasən fiziki və hüququ şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələrdə bağlaya bilərlər; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər; 477.0.4-cü maddəsinə görə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir; 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, “FİNCA Azerbaijan” X2-Bank Kredit Təşkilatı ilə Cavabdeh1 və və Cavabdeh2 arasında bağlanmış 21 yanvar 2015-ci il tarixli kredit müqaviləsinə əsasən X2-Bank Kredit Təşkilatı (borc verən) tərəfindən Cavabdeh1 (borc alana) 18 ay müddətinə, illik 31% ödəmək şərti ilə 6.000 manat məbləğində kredit verilmiş, Cavabdeh2 kredit müqaviləsi üzrə borclu Cavabdeh1 kreditor qarşısında götürdüyü öhdəliklərin tamamilə icra edilməsi üçün məsuliyyəti borcalanla birgə öz üzərinə götürmüşdür. 13 may 2016-cı il tarixli kredit müqaviləsinin restrukturizasiyasına dair sazişə əsasən “FİNCA Azerbaijan” X2-Bank Kredit Təşkilatı və Cavabdeh1 qalıq qalmış məbləği 4.036,05 manat qəbul etmişlər və həmin məbləği Cavabdeh1 48 ay müddətinə, illik 8% hesablanmaqla ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh1 müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməmiş və nəticədə banka 13.05.2020-ci il tarixinə ödənilməmiş 3.997,05 manat əsas, 965,55 manat faiz borcu yaranmışdır. İddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Göründüyü kimi, Cavabdeh1 kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borclarını müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Ona görə də cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, əsas kredit borcunu müqavilədə razılaşdırıldığı kimi faiz ilə birlikdə iddiaçıya ödəməlidir. Məhkəmə iddia tələbinin Cavabdeh2 aid hissədə qanunsuz və əsassız hesab edir. Belə ki, iş materiallarından göründüyü kimi 21.01.2015-ci il tarixli kredit müqaviləsinin son müddəti 21.07.2016-cı ildir. 21 yanvar 2015-ci il tarixli **********7309 saylı kredit müqaviləsinin restrukturizasiyasına dair 13 may 2016-cı il tarixli saziş isə “FİNCA Azerbaijan” X2-Bank Kredit Təşkilatı ilə Cavabdeh1 arasında bağlanmışdır, bu barədə zaminin məlumatı olmamışdır, işdə bu barədə sübut yoxdur. İddiaçı isə hazırkı iddia ilə məhkəməyə 09.04.2021-ci il tarixdə müraciət etmişdir. Ona görə də iddia tələbi Cavabdeh2 aid hissədə təmin edilməməlidir.Belə ki,Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə görə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda xitam verilir.Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çardığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, zaminə münasibətdə tələb irəli sürmə müddəti keçməsindən iddia tələbi əsassızdır və rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, ödənilmiş dövlət rüsumu üçün 30 manat məbləğində pul vəsaitinin 20 manat məbləğindəki hissəsi də Cavabdeh1 tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 əsas borc üzrə 3.997,05 manat, faiz borcu üzrə 956,55 manat olmaqla, cəmi 4.953.60 manat və ödənilmiş dövlət rüsumu üçün 20 manat məbləğində pul vəsaiti tutularaq “FİNCA Azerbaijan” X2-Bank Kredit Təşkilatına ödənilsin. İddia digər hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar