Məhkəmə qərarları › İş №2(012)-2952/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2952/2023

18.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2952/2023 18.08.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Qənbərov Əli Əfqan oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Cavabdeh2 qarşı maddi ziyan tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Müdafiə Nazirliyi Cavabdeh2 komandanlığına qarşı maddi ziyan tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, yol nəqliyyat hadisəsi nəticəsində zədələnmiş avtomobilin bərpası üçün ödənilmiş 5995 manat maddi ziyan və 79.94 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra, İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Müdafiə Nazirliyi Cavabdeh2 komandanlığının “Müdafiə Nazirliyi Cavabdeh2” kimi nəzərə alınmaqla vurulmuş maddi ziyanın cavabdeh Müdafiə Nazirliyi Cavabdeh2 tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Müdafiə Nazirliyi Cavabdeh2 tibbi məntəqəsinin müddətli hərbi xidmət qulluqçusu, sürücü-sanitar vəzifəsində, əsgər hərbi rütbəsində xidmət edən Cavabdeh1 xx.xx.2022-ci tarixdə, saat 18:30 radələrində xidmətdə olarkən ona təhkim olunmuş «UAZ-396295» markalı, K408QQ hərbi qeydiyyat nişanlı avtomobillə Qaradağ rayonunda yerləşən X7 xidmət etdiyi Cavabdeh2 qayıdarkən həmin hərbi hissənin ərazisinə dönmək niyyəti ilə Bakı-Şamaxı-Yevlax yolunun Abşeron rayonu ərazisindən keçən 28-ci kilometrliyində yol hərəkət istiqamətlərini ayıran beton konstruksiyalı zolağın boşluq olan ara hissəsindən «Yol hərəkəti haqqında» Qanunun 42ci maddəsinin 1-ci hissəsinin tələblərinə riayət etməməklə sürücü İddiaçı tərəfindən idarə olunan «Opel Astra» markalı, **-FB-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Bu faktla bağlı DİN-nin BDYPİ-nin İstintaq və Təhqiqat şöbəsində və Sumqayıt Hərbi Prokurorluğunda yol nəqliyyat hadisə ilə bağlı araşdırma aparılmışdır. Belə ki, aparılmış araşdırma zamanı izahatı alınmış sürücü Cavabdeh1 izahatında idarə etdiyi avtomobillə Qaradağ rayonunda yerləşən X7 xidmət etdiyi Cavabdeh2 qayıdarkən həmin hərbi hissənin ərazisinə dönmək niyyəti ilə idarə etdiyi avtomobili Bakı-Şamaxı-Yevlax yolunun Abşeron rayonu ərazisindən keçən 28-ci kilometrliyində Bakı və Şamaxı şəhəri istiqamətlərini ayıran beton konstruksiyalı zolağın boşluq olan ara hissəsində dayandırmış, həmin yerə öz hərəkət zolağı ilə yaxınlaşan «Opel Astra» markalı, **-FB-*** dövlət qeydiyyat nişanlı avtomobilin gəldiyini görməsinə baxmayaraq əsassız olaraq həmin avtomobilin yavaşlayaraq ona yol verməyini zənn etmiş və manevrinin təhlükəsizliyini təmin etməməklə idarə etdiyi avtomobili «Opel Astra» markalı avtomobilin hərəkət zolağına sürməklə hərəkətinə maneə yaratmışdır. Nəticədə, iddiaçının idarə etdiyi avtomobil həmin avtomobillə toqquşmuş və «Opel Astra» markalı, **-FB-*** dövlət qeydiyyat nişanlı avtomobilə 5995 manat maddi ziyan dəymişdir. İddiaçı maddi imkanının olmaması səbəbindən avtomobilə dəymiş ziyanın aradan qaldırılmasının mümkün olmadığını bildirmişdir. xx.xx.2022-ci il tarixli yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, toqquşma nəticəsində yol-nəqliyyat hadisəsi baş vermiş, hadisə yeri yaşayış məntəqəsi olmamış, yolun işlək hissəsi düz, asfalt örtüyü quru olmuş, hadisə zamanı «UAZ» markalı avtomobilin ön hissəsi sağ tərəfi ilə «Opel Astra» markalı avtomobilin hərəkət zolağında toqquşma baş vermiş, ətrafa şüşə plastmas qırıntıları səpələnmiş və yerə maye dağılmışdır. Bundan sonra iddiaçı "xxxx" ASC-dən sığorta ödənişinin alınması üçün müraciət etmiş və sığorta ödənişinin verilməsindən imtina olunması barədə bildiriş daxil olmuşdur. Bu səbəbdən, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. xx.xx.2023-cü il tarixinə təyin olunmuş məhkəmə hazırlıq iclasında iştirak etmiş cavabdeh Müdafiə Nazirliyi Cavabdeh2 nümayəndəsi Nümayəndə izahatında göstərmişdir ki, Abiyev X9 Nazirliyi Cavabdeh2 müddətli həqiqi hərbi qulluqçudur. Baş vermiş yol nəqliyyat hadisəsində nəqliyyat vasitəsi Müdafiə Nazirliyi Cavabdeh2 təhkim olunmuş və onun balansındadır. Hərbi hissənin avtomobil xidmət idarəsi vardır. Qlobal hadisə olduqda hərbi hissə və aidiyyəti üzrə təhkim olunmuş sürücü məsuliyyət daşıyır. Cavabdeh Müdafiə Nazirliyi Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Mülki Prosessual Məcəllənin 185.5. maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin iddia tələbinə dair münasibətini və mülki iş materiallarını araşdırıb və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -BB № 199314 saylı, xx.xx.2022-ci il tarixli nəqliyyat vasitəsinin uçot kartoçkasından görünür ki, 2007-ci il buraxılışlı ** FB *** dövlət qeydiyyat nişanlı “Opel Astra” minik markalı avtomobil X2 mülkiyyətindədir. -Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 8/17 saylı ekspert rəyindən görünür ki, təhqiqat tərəfindən göstərilmişdir ki, sürücü İddiaçı “Opel Astra” markalı avtomobili Bakı-Şamaxı-Yevlax yolu ilə Şamaxı rayonu istiqamətində 90-100 km/saat sürətlə idarə edərkən qarşıda soldan əks istiqamətli hərəkət hissələrini ayıran beton konstruksiyalı ayrıcı zolağın boşluq olan ara hissəsindən dayandığı yerdən hərəkətə başlayaraq yola düzünə daxil olan sürücü Cavabdeh1 20 km/saat sürətlə idarə etdiyi UAZ markalı avtomobillə toqquşmuşdur. Toqquşma “Opel Astra” markalı avtomobilin hərəkət zolağında hərəkət hissəsinin sağ kənarından sola doğru 2 metr məsafədə həmin avtomobilin qabaq sol hissəsi ilə UAZ markalı avtomobilin qabaq sağ hissəsi arasında baş vermişdir. “Opel Astra” markalı avtomobilin sürücüsü İddiaçı üçün təhlükə UAZ markalı avtomobilin onun hərəkət yoluna çıxdığı andan, təxminən 20-25 metr məsafədən yaranmışdır. UAZ markalı avtomobil toqquşma yerinə kimi 5.7 metr məsafə qət etmişdir. -Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 20/07C-23 saylı ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə iş materiallarında olan «X6» MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən, avtohissələrin qiymətləri nəzərə alınmaqla 2007-ci il buraxılışlı, “Opel Astra” markalı, **- FB-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən, 5995 manat müəyyən edilmişdir. -Sumqayıt Hərbi Prokurorluğu tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Cavabdeh1 ehtiyatsızlıqdan yol-nəqliyyat hadisəsi törətməsi nəticəsində sərnişinlər X4 və X1 yüngül zərər vurmaya aid xəsarətlər alması faktında Azərbaycan Respublikası CM-nin 351-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanılması rədd edilmişdir. Qərardan daha sonra görünür ki, müəyyən olunmuşdur ki, yol-nəqliyyat hadisəsi nəticəsində 2020-ci il buraxılışlı “UAZ-396295” markalı, K408QQ hərbi qeydiyyat nişanlı avtomobilə dəymiş 10009 manat maddi ziyan aradan qaldırılmış, lakin 2007-ci il buraxılışlı “Opel Astra” markalı, **-FB-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş 5995 manat maddi ziyan ödənilməmişdir. Qərardan daha sonra görünür ki, araşdırma materialı üzrə izahatı alınmış X5 izahatında “Opel Astra” markalı, **-FB-*** dövlət qeydiyyat nişanlı minik avtomobili xx.xx.2022-ci il tarixdə onun adına rəsmi dövlət qeydiyyatına alınsa da həmin avtomobilin faktiki olaraq İddiaçı məxsus olduğunu, avtomobil üzərində istifadə, sərəncam, sahiblik hüququnun sonuncuya məxsus olduğunu, yol-nəqliyyat hadisəsi nəticəsində ona hər hansı ziyan dəymədiyini, hər hansı şəxsdən şikayət və ya tələbinin, o cümlədən, ziyanla bağlı mülki iddiasının olmadığını göstərmişdir. -“Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışdan görünür ki, Sumqayıt hərbi prokurorluğu bildirir ki, xx.xx.2022-ci il tarixdə, saat 18:30-da Bakı-Şamaxı-Yevlax yolunun Abşeron rayonu ərazisindən keçən 28-ci km-də toqquşma növündə yol nəqliyyat hadisəsi baş vermiş, Müdafiə Nazirliyi Cavabdeh2 mülkiyyətində olan, hadisə baş verən anda avtomobilin sürücüsü Cavabdeh1 tərəfindən idarə olunmuş “UAZ-396295” markalı, K408QQ qeydiyyat nişanlı avtomobil ilə X3 məxsus olan, hadisə baş verən anda İddiaçı tərəfindən idarə olunmuş “Opel Astra” minik markalı, ** FB *** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş, nəticədə, sonuncu avtomobilə maddi ziyan dəymişdir. -"xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 730/3 saylı məktubdan görünür ki, xx.xx.2022-ci il tarixdə Müdafiə Nazirliyinə məxsus “UAZ-366295” markalı, K408QQ hərbi qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin sürücüsü Cavabdeh1 tərəfindən yol-nəqliyyat hadisəsi törədilmiş, nəticədə, “Opel Astra” minik markalı, **-FB-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə zərər dəymişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxsin istifadəsində olan “UAZ-366295” markalı, K408QQ hərbi qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığorta təminatı almamışdır. Qanunvericiliyin tələbinə uyğun olaraq yol-nəqliyyat hadisəsinin iştirakçısı olmuş hər iki avtonəqliyyat vasitəsinin qüvvədə olan sığorta müqaviləsi mövcud olmadığından sığorta ödənişinin ödənilməsi mümkün deyildir. Bu səbəbdən də, sığorta ödənişinin verilməsindən imtina edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, İddiaçı etibarnamə əsasında idarə etdiyi, sahiblik və istifadəsində olan “Opel Astra” markalı, ** FB *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən zaman xx.xx.2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində cavabdeh Müdafiə Nazirliyinin Cavabdeh2 balans və istifadəsində olan və hadisə baş verən anda Cavabdeh1 tərəfindən idarə olunmuş “UAZ-396295” markalı, K408QQ hərbi qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə, iddiaçıya məxsus avtomobilə 5995 manat dəyərində maddi ziyan dəymişdir. Hazırda, iddiaçı onun avtomobilinə dəymiş 5995 manat dəyərində maddi ziyanın cavabdehdən məhkəmə qaydasında tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə tələb ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq): 21.1-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. 21.2.-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu törətmiş şəxs fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzini tam həcmdə ödəməlidir. 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Mülki iş materiallarına əlavə olunmuş “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərardan, ekspert rəyindən və qüsur aktından müəyyən olunduğu kimi, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus “Opel Astra” markalı, ** FB *** dövlət qeydiyyat nişanlı avtomobilə 5995 manat dəyərində maddi ziyanın vurulması öz təsdiqini tapmışdır. Beləliklə də, məhkəmə araşdırması zamanı baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində idarə olunmuş nəqliyyat vasitələrinin qüvvədə olan sığorta müqavilələri olmadığından avtomobilə dəymiş ziyanın subroqasiya qaydasında ödənilməsi təmin olunmamış, bu səbəbdən də, iddiaçının onun avtomobilinə dəymiş ziyanın cavabdeh Müdafiə Nazirliyi Cavabdeh2 balans və istifadəsində olan avtomobil tərəfindən vurulması təsdiqini tapdığından həmin cavabdehdən tutulmasına dair tələb irəli sürməyə subyektiv hüququ yaranmışdır. Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə tərəflərin izahatını, mülki iş materiallarına əlavə olunmuş sübutları və qanunvericiliyin tələblərini paralel şəkildə qiymətləndirib belə qənaətə gəlir ki, xx.xx.2022ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində iddiaçının avtomobilinə Müdafiə Nazirliyi Cavabdeh2 balans və istifadəsində olan avtonəqliyyat vasitəsinin idarə olunması nəticəsində 5995 manat maddi ziyan vurulması öz təsdiqini tapdığından iddia tələbləri əsaslıdır, ona görə də təmin edilməlidir. Mülki Prosessual Məcəllənin:

107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 79.94 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə,

QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Cavabdeh2 dəymiş maddi ziyana görə 5995 (beş min doqquz yüz doxsan beş) manat və ödənilmiş dövlət rüsumuna görə 79.94 (yetmiş doqquz manat doxsan dörd qəpik) manat pul vəsaiti olmaqla, ümumilikdə, cəmi 6074.94 (altı min yetmiş dörd manat doxsan dörd qəpik) manat pul vəsaiti alınaraq İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar