Məhkəmə qərarları › İş №2(012)-303/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-303/2024

14.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-303/2024 14.10.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məşədiyeva Fidan Eynur qızının katibliyi ilə, İddiaçı X6 və onun nümayəndəsi X2 iştirakları ilə, İddiaçı X6 Cavabdeh MTK-ya qarşı mənzilə görə ödənilmiş pulun qaytarılması, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X9 Cavabdeh MTK-ya qarşı mənzilə görə ödənilmiş pulun qaytarılması, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh MTK ümumilikdə 31800 manat miqdarında pul, 5000 manat dəymiş maddi və mənəvi ziyan və ödənilmiş dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X9 iddia təlləbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh MTK ilə 22 may 2019-ci il tarixdə müqavilə bağlamışdır. Həmin müqavilənin 1.1-ci maddəsinə görə icraçı Abşeron Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli, 559 saylı sərəncamı ilə Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Quba avtomaqistralının 14cü kilometrliyinin gərb hissəsi ünvanda yaşayış binasının A blokunun 6 mərtəbəsində ümumi sahəsi 122,25 kv m olan 3 otaglı mənzili pay kimi ona verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 1.2-ci maddəsinə görə isə o payçı kimi müqavilədə göstərilmiş məbləği tam olaraq ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci bəndinə əsasən müqavilə üzrə mənzilin dəyəri bir kvadrat metr sahə üçün 700 manat təşkil edir. Ödəmə manatla ödənilir. Sahəsi 122,25 kv.m olan mənzil üçün cəmi 85575 manat ödənilməlidir. Bildirir ki, o, müqavilə üzrə öhdəliklərini vaxtında yerinə yetirsə də, sonradan ona məlum olmuşdur ki, həmin mənzil başqa şəxsə də müqavilə ilə 2 il sonra (2021-ci ilin dekabrında) satılmışdir. Onun etdiyi ödənişlərlə bağlı maliyyə arayışları əldə etmişdir. İyun ayının 2022-ci ildə ödəniş etmək istədiyi zaman ona bildirilmişdir ki, sözügedən mənzil başqa bir vətəndaşa 2021-ci ilin dekabr ayında satılmışdır. Müraciət edən zaman MTK-nın rəhbəri olan şəxs ona bildirmişdir ki, hüququnu bərpa etmək üçün məhkəməyə müraciət etməlidir. O, bütün müqavilələr üzrə öhdəliklərini illərdir icra etməyinə baxmayaraq cavabdeh öz öhdəliyini icra etməmiş, müqavilədə nəzərdə tutulmuş mənzili ona təhvil verməmişdir. O da nəticədə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə isə onun mənzilin təhvil verilməsi ilə əlaqədar iddiasını rədd etmişdir. Hazırda isə aldığı mənzillə bağlı cavabdehə ödədiyi pul məbləğinin qaytarılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərə əsasən, o, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X6 nümayəndəsi X3 iddiaçının izahatına uyğun izahat vermişdir. Cavabdeh MTK məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Mülki Prosessual Məcəllənin 185.5. maddəsinə əsasən, işə cavabdeh şirkətin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən iddiaçı tərəfin izahatlarını dinləyərək, iş materiallarını və ona əlavə edilmiş sübutları nəzərdən keçirərək, iş üzrə toplanılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilmlidir. -22 may 2019-cu il tarixli müqavilədən görünür ki, icraçı Cavabdeh MTK-nın sədri X1 rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2013-cü il tarixli, 559 saylı sərəncamı ilə Xırdalan şəhəri, Bakı-Quba avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsində, A blok, 6-cı mərtəbə, izolə olunmuş 3 otaqdan ibarət bir pay kimi payçı X8 verməyi, payçı isə müqavilədə göstərilən məbləği icraçıya ödəməyi öz öhdəsinə götürmüşdür. -xx.xx.2019-cu il tarixli, 01 saylı maliyyə arayışına əsasən 8000 manat, xx.xx.2019-cu il tarixli, 02 saylı maliyyə arayışına əsasən 1350 manat, xx.xx.2019-cu il tarixli, 03 saylı maliyyə arayışına əsasən 1300 manat, xx.xx.2019-cu il tarixli, 05 saylı maliyyə arayışına əsasən 1300 manat, xx.xx.2019-cu il tarixli, 06 saylı maliyyə arayışına əsasən 1300 manat, xx.xx.2019-cu il tarixli, 07 saylı maliyyə arayışına əsasən 1300 manat, xx.xx.2020ci il tarixli, 08 saylı maliyyə arayışına əsasən 1300 manat, xx.xx.2020-ci il tarixli, 09 saylı maliyyə arayışına əsasən 1300 manat, xx.xx.2020-ci il tarixli, 10 saylı maliyyə arayışına əsasən 1300 manat, xx.xx.2020-ci il tarixli, 11 saylı maliyyə arayışına əsasən 500 manat, xx.xx.2021-ci il tarixli, 12 saylı maliyyə arayışına əsasən 1300 manat, xx.xx.2021-ci il tarixli, 13 saylı maliyyə arayışına əsasən 1000 manat, xx.xx.2021-ci il tarixli, 14 saylı maliyyə arayışına əsasən 1600 manat, xx.xx.2021-ci il tarixli, 15 saylı maliyyə arayışına əsasən 1250 manat, xx.xx.2021-ci il tarixli, 16 saylı maliyyə arayışına əsasən 1300 manat, xx.xx.2022-ci il tarixli, 17 saylı maliyyə arayışına əsasən 1250 manat, xx.xx.2022-ci il tarixli, 18 saylı maliyyə arayışına əsasən 1300 manat, xx.xx.2022-ci il tarixli, 19 saylı maliyyə arayışına əsasən 1300 manat, xx.xx.2022-ci il tarixli, 20 saylı maliyyə arayışına əsasən 1250 manat, xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən 1250 manat məbləğində vəsait X9 tərəfindən Cavabdeh MTK-ya ödənilmişdir. -Reyestrdən çıxarışdan görünür ki, X7 2016-cı ildən 2022-ci ilədək Cavabdeh MTKnın direktor vəzifəsində işləyib Mülki iş üzrə məhkəmə xətşünaslıq ekspertizası təyin edilmiş və qeyd olunan ekspertiza üzrə alınmış Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-4/364 №-li ekspert rəyindən məlum olur ki, 1. ekspertizaya təqdim edilmiş, mülki işin 12-13-cü vərəqində olan 22 may 2019- cu il tarixli Mənzil Tikintisi Haqqında Müqavilədə “Payçı” hissəsində “İmza” qrafasındakı imza - İddiaçı tərəfindən icra olunmuşdur. 2. Ekspertizaya təqdim edilmiş, mülki işin mülki işin 12-13-cü vərəqində olan 22 may 2019-cu il tarixli Mənzil Tikintisi Haqqında Müqavilənin əlyazma mətni və “İcraçı” hissəsində “Sədr Abbasov G.S” qrafasındakı imza, mülki işin 14-33-cü vərəqələrində olan xx.xx.2019-cu il tarixli 01 saylı, xx.xx.2019-cu il tarixli 02 saylı, xx.xx.2019-cu il tarixli 03 saylı, xx.xx.2019-cu il tarixli 04 saylı, xx.xx.2019-cu il tarixli 05 saylı, xx.xx.2019-cu il tarixli 06 saylı, xx.xx.2019-cu il tarixli 07 saylı, xx.xx.2020-ci il tarixli 08 saylı, xx.xx.2020-ci il tarixli 09 saylı, xx.xx.2020-ci il tarixli 10 saylı, xx.xx.2020-ci il tatixli 11 saylı, xx.xx.2021-ci il tarixli 12 saylı, xx.xx.2021-ci il tarixli 13 saylı, xx.xx.2021-ci il tarixli 14 saylı, xx.xx.2021 -ci il tarixli 15 saylı, xx.xx.2021-ci il tarixli 16 saylı, xx.xx.2022-ci il tarixli 17 saylı, xx.xx.2022-ci il tarixli 18 saylı, xx.xx.2022-ci il tarixli 19 saylı, xx.xx.2022-ci il tarixli 20 saylı maliyyə arayışlarının əlyazma mətnləri və Cavabdeh MTK-nın Sədri Abbasov G.S” qrafalarındakı imzalar, mülki işin 34-cü vərəqəsində olan xx.xx.2022-ci il tarixli maliyyə arayışının əlyazma mətni - X7 tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. 3. Ekspertizaya təqdim edilmiş, mülki işin 34-cü vərəqəsində olan xx.xx.2022-ci iİ tarixli maliyyə arayışında Cavabdeh MTK-nın Sədri Abbasov G.S” qrafasındakı imzanın - X7 tərəfindən və ya başqa şəxs tərəfindən icra olunub-olunmamasını tədqiqat prosesinin təsviri hissəsinin 3-cü bəndində göstərilən səbəblərdən müəyyən etmək mümkün olmamışdır. Belə ki, iddiaçı ərizəsində Cavabdeh MTK ilə 22 may 2019-ci il tarixdə müqavilə bağladığını və müqavilə üzrə ümumilikdə 31800 manat məbləğində ödəniş etdiyini bildirmiş və Cavabdeh MTK ümumilikdə 31800 manat miqdarında pul, 5000 manat dəymiş maddi və mənəvi ziyana və ödənilmiş dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Lakin iş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-4/364 №-li ekspert rəyindən məlum olmuşdur ki, 22 may 2019-cu il tarixli Mənzil Tikintisi Haqqında Müqavilədə “Payçı” hissəsində “İmza” qrafasındakı imza - İddiaçı tərəfindən icra olunmuş, 22 may 2019-cu il tarixli Mənzil Tikintisi Haqqında Müqavilənin əlyazma mətni və “İcraçı” hissəsində “Sədr Abbasov G.S” qrafasındakı imza, maliyyə arayışlarının əlyazma mətnləri və Cavabdeh MTK-nın Sədri Abbasov G.S” qrafalarındakı imzalar, xx.xx.2022-ci il tarixli maliyyə arayışının əlyazma mətni - X7 tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. Məhkəmə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-4/364 №-li ekspert rəyinə istinad edərək hesab edir ki, sözügedən müqavilədəki və maliyyə arayışlarındakı Cavabdeh MTK-nın Sədri Abbasov G.S” qrafasındakı imzalar X7 tərəfindən icra olunmamışdır. Göründüyü kimi tərəflər arasında bağlanmış müqavilə və maliyyə arayışlardakı imzalar səlahiyyətli şəxs tərəfindən imzalanmamışdır. Ona görə də Məhkəmə hesab edir ki, Bu səbəbdən qeyd edilən müqavilə və maliyyə arayışları etibarlığı şübhə doğurduğundan iddianın 31800 manat pul məbləği hissəsində iddia tələbi təmin edilməməlidir. Eyni zamanda iddiaçı tələbində 5000 manat maddi ziyan cavabdeh MTK-dan tutulub ona ödənilməsini tələb etmişdir. Məhkəmə qeyd edir ki, iddia tələbinin əsas hissəsi təmin edilmədiyindən maddi ziyan hissəsi də təmin edilməməlidir. Bundan əlavə iddiaçı tələbində mənəvi ziyan olaraq 5000 manatın cavabdeh MTKdan tutularaq iddiaçıya ödənilməsini xahiş etmiş, lakin qeyd edilənləri təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən sübutlar məhkəməyə təqdim edilmədiyindən və bununla belə iddiaçının əsas tələbi təmin edilmədiyindən, iddianın mənəvi tələb hissəsi də təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında deyilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri və əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir. Hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilməlidir. Eyni zamanda, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 №-li Qərarında Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X10 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan qərarından görünür ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Lakin Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Beləliklə, iddiaçı keçirdiyi mənəvi iztirabların məhz cavabdehin hərəkət və hərəkətsizliyi nəticəsində yaranmasını (səbəbli əlaqə) sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir . Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməli, 150 manat ekspertiza xərci isə iddiaçı X4 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Sadalananları və Azərbaycan Respublikası MPM-nin 4-cü, 7-ci, 14-cü, 36-cı, 77-ci, 88-ci, 149-cu, 150-ci və 216-236-cı maddələrinin tələblərinə əsaslanaraq, məhkəmə QƏT ETDİ: İddiaçı X6 Cavabdeh MTK-ya qarşı mənzilə görə ödənilmiş pulun qaytarılması, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. 150 (yüz əlli) manat ekspertiza xərci iddiaçı X4 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə)Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar