Məhkəmə qərarları › İş №2(012)-3031/2021

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-3031/2021

19.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-3031/2021 19.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Əhmədov Habil Yunis oğlu, İddiaçı Embafinans BOKT QSC-nin Cavabdeh barəsində borcun tutulması haqqında kiçik iddialara dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək MÜƏYYƏN ETDİM: İddiaçı Embafinans BOKT QSC Cavabdeh barəsində borcun tutulması haqqında kiçik iddialara dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı Embafinans BOKT QSC-nin xeyrinə 232,12 manat əsas, 18,97 manat faiz, cəmi 242,09 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 20.40 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İddiaçı Embafinans BOKT QSC-nin məhkəməyə daxil olmuş kiçik iddialara dair ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, kiçik iddialara dair ərizənin qəbul olunmasından imtina olunmalıdır. Belə ki, kiçik iddialara dair ərizə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 284-3.3-cü maddəsinin tələblərinə cavab vermir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 284-3.3. maddəsinə əsasən ərizə ümumi qaydada verildikdə, iddiaçı və ya onun nümayəndəsi tərəfindən imzalanır və iddiaçının əsaslandığı sənədlər ona əlavə edilir. Nümayəndə tərəfindən verilən ərizəyə onun səlahiyyətlərini təsdiq edən sənəd də əlavə edilməlidir. Məhkəməyə ünvanlanmış hazırki ərizə Embafinans BOKT QSC-nin İdarə Heyətinin sədri Samir İsgəndərovun verdiyi etibarnamə əsasında Hüquq şöbəsinin müdiri Əliəsgər Axundov tərəfindən imzalanmışdır. Belə ki, Embafinans BOKT QSC-nin İdarə Heyətinin sədri ir İsgəndərovun həqiqətən həmin vəzifənin icraçısı olmasını təsdiq edən sənəd ərizəyə əlavə olunmamışdır. Göründüyü kimi imza etmə səlahiyyəti verən şəxsin həmin səlahiyyətə malik olması təsdiq olunmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-3.2.3-cü maddəsinə əsasən, iddiaçının tələbini və onun əsaslandığı hallar ərizədə göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 284-4.1.3-cü maddəsinə əsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Göstərilənləri və qanunun qeyd edilən tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı Embafinans BOKT QSC-nin kiçik iddialara dair ərizəsinin qəbul olunmasından imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 284-4.2-ci maddəsinə əsasən bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Həmin Məcəllənin 284-4.3-cü maddəsinə əsasən ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 275- 279-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı Embafinans BOKT QSC-nin Cavabdeh barəsində borcun tutulması haqqında kiçik iddialara dair ərizəsinin qəbul olunmasından imtina edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar