Məhkəmə qərarları › İş №2(012)-3084/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3084/2021

20.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3084/2021 20.10.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə mübahisələr tələbinə dair mülki işə 20 oktyabr 2021-ci il tarixdə Xırdalan şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Kreditor "xxxx" MMC borclu Cavabdeh qarşı kredit müqaviləsi üzrə mübahisələr tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 20.03.2020-ci il tarixli müqaviləyə əsasən «Hansa» markalı soba üçün 1040,4 manat ödənilməmiş hissə və ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pulun alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə əmr çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Cavabdeh 20.03.2020-ci il tarixli müqaviləyə əsasən «Hansa» markalı soba almış və nəticədə 1040,40 manat borcu yaranmışdır. O, müqavilənin şərtlərini pozmuş və alqı-satqı qiyməti 1040,40 manat olan «Hansa» markalı soba üçün 1040,40 manat borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ isə 0 manat təşkil edir. Bu səbəbdən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Abşeron Rayon Məhkəməsinin 2(012)-3084/2021 saylı 16.04.2021-ci il tarixli əmri ilə Cavabdeh 1040,40 manat əsas borc və 30 manat dövlət rüsumunun "xxxx" MMC-nin xeyrinə tutulması əmr edilmişdir. Cavabdeh 29.04.2021-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin 2(012)-3084/2021 saylı 16.04.2021-ci il tarixli əmrinə etiraz edərək, mülki işə iddia icraatı qaydasında baxılmasını məhkəmədən xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-3084/2021 saylı 07.05.2021-ci il tarixli qərardadı ilə Abşeron Rayon Məhkəməsinin 16 aprel 2021-ci il tarixli, 2(012)-3084/2021 saylı məhkəmə əmrinin ləğv edilərək, işə iddia icraatı qaydasında mahiyyəti üzrə baxılması qərara alınmışdır. Məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi X2 izahatında bildirdi ki, cavabdeh müqavilə şərtlərini pozduğuna görə, öz razılığı əsasında “HANSA BOESS69407” markalı soba geri qaytarılmışdır. “HANSA BOESS69407” markalı soba 580 manat dəyərində qiymətləndirilmiş və ümumi borcdan silinmişdir. Hal-hazırda cavabdehin qalıq borcu 460.4 manat təşkil edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, sobanı aldıqdan sonra 3-4 ay istifadə etmiş, sonra nasazlıq səbəbindən onun təmiri və ya başqa soba ilə əvəz edilməsi barədə iddiaçı təşkilata müraciət etmiş, sobanı təşkilata təhvil vermişdir. Bu səbəbdən onun həmin təşkilata hər hansı borcu yoxdur. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş materiallarında olan 20.03.2020-ci il tarixli, № 20191701 saylı müqavilədən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında müqavilə bağlanmış və Cavabdeh "xxxx" MMC-dən «Hansa» markalı sobanı qəbul etmiş və malın qiymətini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 14 oktyabr 2021-ci il tarixli məktubdan müəyyən edilir ki, Cavabdeh "xxxx" MMC-yə 20.03.2020-ci il tarixli müqaviləyə əsasən qalıq borcu 460.4 manat təşkil edir. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər ücün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri ücün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında müqavilə bağlanmasına baxmayaraq, Cavabdeh müqavilə ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən və bununla da onun əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi müəyyən edildiyindən, Cavabdeh 20.03.2020-ci il tarixli müqaviləyə görə 460.4 manat pul alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsində göstərilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki işin materiallarında olan ödəniş qəbzindən müəyyən edilir ki, "xxxx" MMC tərəfindən iddia ərizəsinin verilməsinə görə 30 manat dövlət rüsumu ödənilmişdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş 30 manat dövlət rüsumunun 20 manat məbləğində hissəsi Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 460.4 manat və dövlət rüsumu üçün 20 manat məbləğində pul vəsaiti alınaraq "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar