Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3012/2021 14.06.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Mənzil Tikinti Kooperativinə qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Mənzil Tikinti Kooperativinə qarşı pul tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, 2700 manat pul vəsaitinin cavabdehlərdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı öz briqadası ilə tikinti və təmir işləri ilə məşğul olur, tikinti və təmir sifarişləri qəbul edib, inşaat təmir işləri həyata keçirir. Cavabdeh1 ilə təsadüfən tanış olmuşdur. Həmin zamanlar iddiaçı Şəmkir rayonunda tikinti işləri görürdü. Cavabdeh1 iddiaçıya zəng edərək, Abşeron rayonunda bir mənzil aldığını və həmin mənzili təmir etdirmək istədiyini bildirmiş, iddiaçı cavabdehlə razılaşmış və Şəmkir rayonunda işlərini qurtardıqdan sonra onunla görüşmüşdür. Cavabdeh2 MTK-nın tikdiyi binaya gəlmiş və cavabdeh iddiaçıya mənzili göstərərək, mənzili MİL-1 MTK-dan təmirsiz aldığını, həmin mənzili təmir etdirmək istədiyini bildirmişdir. İddiaçı mənzili təmir etməyə razılaşmış və mənzilə dair cavabdehin xüsusi mülkiyyət hüququ barədə çıxarışı olmadığına görə, bununla əlaqədar Cavabdeh2 MTK-nın da razılığını almalı olduğunu bildirmişdir. Belə ki, iddiaçı bilirdi ki, mənzili təmir etdikdən sonra əgər onun əsl mülkiyyətçisi mənzili cavabdehə verməzsə, cavabdeh iddiaçının pulunu verməyəcəkdir. Ona görə də bununla əlaqədar Cavabdeh2 MTK-nın rəhbərliyi ilə görüşmüş və Cavabdeh2 MTK-nın rəhbərliyi mənzilin təmirinə razılıq vermişdir. Cavabdehlə arasında heç bir yazılı müqavilə bağlanmasa da, iddiaçı həmin mənzili təmir etməyə razılaşmışdır. Əldə olunmuş razılığa əsasən, mənzilin təmirinə görə Cavabdeh2 MTK (Direktor İlqar müəllim) tərəfindən 10000 manat, qalan məbləğin isə Cavabdeh1 tərəfindən iddiaçıya verilərək ümumilikdə 17500 manat pul vəsaiti iddiaçıya verilməli, iddiaçı isə öz növbəsində bütün işləri görməli və bütün materialları özü almalı idi. Cavabdeh iddiaçıya pulunun az olması səbəbindən bahalı təmir etdirmək istəmədiyini bildirdiyinə görə, iddiaçı cavabdehin mənzilinin təmiri üçün 17500 manata razılaşmışdır. Əldə olunmuş razılığa əsasən, divar kağızı 25-30 manatlıq, metlax 8-10 manatlıq, laminat 7-8 manatlıq, qapılar 120-180 manatlıq olmalı, tavanda fiqur olmamalı, kombi isə cavabdehin özü tərəfindən alınmalı idi. Cavabdeh bununla əlaqədar müxtəlif vaxtlarda iddiaçıya 15300 manat pul vermiş, iddiaçı isə mənzili təmir edib qurtarmış, mənzilin bütün işlərini görmüş, mənzildə sanitar qovşağını sökərək yerini dəyişdirmiş, hörgü işlərini aparmış, bütün istilik, elektrik, rəngsaz, santexnik işlərini görmüş, divar kağızlarını, kafelləri vurmuş, demək olar ki, görülməmiş çox az iş qalmış, bütün bunlara görə iddiaçı 15300+500 manat pul xərcləmiş, xərclədiyi bütün pulların hesabatını aparmış, aldığı malların qaimələrini toplamışdır. İddiaçı bütün bu işləri cavabdehin nəzarəti altında görmüş, hər bir materialı alan zaman cavabdehlə razılaşdırmış, cavabdehin məlumatı olmadan heç bir material istifadə etməmişdir. Lakin cavabdeh işin sonunda iddiaçıdan mənzilə 440 manatlıq qapı qoyulmasını, 100 manatlıq divar kağızı çəkilməsini, kombinin iddiaçı tərəfindən qoyulmasını və 1400 manatlıq olmasını tələb etmiş və bu səbəbdən iddiaçıya ödəməli olduğu məbləği ödəməkdən imtina etmişdir. Cavabdehin bu gün istədiyi və iddiaçıdan tələb etdiyi təmir işlərinin qiyməti isə təxminən 28000 manat təşkil edə bilərdi. İddiaçı cavabdehdən etdiyi təmirin pulunu tələb etdikdə isə cavabdeh iddiaçını polisə verəcəyi ilə hədələmiş və pulu verməkdən imtina etmişdir. Halbuki aralarında olan şifahi razılaşmaya əsasən, iddiaçı öhdəsinə götürdüyü bütün işləri görmüş, cavabdeh isə öhdəliyindən yayınaraq iddiaçıya ödəməli olduğu məbləği ödəməmişdir. İşin hallarından da görünür ki, cavabdehlə iddiaçı arasında podrat münasibəti olmuş, cavabdeh ona məxsus mənzili təmir etməyi iddiaçıya sifariş vermiş, iddiaçı həmin sifarişə əsasən, cavabdehə məxsus mənzili təmir etmişdir. Həmin sifarişə əsasən cavabdeh iddiaçıya 17500 manat ödəməli olduğu halda cəmi 15300 manat məbləğində pul vəsaiti ödəmiş, 2700 manat pul vəsaitini ödəməmişdir. İddiaçının təmir etdiyi mənzil Cavabdeh2 MTK-ya məxsus olduğuna görə belə hesab edir ki, həmin pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MTK-dan tutularaq iddiaçıya ödənilməlidir. Eyni zamanda, iddiaçı həmin müqavilə əsasında işə usta və fəhlə cəlb etmiş, müqavilənin icrası ilə əlaqədar tikinti materialları almış, işi tam görüb öhdəliyini yerinə yetirmişdir. Ona görə də göstərilənlərə əsasən iddia tələbinin təmin olunması məhkəmədən xahiş olunur. İddiaçı və Cavabdeh2 MTK məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və nümayəndəsinin iştirakını təmin etməmişlər. Cavabdeh1 mülki işə iddiaçının iştirakı olmadan mahiyyəti üzrə baxılmasını və iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Belə olan halda məhkəmə İddiaçı iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, Cavabdeh1 tərəfindən cavabdehin həyat yoldaşı X2 məxsus Cavabdeh2 MTK-nın inşa etdiyi binanın 13-cü mərtəbəsində yerləşən 2 otaqlı 87.4 kv.m sahəsi olan mənzilin təmiri üçün ona 15300 manat məbləğində pul ödənilmiş, o da öz növbəsində evi təmir etmişdir. Hazırda cavabdehin ona 2700 manat məbləğində borcu vardır. Buna görə də iddianın təmin edilməsi və 2700 manat pul vəsaitinin cavabdehlərdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, həyat yoldaşı X1 Cavabdeh2 MTK ilə 16.08.2020-ci il tarixdə bağladığı mənzil müqaviləsinə əsasən cavabdeh MTK Abşeron rayon Masazır qəsəbəsində inşa edilmiş 1 saylı yaşayış binasının 1-ci blokunun 13-cü mərtəbəsində yerləşən 2 otaqlı ümumi sahəsi 87.4 kv.m olan mənzili K.R.Məmmədovaya təhvil verməyi öhdəsinə götürmüşdür. Onlar həmin mənzili təhvil almış və mənzilin təmir edilməsi üçün o, İddiaçı ilə razılaşmışlar. Lakin iddiaçı vədinə əməl etməyərək öhdəliyini yerinə yetirməmiş, nəticədə onun iddiaçıya deyil, məhz iddiaçının ona pul borcu qalmışdır. Bu səbəbdən X1 şikayəti əsasında Abşeron Rayon Polis İdarəsi 07.04.2021-ci il tarixdə qərar qəbul etmiş və iddiaçı barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və icraata götürülməklə istintaqının aparılması qərara alınmışdır. Abşeron Rayon Polis İdarəsinin 14.04.2021-ci il tarixli qərarına əsasən İddiaçı tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə X2 məxsus mənzili 16770 manata təmir edəcəyinə vəd verib aldatması və nəticədə zərərçəkmiş şəxs X2 16770 manat məbləğində - xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etməsi aşkar edildiyindən iddiaçı barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ittiham elan edilməsi üçün axtarışın elan olunması qərara alınmışdır. Ona görə də göstərilənlərə əsasən iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə Cavabdeh1 izahatını dinləyib, iş materiallarını və ona əlavə edilmiş sübutları nəzərdən keçirərək, iş üzrə toplanılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: - 23.09.2020-ci il tarixli ******* saylı qaimə-fakturanın surətindən görünür ki, İddiaçı Ramiz adlı şəxsə tikinti materiallarının alınması müqabilində 2740 manat ödəniş etmişdir. - 15.09.2020-ci il tarixli müəssisədaxili qaimənin surətindən görünür ki, İddiaçı Azər adlı şəxsə tikinti materiallarının alınması müqabilində 816,6 manat ödəniş etmişdir. - Abşeron Rayon Polis İdarəsinin 07.04.2021-ci il tarixli qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və icraata götürülməklə istintaqının aparılması qərara alınmışdır. - Abşeron Rayon Polis İdarəsinin 14.04.2021-ci il tarixli qərarından görünür ki, xx.xx.1981-ci ildə Qazax rayonu Çaylı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, subay, fərdi əməklə məşğul olan Qazax rayonu, Çaylı kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan İddiaçı Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ittiham elan edilməsi üçün barəsində axtarışın elan olunması və onun tutularaq Abşeron Rayon Polis İdarəsinin müvəqqəti saxlama yerinə təhvil verilməsi qərara alınmışdır. - Qərardan görünür ki, aparılmış ilkin istintaqla müəyyən edilmişdir ki, İddiaçı tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə X2 məxsus Abşeron rayonu Masazır qəsəbəsi “Uğur Palace” adlı restoranla üzbəüz "xxxx" MTK-nın inşa etdiyi binanın 13-cü mərtəbəsində yerləşən 2 otaqlı 87.4 kv.m sahəsi olan mənzilini 16770 manata təmir edəcəyinə vəd verib aldadaraq 06.08.2020-ci il tarixdən 06.09.2020-ci il tarixədək olan müddət ərzində Abşeron rayonu Masazır qəsəbəsi ərazisində hissə-hissə olmaqla ümumilikdə 16770 manat pulunu alıb ələ keçirərək vədinə əməl etməyib zərərçəkmiş şəxs X2 16770 manat məbləğində - xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 mart 2021-ci il tarixli 10/417 saylı rəyindən görünür ki, X3 məxsus Abşeron rayonu Masazır qəsəbəsində yerləşən təzə tikilidə 87.4 kv.m ölçüdə olan 2 otaqlı suvaq vurulmuş mənzildə aparılan təmir-bərpa işlərinin dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq ümumi qiymətinin təqribən 2526 manat məbləğində olduğu müəyyən edilmişdir. - Cavabdeh2 MTK ilə alıcı X6 arasında bağlanmış 16.08.2020-ci il tarixli mənzil müqaviləsinin surətindən görünür ki, satıcı qiymət razılaşdırılma protokolunda müəyyən olunmuş məbləğ tam ödədikdən sonra Abşeron rayonu Masazır qəsəbəsində inşa edilmiş 1 saylı yaşayış binasının 1-ci blokunun 13-cü mərtəbəsində yerləşən 2 otaqlı ümumi sahəsi 87.4 kv.m olan mənzili alıcıya təhvil verməyi öhdəsinə götürmüşdür. - Cavabdeh2 MTK ilə alıcı X6 arasında bağlanmış 16.08.2020-ci il tarixli Müqaviləyə 1 saylı Əlavə - qiymətin razılaşdırılması protokolunun surətindən görünür ki, Abşeron rayonu Masazır qəsəbəsində inşa edilmiş 1 saylı yaşayış binasının 1-ci blokunun 13-cü mərtəbəsində yerləşən 2 otaqlı ümumi sahəsi 87.4 kv.m olan mənzilin 1 kv.m-nin dəyəri 775 manat olmaqla ümumi dəyəri 67800 manat dəyərində razılaşdırılmışdır. - Müqaviləyə əlavə edilmiş qrafikdən görünür ki, alıcı X6 67800 manat borcdan 16.08.2020-ci il tarixdə 32000 manat, 06.10.2020-ci il tarixdə 600 manat, 09.11.2020-ci il tarixdə 600 manat, 18.12.2020-ci il tarixdə 600 manat, 12.02.2021-ci il tarixdə 600 manat, 08.04.2021-ci il tarixdə 600 manat və 18.05.2021-ci il tarixdə 600 manat ödəniş etmişdir. - Cavabdeh2 MTK-nın 22.01.2021-ci il tarixli 01 saylı arayışından görünür ki, X2 həqiqətən, 16.08.2020-ci il tarixdə, 1/13-82 saylı müqaviləyə əsasən, Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsində inşa olunan Cavabdeh2 MTK-ya məxsus 1 saylı yaşayış binasının, 1-ci blok, 13-cü mərtəbəsində, 82 saylı ümumi sahəsi 87,4 kv.m olan, 2 otaqlı mənzil satılmışdır. Mənzilin təmir olunması üçün Könül Məmmədova Cavabdeh2 MTK-ya 17500 manat ödəmişdir, sonradan Könül Məmmədova MTK-nın onun evini təmir etməsinə razı olmamış və MTK-ya verilən pulun 5000 manat hissəsi Könül Məmmədovaya qaytarılmış, qalan 12500 manat pul hissə-hissə 1 ay müddətində Könül Məmmədovanın razılığı əsasında evini təmir etmək üçün razılaşdığı Elnur adlı ustaya verilmişdir. Beləliklə, Könül Məmmədovanın təmir üçün MTK-ya ödədiyi pul tam olaraq geri qaytarılmışdır. Cavabdeh2 MTK-nın Könül Məmmədovaya borcu qalmamışdır. - 17.11.2016-cı il tarixli AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Qazax rayonu Çaylı kəndində qeydiyyatdadır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh1 həyat yoldaşı X1 Cavabdeh2 MTK ilə bağladığı 16.08.2020-ci il tarixli mənzil müqaviləsinə əsasən satıcı MTK alıcıya Abşeron rayonu Masazır qəsəbəsində inşa etdiyi 1 saylı yaşayış binasının 1ci blokunun 13-cü mərtəbəsində yerləşən 2 otaqlı ümumi sahəsi 87,4 kv.m olan mənzili qiyməti 67800 manat məbləğində müəyyən edilməklə almış və İddiaçı bildirdiyinə görə alıcının həyat yoldaşı Cavabdeh1 ilə həmin mənzilin 17500 manat dəyərində təmirinə dair şifahi razılığa gəlmişlər. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Həmin Məcəllənin 752.3-cü maddəsinə əsasən podratla bağlı smetanın tərtibi, əgər razılaşmada ayrı qayda müəyyənləşdirilməyibsə, ödənilmir. Məhkəmə araşdırması zamanı eyni zamanda müəyyən olundu ki, alıcı X1 şikayəti əsasında Abşeron Rayon Polis İdarəsinin 07.04.2021-ci il tarixli qərarına əsasən iddiaçı barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və icraata götürülməklə istintaqının aparılması qərara alınmış, eyni zamanda Abşeron Rayon Polis İdarəsinin 14.04.2021-ci il tarixli qərarına əsasən aparılmış ilkin istintaqla İddiaçı tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə X2 məxsus Abşeron rayonu Masazır qəsəbəsi “Uğur Palace” adlı restoranla üzbəüz "xxxx" MTK-nın inşa etdiyi binanın 13-cü mərtəbəsində yerləşən 2 otaqlı 87.4 kv.m sahəsi olan mənzili 16770 manata təmir edəcəyinə vəd verib aldadaraq 06.08.2020-ci il tarixdən 06.09.2020-ci il tarixədək olan müddət ərzində Abşeron rayonu Masazır qəsəbəsi ərazisində hissə-hissə olmaqla ümumilikdə 16770 manat pulunu alıb ələ keçirərək vədinə əməl etməyib zərərçəkmiş şəxs X2 16770 manat məbləğində - xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etməsi müəyyən edildiyindən İddiaçı barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ittiham elan edilməsi üçün axtarışın elan olunması və onun tutularaq Abşeron Rayon Polis İdarəsinin müvəqqəti saxlama yerinə təhvil verilməsi qərara alınmışdır. Məhkəmə araşdırması zamanı eyni zamanda müəyyən olundu ki, İddiaçı izahatında Cavabdeh1 cavabdehin həyat yoldaşı X2 məxsus Cavabdeh2 MTK-nın inşa etdiyi binanın 13-cü mərtəbəsində yerləşən 2 otaqlı 87.4 kv.m sahəsi olan mənzilin təmiri üçün 15300 manat məbləğində pul aldığını, lakin həmin təmir işləri ilə əlaqədar cavabdehin ona 2700 manat borcu olduğunu iddia etsə də, mülki işin materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 mart 2021-ci il tarixli 10/417 saylı rəyi ilə X3 məxsus Abşeron rayonu Masazır qəsəbəsində yerləşən təzə tikilidə 87.4 kv.m ölçüdə olan 2 otaqlı suvaq vurulmuş mənzildə aparılan təmir-bərpa işlərinin dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq ümumi qiymətinin təqribən 2526 manat məbləğində olduğu müəyyən edilmişdir. Beləliklə, 15300 manat pulun Cavabdeh1 tərəfindən iddiaçıya ödənilməsi işin mübahisəsiz halı olduğundan, eləcə də ekspert rəyi ilə həmin mənzildə aparılmış təmirbərpa işlərinin dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq ümumi qiyməti təqribən 2526 manat məbləğində müəyyən edildiyindən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı deyildir və təmin edilməməlidir. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Mənzil Tikinti Kooperativinə qarşı pul tələbinə dair iddia tələbi təmin edilməsin. İş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-3012/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3012/2021
14.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver