Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-300/2024 02.07.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məşədiyeva Fidan Eynur qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Qənimət qızına qarşı maddi zərərin əvəzinin tutulması tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh Qənimət qızı tərəfindən onun evinə vurulmuş zərər üçün 10000 manat, onun 18 ay ərzində kirayədə yaşayaraq hər ay kirayə haqqı kimi ödəmiş olduğu 250 manat, ümumilikdə ödədiyi 4500 manat, kommunal xərclərə görə "xxxx" ASC-yə yaranmış 100,98 manat, “Azəriqaz” İB-nə yaranmış 280,77 manat, "xxxx" ASC-yə yaranmış 221,7 manat, ümumilikdə cəmi 15103,45 manat pulun Cavabdeh Qənimət qızından tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci ildə X4 alqı-satqı müqaviləsi ilə torpaq sahəsi almışdır. Həmin torpaq sahəsində yerləşən evdə Cavabdeh Qənimət qızı və övladları yaşayırdılar. O çıxmaları üçün iki aya qədər müddət verdi, lakin onlar qalmaqda təkidlə dirəndilər çıxmadılar. O məcbur qalıb məhkəməyə şikayət etdi. Qarşılıqlı iddia ilə onu məkəməyə verərək vaxtı uzatdılar. Sonda Abşeron rayon məhkəməsinin, Apellyasiya məhkəməsinin və Ali məhkəmənin xx.xx.2023-cü il tarixli 2(102)969/2023 saylı qərarı ilə evdən çıxarılmaları qərara alındı. Bu müddətdə o kirayələrdə qalmışdır cavabdeh isə onun evində Fərid adlı bir şəxslə öz istirahətlərində olublar. xx.xx.2023-cü ilə icra məmurlarının iştirakı ilə məcburi evdən çıxarıldılar. Çıxarılma zamanı Cavabdeh Qənimət qızı və Fərid adlı şəxs onun şərəf və ləyaqətini əzərək ona nalayiq ifadələr işlətdilər. Əvvəldən planlanmış şəkildə evini talan ediblər. O da həmin gün polisə şikayət etdi evə baxış keçirildi. Ev istifadəyə yararsız vəziyyətdədir. Qapılar sökülmüş, kombilər kəsilmiş, su turbaları deşilmiş, kanalizasiya turbaları zibillə doldurulmuş, divarlar aboylar kafellər qoparılmış bir sözlə evi bütünlüklə talan etmişlər. Və oğurladıqları əşyaları satmışlar. Həmin satılmış əşyaların kimə satıldığını da öyrənmişdir. Evinin yenidən təmirə ehtiyacı var. Həmin evə dəymiş ziyanin təmiri üçün lazim olan vəsait ən az 10000 manat dəyərindədir. Yaşadıqları müddətdə işıq 100 manat 98 qəp, qaz 280 manat 77 qəpik və su 221 manat 70 qəp borclarını ödəmədikləri üçün həmin borclar onun üzərində qalmışdı. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş və əlavə olaraq izahatında göstərmişdir ki, cavabdeh evi yarasız vəziyyətə gətirmişdir. Cavabdeh məhkəmə hazırlıq iclasında o evdə yaşamadığını bildirmişdir. Necə olur ki, qaz, işıq, su borcları yaranmışdır. Evdə demək olar ki, hər şey sındırılıb, hətta kanalizasiya xətlərinə də zərər vurmuşdur, kafel sındırılmışdır. Cavabdehin qardaşı narkotik istifadəçisi olduğuna görə bu yaxınlarda həbs olunmuşdur. xx.xx.2024-cü il tarixli məhkəmə hazırlıq iclasında iştirak etmiş Cavabdeh izahatında göstərmişdir ki, o evdə davamlı şəkildə yaşamamışdır. Ekspert rəyi ilə razı deyildir. O, evdən mart ayında çıxmışdır. Məhkəmə, tərəflərin izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -xx.xx.2022-ci il tarixli, AN-İ № ******* saylı Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı X2 rayonu, Saray qəsəbəsində yerləşən 0.02 ha torpaq sahəsini İddiaçı 15000 manata satmışdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, A № 711725 saylı plan və ölçünün surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.02 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir və həmin sənədin tərtib edilməsinə əsas Sumqayıt 1 saylı notariat ofisinin xüsusi notariusu X6, alıcı ilə satıcı arasında bağlanmış alqı-satqı müqaviləsi, 4ə-28, xx.xx.2022 olmuşdur. -Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-969/2023 saylı qərarından görünür ki, kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1718/2022 saylı mülki iş üzrə 05 oktyabr 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. -Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(105)-1293/2023 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh Qənimət qızının apelyasiya şikayəti qismən təmin edilmiş, Abşeron rayon Məhkəməsinin 06 mart 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddiaçı Cavabdeh Qənimət qızının cavabdehlər X8, İddiaçı, X9, Sumqayıt şəhər 1 saylı Dövlət Notariat Kontoruna və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xodməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin və çıxarışın ləğv olunması barədə iddia tələbinin rədd edilməsi qət edilmişdir. -“Azərsu ASC” Abşeron Sukanal İdarəsinin xx.xx.2023-cü il tarixli hesab fakturasının surətindən görünür ki, X5 221.70 manat borc hesablanmaşdır. -Abunə kodu **********05674 saylı saldodan görünür ki, abonent X10 barəsində yekun olaraq elektrik enerjisindən istifadəyə görə 100.98 manat borc hesablanmışdır. -X20 sahəsi tərəfindən X5 göndərilmiş xx.xx.2023-cü il tarixli bildiriş-xəbərdarlığın surətindən görünür ki, 280.77 manat borcun ödənilməsi tələb edilmişdir. -Abşeron rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli “İcraata xitam verilməsi haqqında” qərarın surətindən görünür ki, icra sənədində qeyd olunan borc tam şəkildə ödənildiyindən Abşeron rayon Məhkəməsinin e-2(012)-1844/2022-012 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə xitam verilməsi qərara alınmışdır. -Abşeron RPİ-nin təhqiqat şöbəsinin xx.xx.2023-cü il tarixli “materialın istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” qərarının surətindən görünür ki, qərarın təsviri hissəsində göstəilənlərə əsasən İddiaçı müraciəti əsasında toplanmış HK\1-976 material aidiyyəti üzrə Abşeron RPi-nin İstintaq şöbəsinə göndərilməsi və bu haqda maraqlı tərəflərə məlumat verilməsi qərara alınmışdır. -Abşeron rayon Polis İdarəsinin İstintaq Şöbəsinin xx.xx.2023-cü il tarixli “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərarının surətindən görünür ki, İddiaçı şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. -Qərardan həmçinin görünür ki, araşdırma zamanı izahatı alınmış İddiaçı vermiş olduğu izahatında Cavabdeh Qənimət qızının izahatında göstərdiyi xüsusatları qismən təsdiq edərək evin 4 ədəd taxta qapısının, evin taxta plintuslarının, işıq seqmentinin, kombi aparatının, 04 ədəd istilik radiatorunun və hamam aksesuarlarının sökülərək satıldığını, həmçinin kanalizasiya borularının, hamamda olan kafel və metlaxların sındırıldığını bildirmişdir. -Qərardan həmçinin görünür ki, araşdırma zamanı müəyyən edilmişdir ki, Cavabdeh Qənimət qızı sözügedən evdən yalnız özünə məxsus olan şəxsi əşyalarını çıxarmış və satmışdır. Həmin xüsusata nisbətdə qeyd olunmalıdır ki, X13 yalnızca üzərində mülkiyyət hüququnun olduğu sözügedən fərdi yaşayış sahəsini İddiaçı satmışdır. Belə olduğu təqdirdə fərdi yaşayış sahəsinin içərisində olan əmlaka üzərində İddiaçı hər hansı mülkiyyət hüququnun olmadığı görünür. -Abşeron rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli baxış protokolunun surətindən görünür ki, Baxış keçirilən yer Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən fərdi yaşayış evidir. Ev geniş həyətdən ibarətdir. İddiaçı sözügedən evdə yaşayır. Könül və Fərid adlı şəxslərin evin əşyalarını sındıraraq yararsız hala salınması barədə məlumat vermişdir. Baxış axşam vaxtı, xüsusi işıqlandırma yolu ilə keçirilən hadisə yerinin fotoşəkilləri çəkilərək toplanmış materallara əlavə olunmuşdur. Baxış protokolu iştirakçılara ucadan oxunmuş, heç bir şikayət, ərizə, vəsatət təklif olunmamışdır. Baxış protokolunun düzgünlüyü imzalarla təsdiq edilmişdir. -Fotoşəkillərdən və diskdən görünür ki, fərdi yaşayış evinin müəyyən hissələrinə və su, kanalizasiya xətlərinə, istilik xətlərinə və elektrik xətlərinə zərər vurulmamışdır -Digər diskdən də görünür ki, icra məmurunun iştirakı ilə evdən cavabdeh əşyaları götürərək mənzildən çıxmışdır. Mülki Prosessual Məcəllənin: 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.3. maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1. maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməyə daxil olmuş xx.xx.2024-cü il tarixli 3-16-16-2-10/8788 saylı rəyindən görünür ki, İddiaçı mülkiyyətində olan, Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən 0.02 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evində yerinə yetirilməli müxtəlif növ tikinti-təmir və quraşdırma işlərinin (xidmət haqqı və tikinti materialları daxil olmaqla) təqribi dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq 8198 manat məbləğində olduğu müəyyən edilmişdir. Rəydən daha sonra görünür ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı xx.xx.2022ci il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən, ümumi sahəsi 0.02 ha torpaq sahəsini alqısatqı müqaviləsi ilə X4 almışdır. Həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evində Cavabdeh torpağın əvvəlki sahibi X1 həyat yoldaşı olmuş, torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evində cavabdeh övladları ilə birlikdə yaşamışdır. İddiaçı cavabdehin həmin mənzildən çıxarılmasını tələb etmişdir. Məhkəmə qərarı əsasında cavabdehin həmin mənzildən çıxarılması qərara alınmışdır. Cavabdeh həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evindən çıxarılarkən cavabdeh tərəfindən mənzilə maddi ziyan vurulmuşdur. Hazırda iddiaçı Cavabdeh Qənimət qızı tərəfindən onun evinə vurulmuş zərər üçün 10000 manat, onun 18 ay ərzində kirayədə yaşayaraq hər ay kirayə haqqı kimi ödəmiş olduğu 250 manat, ümumilikdə ödədiyi 4500 manat, kommunal xərclərə görə "xxxx" ASC-yə yaranmış 100,98 manat, “Azəriqaz” İB-nə yaranmış 280,77 manat, "xxxx" ASC-yə yaranmış 221,7 manat, ümumilikdə cəmi 15103,45 manat pulun Cavabdeh Qənimət qızından tutularaq ona ödənilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İİ hissəsinə əsasən, dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq): 15-ci maddəsinə əsasən, yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir. 29.4.-cü maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi onu yararlı vəziyyətdə saxlamağa, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yaşayış sahəsindən istifadə qaydalarına, habelə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi əmlakının saxlanması qaydalarına riayət etməyə borcludur. İddia ərizəsindən göründüyü kimi, İddiaçı Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən, ümumi sahəsi 0.02 ha torpaq sahəsini almaqla, həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinə də faktiki sahiblik və istifadə hüququ əldə etmişdir. Lakin cavabdeh iddiaçının hüquqlarını pozaraq onun evində bir müddət yaşamağa davam etmiş, məhkəmə qərarı əsasında evdən çıxarılarkən isə evə müəyyən maddi zərər vurmuşdur. Hazırda, iddiaçının cavabdeh tərəfindən onun hüquqlarının pozulduğunu iddia edərək həmin hərəkətlər nəticəsində ona vurulmuş maddi zərərlə bağlı tələb etmək hüququ yaranmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Mülki Məcəllənin: 21.1. maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1. maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1115. maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə, mənzilə dəymiş zərərin məbləğinin müəyyən edilməsinə dair mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş və həmin iş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməyə daxil olmuş xx.xx.2024-cü il tarixli 3-16-16-2-10/8788 saylı rəyinə əsasən Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən 0.02 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evində yerinə yetirilməli müxtəlif növ tikinti-təmir və quraşdırma işlərinin (xidmət haqqı və tikinti materialları daxil olmaqla) təqribi dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq 8198 manat məbləğində olduğu müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ekspert rəyində su, kanalizasiya və istilik xətlərinin çəkilməsi (materiallarla birlikdə) üçün 700 manat, elektrik xətlərinin çəkilməsi (materiallarla birlikdə) üçün 500 manat, əlavə və nəqliyyat xərcləri (inşaat zibilinin daşınması, yüklənməsi, atılması, tikinti materiallarının qaldırılması və s.) üçün 500 manat müəyyən edilsə də, məhkəmə hesab edir ki, həmin məbləğlər hazırda reallığı əks etdirmir. Məhkəmə ekspert rəyininin göstərilən hissəsində qiymətlərin daha yüksək yazılmasını əsaslı hesab etmir. Belə ki, məhkəmə daxili inamına və hazırkı hamıya bəlli olan bazar qiymətlərinə istinad edərək hesab edir ki, su, kanalizasiya və istilik xətlərinin çəkilməsi (materiallarla birlikdə) üçün 500 manat, elektrik xətlərinin çəkilməsi (materiallarla birlikdə) üçün 100 manat, əlavə və nəqliyyat xərcləri (inşaat zibilinin daşınması, yüklənməsi, atılması, tikinti materiallarının qaldırılması və s.) üçün 300 manat müəyyən edilməsi daha məqsədə müvafiqdir. Belə ki, tədqiq edilmiş fotoşəkillərdən və diskdən görünür ki, su, kanalizasiya və istilik xətlərinə, elektrik xətlərinə ciddi ziyan dəyməmiş, nəqliyyat daşınma xərcləri isə göstərilmiş xidmətlərə adekvat hesab edilə bilinməz. Bu səbəbdən də, məhkəmə Ədliyyə Nazirliyi tərəfindən verilmiş ekspert rəyinə və Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə əsasən, digər sübutlarla paralel şəkildə qiymətləndirib iddiaçıya məxsus torpaq sahəsində yerləşən fərdi yaşayış evinə dəymiş zərərin 7398 manat məbləğində olması qənaətinə gəlir. Bundan başqa iddiaçı iddia ərizəsində cavabdehdən kirayə pulu və kommunal xərclərin tutulmasını tələb etmişdir. Məhkəmə kommunal xərclərlə bağlı qeyd edir ki, qaz işıq və su üzrə abonent sənədlərindən görünür ki, həmin sənədlər evin əvvəlki sahibi X3 adınadır. İddiaçı evin qaza, suya, işığa dair sənədlərini öz adına keçirməmiş, yəni müafiq qurumlarla müqavilə bağlamamışdır. Ona görə də o, kommunal xərclərə dair tələb etməkdə subyektiv hüquqa malik deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq öz elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini nəzərə alaraq hesab edir ki, iddia tələbinin kommunal xərclərin tutlması hissəsi rədd edilməlidir. İddianın kirayə haqqı tələbinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı cavabdehdən həmin haqqı tələb etsə də, həmin ərazidə eyni qurluşda olan evə dair kirayə haqqı barədə məlumatları məhkəməyə təqdim etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərini ümumiləşdirib, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutları paralel şəkildə qiymətləndirərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, Cavabdeh Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.02 ha torpaq sahəsində olan fərdi yaşayış evinə vurulmuş zərərin əvəzi olaraq 7398 manat pul vəsaiti alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin: 119.1. maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində onun tərəfindən ödənilmiş 136 manat dövlət rüsumunu tələb etmədiyindən dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarına istinad edərək qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən mülki iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat pul vəsaiti cavabdehdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2. maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.3. maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.02 ha torpaq sahəsində olan fərdi yaşayış evinə vurulmuş maddi zərərin əvəzi olaraq 7398 (yeddi min üç yüz doxsan səkkiz) manat pul vəsaiti alınaraq İddiaçı xeyrinə ödənilsin. Aparılmış ekspertiza tədqiqatına görə 100 (yüz) manat pul vəsaiti Cavabdeh tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov.
Məhkəmə qərarları › İş №2(012)-300/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-300/2024
02.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver