Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3125/2021 13.07.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Abbas-zadə Rəhim İsaq oğlunun, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1100 (min yüz) manat məbləğində pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Abbas-zadə Rəhim İsaq oğlu iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, İddiaçı Sumqayıt şəhəri 12-ci mikrorayonda yaşayan qızı X1 mətbəx mebeli axtararkən sosial şəbəkədə mətbəx mebelinin hazırlanması barədə yerləşdirilmiş elanla rastlaşmışdır. Elanda yerləşdirilən telefon nömrəsi ilə əlaqə saxlamış və qızının yaşadığı ünvanı bildirmişdir. Bundan sonra həmin nömrənin sahibi olan Nurlan qızının yaşadığı ünvana gedərək mebel üçün ölçüləri götürmüş və 1700 manata mebeli hazırlamağa razılaşmışlar. İlkin olaraq iddiaçının kürəkəni Anar mebelin pulundan Nurlana 700 manat pul vermişdir. Razılığa görə 3-4 günə mebel gətirilib quraşdırılmalı idi. Lakin qeyd edilən müddətdə mebel gətirilib quraşdırılmamışdır. Nurlan bildirmişdir ki, usta hərbi xidmətə getmişdir. Yenidən Nurlan başqa usta ilə gəlib ölçüləri götürmüş və 400 manat da əlavə pul almışdır. Nurlan 1-ci dəfə olduğu kimi yenə şərtləşdikləri kimi 3-4 günə mebeli gətirməmiş və Allahverdi adlandırdığı ustanı tapa bilmədiyini bildirmişdir. Beləliklə, iddiaçı aldadıldığını hiss etdikdən sonra 1100 manat pulun geri qaytarılmasını xahiş etmişdir. Buna baxmayaraq cavabdeh müxtəlif bəhanələr gətirərək pulu verməkdən boyun qaçırmışdır. İddiaçı pulu ala bilmədiyinə görə Sumqayıt şəhər Polis bölməsinin 1-ci polis bölməsinə dələduzluq faktı ilə bağlı müraciət edərək Cavabdeh barəsində müvafiq tədbirlər görülməsini və aldığı 1100 manat pulun ondan alınaraq qaytarılmasını xahiş etmişdir. Şikayətə 1-ci polis bölməsində baxılaraq 04 dekabr 2020-ci il tarixli cinayət işinin rədd edilməsi barədə qərar qəbul edilmiş və mübahisə mülki xarakterli olduğuna görə məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul etdiyini bildirərək göstərdi ki, o, iddiaçı ilə əldə olunmuş razılığa əsasən 1100 manat pul vəsaitinin ödənilməsi qarşılığında mebel sifarişini yerinə yetirməli və müəyyən edilmiş müddət ərzində həmin mebeli iddiaçıya təhvil verməli idi. Lakin onun razılaşdığı digər mebel ustası hərbi xidmətə getdiyindən mebelin çatdırılması müddəti uzanmışdır. Bu səbəbdən hazırda iddiaçının iddia tələblərini 700 manat pulun tutulması hissəsində qəbul edir. Belə ki, o, iddiaçının tələb etdiyi 1100 manat puldan 400 manat pulu ona qaytarmışdır. Ona görə də iddia ərizəsinin qismən təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə proses iştirakçılarının izahatlarını, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin 04.12.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış materiallar üzrə cinayət işinin başlanılmasının rədd edilməsi, qərar barədə müraciət müəllifinə rəsmi məlumatın göndərilməsi və ona Cavabdeh ilə aralarında olan mübahisəli vəziyyət mülkü xarakterli olduğundan həmin məsələ ilə bağlı məhkəməyə müraciət etmək hüququnun olmasının izah edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Beləliklə, məhkəmə tərəflərin izahatlarını, cavabdehin iddianı qismən etirafını və işin konkret hallarını nəzərə alaraq hesab edir ki, Cavabdeh 700 manat məbləğində pul vəsaitinin tutulması hissəsində iddia tələbi sübuta yetirildiyi və təsdiq olunduğu üçün təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və İddiaçı xeyrinə Cavabdeh 700 manat məbləğində pul vəsaiti tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 700 (yeddi yüz) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-3125/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3125/2021
13.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver