Məhkəmə qərarları › İş №2(012)-2955/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2955/2023

19.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2955/2023 19.07.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağstafa Rayon Məhkəməsinin 2(015)- 421/2020 saylı, 14 oktyabr 2020-ci il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş aliment miqdarının dəyişdirilərək, Cavabdeh övladları 21 sentyabr 2011-ci il təvəllüdlü X5 və 27 dekabr 2015-ci il təvəllüdlü X1 üçün hər ay hər uşaq üçün 220 manat olmaqla ümumilikdə 440 manat məbləğində alimentin tutularaq ona öfdənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, o, 05 noyabr 2010-cü il tarixdə Cavabdeh ilə 566 saylı rəsmi nikaha daxil olmuşdur. Onların birgə nikahlarından 21 sentyabr 2011-ci il təvəllüdlü X5 və 27 dekabr 2015-ci il təvəllüdlü X6 anadan olmuşdur. Ağstafa Rayon Məhkəməsinin 05 iyun 2020-ci il tarixli 2-(015)-421/2020 saylı qətnaməsi ilə aralarındakı nikahları pozulmuş və birgə nikahdan olan 21 sentyabr 2011-ci il təvəllüdlü X5 və 27 dekabr 2015-ci il təvəllüdlü X1 üçün hər uşaq üçün hər ay 170 manat olmaqla ümumi olaraq 340 manat aliment müəyyən edilmişdir. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti vermiş, Gəncə Apellyasiya Məhkəməsinin 17 avqust 2020-ci il tarixli 2(104)-2881/2020 saylı qərardadı ilə aliment hər uşaq üçün 120 manat, cəmi 240 manat təyin edilmişdir. Hal-hazırda uşaqların 8-12 yaşları var. Gəncə Apellyasiya Məhkəməsinin tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşağın heç bir tələbatının ödənilməsinə yetmir. Uşaq orta məktəbdə təhsil alır və ona görə də məsrəfləri yetərincə artmışdır. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2023-cü ildə hər uşaq üçün 220 manat müəyyən edilmişdir. Onu da qeyd etmək istərdi ki, cavabdeh övladının əlavə xərcləri ilə ümumiyyətlə maraqlanmır. Uşaqların bütün qayğısını ehtiyacını tamamilə o çəkir. Uşaqların təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. Qeyd edilənlərə əsasən, o, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahatında və etirazında bildirdi ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-2881/2020 saylı, 17 avqust 2020-cı il tarixli qətnaməsi ilə ondan hər uşağa 117 manat aliment tutularaq iddiaçı X3 verilməsi qət edilmişdir. Hazırda İddiaçı alimentin miqdarının artırılması üçün Abşeron Rayon Ьəhkəməsinə müraciət etmiş və bir uşağın saxlanması üçün 220 manat olmaqla iki uşağın saxlanması üçün 440 manat aliment tələb edir. O, iddianı qəbul etmir. İddia ərizəsində iddiaçı ümumiyyətlə qazancının olub-olmaması barədə heç bir məlumat qeyd etməmişdir. Kənd İcra Nümayəndəsinin arayışından da göründüyü kimi o, heç bir yerdə işləmir. İddiaçı isə bunun əksini sübut edəcək heç bir arayış məhkəməyə təqdim etməmişdir. O isə işsiz olsa da mümkün qədər övladlarına maddi yardım etmək üçün əlindən gələni etməyə çalışsa da səhhəti buna imkan vermir. Belə ki, o, ürək xəstəliyindən və qalxanabənzər vəzindən əziyyət çəkir. Göründüyü kimi İddiaçı iddia tələbinin təmin olunması üçün bir çox yalan və böhtanlara əl atmışdır. Hazırda başqa bir şəxsdən heç bir yerdən ailəyə qazanc daxil olmur. Göründüyü kimi onun həqiqətən də vəziyyəti acınacaqlı vəziyyətdədir. Alimentin miqdarı artırılarsa onun vəziyyəti həqiqətəndə pis olacaq, aliment ödəmək imkanı tamamilə tükənəcəkdir. Halbuki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin müvafiq maddələrində məhkəmə tərəfindən müəyyən edilən alimentin miqdarı müəyyən edilmişdir. O, qanunlara tabe olan şəxsdir və bu səbəbdən də bugünədək çalışmışdır ki, aliment borcu olmasın. Belə olan halda alimentin miqdarı necə artırıla bilər? Azərbaycan Respublikasının Konstitusiyasında qeyd edilir ki, ərlə arvadın hüquq və vəzifələri eynidir. Uşaqları saxlamaq valideyinlərin hər ikisinin borcudur. İddiaçı isə özünü kənara çəkərək bütün yükü onun üzərinə atmaq istəyir. Azərbaycan Respublikasının Konstitusiyasının 1-ci maddəsinin 2-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyyə etmək valideyinlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin 4-cü bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Ona görə də, yuxarıda qeyd etdiklərini, aylıq gəlirinin olmamasını və işsizliyini nəzərə alaraq, iddia tələbini təmin edilməməsini xahiş etdi. İş materiallarında olan Gəncə Şəhər Kəpəz Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, X5 21 sentyabr 2011-ci ildə Gəncə şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan Gəncə “ASAN Xidmət” X4 tərəfindən verilmiş AZ-İİİ № 685165 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X6 27 dekabr 2015-ci ildə Gəncə şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan Ağstafa Rayon Məhkəməsinin 2(015)-421/2020 saylı, 05 iyun 2020-ci il tarixli qərardadından görünür ki, müvəqqəti olaraq 21 sentyabr 2011-ci il təvəllüdlü X5 və 27 dekabr 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq, İddiaçı ödənilməsi qərara alınmışdır. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-2881/2020 saylı, 17 avqust 2020ci il tarixli qərardadından görünür ki, Ağstafa Rayon Məhkəməsinin 2(015)-421/2020 saylı, 05 iyun 2020-ci il tarixli qərardadının Cavabdeh 07 may 2020-ci il tarixdən başlayaraq, 21 sentyabr 2011-ci il təvəllüdlü X5 və 27 dekabr 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq, İddiaçı ödənilməsi hissəsində dəyişdirilməsi, cavabdehdən tutulmalı olan alimentin məbləğinin hər ay hər uşaq üçün 120 manat olmaqla, 240 manat müəyyən edilməsi qərara alınmışdır. İş materiallarında olan Ağstafa Rayon Məhkəməsinin 2(015)-421/2020 saylı, 14 oktyabr 2020-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında Gəncə Şəhəri Nizami Rayon Qeydiyyat Şöbəsində 05 noyabr 2010-cu il tarixdə bağlanmış və 566 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin nikahından olan 21 sentyabr 2011-ci il təvəllüdlü X5 və 27 dekabr 2015-ci il təvəllüdlü X2 anaları İddiaçı yanında qalması, 21 sentyabr 2011-ci il təvəllüdlü X5 və 27 dekabr 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 120 manat olmaqla, cəmi 240 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq, İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2(043)-1163/2021 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı 21 sentyabr 2011-ci il təvəllüdlü X5 və 27 dekabr 2015-ci il təvəllüdlü X1 üçün hər ay tutulan 240 manat alimentin məbləğinin artırılaraq 350 manat müəyyən olunması barədə iddiasının təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-3393/2021 saylı, 06 dekabr 2021-ci il tarixli qətnaməsindən görünür ki, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2(043)-1163/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ağstafa Rayonu İcra Hakimiyyəti Başçısının Pirili Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi tərəfindən verilmişxx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh həqiqətən Ağstafa rayonu, Pirili kəndində yaşayır və qeydiyyatdadır, nümayəndəlik ərazisində heç bir yerdə işləmir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 17.1-ci maddəsinə əsasən cəmiyyətin özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə, eləcə də uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və yözəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericlik orqanları tərəfindən görülsün. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016- cı il tarixli qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir (8.2-ci bənd). Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə, yuxarıda qeyd olnan qanunvericilik normalarını və uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu anasının üzərinə düşməsi kimi diqqətə layiq halların olduğunu əsas götürərək alimentin artırılması nəticəsinə gəlir,lakin məhkəmədə sübutların tədqiqatı zamanı tələb olunan miqdarda cavabdeh tərəfindən alimentin ödəmək iqtidarında olması ilə bağlı əsaslı ehtimallar müəyyən edilmədiyini nəzərə alaraq iddianın qismən təmin edilməsini,alimentin artırılaraq hər uşaq üçün 170 manat həddində müəyyən edilməsini ədalətli və tərəflərin mənafeyinə mütənasib olmasını hesab edir. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə Ali Məhkəmənin Plenumunun qeyd olunan qərarına istinad edərk hesab edir ki, alimentin artırılmış məbləğinin tutulmasının əvvəli qətnamə qanuni qüvvəsini aldığı gündən hesablanmalıdır. Azərbaycan Respublikası MPM-in 112.1.3-cü maddəsinə görə aliment alınması haqqındakı iddialarda, iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə istinad edərək hesab edir ki, 32 (otuz iki) manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət nəfinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Ağstafa Rayon Məhkəməsinin 2(015)-421/2020 saylı, 14 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, 21 sentyabr 2011-ci il təvəllüdlü X5 və 27 dekabr 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq, İddiaçı ödənilsin. Qətnamə qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablansın. Cavabdeh 32 (otuz iki) manat dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar