Məhkəmə qərarları › İş №2(012)-3015/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3015/2021

31.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3015/2021 31.08.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı (3-cü şəxs: Abşeron rayon İcra və Probasiya şöbəsi) icranın gecikdirilməsi nəticəsində vurulan zərərin ödənilməsi tələbinə dair mülki işə 31 avqust 2021-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı (3-cü şəxs: Abşeron rayon İcra və Probasiya şöbəsi) icranın gecikdirilməsi nəticəsində vurulan zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-2090/2015 saylı, 04 iyun 2015-ci il tarixli qətnaməsinin vaxtında icra olunmaması nəticəsində ona dəymiş maddi zərərin - 36900,86 manat faizlərin və 52096,44 manat əldən çıxmış faydanın cavabdeh tərəfindən ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 05 aprel 2007-ci il tarixdə "xxxx" MMC ilə bağladığı 307 və 308 nömrəli müqavilələrə əsasən Cəmiyyət Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi yerdə 12 mərtəbəli yaşayış evinin İV blok, 2-ci mərtəbəsində yerləşən 2 otaqlı, ümumi sahəsi 75,1 kv.m olan 5 №-li və həmin evin İİ blok, 8-ci mərtəbəsində yerləşən 2 otaqlı, ümumi sahəsi 75,1 kv.m olan 32 №-li mənzilləri bir payçı kimi ona verməyi öhdəsinə götürmüşdür. Tələbkar İddiaçı elə həmin tarixdə mənzillərin pay dəyərini - hər mənzil üçün 41305 manat, ümumilikdə isə 82610 manat pul məbləğini tam şəkildə MMC-yə ödəmişdir. Lakin 8 il keçməsinə baxmayaraq tikintidə heç bir iş aparılmadığından, tələbkar şirkətə müraciət edərək aralarında bağladıqları müqavilələrin ləğv edilməsini və ödənilən pul məbləğinin ona geri qaytarılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-2090/2015 saylı, 04 iyun 2015-ci il tarixli qətnaməsi ilə onun iddia tələbi təmin edilmiş, tərəflər arasında bağlanan 307 və 308 №-li müqavilələrin ləğv edilməsi və ümumilikdə 82610 manat pul vəsaitinin "xxxx" MMC-dən tutularaq ona ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra 13 iyul 2015-ci il tarixli icra vərəqəsi Abşeron rayon İcra şöbəsinə göndərilmiş, icra məmuru 21.07.2015-ci il tarixdə iş üzrə “İcraata başlamaq haqqında” Qərar qəbul etmişdir. Lakin qətnamənin icrası bu günədək mümkün olmamışdır. 06 aprel 2019-cu il tarixdən bu günə qədər tələbkara hissə-hissə olmaqla, cəmi 12690 manat ödənilmiş, şirkət qalan məbləğin ödənilməsindən yayınmışdır. Artıq cavabdeh 5 il 6 aydan çoxdur ki, qanunsuz olaraq onun pul vəsaitini özündə saxlayır. Bunun nəticəsində iddiaçıya 36900,86 manat zərər dəymişdir. Cavabdehin ona olan borcunu əsassız özündə saxlamaqla ona daha çox zərər vurmuşdur. Belə ki, həmin məbləğ ölkədə fəaliyyət göstərən kommersiya banklarının birində depozit hesabı açılaraq ora əmanət qoyulsaydı, illik 12% olmaqla (sığortalı) həmin məbləğdə 5 il 6 ay ərzində 52096,44 manat gəlir əldə etmək olardı. Cavabdehin borcunu vaxtında qaytarmaması iddiaçını əldə edə biləcəyi bu gəlirdən də məhrum etmişdir. Bu səbəbdən iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, üzrlü səbəblərdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X2 iddia tələbini qəbul etmədiyini bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Abşeron rayon İcra və Probasiya şöbəsi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarından olan Abşeron Rayon Məhkəməsinin 2(012)-2090/2015 saylı, 04 iyun 2015-ci il tarixli qətnaməsindən müəyyən edilir ki, qətnamə ilə iddia qismən təmin edilmiş, İddiaçı ilə "xxxx" MMC arasında Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi yerdə 12 mərtəbəli yaşayış evinin 4-cü blok, 5 nömrəli və 2-ci blok, 32 nömrəli mənzillərin pay kimi ayrılması barədə bağlanmış 05 aprel 2007-ci il tarixli, 307 və 308 saylı müqavilələrin ləğv edilməsi, mənzillərin dəyəri kimi ödənilmiş bir mənzil üçün 41305 manat olmaqla, cəmi 82610 manat məbləğində pul vəsaitinin "xxxx" MMC-dən tutularaq İddiaçı ödənilməsi, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 20 manat hissəsinin cavabdehdən tutulub iddiaçıya verilməsi qət edilmişdir. İş materiallarından olan 21.07.2015-ci il tarixli “İcraata başlamaq haqqında” qərardan müəyyən edilir ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-2090/2015 saylı, 04 iyun 2015-ci il tarixli qətnaməsi qanuni qüvvəyə minmiş və icra edilməsi üçün aidiyyəti üzrə Abşeron rayon İcra şöbəsinə göndərilmiş, 21.07.2015-ci il tarixdə də icraata başlanılmışdır. İş materiallarından olan Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 16 iyun 2021-ci il tarixli 04/1-43 №-li məktubundan müəyyən edilir ki, istehlak qiymətləri indeksi əvvəlki illərə nisbətən 2015-ci il üçün 104,0 %, 2016-cı il üçün 112,4 %, 2017-ci il üçün 112,9 %, 2018-ci il üçün 102,3 %, 2019-cu il üçün 102,6 %, 2020-ci il üçün 102,8 % və 2021-ci ilin yanvar-may ayları üçün 104,2 % artmışdır. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-2090/2015 saylı, 04 iyun 2015-ci il tarixli qətnaməsinə əsasən iddiaçıya ödənilməli olan 82610 manat məbləğin 12690 manatı 2019-cu ildən cavabdeh tərəfindən ödənilmişdir. Hazırda qalan məbləği isə cavabdeh uzun müddətdir ki, ödəməkdən yayınır. İddiaçı hazırda 36900,86 manat faizlərin və 52096,44 manat əldən çıxmış faydanın ona ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 439.3-cü maddəsinə əsasən qanuna və ya müqaviləyə əsasən borcun üstünə faizlər hesablanmalı olduqda, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onlar iki faiz bəndi əlavə edilməklə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında, lakin ildə azı beş faiz miqdarında hesablanır. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Məhkəmə müqavilə üzrə borcun (2019-cu ildən ödənilən məbləğ nəzərə alınmaqla) üstünə hesablanmalı olan faiz məbləğini illik 5 faiz miqdarında əsas götürməklə onu riyazi hesablama üsulu ilə aşağıdakı qaydada müəyyən edir: Ümumi borc məbləği - 82610 manat Ümumi müddət - 5 il 9 ay (69 ay) Heç bir ödəniş olmayıb - 3 il 9 ay (45 ay) 12690 manat ödənilib – 6 aprel 2019-cu ildən (24 ay) 82610 manat məbləğin illik 5 %-i 4130,5 (1 ay üçün 344,2 manat) manat təşkil edir. Ümumiyyətlə ödəniş olmayan 3 il 9 ay (45 ay) üçün faiz dərəcəsi 15489 manat (45x344,2) təşkil edir. 2019-cu ildən 12690 manat ödənildiyi üçün ümumi məbləğ olan 82610 manatdan ödənilmiş 12690 manat məbləğ çıxılır. Qalıq məbləğ olan 69920 manat aşağıdakı kimi hesablanılır: 69920 manat məbləğin illik 5 %-i 3496 (1 ay üçün 291,3 manat) manat təşkil edir. Ödəniş edildikdən sonra 2 il (24 ay) üçün faiz dərəcəsi 6991,2 manat (24x291,3) təşkil edir. Sonda isə 15489 manat 6991,2 manatla toplanılaraq 22480,2 manat əldə edilir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, 82610 manat (2019-cu ildən ödənilən məbləğ nəzərə alınmaqla) məbləğində pul vəsaitini özündə saxladığına və ondan faydalandığına görə 13 iyul 2015-ci ildən 13 aprel 2021-ci il tarixədək olan 5 il 9 aylıq dövr üçün illik 5,0 faizlə hesablanmış faizlər qismində cəmi 22480,2 manat məbləğində pul vəsaiti cavabdeh "xxxx" MMC-dən (indiki adı: "xxxx" MMC) tutularaq İddiaçı ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Belə ki, iddia tələbinin “əldən çıxmış fayda” hissəsinə dair iddiaçı məhkəməyə mötəbər sübutlar təqdim edə bilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 82610 manat (2019-cu ildən ödənilən məbləğ nəzərə alınmaqla) məbləğində pul vəsaitini özündə saxladığına və ondan faydalandığına görə 13 iyul 2015-ci ildən 13 aprel 2021-ci il tarixədək olan 5 il 9 aylıq dövr üçün illik 5,0 faizlə hesablanmış faizlər qismində cəmi 22480,2 manat məbləğində pul vəsaiti cavabdeh "xxxx" MMC-dən (indiki adı: "xxxx" MMC) tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar