Məhkəmə qərarları › İş №2(012)-296/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-296/2022

12.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-296/2022 12.04.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X3, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X1, Cavabdeh2 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və "xxxx" MMC-yə qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və "xxxx" MMC-dən müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə əsas borc üzrə 35549,15 manat, faiz borcu üzrə 8986,94 manat, cəmi 44530,09 manat borcun, həmçinin iddia ərizəsi üçün ödənilmiş 30,40 manat dövlət rüsumu və bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edillməsini xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq, cavabdehlər Cavabdeh2 və "xxxx" MMCdən iddiaçı "xxxx" ASC-nin xeyrinə əsas borc üzrə 35549,15 manat, faiz borcu üzrə 10183,76 manat, cəmi 45732,91 manat borcun, məhkəmə rüsumu kimi ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edillməsini xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi məhkəməyə iddia tələbinin həcminin azaldılmasına dair ərizə ünvanlayaraq, cavabdehlər Cavabdeh2 və "xxxx" MMC-dən iddiaçı "xxxx" ASC-nin xeyrinə 35549,15 manat əsas, 12174,51 manat faiz borcu olmaqla, cəmi 47723,66 manat məbləğində kredit borcu və 30 manat dövlət rüsumu və 0,40 qəpik xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X5 iddianı müdafiə edərək məhkəmə iclasında izahatında bildirdi ki, "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış 02 iyun 2014-cü il tarixli, 8496 saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 120 ay müddətinə, illik 12 faiz dərəcəsi ilə hesablanmaqla, 42045 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi bankla "xxxx" MMC arasında 02 iyun 2014-cü il tarixli, 1147 nömrəli zaminlik müqaviləsi bağlamışdır. Qeyd olunan müqavilələr üzrə müəyyən edilmiş öhdəliklər yerinə yetirilməmişdir. 90 gündən çox ödəniş edilmədikə bank məhkəməyə müraciət etməyə haqlıdır. Cavabdehin 600 gündən çox gecikməsi vardır və sonuncu dəfə 14.02.2020-ci ildə ödəniş etmişdir. Odur ki, Cavabdeh2 30.03.2022-ci il tarixinə iddiaçı "xxxx" ASC-yə 35549,15 manat əsas, 12174,51 manat faiz borcu olmaqla, cəmi 47723,66 manat məbləğində kredit borcu vardır. Buna görə də o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında izahatında bildirdi ki, o, dəfələrlə banka yaxınlaşmış, lakin ona yeni qrafik açılmamışdır. İşləyərkən ödənişləri vaxtı-vaxtında etmiş, sonuncu dəfə 2020-ci ildə ödəniş etmiş, lakin sonradan gecikmələr yaranmışdır. Hal-hazırda işləyir və aya 200-300 manat, hətta 400 manat ödəniş edə bilər. Bundan sonra vaxtı-vaxtında ödəniş edəcəkdir. Yeni qrafik açılmasını xahiş edir. O, əsas borcdan boyun qaçırmır. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X4 məhkəmə iclasında izahatında bildirdi ki, Cavabdeh2 sonuncu dəfə 2 il əvvəl ödəniş etmişdir. Pandemiya ilə əlaqədar ödənişlər edilməmişdir. "xxxx" MMC-yə aid hissədə o, öhdəliklərini yerinə yetirmişdir. Həmçinin bankən ilkin iddia ərizəsində göstərdiyi məbləğ ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 11 fevral 2022-ci il tarixli, 9/9467 №-li ekspert rəyində göstərilən məbləğ arasında ziddiyət vardır. Bank 90 gün gecikmədən aylar sonra məhkəməyə müraciət etmiş və hüquqdan sui-istifadə etmişdir. Hüquqdan sui-istifadə isə yolverilməzdir. O, hesab edir ki, yenidən mühasibatlıq ekspertizası keçirilməlidir. Bank sözügedən mənzili sataraq, qalan pulu vətəndaşa verə bilər. Odur ki, o, iddianın təmin edilməməsini xahiş etdi. İş materiallarında olan 02.06.2014-cü il tarixli, 8496 saylı kredit müqaviləsindən görünür ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh2 arasında kredit müqaviləsi bağlanılmış və həmin müqaviləyə əsasən Cavabdeh2 "xxxx" ASC-dən 120 ay müddətinə, illik 12 faiz dərəcəsi ilə 42045 manat məbləğində kredit götürmüşdür. İş materiallarında olan 02.06.2014-cü il tarixli, 1147 saylı zaminlik müqaviləsindən görünür ki, "xxxx" ASC ilə "xxxx" MMC arasında zaminlik müqaviləsi bağlamış və müqavilənin şərtlərinə əsasən, zamin "xxxx" MMC borclu Cavabdeh2 öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor "xxxx" ASC qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öz öhdəsinə götürmüşdür. İş materiallarında olan 30.03.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 "xxxx" ASC-yə 30.03.2022-ci il tarixinə əsas borc üzrə 35549,15 manat, faiz borcu üzrə 12174,51 manat olmaqla cəmi 47723,66 manat borcu vardır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 11 fevral 2022-ci il tarixli, 9/9467 №-li ekspert rəyindən görünür ki, Cavabdeh2 19.10.2021-ci il tarixə "xxxx" ASC-yə olan əsas borc üzrə 35819,04 manat, faiz borcu üzrə 10076,94 manat təşkil edir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, tərəflər arasında 02.06.2014-cü il tarixli, 8496 saylı kredit müqaviləsi və 02.06.2014-cü il tarixli, 1147 saylı zaminlik müqaviləsi imzalanmışdır. Bu müqavilələr Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanıb və onların etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud deyildir. Məhkəmə prosesinin gedişatında hazırki işin hərtərəfli və obyektiv araşdırılması üçün Abşeron rayon Məhkəməsinin 2(012)-4947/2021 saylı, 17.11.2021-ci il tarixli qərardadı ilə mülki iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 11 fevral 2022-ci il tarixli, 9/9467 saylı ekspert rəyindən məlum olur ki, Cavabdeh2 19.10.2021-ci il tarixə "xxxx" ASC-yə olan əsas borc üzrə 35819,04 manat, faiz borcu üzrə 10076,94 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. Cavabdeh2 ilə iddiaçı arasında bağlanılmış 02.06.2014-cü il tarixli, 8496 saylı kredit müqaviləsi üzrə cavabdeh (kreditalan) üzərinə götürdüyü öhdəliyi, yəni borc məbləğini və ona hesablanmış faizləri kredit müqaviləsinə və ödəmə cədvəlinə uyğun olaraq tam ödəməmiş və bununla da öhdəliyini pozmuşdur. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyət və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 11 fevral 2022-ci il tarixli, 9/9467 №-li ekspert rəyini nəzərə alaraq, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh2 və "xxxx" MMC-dən Azərbaycan Beynəlxalq Bankı» ASC-nin xeyrinə 02.06.2014-cü il tarixli, 8496 saylı kredit müqaviləsi üzrə 35549,15 manat əsas, 10076,94 manat faiz borcu olmaqla, cəmi 45626,09 manat məbləğində kredit borcu tutulmalıdır. Məhkəmə borcun müştərək qaydada tutulması ilə bağlı belə qənaətə gəlir ki, Cavabdeh2 02.06.2014-cü il tarixli, 8496 saylı kredit müqaviləsindən irəli gələn öhdəliyini lazımınca yerinə yetirmədiyi üçün "xxxx" ASC-nin həmin müqavilənin icrasına zaminlik etmiş digər cavabdeh olan "xxxx" MMC-dən öz öhdəliyinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin məcəllənin 472.3-cü maddəsinə görə birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 30 manat və 0,40 manat bank xidmət haqqı da cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilən 11 fevral 2022-ci il tarixli, 9/9467 saylı mühasibatlıq ekspertizasına görə 150 manat ekspertiza xərcinin iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 143 manat cavabdehlər Cavabdeh2 və "xxxx" MMC-dən, 7 manat isə iddiaçı "xxxx" ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülməlidir: SAP (XİİS) hesabı-X2, kod- 210005; VÖEN- **********; müxbir hesab-AZ41NABZ********************; SWİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesab- AZ34CTRE********************. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və "xxxx" MMC-dən iddiaçı "xxxx" ASC-nin xeyrinə 02.06.2014-cü il tarixli, 8496 saylı kredit müqaviləsi üzrə 35549,15 manat əsas, 10076,94 manat faiz borcu olmaqla, cəmi 45626,09 manat məbləğində kredit borcu və 30 manat dövlət rüsumu və 0,40 qəpik xidmət haqqı tutulsun. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilən 11 fevral 2022-ci il tarixli, 9/9467 saylı mühasibatlıq ekspertizasına görə 150 manat ekspertiza xərcinin iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 143 manat cavabdehlər Cavabdeh2 və "xxxx" MMC-dən, 7 manat isə iddiaçı "xxxx" ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülsün: SAP (XİİS) hesabı-X2, kod-210005; VÖEN- **********; müxbir hesab-AZ41NABZ********************; SWİFT BİK- CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesab- AZ34CTRE********************. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar