Məhkəmə qərarları › İş №2(012)-2996/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2996/2025

10.10.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2996/2025 10.10.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Fizuli Məhəmməd Fizuli oğlunun katibliyi ilə, İddiaçı vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı mənzilə müdaxiləyə son qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən mənzilə Cavabdeh tərəfindən edilən müdaxiləyə son qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən mənzil iddiaçının tam mülkiyyətindədir. Lakin cavabdeh (iddiaçının keçmiş həyat yoldaşı) iddiaçının mülkiyyət hüquqlarını pozaraq həmin mənzildən istifadə etməyinə imkan verməmiş və maneələr yaratmışdır. Belə ki, cavabdeh iddiaçının şəxsi mülkiyyətində olan mənzilə müdaxilə edərək oranı kirayə vermiş və əldə etdiyi qazancı şəxsi maraqları üçün istifadə etməkdədir. Bununla bağlı cavabdehi dəfələrlə xəbərdar etsə də, heç bir əhəmiyyəti olmamışdır. Hətta dəfələrlə ona hədə-qorxu gəlmiş, onu hədələmişdir. Cavabdehin hər an hər şeyi etmək iqtidarında olduğunu nəzərə alaraq, məsələnin qanun çərçivəsində həll olunmasını istəyir. ünvan 1 ünvanda yerləşən mənzil iddiaçının tam mülkiyyətində olmağına baxmayaraq, ondan heç cür istifadə edə bilmir, hətta günü-gündən hüquqları daha çox pozulur. Bundan əlavə mövcud tələblə bağlı Tovuz Rayon Məhkəməsinə müraciət etsə də, 2(062)-565/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadla geri qaytarılmış və əmlakın yerləşdiyi yer üzrə məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Bu səbəbdən ona məxsus ünvan 1 ünvanında yerləşən mülkiyyətinə müdaxiləyə son qoyulması tələbi ilə bağlı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Odur ki, göstərilənlərə əsasən iddianın təmin olunmasını xahiş etmişdir. xx.xx.2025-ci il tarixdə iddiaçının vəkili Vəkil1 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin xahiş hissəsinin “Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 30-cu məhəllə, ev 10 ünvanda yerləşən xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olan 155 saylı mənzilə dair istifadə, sahiblik və sərəncam hüququna Cavabdeh tərəfindən yaradılmış maneənin aradan qaldırılması, mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsi” kimi nəzərə alınmasını xahiş etmişdir. Daha sonra xx.xx.2025-ci il tarixdə iddiaçının vəkili Vəkil1 yenidən Mülki Prosessual Məcəllənin 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin xahiş hissəsinin “İddiaçının mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsi” kimi nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili Vəkil1 iddia tələbini müdafiə edərək təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və əlavə olaraq izahatında və elektron kabinet vasitəsilə müraciət etdiyi xx.xx.2025-ci il tarixli ərizəsində bildirmişdir ki, tərəflər 2023-cü ildə boşanmış, bundan sonra birgə yaşamaqları alınmadığından iddiaçı çıxıb getmişdir. Mübahisəli mənzil birgə nikah dövründə deyil, 2009-cu ildə iddiaçının atasının vəsaiti hesabına alınmışdır. Mənzil iddiaçının adına qeydiyyata alınmış və onun mülkiyyətindədir, lakin mənzilin açarları cavabdehdədir. Cavabdeh əşyalarını iddiaçının mənzilindən çıxarmır və mənzili təhvil vermir, bununla da onun xüsusi mülkiyyətində olan əmlaka qanunsuz olaraq sahiblik edərək mülkiyyət hüququndan irəli gələn istifadə, sahiblik və sərəncam hüququnu pozur. Belə ki, Mənzil tam mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur, mənzilə dair hüquqmüəyyənedici sənəd - reyestrdən çıxarış var və çıxarış qüvvədədir, etibarsız hesab edilməmiş, həmçinin çıxarışda cavabdehin adı qeyd olunmamışdır. Cavabdeh isə həmin mənzilə dair hüquqlarına dair hiç bir sənəd təqdim etməməsinə baxmayaraq, mənzilin öz mülkiyyəti olduğunu bildirmişdir. Əlavə olaraq qeyd etmişdir ki, cavabdehlə aralarında razılıq əldə olunmamışdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən gəlməmişdir. Belə olan halda məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin vəkili-nümayəndəsi Vəkil2 elektron kabinet vasitəsilə məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli etirazında bildirmişdir ki, iddiaçı tərəfin qeyd etdikləri həqiqəti əks etdirmir. Belə ki, mübahisə predmeti olan mənzil onun tərəfindən kirayə verilməmişdir. İddiaçı yalan danışır və evi ələ keçirərək mənimsəməyə çalışır. Mənzil birgə nikah dövründə cavabdeh tərəfindən pulu ödənilərək alınmış, iddiaçı evin kişisi olduğundan onun adına olmuş, sonradan iddiaçı onu autizm xəstəsi uşaqla və oğlu ilə qoyub getmiş, alimenti az ödəmək məqsədilə uşaqlardan birini aldadaraq, öyrədərək öz tərəfinə çəkmiş, nəticə olaraq evi nəzarətsiz qoyaraq çıxıb getmişdir. Mənzil birgə nikah dövründə alınmış, iddiaçıya mənzillə bağlı hər hansı maneə törədilməmiş, mənzil kirayə verilməmiş, sadəcə iddiaçı evi və hər şeyi qoyaraq Tovuza getmiş, daha sonra geri gəlməmişdir. İddiaçı həmin mənzil üçün pul ödəmədiyindən onun mənzilə hüququ formaldır. Məhkəmə iddiaçının vəkilinin izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Seriya RX ******* saylı çıxarışdan görünür ki, ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 58 m2 olan mənzil Daşınmaz Əmlakın Dövlət Reyestrində xx.xx.2016-cı il tarixdə **********54-053110-093164 reyestr, ********** qeydiyyat nömrəsi ilə xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına 101 nömrəli reyestr kitabının 83 nömrəli vərəqində qeydiyyata alınmışdır. -Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-892/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, iddiaçı Cavabdeh və cavabdeh İddiaçı arasında Tovuz rayon Qeydiyyat Şöbəsində xx.xx.2009-cu il tarixdə 546 nömrə ilə qeydə alınmış nikahın pozulması, nikah pozulduqdan sonra xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2020-ci il təvəllüdlü X2 anaları Cavabdeh yanında, xx.xx.2012-ci il təvəllüdlü X1 atası İddiaçı yanında qalmasının müəyyən edilməsi, xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində alimentin xx.xx.2023-cü il tarixdən hesablanmaqla, cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh ödənilməsi, xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək hər ay 150 manat məbləğində əlavə xərcin bu qətnamə qanuni qüvvəsini aldığı vaxtdan başlayaraq cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində alimentin xx.xx.2023-cü il tarixdən hesablanmaqla, iddiaçı Cavabdeh tutularaq cavabdeh İddiaçı ödənilməsi, ödənilmiş 50 manat məbləğində dövlət rüsumunun cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. İşin araşdırılan hallarından müəyyən olunur ki, tərəflər xx.xx.2009-cu ildə rəsmi nikaha girərək ailə həyatı qurmuş və birgə nikahlarından xx.xx.2010-cu il təvəllüdlü X6, xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X7 anadan olmuş, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-892/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə aralarındakı nikah pozulmuşdur. Mübahisəli mənzil DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş çıxarışa əsasən xüsusi mülkiyyət hüququ əsasında iddiaçının adına qeydə alınmasına və mülkiyyətində olmasına baxmayaraq, cavabdehin istifadəsindədir. Hazırda iddiaçı məhkəməyə müraciət edərək, onun mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsindən görünür ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur və heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqlarının və X5 haqqında Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.8-ci maddəsinə görə mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 158.1.2-ci maddəsinə əsasən, əmlakdan istifadə hüququ da mülkiyyət hüququ ilə yanaşı əmlak hüququ sayılır. 158.2-ci maddəsinə görə, əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, DƏDRX Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Seriya RX ******* saylı çıxarış əsasında ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 58 m2 olan mənzil üzərində daşınmaz əmlakın dövlət reyestrində İddiaçı mülkiyyət hüququ müəyyən edildiyindən, mülkiyyət hüququnun müdafiəsini tələb etmək hüququna malik olan iddiaçıya mülkiyyətində olan daşınmaz əmlakdan istifadə etməyə maneələr yaradıldığından və bu hal iddiaçının mülkiyyət hüququnu məhdudlaşdırdığından, heç kimin yaşadığı mənzildən qanunsuz olaraq məhrum edilməsinə yol verilmədiyindən iddia ərizəsi təmin edilməli, İddiaçı sözügedən mənzilə köçürülməlidir. Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 50 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə şərh olunanlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, iddiaçı Kazımov X9 rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 30-cu məhəllə, ev 10, mənzil 155 ünvanda yerləşən mənzilə köçürülməli, ödənilmiş 50 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməldir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Kazımov X9 rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 30-cu məhəllə, ev 10, mənzil 155 ünvanda yerləşən mənzilə köçürülsün. Ödənilmiş 50 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar