Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2997/2023 20.07.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Ağazadə Yunis Şükür oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 3400 manat borcun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Nuriyyə adlı qızına ayaq nahiyyəsindən aldığı xəsarətlə əlaqədar təqaüd düzəltdirmək istəmiş, Cavabdeh bu işi düzəltmək vədini vermiş, əvəzində 2021-ci ilin noyabr ayında məskunlaşdığı bağçanın həyətində 4000 manat pul almışdır. Cavabdeh bir həftəyə düzəldəcəyi işi bir ay müddətə həll etmədiyindən iddiaçı pulunu geri tələb etmişdir. Həmin pulun 600 manatını cavabdeh kart vasitəsilə qaytarmış, lakin qalıq pul geri ödənilməmişdir. İddiaçı cavabdehin onu aldatdığını gördükdə polisə müraciət etmiş və ona məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, onun qızının 2019-cu ildə ayağı qırılmış, cavabdeh onu müəyyən vədlərlə inandırmış və məsələni həll edəcəyini bildirmişdir. O, cavabdehə 4000 manat borc taparaq vermiş, üzərindən müəyyən müddət keçəndən sonra cavabdeh işi həll etməmiş, pulu qaytarmamışdır. Lakin buna baxmayaraq, o, qızının sənədlərini cavabdehdən ala bilmişdir. Cavabdeh pulu müalicəsinə xərclədiyini bildirmişdir. Cavabdeh pensiya kartını ona vermiş, 2 ay pensiyasından pul əldə etmişdir. Bir ilə yaxındır ki, o, pulunu ala bilmir. xx.xx.2023-cü il tarixinə təyin olunmuş məhkəmə hazırlıq iclasında iştirak etmiş Cavabdeh iddia ərizəsini qəbul edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, o, iddiaçıdan 4000 manat pul vəsaiti almışdır. Onun pensiya kartı götürülmüş, lakin dolanmaq üçün “çörəkpulu” ödənişinin saxlanılmasını xahiş etmişdir. O, borcdan 600 manat qaytarmışdır. Nəticədə, kartını bloklamaq məcburiyyətində qalmış, hazırda isə 337 manat pensiya alır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin iddia tələbi ilə bağlı münasibətini araşdırıb, cavabdehin etirafını, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin İstintaq Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, toplanmış material üzrə cinayət işinin başlanılması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Qərardan daha sonra görünür ki, araşdırma zamanı Cavabdeh izahat verərək İddiaçı sonuncunun övladına təqaüd düzəldəcəyi vədi ilə 4000 manat pul almasını təsdiqləmiş, lakin həmin pul vəsaitini qəflətən müalicəyə ehtiyacı olduğu üçün müalicəsinə xərcləməsini, bunun qarşılığında İddiaçı öz təqaüd kartını verməsini, təqaüdündən heç olmasa, 100 manat pulu dolanması üçün İddiaçı verməsini bildirmiş, lakin İddiaçı bundan imtina etdiyi üçün maddi vəziyyətinin pis olması səbəbi ilə kartı bloklamışdır. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatlardan görünür ki, Səfərova X1 rayonu, A.Pəri küçəsi, 78 saylı evdə, Cavabdeh isə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 6 ünvanında qeydiyyatdadır. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, İddiaçı təqaüd düzəltdirmək məqsədilə Cavabdeh ümumilikdə, 4000 manat borc vermişdir. Cavabdeh həmin borcdan 600 manat pul vəsaitini qaytarmış və bu, məhkəmə iclasında tərəflərin izahatı ilə də öz təsdiqini tapmışdır. Hazırda, iddiaçı qalıq qalan 3400 manat borc ödənilmədiyindən həmin borcun məhkəmə qaydasında tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 329.2. maddəsinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.3. maddəsinə əsasən, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 385.1. maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
442. maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
445. maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1. maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin yuxarıda qeyd edilən faktiki hallarına əsasən, iddiaçı qeyd olunan məbləğdə pul vəsaitini borc şəklində cavabdehə verməklə öhdəliklərini yerinə yetirsə də, cavabdeh həmin borcu vaxtında qaytarmamaqla öhdəliklərinin icrasından yayınmışdır. Bu səbəbdən də, məhkəmə tədqiq olunmuş sübutlar əsasında iddiaçıya 3400 manat borcunun qalmasına dair cavabdehin etirafını, eyni zamanda, cavabdehin polis idarəsində 3400 manat borcunun olmasına dair etirafını qəbul edərək, həmin etirafın qanuna zidd olmadığı və ya başqa şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı qənaətinə gəldiyindən, hesab edir ki, iddia tələbi əsaslıdır, ona görə də təmin edilməli, Cavabdeh 3400 manat pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Mülki Prosessual Məcəllənin: 52.2. maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 191.3. maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 106.3. maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Mülki Prosessual Məcəllənin:
107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumunun ödənilməsindən azad olunduğundan iddia tələbinin qiymətinə mütənasib olaraq 60 manat dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. İnsan hüquqlarının və X3 haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Mülki Prosessual Məcəllənin 4-cü maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli, 4 saylı Qərarının 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə və Mülki Prosessual Məcəllənin 4, 7, 14, 36, 150 və 216-236cı maddələrinə əsaslanaraq, məhkəmə,
QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdeh 3400 (üç min dörd yüz) manat pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Cavabdeh dövlət rüsumuna görə 60 (altmış) manat pul vəsaiti tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Habil Əhmədov