Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2997/2024 20.08.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Məşədiyeva Fidan Eynur qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 8000 (səkki min) manat məbləğində pulun və ödənilmiş 100 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə 2019-cu ildən tanışdırlar, ailəvi olaraq cavabdehin anası və bacısını da tanıyır. Cavabdeh zərgər kimi fəaliyyət göstərir, iddiaçının yaşadığı ünvanla qonşu olan məhəllədə kirayə yaşayır. Cavabdeh xx.xx.2021-ci il tarixdə iddiaçıdan 5000 manat, xx.xx.2022-ci il tarixdə isə 3000 manat borc pul almış və bu günə qədər cuzi bir hissəsini qaytarmışdır. Hər dəfə iddiaçı borcunu tələb etdikdə nalayiq söyüşlərlə təhqir olunmuş, cavabdeh ona 2024-cü il mart ayının axırına kimi borcunu qaytaracağına dair söz versə də, sözünü yenə tutmamışdır. Sonuncu dəfə zəng edib borcunu tələb etdikdə cavabdeh “vermirəm, get məhkəməyə müraciət et”, - deyə bildirmişdir. Cavabdeh tərəfindən götürülmüş borcu təsdiq edən əl yazısı mövcuddur və həmin sənəd iddia ərizəsinə qoşmada əlavə edilmişdir. Göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etmiş, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qiyabi qətnamə çıxarılmasını xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, iddia tələbindəki borcun cavabdeh tərəfindən cüzi ödənilməsinə gəldikdə ərizədə səhvən bu sözlər düşmüşdür, əslində cavabdeh ona hər hansı bir ödəniş etməmişdir. İddiaya qiyabi qaydada baxılmasına etiraz etmədiyini və qiyabi baxılmasını məhkəmədən xahiş edərək, bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 238.1-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin məhkəmə iclasına gəlmədiyini və bunun səbəbləri barədə məlumat vermədiyini, iddiaçının buna etiraz etmədiyini nəzərə alaraq, işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -Cavabdeh tərəfindən 19 may 2021-ci il tarixində əlyazma formasında yazılaraq və imzalanaraq iddiaçıya verdiyi qəbzdə «Mən, Cavabdeh xx.xx.2021-ci il tarixdə İddiaçı 5000 manat borcu qaytarmaq şərtilə aldım. Əlyazmanı könüllü olaraq özüm yazdım, heç bir təsir olmadan” sözləri yazılmışdır. -Cavabdeh tərəfindən 06 iyul 2022-ci il tarixində əlyazma formasında yazılaraq və imzalanaraq iddiaçıya verdiyi qəbzdə «Mən, Cavabdeh xx.xx.2022-ci il tarixdə İddiaçı 3000 manat borcu qaytarmaq şərtilə aldım. Əlyazmanı könüllü olaraq özüm yazdım, heç bir təsir olmadan” sözləri yazılmışdır. Məhkəmə iclasında işin araşdırılan hallarından müəyyən edildi ki, Cavabdeh ilə münasibətləri normal olduğundan o, 19 may 2021-ci il tarixində iddiaçıdan qaytarmaq şərti ilə 5000 (beş min) manat, 06 iyul 2022-ci il tarixdə isə 3000 (üç min) manat borc pullar götürmüşdür. Həmin vaxtdan uzun müddət keçməsinə baxmayaraq Cavabdeh bu günə qədər borc adı ilə götürdüyü həmın pulları iddiaçıya qaytarmamışdır. Ona görə də iddiaçı cavabdehin iddiaçıya olan aşkar borcunu ödəmədiyini görüb, məhkəməyə pul tələbi ilə əlaqədar iddia ərizəsi ilə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən 19 may 2021-ci il tarixdə və 06 iyul 2022-ci il tarixdə əlyazma formasında yazılaraq və imzalanaraq iddiaçıya verdiyi qəbzlər işin həqiqi hallarına uyğundur və tərəflərin hüquqlarını pozmur və ona görə də etiraf kimi qəbul olunmalıdır. Bundan başqa iddiaçının dəfələrlə Cavabdeh onun özünə pul lazım olduğunu bildirməsini, cavabdehin həmin borcun iddiaçıya qaytarılması barədə məlumatlı olmasını və məlumatlı olmasına baxmayaraq borcu qaytarmadığını təsdiq edir. Eyni zamanda məhkəmə qeyd edir ki, iddia tələbi ilə bağlı cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə dəfələrlə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, iddia tələbinə qarşı öz etiraz və mülahizələrini bildirməklə özünü müdafiə etmək hüququndan istifadə etməmiş və bununla də iddia tələbi ilə razılaşması fikiri yaratmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Qeyd edilənlərlə müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh mülki hüquq münasibətinin əmələ gəlməsinə yönəldilmiş ikitərəfli iradə ifadəsi olan şifahi müqavilə bağlamışlar, iddiaçı razılaşmaya əməl edərək cavabdehə hissə-hissə olmaqla ümumilikdə 8000 manat pulu əlyazma qəbzə imza etdirməklə borc vermişdir. Cavabdeh müqavilə öhdəliyinə əməl etməyərək aldığı məbləği isə qaytarmamışdır. İddiaçının pulunun qaytarılmasını tələb etməsinə baxmayaraq, cavabdeh borcunu ödəməmiş və iddiaçının bununla bağlı tələb etdiyi vəzifəsini icra etməmiş, bununla da öhdəliklərindən boyun qaçırmışdı. Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının MPM-nin 77.1. maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (§ 93). Azərbaycan Respublikası MPM-nin; 106.3. maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. 191.3. maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə İddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan maddənin tələbinə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin olunduğundan ödənilmiş 100 (yüz) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Beləliklə məhkəmə, məhkəmə iclasında tədqiq edilən sübutları məcmu halında qiymətləndirərək və qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdeh 8000 (səkkiz min) manat pul və ödənilmiş 100 (yüz) manat dövlət rüsumu İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrinə əsaslanaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 8000 (səkkiz min) manat borc pul və ödənilmiş 100 (yüz) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Abşeron Rayon Məhkəməsinə ərizə ilə müraciət edə bilər. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-2997/2024
Abşeron Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(012)-2997/2024
20.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver