Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-307/2024 31.01.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, X1 kаtibliyi ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ilə birgə nikahdan 15 avqust 2016-cı il tarixdə anadan olmuş Nuray və Uğur adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün Füzuli rayon məhkəməsinin qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarını artıraraq Cavabdeh bir uşağa görə 220 (iki yüz iyirmi) manat olmaqla, hər ay cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində alimentin mənim xeyrimə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdehlə 25 mart 2016-cı ildə 3 saylı Bakı ‘ASAN XİDMƏT” mərkəzi qeydiyyat şöbəsində rəsmi nikah qeyd etdirməklə ailə qurmuşdur. Cavabdehlə evli olduğu müddətdə 15 avqust 2016-cı il tarixdə Nuray və Uğur adlı əkiz uşaqları olmuşdur. Cavabdehlə bir müddət mehriban yaşamışlar, sonradan xasiyyətləri uyğun gəlmədiyindən ayrılmışlar. Nikah Füzuli rayon Məhkəməsinin 07 iyun 2022-ci il tarixli, 2(064)-681/2022 saylı qətnaməsi ilə pozulmuş, uşaqlar onun yanında saxlanılmış, cavabdehdən iki uşaq üçün hər uşağa 120 manat olmaqla, cəmi 240 manat alimentin tutulması qət edilmişdir. Hazırda məhkəmənin həmin dövrün iqtisadi şərtlərini nəzərə almaqla müəyyən etdiyi aliment məbləği uşaqların gündən-günə artan xərclərinin ödənilməsinə çatmır. O, işsiz olduğundan övladlarını tək saxlamaqda maddi cəhətdən həddindən artıq çətinlik çəkir və onların gündəlik minimum xərclərini ödəyə bilmir. Uşaqlar böyüdükcə onların xərcləri də artır. Qızı Nuray daun sindiromundan əziyyət çəkir, onun daimi müalicə və müayinəyə ehtiyacı vardır. Cavabdeh hər ay yaxşı gəlir əldə edir. Buna baxmayaraq, o, uşaqları ilə maraqlanmır, uşaqların gündən-günə artan xərclərinin ödənilməsində ona heç bir köməklik göstərmir. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Mülki iş üzrə tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan Füzuli rayon İcra Hakimiyyəti Başçısının Füzuli şəhər İƏD üzrə Nümayəndəliyinin 16 iyun 2023-cü il tarixli arayışlardan görünür ki, İddiaçı və Cavabdeh məcburi köçkün kimi ünvan 1 ünvanında məskunlaşmışlar. Məhkəmə bu arayışa əsasən hazırki iddia ərizəsini icraata götürmüşdür. Bununla belə, hazırda məhkəmə, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri, Qaradağ rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, sorğu əsasında alınmış Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin 25 yanvar 2024-cü il tarixli məktubundan görünür ki, Füzuli rayonundan məcburi köçkün İddiaçı əri Cavabdeh və iki övladı ilə Qaradaö rayonu, Müşfiqabad qəsəbəsi, 3 saylı evin 31 saylı mənzilində müvəqqəti qeydiyyatda olmaqla məskunlaşmışdır. Mülki Prosessual Məcəllənin: 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 36.3-cü maddəsinə görə alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər. 40.1. maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. 44.2.2-ci maddəsinə əsasən, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olunarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Hazırki iddia tələbindən məlum olduğu kimi mübahisə predmetini qət edilmiş aliment məbləğinin artırılması təşkil edir ki, həmin iddia tələbinə həm iddiaçının, həm də cavabdehin rəsmi qeydə alındığı ünvan üzrə məhkəmədə baxılmalıdır. Beləliklə də, hazırki iş üzrə tərəflər Bakı şəhəri, Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində müvəqqəti qeydiyyatda olduqlarından, ümumi aidiyyət qaydalarına uyğun olaraq iddia tələbi onların müvəqqəti qeydə alındıqları yerin məhkəməsində, yəni Bakı şəhəri, Qaradağ rayon Məhkəməsində baxılmalıdır. Şərh olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəllənin 44, 45, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki iş baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri, Qaradağ rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-307/2024
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-307/2024
31.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver