Məhkəmə qərarları › İş №2(012)-298/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-298/2022

07.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-298/2022 07.02.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 iştirakı ilə, İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı «borcun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, istifadə hüququna xitam verilməsi və əmlakdan çıxarılma» tələbinə dair mülki işə Abşeron rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 13841,40 manat əsas və 111,73 manat faiz borcu olmaqla, cəmi 13953,13 manat pulun Cavabdeh2 tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh3 məxsus Abşeron rayonu, Digah qəsəbəsində yerləşən 0,015 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 81,5 kv.m olan fərdi yaşayış evinə yönəlməsi, yuxarıdakı əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh2 tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra cavabdehlər Cavabdeh3 və Cavabdeh1 Rəsən qızının həmin evə istifadə hüquqlarının itirilmiş hesab edilməsi və evdən çıxarılaraq ləğv prosessində olan İddiaçı ASC-yə təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 məhkəmədə iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 23.05.2019-cü il tarixli, 100.LN.1676.230519.00001 saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 60 ay müddətinə illik 1 faiz ödənilmək şərti ilə ilə 13841,40 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh3 tərəfindən ona məxsus Abşeron rayonu, Digah qəsəbəsində yerləşən torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 81.5 kv.m olan fərdi yaşayış evi 23 may 2019-cu il tarixli, 100.CL0230519.00001/b saylı ipoteka müqaviləsi ilə yüklü edilmişdir. (Yüklü edilən əmlakın reyestr nömrəsi **********22-10301; qeydiyyat nömrəsi ********** qeydiyyat tarixi: 29.05.2019) Kredit müqaviləsinin 5-ci bəndinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və Banka olan kredit üzrə borcunu ödəməmişdir. Kredit müqaviləsinin 8.1.5-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Bank tərəfindən Cavabdeh2 borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, habelə **********953 saylı 14.04.2021-ci il tarixli bildirişin göndərilməsinə baxmayaraq, cavabdehlər Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişlər. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, Cavabdeh2 həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi Cavabdeh2 tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Qeyd olunanlara əsasən o, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarından olan 23.05.2019-cu il tarixli 100.L.N.1676.230519.00001 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh2 60 ay müddətinə illik 1 faiz ödənilmək şərti ilə 13841,40 manat məbləğində kredit verilmişdir. Cavabdeh3 isə 23.05.2019-cu il tarixli 100.L.N.1676.230519.00001 saylı kredit müqaviləsi ilə tanış olmuş və razılaşmışdır. İş materiallarında olan 23.05.2019-cu il tarixli 100.CL0230519.00001/b saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh3 məxsus Abşeron rayonu, Digah qəsəbəsində yerləşən 0,015 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 81,5 kv.m olan fərdi yaşayış evi LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan 14 aprel 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 23.05.2019-cu il tarixli 100.L.N.1676.230519.00001 saylı kredit müqaviləsi üzrə 02 aprel 2021-ci il tarixə olan borcu 13841,40 manat əsas və 111,73 manat faiz borcu olmaqla, cəmi 13953,13 manat təşkil edir. İş materiallarında olan «X4 Mərkəzi» MMC-nin 28 dekabr 2021-ci il tarixli, YDQ 165 №-li ekspert rəyindən görünür ki, bütün göstəriciləri nəzərə alaraq, Abşeron rayonu, Digah qəsəbəsində yerləşən 0,015 ha torpaq sahəsindən ibarət 81,5 kv.m ümumi sahəli, 3 otaqlı fərdi yaşayış evinin qiymətləndirilmə tarixinə olan bazar dəyəri 45600 manat, likvid dəyəri isə 41000 manat müəyyən edilmişdir. Məhkəmə iddiaçı şirkətin nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, tərəflər arasında kredit müqaviləsi və həmin müqavilədən irəli gələn öhdəliklərin təmini üsulu kimi ipoteka müqaviləsi imzalanmışdır. Bu müqavilələr Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanmışdır və onların etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. Lakin Cavabdeh2 23.05.2019-cu il tarixli 100.L.N.1676.230519.00001 saylı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi, yəni borc məbləğini və ona hesablanmış faizləri kredit müqaviləsinə və ödəmə cədvəlinə uyğun olaraq tam ödəməmiş və bununla da öhdəliyini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu geçikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı geçikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyət və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Cavabdeh2 kredit müqaviləsindən irəli gələn öhdəliyini lazımınca yerinə yetirmədiyi üçün iddiaçının tutmanın ipoteka predmetinə yönəldilməsi və ipoteka predmeti olan torpaq sahəsinin açıq hərracdan satılmasını tələb etmək hüququ da vardır. Belə ki, Mülki Məcəllənin 319.1-ci maddəsinə görə borclu icranı təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş əşyanı açıq hərracda satmaq hüququna malikdir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbin ödənilməsi üçün ipoteka predmetinə tutuma yönəldilə bilər. Həmin qanunun 34.1.1-ci maddəsində də əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı hesab edilir. Ona görə də məhkəmə işin faktiki hallarından və qeyd olunan qanunvericilik normalarından çıxış edərək belə nəticəyə gəlir ki, LPO İddiaçı ASCnin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh3 məxsus ipoteka ilə yüklü edilmiş Abşeron rayonu, Digah qəsəbəsində yerləşən 0,015 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 81,5 kv.m olan fərdi yaşayış evinə tutumanın yönəldilməsi, bu əmlakın hərracda satılması tələbinin də qanuni əsasları vardır və buna görə də həmin tələblər təmin olunmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsinin tələblərinə əsasən, Cavabdeh3 məxsus Abşeron rayonu, Digah qəsəbəsində yerləşən 0,015 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 81,5 kv.m olan fərdi yaşayış evinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh3 və Cavabdeh1, həmin əmlaka olan istifadə hüquqlarının itirilmiş hesab edilməli və onlar əmlakdan çıxarılmalı və Banka təhvil verilməlidir. “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsinə görə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Bundan başqa iş materiallarında olan LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ilə Cavabdeh3 arasında bağlanmış 23.05.2019-cu il tarixli 100.CL0230519.00001/b saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh3 məxsus Abşeron rayonu, Digah qəsəbəsində yerləşən 0,015 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 81,5 kv.m olan fərdi yaşayış evi 46200 manat qiymətləndirilmiş, lakin «X4 Mərkəzi» MMC-nin 28 dekabr 2021-ci il tarixli, YDQ 165 №-li ekspert rəyində ipoteka ilə yüklü edilmiş daşınmaz əmlakın ilkin satış qiymətinin 41000 manat olması müəyyən edilmiş və həmin qiyməti şübhə altına alacaq digər sübut müəyyən edilmədiyindən, məhkəmə hesab edir ki, ipoteka ilə yüklü edilmiş daşınmaz əmlakın ilkin satış qiyməti 41000 manat müəyyən edilməlidir. İddia tələbinin satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh2 tutulması hissəsi dəqiq və konkret olmadığından məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh2 13841,40 manat əsas və 111,73 manat faiz borcu olmaqla, cəmi 13953,13 manat pul iddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə tutulsun. İddia üzrə tələb ipoteka predmeti olan Cavabdeh3 məxsus Abşeron rayonu, Digah qəsəbəsində yerləşən 0,015 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 81,5 kv.m olan fərdi yaşayış evinə yönəldilsin, ipoteka predmeti açıq hərracdan satılsın və ipoteka ilə yüklü edilmiş əmlakın ilkin satış qiyməti 41000 manat məbləğində müəyyən edilsin. Cavabdeh3 məxsus Abşeron rayonu, Digah qəsəbəsində yerləşən 0,015 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 81,5 kv.m olan fərdi yaşayış evinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh3 və Cavabdeh1 Abşeron rayonu, Digah qəsəbəsində yerləşən 0,015 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 81,5 kv.m olan fərdi yaşayış evi olan istifadə hüququ itirilmiş hesab edilsin və onlar həmin əmlakdan çıxarılsın, həmin əmlak Banka təhvil verilsin. İddia tələbi satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh2 tutulması hissəsində rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar