Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3043/2022 26.08.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi ilə, İddiaçı Cavabdeh (Namik Guseinovi) qarşı pul tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh (Namik Guseinovi) qarşı pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, cavabdehdən “Koka-Kola” şirkətinə ödədiyi 1020 manat pul, 110 manat digər məhkəmə xərcləri və 32 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2011-ci ildən ünvan 1 ünvanında yerləşən “İnternet Klub” kimi fəaliyyət göstərən obyekti işlədirdi. 2017-ci ilin aprel ayında obyekti dəyişmək qərarına gəlmişdir. Bu işdə ona birlikdə işlədiyi X1 göstərmişdir. X2 qonşuluqda yerləşən obyektin sahibi Cavabdeh ilə danışıb razılığa gələrək obyektdə olan bütün əşya və avadanlığı həmin yeni obyektə keçirmişdir. Maddi çətinliklərlə üzləşərək yeni obyektdə işin yenidən başlanması mümkün olmamışdır. Obyektin sahibi Cavabdeh bunu görərək obyekti tez bir zamanda boşaltmağı tələb etmişdir. Obyekti məşğul elədikləri müddətin borcunu ödəmək üçün o, obyektin sahibi ilə borcu bəzi əşyaları verməklə əvəz etmək barədə razılığa gəlmişlər. Həmin obyektə bütün avadanlığın arasında “Koka-Kola Bottlers LTD” şirkətinə məxsus sərinləşdirici içkilərin satışı üçün nəzərdə tutulmuş soyuducu da var idi. Həmin soyuducunun istifadə müqaviləsi onun adına olmuşdur. Bütün avadanlığı obyektdən çıxardıqdan sonra obyektdə yalnız həmin soyuducu qalmış, bu barədə şirkət nümayəndələrinə onun tərəfindən xəbər verilmişdir. Şirkət işçiləri soyuducunu gəlib aparacaqdılar. Təqribən bir ay keçdikdən sonra ona “Koka-Kola” şirkəti tərəfindən zəng edib bildirmişlər ki, soyuducu həmin obyektdə yoxdur. O, obyekt sahibi Cavabdeh ilə əlaqə saxlamış və soyuducu barəsində soruşmuşdur. Lakin o, soyuducunun harda olduğu barədə məlumatı olmadığını bildirmişdir. Bir müddət sonra cavabdeh etiraf etmişdir ki, soyuducunu özü tullayıb. Bu barədə o, ərazi üzrə 19-cu polis bölməsinə ərizə ilə müraciət etmiş və Cavabdeh bölməyə dəvət olunaraq izahatı alınmışdır. Həmin soyuducuya görə “Koka-Kola” şirkətinin iddia ərizəsi ilə 04 may 2018-ci il tarixində 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsi ondan 1020 manat pulun tutulub “Koka-Kola” şirkətinə ödənilməsinə dair məhkəmə əmri çıxarmışdır. Həmin məbləği o, “Koka-Kola” şirkətinə ödəmişdir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İştirak etdiyi məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh (Namik Guseinovi) iddia tələbini qəbul etmədiyini bildirdi və onun rədd olunmasını xahiş etdi Məhkəmə tərəfləri dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. Belə ki, mülki işin materiallarından olan Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 04 may 2018-ci il tarixli, 2-2(81)-678/2018 saylı məhkəmə əmrindən görünür ki, İddiaçı cəmi 1020 manat pulun "xxxx" MMC-nin xeyrinə tutulması qərara alınmışdır. İşdə olan FZX 673809 saylı mədaxil qəbzindən görünür ki, İddiaçı cəmi 1020 manat pulu "xxxx" MMC-nin bank hesabına ödəmişdir. İşdə olan Bakı şəhər Nəsimi Rayon Polis İdarəsi 19-cu Polis Şöbəsinin 07 mart 2019-cu il tarixli məktubundan görünür ki, İddiaçı Cavabdeh (Namik Guseinovi) barəsində etdiyi şikayət ərizəsi üzrə müraciətin mülki xarakterli olması müəyyənləşdirilmiş və bununla bağlı məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, tərəflər iaşə obyektinin icarəyə verilməsilə bağlı tanış olmuşlar. İddiaçı bildirir ki, mübahisəli soyuducu cavabdehdən icarəyə götürdüyü obyektdə qalmış, sonradan isə onun tərəfindən tullanılmışdır. Bu soyuducunun dəyəri məhkəmə əmri ilə ondan tutulduğuna görə həmin vəsait cavabdehdən onun xeyrinə tutulmalıdır. Cavabdeh isə bildirir ki, qeyd edilən obyekt iddiaçı və tanışı tərəfindən icarəyə götürülmüşdür, lakin onlar obyekti işlədə bilməmişlər. Nəticədə onlar obyektdən çıxmışlar, lakin soyuducu uzun müddət orada qalmışdır. Sonradan obyekt başqa şəxslərə verildiyindən soyuducunun kimin tərəfindən istifadə edilməsini, harada olmasını bilmir. Tərəflərin izahatlarına və iş materiallarındakı sənədlərə məcmu halda qiymət verərək, məhkəmə hesab edir ki, soyuducunun təhvil alınması və onun saxlanılması barədə tərəflər arasında hər hansı öhdəlik münasibətləri yaranmamışdır. Cavabdeh (Namik Guseinovi) mübahisəli soyuducu ilə bağlı İddiaçı qarşısında hər hansı öhdəlik götürməmiş, bu barədə hər hansı əqd bağlanmamışdır. İcarə münasibətlərinə son qoyularkən obyekti tərk edən İddiaçı bütün əmlakını, o cümlədən qeyd edilən soyuducunu özü ilə götürməli idi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, tərəflər arasında mübahisəli əmlakla bağlı öhdəlik yaranmadığından, eləcə də cavabdeh iddiaçının əmlakı hesabına əsassız varlanmadığından və öz hərəkətləri ilə iddiaçıya zərər vurmadığından İddiaçı Cavabdeh (Namik Guseinovi) qarşı pulun tutulması barədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh (Namik Guseinovi) qarşı pulun tutulması barədə iddia tələbi təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-3043/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3043/2022
26.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver