Məhkəmə qərarları › İş №2(012)-3/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3/2021

26.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3/2021 26.01.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi ilə, İddiaçı «X5» ASC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı «X5» Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «borcun ödənilməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Kreditor «xxxx» KB ASC borclu Cavabdeh onun xeyrinə 3626,20 USD əsas, 4387,50 USD faiz, 72,60 USD cərimə, cəmi 4086,30 USD məbləğində borcun və 20 manat məbləğində dövlət rüsumunun tutulması barədə məhkəmə əmrinin çıxarılmasına dair ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin xx xxxxxxxx 2016-cı il tarixli 2(012)-7268/2016 №-li məhkəmə əmri çıxarılmışdır. Cavabdeh qeyd olunan məhkəmə əmrindən etiraz vermiş və məhkəmənin xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə xx xxxxxxxx 2016-cı il tarixli 2(012)-7268/2016 №-li məhkəmə əmri ləğv edilərək iddia icraatına keçilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı «X5» ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 48 ay müddətinə illik faiz dərəcəsi 26 % olmaqla 6000 USD məbləğində kredit verilmişdir. Lakin cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq, dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə xx.xx.2016-cı il tarixinə «X5» ASC-yə 3626.20 USD məbləğində əsas borc, 387.50 USD faiz borcu, 72.60 USD cərimə borcu olmaqla, cəmi 4086.30 USD borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor «X5» ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Ona görə də hazırkı tələblə bağlı məhkəməyə müraciət edilmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı «X5» ASC-nin nümayəndəsi X3 iddia tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5. maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, onların izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayıb, iddia ərizəsinin dəlillərini nəzərə alaraq hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin birinci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənnin 77-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -İddiaçı «X5» ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsindən görünür ki, iddiaçı tərəfindən cavabdehə 48 ay müddətinə illik faiz dərəcəsi 26 % olmaqla 6000 USD məbləğində kredit verilmişdir. -İddiaçı «X5» ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, Cavabdeh 48 ay müddətinə illik faiz dərəcəsi 26 % olmaqla 6000 USD məbləğində verilmiş krediti xx.xx.2014-cü il tarixdən etibarən hər ay 203 USD (sonuncu ay 16.08 ASD) olmaqla xx.xx.2017-ci il tarixinə kimi banka ümumilikdə 9701.08 USD ödəmək barədə razılığa gəlmişlər. -xx.xx.2016-cı il tarixli bildirişdən görünür ki, Cavabdeh banka olan borcunu 3 (üç) iş günü müddətinə ödənilməsi tələb olunmuş, əks halda məhkəməyə müraciət olunacağı bildirmişdir. -İddiaçı «X5» ASC tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2020-ci il tarixli borca dair cədvəldən isə görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixinə banka olan borcu 3626.20 USD məbləğində əsas borc, 387.50 USD faiz borcu, 72.60 USD cərimə borcu olmaqla, cəmi 4086.30 USD borc təşkil edir. -Azərbaycan Respublikası Vətəndaşının Seriya AZE № 0******* - Şəxsiyyət vəsiqəsinin surətindən və Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS şöbəsinin arayışından görünür ki, Cavabdeh Abşeron rayonu, Novxanı kəndində qeydiyyatdadır. -Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kommersiya qurumunun Dövlət Reyestrindən çıxarışdan görünür ki, «X5» Açıq Səhmdar Cəmiyyəti – adlı qurum, VÖEN ********** dövlət qeydiyyatı nömrəsi ilə xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmış, qanuni təmsilçisi X2 adına çıxarış verilmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli 2(012)-3675/2020 №-li qərardadı ilə mülki iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. Qeyd olunan ekspertiza üzrə alınmış xx.xx.2020-ci il tarixli 9/5040 №-li ekspert rəyindən məlum olur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış və maliyyə arayışı məlumatları xx.xx.2013-cü il tarixli, 10650nkSTB/13 saylı kredit razılaşmasında qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh «xxxx» KB ASC-yə olan borcu aşağıdakı göstərildiyi kimi müəyyən edilir: əsas borc üzrə 1780,86 ABŞ dolları, faiz borcu üzrə 0,00 ABŞ dolları. Məhkəmə ekspert rəyini Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, qiymətləndirərək hesab edir ki, ekspert rəyi sübut kimi qəbul edilməlidir. Göründüyü kimi iddia tələbində Cavabdeh xx.xx.2016-cı il tarixinə Banka olan əsas borcu 3626.20 USD, faiz borcu 387.50 USD, cərimə borcu 72.60 USD olmaqla, cəmi 4086.30 USD borcu göstərilməsinə baxmayaraq, ekspert rəyində Cavabdeh «xxxx» KB ASC-yə olan əsas borc üzrə 1780,86 ABŞ dolları, faiz borcu üzrə 0,00 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, xüsusi biliyə malik ekspertin rəyi daha əsaslı obyektiv olduğundan ekspert rəyindəki məbləğ əsas götürülməlidir. İşin araşdırılan hallarından müəyyən olunur ki, cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, onun iddiaçının qarşısında icra edilməmiş kredit öhdəlikləri vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, qanunvericiliyin tələbini nəzərə alaraq hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməli, iddiaçı tərəfindən ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə məhkəmə işin araşdırılan hallarına, tədqiq edilmiş sübutlara, yuxarıda qeyd olunan qanunun normalarına əsaslanaraq hesab edir ki, iddia qismən təmin edilməli, «X5» ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh «X5» ASC-nin xeyrinə 1780,86 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat məbləğində pul vəsaiti tutulub «X5» ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İ və İİİ hissələrinə əsasən Azərbaycan Respublikasının pul vahidi manatdır və Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. «Məhkəmə qətnamələri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli 4 saylı qərarının 10-cu bəndində göstərilir ki, qətnamədə alınması və ya ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Azərbaycan Respublikası MM-nın 439.1-ci maddəsinə əsasən, pul öhdəliyi manatla ifadə edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh «X5» ASC-nin xeyrinə xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə 1780,86 (min yeddi yüz səksən dollar səksən altı sent) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində kredit borcu, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 (iyirmi) manat tutulub «X5» ASC-nin xeyrinə ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 50 (əlli) manat Cavabdeh alınaraq, dövlət büdcəsinə keçirilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar