Məhkəmə qərarları › İş №2(012)-3063/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3063/2022

21.07.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3063/2022 21.07.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(012)-996/2019 saylı qətnaməsi ilə müəyyən olunan alimentin miqdarının dəyişdirilərək xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 500 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə xx.xx.2017-ci il tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikahlarından xx.xx.2018-ci il təvəllüdlü X6 anadan olmuşdur. Nikahları məhkəmə qaydasında pozulmuş, hal-hazırda, iddiaçı azyaşlı övladı ilə valideynlərinin himayəsində yaşayır. Uşaq böyüdükcə onun saxlanılması üçün xərclər də artır. Azyaşlı baxçaya və müəyyən dil, musiqi dərnəklərinə gedir. Bunların hamısı da əlavə xərc tələb edir. Cavabdehdən məhkəmə qaydasında aldığı əmək haqqının ¼ hissəsi miqdarında aliment uşağın yetkinlik yaşına çatana qədər ödənilirdi. Son aylar cavabdeh Abşeron rayon İcra və Probasiya Şöbəsinə işdən çıxmaq barədə arayış təqdim etmiş və bununla da, alimenti ödəməkdən yayınmışdır. Cavabdehin rəsmi qaydada işdən çıxması məlum deyil. Fakt olaraq qeyd edir ki, cavabdeh işlədiyi dövrdə və hal-hazırda da, avtomobil satışı ilə məşğuldur. Əgər rəsmi qaydada notariat orqanına sorğu verilsə, hər ay neçə etibarnamə ilə maşın alıb-satması məlum olacaqdır. Bununla bərabər, cavabdeh taksi fəaliyyəti ilə də məşğuldur. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil mülki işə İddiaçı iştirakı olmadan, mülki işə mahiyyəti üzrə baxılıb qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və məhkəmə işə iddiaçının iştirakı olmadan mahiyyəti üzrə bxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə verilmiş etirazı müdafiə edərək izahatında göstərmişdir ki, İddiaçı iddia ərizəsində cavabdehin işdən çıxmağı ilə bağlı icra şöbəsinə arayış təqdim etdiyini, bununla da, alimenti ödəməkdən yayındığını, işdən çıxmağının ona məlum olmadığını, işlədiyində də və halhazırda da, avtomobil satışı və taksi fəaliyyəti ilə məşğul olduğunu qeyd etmişdir. İddiaçının iddia ərizəsində qeyd olunan hallar həqiqətə uyğun olmayaraq əsassız olduğundan onun iddiasına etiraz olaraq aşağıda qeyd olunanları məhkəmənin nəzərinə çatdırmağı vacib hesab edir. Cavabdeh məsuliyyətini anlayaraq, valideyn kimi övladının mənafelərini düşünərək onun saxlanılması üçün müəyyən olunmuş alimenti ödəməkdən yayınmamış, işlədiyi vaxtlarda və işdən ayrıldığı zamanda da aliment məbləğinin ödənilməsini təmin etmişdir. İşdən çıxmağını isə cavabdeh deyil, 2(012)-996/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsini icra edən şirkət tərəfindən icra şöbəsinə məlumat göndərilmişdir. Cavabdeh nə işlədiyi, nə də ki, hazırki vaxtda avtomobil satışı və ya taksi fəaliyyəti ilə məşğul olmuşdur. Əgər belə fəaliyyətlərlə məşğul olmuş olsaydı, alimentin dəyişdirilməsini tələb edən iddiaçı qanunla ona verilən hüquqlardan istifadə etməklə qətnamədə qeyd olunan hər ay aylıq qazancın (başqa gəlirlərin) ¼ hissəsinin icrasını tələb etmiş olardı. İşdən ayrıldıqdan sonra xx.xx.2018-ci il təvəllüdlü X1 üçün xx.xx.2022-ci il tarixdə 190 manat, xx.xx.2022-ci il tarixdə isə 193 manat vəsaiti rəsmi qaydada cavabdeh iddiaçıya göndərmiş, alimentin ödənilməsindən yayınmamışdır. Hazırda, cavabdeh müvəqqəti olaraq işləmir, lakin buna baxmayaraq, valideyn kimi üzərinə düşən vəzifələrini icra edir. Alimentin ödənilməsindən yayınmayaraq övladının saxlanılması üçün qanunla nəzərdə tutulmuş qaydada vəsaitin ödənilməsinə bamayaraq, iddiaçının ona qarşı olan hazırkı tələbi əsassız hesab edilməklə rədd edilməlidir. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, cavabdehin nümayəndəsi və vəkilinin izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. 34-cü maddəsinin İV bəndinə əsasən, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Bakı şəhəri Binəqədi rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli AZ-İV № ******* saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X6 xx.xx.2018-ci il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 246 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası Cavabdeh, anası X4r. -Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(012)-996/2019 saylı qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin olunmuş, Cavabdeh aylıq qazancının (başqa gəlirlərinin) ¼ hissəsinin 19 avqust 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün və həmin uşağın üç yaşına çatanadək hər ay 100 manat məbləğində pulun 21 yanvar 2019-cu il tarixdən başlayaraq tutularaq X5 verilməsi qət edilmişdir. -Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli AZ-İ № 364457 saylı nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə X3 nikahı ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 233 nömrəsi ilə qeyd edilmiş, nikah ləğv olunandan sonra qadına Əsədova soyadı verilmişdir. -Caspian Marine Services MMC tərəfindən Abşeron rayon İcra və Probasiya şöbəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Cavabdeh həmin şirkətdə çalışmır, şirkətdə çalışdığı müddətdə İcra şöbəsinin tapşırığı əsasında Cavabdeh məvacibindən müvafiq tutulmalar edilərək aliment məqsədləri üçün yönəldilmişdir. -Caspian Marine Services MMC tərəfindən verilmiş ödəniş cədvəlindən görünür ki, X3 hesabına xx.xx.2020-ci il tarixdə 382.89 manat, xx.xx.2020-ci il tarixdə 716 manat, xx.xx.2020-ci il tarixdə 618 manat, xx.xx.2020-ci il tarixdə 400 manat, xx.xx.2020-ci il tarixdə 667 manat, xx.xx.2020-ci il tarixdə 607 manat, xx.xx.2020-ci il tarixdə 376 manat, xx.xx.2020-ci il tarixdə 376 manat, xx.xx.2021-ci il tarixdə 376 manat, xx.xx.2021-ci il tarixdə 376 manat, xx.xx.2021-ci il tarixdə 376 manat, xx.xx.2021-ci il tarixdə 376 manat, xx.xx.2021-ci il tarixdə 376 manat, xx.xx.2021-ci il tarixdə 376 manat, xx.xx.2021-ci il tarixdə 376 manat, xx.xx.2021-ci il tarixdə 376 manat, xx.xx.2021-ci il tarixdə 376 manat, xx.xx.2021-ci il tarixdə 276 manat, xx.xx.2021-ci il tarixdə 276 manat, xx.xx.2021-ci il tarixdə 276 manat, xx.xx.2022-ci il tarixdə 276 manat, xx.xx.2022-ci il tarixdə 276 manat, xx.xx.2022-ci il tarixdə 276 manat olmaqla cəmi 9182.89 manat ödəniş edilmişdir. -AA ******* saylı şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1999-cu il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır. -Asan3 tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi Ramazanov küçəsi 11B saylı evdə qeydiyyatdadır. İşin məhkəmə iclasında araşdırılan hallarına əsasən, müəyyən olunmuşdur ki, tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2018-ci il təvəllüdlü X6 iddiaçının himayəsində yaşayır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra mətndə Ailə Məcəlləsi adlanacaq): 75.1. və 75.4. maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1. maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. 78.2. maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1. maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya alimenti ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh ilə İddiaçı rəsmi nikah münasibətlərindən xx.xx.2018-ci il təvəllüdlü X6 dünyaya gəlmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(012)-996/2019 saylı qətnaməsinə əsasən, Cavabdeh xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün qazancının və ya (başqa gəlirlərinin) ¼ hissəsi miqdarında və uşağın 3 yaşına çatanadək saxlanılması üçün 100 manat alimentin tutularaq İddiaçı ödənilməsi qət olunmuşdur. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qətnamə ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilərək, azyaşlının yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 500 manat sabit pul məbləğində alimentin tutulmasını məhkəmədən xahiş etmişdir. İşin hallarını araşdıraraq məhkəmə qeyd edir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, qanunun qeyd edilən tələbini rəhbər tutaraq qeyd edir ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(012)-996/2019 saylı qətnaməsi ilə tutulmuş alimentin miqdarı hazırkı gün üçün yaşayış minimumundan azdır və məlum olduğu kimi, qeyd olunan məhkəmə qətnaməsi ilə uşağın saxlanması üçün aliment tutulması qət ediləndən sonra yaşayış minimumu xeyli artmışdır. Hazırkı şəraitdə uşağın yaşını, qida və digər zəruri xərclərə tələbatını nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(012)-996/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği müəyyən edilmiş yaşayış minimumundan aşağı olduğundan uşağın saxlanması üçün yetərli hesab edilə bilməz. Eyni zamanda, məhkəmə qeyd edir ki, qanunvericilik uşağın həmin minimum dolanışıq xərcinin ödənilməsini valideynin üzərinə vəzifə kimi qoymuşdur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli qərarında qeyd edilir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Beləliklə, məhkəmə, qanunun qeyd edilən tələbini rəhbər tutub məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək, eyni zamanda, tərəflərin birgə nikahlarından olan azyaşlının mənafeyini nəzərə alaraq, iddia ərizəsinin qismən təmin edilərək, xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(012)-996/2019 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilərək, Cavabdeh İddiaçı xeyrinə hər ay 200 manat sabit pul məbləğində alimentin tutulmasını məqsədəmüvafiq hesab edir. Belə ki, məhkəmə araşdırması zamanı Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan göründüyü kimi, cavabdeh əmək fəaliyyəti ilə məşğul olmur, rəsmi əmək müqaviləsi mövcud deyildir. Bundan başqa məhkəmə qeyd edir ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Hazırki iddia tələbi isə alimentin tutulması barədə ilkin iddia deyil, alimentin artırılması barədədir. Bu səbəbdən də məhkəmə hesab edir ki, artırılmış alimentin tutulmasının vaxtı Ailə Məcəlləsinin 100.2-ci maddəsinin təsiri altına düşə bilməz. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 №-li Qərarında da məhkəmələrə tövsiyyə edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə də, məhkəmə qeyd edir ki, hazırki halda alimentin dəyişdirilmiş miqdarı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikası Milli Məclisinin 21 iyul 1992-ci il tarixli, 236 saylı Qərarı ilə Azərbaycan Respublikasının qoşulduğu, BMT-nin Baş Məclisinin 20 noyabr 1989-cu il tarixdə qəbul etdiyi «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.3. maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4 maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(012)-996/2019 saylı qətnaməsi ilə müəyyən olunan alimentin miqdarı dəyişdirilərək, xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutulsun. Alimentin dəyişdirilmiş miqdarı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar