Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3103/2021 27.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Dostiyeva Aytac Nazim qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh 24.01.2020-ci il tarixli müqaviləyə əsasən LG markalı qabyuyan üçün 1175 manat ödənilməmiş hissə, 337 manat cərimə və 13.02.2020-ci il tarixli müqaviləyə əsasən LG LED markalı televizor üçün 1804,8 manat ödənilməmiş hissə, 363,4 manat cərimə olmaqla, ümumilikdə 3680,2 manat borcun və ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pulun alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC iddia ərizəsində bildirmişdir ki, Cavabdeh 24.01.2020-ci il və 13.02.2020-ci il tarixli müqavilələrə əsasən LG markalı qabyuyan, LG LED markalı televizor almış və nəticədə 3680,2 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və 24.01.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1500 manat olan LG markalı qabyuyan üçün 1175 manat ödənilməmiş hissə, 337 manat cərimə olmaqla cəmi 1512 manat borcu yaranmışdır. 13.02.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1990,80 manat olan LG LED markalı televizor üçün 1804,8 manat ödənilməmiş hissə, 363,4 manat cərimə olmaqla, cəmi 2168,20 manat borcu yaranmışdır. Cavabdehin ümumi olaraq 3680,2 manat borcu yaranmışdır. Onun cəmi ödədiyi məbləğ isə ümumi 511 manat təşkil edir. Bunlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi X2 iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materiallarında olan 24.01.2020-ci il tarixli, 20057071 saylı müqavilədən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında müqavilə bağlanmış və Cavabdeh "xxxx" MMC-dən LG markalı qabyuyanı qəbul etmiş və malın qiymətini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Eyni şəkildə 13.02.2020-ci il tarixli, 20097869 saylı müqavilədən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında müqavilə bağlanmış və Cavabdeh "xxxx" MMC-dən LG LED markalı televizoru qəbul etmiş və malın qiymətini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 26 mart 2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-yə 24.01.2020-ci il tarixli müqaviləyə əsasən LG markalı qabyuyan üçün 1175 manat ödənilməmiş hissə, 337 manat cərimə olmaqla, cəmi 1512 manat borcu vardır. Həmin maliyyə və ödəniş cədvəlindən görünür ki, onun "xxxx" MMC-yə 13.02.2020-ci il tarixli müqaviləyə əsasən LG LED markalı televizor üçün 1804,8 manat ödənilməmiş hissə, 363,4 manat cərimə olmaqla, cəmi 2168,20 manat borcu vardır. Cavabdehin bütün mallar üçün cəmi 3680,2 manat borcu vardır. İş materiallarında olan cavabdeh tərəfindən hazırlıq iclasında təqdim edilən ərizədən görünür ki, cavabdeh iddianı qəbul edir və iddianın təmin edilməsinə etiraz etmir. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər ücün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri ücün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər həmin Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 24.01.2020-ci il tarixli müqavilə üzrə hesablanmış 337 manat cərimənin məbləği azaldılmalı və 15 manat müəyyən edilməlidir. 13.02.2020-ci il tarixli müqavilə üzrə hesablanmış 363,4 manat cərimənin məbləği azaldılmalı və 18 manat müəyyən edilməlidir. Hər iki müqavilə üzrə ümumilikdə 33 manat cərimə müəyyən edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında müqavilə bağlanmasına baxmayaraq, Cavabdeh müqavilə ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən və bununla da onun əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi müəyyən edildiyindən, Cavabdeh 24.01.2020-ci il tarixli müqaviləyə əsasən LG markalı qabyuyan üçün 1175 manat ödənilməmiş hissə, 15 manat cərimə, 13.02.2020-ci il tarixli müqaviləyə əsasən LG LED markalı televizor üçün 1804,8 manat ödənilməmiş hissə, 18 manat cərimə olmaqla, ümumilikdə 3012,80 manat pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, 30 manat dövlət rüsumunun 20 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 24.01.2020-ci il tarixli müqaviləyə əsasən LG markalı qabyuyan üçün 1175 (min yüz yetmiş beş) manat ödənilməmiş hissə, 15 (on beş) manat cərimə, 13.02.2020-ci il tarixli müqaviləyə əsasən LG LED markalı televizor üçün 1804,8 (min səkkiz yüz dörd manat 80 qəpik) manat ödənilməmiş hissə, 18 (on səkkiz) manat cərimə olmaqla, ümumilikdə 3012,80 (üç min on iki manat 80 qəpik) manat pul və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun əvəzi tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-3103/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3103/2021
27.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver