Məhkəmə qərarları › İş №2(012)-2998/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2998/2024

25.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2998/2024 25.07.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi, İddiaçının vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1000 manat borcun və 30 manat dövlət rüsumunun əvəzinin tutularaq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, uzun illər dostluq etdiyi X1 vasitəsilə tanış olduğu və Ələddin Rüstəmlinin kirvəsi kimi tanıdığı Cavabdeh ondan xx.xx.2023-cü ildə 1000 manat pulu borc almışdır. Həmin borc məbləğini alan zaman Cavabdeh qəbz yazıb imzası ilə təsdiq etmiş və yanımızda olan iki şəxs şahidliyini təsdiq edən imzalarını qəbzə qoymuşlar. Cavabdeh həm şifahi, həm də yazılı öhdəlik götürmüşdür ki, borc aldığı məbləği 2023-cü ilin sentyabr ayında qaytaracaqdır. Amma verdiyi vədinə əməl etməyən cavabdeh götürdüyü öhdəliyi bu günə kimi yerinə yetirməmiş və borc aldığı pulu qaytarmamışdır. Cavabdeh borcunu qaytarmamışdır və qaytarmaq fikrində də deyildir. Ona görə də məkhəməyə müraciət etməyə məcbur olmuşdur və iddia təmin olunmalıdır. Məhkəmə gedişatında iddiaçı MPM-nin 53-cü maddəsinə istinad edərək Cavabdeh əsas borca görə 1000 manat, vəkilə ödədiyi xərcə görə 350 manat və 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 1380 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili Nümayəndə iddia tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verdi və onun təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etmədi. O qeyd etdi ki, qəbzdə yazılan pulu iddiaçıdan almamışdır. Buna görə də iddia rədd olunmalıdır. Məhkəmə iclasında şahid kimi ifadə verən X6 bildirdi ki, iddiaçı ilə birlikdə olan zaman İddiaçı onun yanında Cavabdeh 1000 manat pul verdi. Bu barədə qəbz yazıldı və imzalandı. Məhkəmə iclasında şahid kimi ifadə verən X2 bildirdi ki, İddiaçı Cavabdeh pul verməmişdir. Pensiya düzəltməsi üçün cavabdeh iddiaçıya pul verməli idi. Sadəcə olaraq bu proseslər üçün o, iddiaçıdan borca pul istəmişdir. Məhkəmə proses iştirakçılarını və şahidləri dinləyib, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. İşdə olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Cavabdeh həmin ilin sentyabr ayında qaytarmaq şərtilə İddiaçı 1000 manat borc almışdır. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən olunur ki, tərəflər arasında borc verilməsilə bağlı münasibətlər olmuş, cavabdeh iddiaçıdan təqribən 3 ay müddətinə qaytarmaq şərtilə xx.xx.2023-cü il tarixdə 1000 manat borc almış, lakin borcunu qaytarmamışdır. Cavabdeh borcunu ən son-təqribən 3 ay müddətinə, yəni həmin ilin sentyabr ayınadək qaytaracağı barədə iddiaçı qarşısında öhdəlik götürmüş, lakin onu icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia bu hissədə əsaslı olduğu üçün təmin edilməli, Cavabdeh 1000 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Bundan başqa, işdən görünür ki, iddiaçı cavabdehdən vəkil xərci kimi 350 manat pul da tələb edir. İşdən görünür ki, iddiaçı hazırki mübahisə üzrə vəkil xidmətindən istifadə etmişdir. Bununla belə, bu xidmət üçün onun 350 manat ödəməsi barədə işdə hər hansı yazılı sübut mövcud deyildir. Lakin məhkəmə vəkil xidmətinin müəyyən xərc tələb etməsini nəzərə alır və iddianın bu hissədə 150 manat məbləğində təmin edilməsi nəticəsinə gəlir. Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə eyni zamanda hesab edir ki, iddia borc hissəsində təmin edildiyindən dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1000 manat, vəkil xidmətinə ödənilmiş 150 manat və dövlət rüsumu üçün ödənilmiş 30 manat pul alınaraq İddiaçı verilsin. Qalan hissədə iddia təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar