Məhkəmə qərarları › İş №2(012)-2999/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2999/2023

01.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2999/2023 01.11.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dəymiş maddi ziyanın əvəzinin qaytarılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın əvəzinin tutulması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh dəymiş ziyan olaraq 4340 manat və dövlət rüsumu kimi ödənilmiş 64 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb bununla əsaslandırılmışdır ki, ona məxsus buraxılış ili 2009-cu il, dövlət qeydiyyat nişanı ** TF *** olan Hyundai Accent minik markalı avtomaşını xx.xx.2021-ci il tarixində Cavabdeh idarə etməyə vermişdir. Cavabdeh 2022-ci il dekabr ayında avtomaşını sürərkən idarə etməni itirərək həmin avtomaşını dirəyə vurmuşdur. Qeyd edilən avtomobil istismara yararsız vəziyyətə düşmüşdür. Bununla əlaqədar o, Azərbaycan Respublikası Daxili işlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinin 1-ci polis bölməsinə şikayət ərizəsi ilə müraciət etmiş, Sumqayıt şəhər Polis İdarəsinin 1-ci polis bölməsində cavabdehin izahatı alındıqdan sonra xx.xx.2022-ci il tarixində ona ünvanlanmış məktubda qeyd olunmuşdur ki, Cavabdeh ona məxsus avtomaşını yararsız hala salması barədə xx.xx.2022-ci il tarixdə Sumqayıt ŞPİ-nin 1-ci PB-yə daxil olmuş ərizə əsasında yoxlama aparılmış, ərizədə göstərilən xüsusatlar mülki xarakter daşıdığından məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Dəfələrlə cavabdehə avtomaşına vurulmuş ziyanın ödənilməsi ilə bağlı müraciət etməsinə baxmayaraq, nəticəsi olmamışdır. “Şahin 95” firmasının xx.xx.2023-cü il tarixində tərtib etdiyi qüsur aktından da görünür ki, 2009-cu il istehsalı olan 90 TF0 92 dövlət nömrə nişanlı, Hyundai Accent minik markalı avtomobilə texniki baxış keçirilmiş və avtomobilin bərpası üçün 4340 manat vəsait tələb olunması müəyyən edilmişdir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında bildirdi ki, avtomobil xx.xx.2022-ci il tarixdə onun törətdiyi yol-nəqliyyat hadisəsinə görə yararsız hala düşüb. Hadisə gecə baş verdiyindən yol polisi əməkdaşlarına məlumat verməyib. Dəymiş zərərin iddiaçının göstərdiyi məbləğdə olmasını qəbul edir. Məhkəmə tərəfləri dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara məcmu qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İşdə olan xx.xx.2021-ci il tarixli etibarnamədən görünür ki, İddiaçı özünə məxsus 2009-cu il istehsalı olan 90 TF0 92 dövlət nömrə nişanlı, Hyundai Accent minik markalı avtomobilin idarə etmək səlahiyyətini 2 il müddətinə Cavabdeh vermişdir. İşdə olan Sumqayıt şəhər Pİ 1-ci Polis Bölməsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Cavabdeh Əkbər oğlunun İddiaçı məxsus avtomaşını yararsız hala salması barədə xx.xx.2022-ci il tarixdə Sumqayıt ŞPİ-nin 1-ci PB-yə daxil olmuş ərizə əsasında yoxlama aparılmış, ərizədə göstərilən xüsusatlar mülki xarakter daşıdığından məhkəməyə müraciət olunması tövsiyə edilmişdir. İşdə olan "xxxx" Firması tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 01 saylı qüsur aktından görünür ki, 2009-cu il istehsalı olan 90 TF0 92 dövlət nömrə nişanlı, Hyundai Accent minik markalı avtomobilə texniki baxış keçirilmiş və avtomobilin bərpası üçün 4340 manat vəsait tələb olunması müəyyən edilmişdir. İşdə olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2- 9/5880/2023 saylı rəyindən görünür ki, xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla, 2009-cu il istehsalı olan 90 TF0 92 dövlət nömrə nişanlı, Hyundai Accent minik markalı avtomobilə texniki baxış keçirilmiş və avtomobilin bərpası üçün 4340 manat vəsait tələb olunması müəyyən edilmişdir. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilir ki, iddiaçıya məxsus avtomobillə bağlı tərəflər arasında münasibətlər əmələ gəlmişdir. Belə ki, xx.xx.2021-ci il tarixli etibarnamə ilə İddiaçı özünə məxsus 2009-cu il istehsalı olan 90 TF0 92 dövlət nömrə nişanlı, Hyundai Accent minik markalı avtomobilin idarə etmək səlahiyyətini 2 il müddətinə Cavabdeh vermişdir. İddiaçı iddia edir ki, cavabdeh ona məxsus həmin avtomobili yararsız hala salmışdır. Avtomobilin təmir-bərpa işlərinə cəmi 4340 manat vəsait tələb olunur və bu zərərin əvəzini cavabdeh ona ödəməlidir. İş materiallarında iddiaçının istinad etdiyi avtomobillə bağlı yol-nəqliyyat hadisəsinin olmasını təsdiq edən hər hansı yazılı sübut mövcud deyildir. Bununla belə, cavabdeh məhkəmə iclasında iddiaçıya cəmi 4340 manat zərər yetirdiyini, iddianı qəbul etdiyini bildirmişdir. MPM-nin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Həmin Məcəllənin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.1-ci maddəsinin tələbinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki şəxs yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludur və zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Beləliklə, işdə olan mötəbər sənədlərlə və Cavabdeh iddianın etirafına dair ərizəsi ilə onun mübahisəli əmlaka görə iddiaçıya 4340 manat zərər vurması öz təsdiqini tapır. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin olunmalı, həmin məbləğ Cavabdeh tutularaq İddiaçı qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, dövlət rüsumu üçün ödənilmiş 64 manat pul Cavabdeh tutularaq iddiaçıya ödənilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul cavabdehdən dövlət nəfinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 4340 manat və ödənilmiş dövlət rüsumu üçün 64 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı verilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul vəsaiti Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar