Məhkəmə qərarları › İş №2(012)-3101/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3101/2022

25.08.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3101/2022 25.08.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı birgə nikahdan doğulmuş uşaqların saxlanılması üçün sabit məbləğdə alimentin tutulması tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı birgə nikahdan doğulmuş 3 uşağın saxlanılması üçün ödənilən aliment miqdarının artırılması və 1 uşağın saxlanılması üçün sabit məbləğdə alimentin tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən xx.xx.2004-cü il təvəllüdlü X14, xx.xx.2006-cı il təvəllüdlü X15 və xx.xx.2008-ci il təvəllüdlü X2 üçün onlar yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan alimentin məbləğinin artırılaraq və xx.xx.2014-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdehdən tutulan alimentin məbləğinin təyin edilərək hər ay hər uşaq üçün 193 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin 14 iyul 2014-cü il tarixli 2(012)-260/2014 saylı qətnaməsi ilə tərəflər arasındakı nikah pozulmuşdur. Həmin vaxtdan başlayaraq, cavabdeh birgə nikahdan doğulmuş xx.xx.2004cü il təvəllüdlü X14, xx.xx.2006-cı il təvəllüdlü X15, xx.xx.2008-ci il təvəllüdlü X9 və xx.xx.2014-cü il təvəllüdlü X3 üçün heç bir maddi kömək göstərməmişdir. Buna görə də iddiaçı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Abşeron Rayon Məhkəməsinin 14 iyul 2014-cü il tarixli, 2(012)-260/2014 saylı qətnaməsi ilə tərəflərin birgə nikahdan doğulmuş X14, X15 və X5 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün ayda hər uşağa görə 100 manat alimentin tutularaq iddiaçıya verilməsi qət edilmişdir. X4 17, X11 15, X5 13 və X6 8 yaşı vardır. Abşeron Rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşaqların heç bir tələbatının ödənilməsinə yetmir. Uşaqlar orta məktəbdə təhsil alırlar və ona görə də məsrəfləri yetərincə artmışdır. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmayanlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2013-cü ildə hər uşaq üçün 105 manat müəyyən edilmişdir. Cavabdeh övladları ilə ümumiyyətlə maraqlanmır. Qətnamə ilə müəyyən edilən alimenti belə həmin vaxtdan bəri cavabdeh bir dəfə də olsa ödəməmişdir. Uşaqların bütün qayğısını tamamilə iddiaçı çəkir. Böyüdükcə uşaqlarda atasına qarşı ehtiyac və tələbat artsa da, cavabdeh onlara qarşı heç bir diqqət və qayğı göstərmir. Uşaqların təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq iddiaçıya çox çətindir. Buna görə də görə iddiaçı aliment məbləğinin artırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır və iddia təmin edilməlidir. Məhkəmə gedişatında İddiaçı MPM-nin 53-cü maddəsinə əsaslanmaqla, ərizə verərək birgə nikahdan doğulmuş xx.xx.2004-cü il təvəllüdlü X14, xx.xx.2006-cı il təvəllüdlü X15, xx.xx.2008-ci il təvəllüdlü X9 və xx.xx.2014-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün cavabdehdən hər ay hər uşaq üçün 193 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. O əlavə etdi ki, əvvəllər aliment işi üzrə icraata xitam verilməsi barədə ərizəni bilmədən, hüquqi savadı olmadığına görə imzalamışdır. Bu məsələdə onu qarşı tərəf aldatmışdır. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də, o, məhkəmə iclasında heç bir səbəb göstərmədən iştirak etməmişdir. MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İ 582957, AZ-İ 897926, AZ-İİİ 225701 və AZ-İİİ 367189 saylı doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2004-cü il təvəllüdlü X14, xx.xx.2006-cı il təvəllüdlü X15, xx.xx.2008-ci il təvəllüdlü X9 və xx.xx.2014-cü il təvəllüdlü X12 adlı uşaqlar olmuşdur. İşdə olan nikahın pozulması haqqında AZ-İ 216827 saylı şəhadətnamənin surətindən görünür ki, X13 ilə Cavabdeh nikahının pozulması aktı 07 mart 2015-ci il tarixdə qeydə alınmışdır. Nikah pozulduqdan sonra arvada Umuxanova soyadı verilmişdir. İşdə olan Abşeron Rayon Məhkəməsinin 14 iyul 2014-cü il tarixli 2(012)-260/2014 saylı qətnaməsindən görünür ki, iddia təmin edilmiş, Cavabdeh ilə Səlimova (Umuxanova) Xatirə Şahmir qızı arasında Səadət Sarayında 15 sentyabr 2003-cü il tarixdə bağlanmış və 1889 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuş, 27 oktyabr 2004-cü il təvəllüdlü X14, 22 noyabr 2006-cı il təvəllüdlü X15, 30 iyun 2008-ci il təvəllüdlü X5 anaları X7 yanında qalması müəyyən edilmiş, uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh 17 dekabr 2013-cü il tarixdən başlayaraq hər ay, hər uşağa 100 manat olmaqla, 300 manat sabit məbləğdə alimentin alınaraq X8 verilməsi qət edilmişdir. İşdə olan Abşeron rayon İcra Şöbəsinin xx.xx.2019-cu il tarixli qərarından görünür ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(012)-260/2014 saylı icra sənədi üzrə icraata tələbkar X7 ərizəsinə əsasən xitam verilmişdir. Birləşmiş Millətlər Təşkilatının "Uşaq hüquqları haqqında" 22 noyabr 1989-cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir. İştirakçı dövlətlər uşağın valideynlərinin hüquq və vəzifələrini nəzərə alaraq, uşağı onun üçün zəruri olan müdafıə və qayğı ilə təmin etməyi öhdələrinə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. “Uşaq hüquqları haqqında” Qanunun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) muəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. "Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlara görə 193 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə” dair 27 iyul 2016-cı il tarixli Qərarında göstərilir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi - yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. İşdən görünür ki, tərəflərin nikahı pozulduqdan sonra 27 oktyabr 2004-cü il təvəllüdlü X14, 22 noyabr 2006-cı il təvəllüdlü X15 və 30 iyun 2008-ci il təvəllüdlü X1 üçün cavabdehdən məhkəmə qətnaməsinə əsasən alimentin tutulması qət edilsə də, bu qətnaməyə əsasən verilmiş icra sənədi üzrə icraat İddiaçı ərizəsinə əsasən xx.xx.2019-cu ildə xitam olunmuşdur. Yəni iş materialları ilə müəyyən olunur ki, birgə nikahdan doğulmuş 4 uşaq hazırda analarının himayəsindədirlər və onların saxlanılması üçün cavabdeh iddiaçıya heç bir maddi yardım göstərmir. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə almaqla hesab edir ki, uşaqların saxlanması hər iki valideynin vəzifəsi olduğundan və onların saxlanması ilə bağlı valideynlər bərabər hüquq və vəzifələrə malik olduqlarından onların saxlanması üçün cavabdehdən sabit pul məbləğində aliment tutulmalıdır. Tutulan alimentin miqdarı müəyyən edilərkən tərəflərin maddi vəziyyəti, uşaqların mənafeyi nəzərə alınmalı və uşağın normal şəraitdə yaşamasının təmin edilməsi və fiziki cəhətdən sağlam inkişafı üçün cavabdehdən hər ay hər uşağa görə 150 manat olmaqla, cəmi 600 manat sabit pul məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalıdır. İş materiallarından görünür ki, İddiaçı hazırki iddia ərizəsini məhkəməyə xx.xx.2022ci il tarixdə təqdim etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, alimentin tutulması xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2004-cü il təvəllüdlü X14, xx.xx.2006-cı il təvəllüdlü X15, xx.xx.2008-ci il təvəllüdlü X9 və xx.xx.2014-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün cavabdehdən hər ay hər uşaq üçün 150 manat olmaqla, ümumilikdə 600 manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə xx.xx.2004-cü il təvəllüdlü X14, xx.xx.2006-cı il təvəllüdlü X15, xx.xx.2008-ci il təvəllüdlü X9 və xx.xx.2014-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 150 manat olmaqla, ümumilikdə 600 manat sabit pul məbləğində aliment tutulsun. Qətnamə dərhal icra edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar