Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3131/2023 13.09.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun hüquqlarının bərpa edilməsi və 1000 manat pulun cavabdehdən alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, o, Abşeron rayon Masazır kəndində fərdi sahibkarlığla məşğul olur və plastik qapı-pəncərə düzəltməklə ailəmi dolandırır. Təxminən 1 il bundan qabaq Cavabdeh şəxs yaxınlaşıb ona sifariş vermişdir. O, 1000 manat dəyərində razılaşma əsasında cavabdeh üçün iş görmüşdür. Cavabdeh ona 10 gün müddətə pulları ödəyəcəyini bildirmişdir. Cavabdehlə olan bütün danışıqlarını razılıq əsasında telefona yazmışlar. Bir müddətdən sonra cavabdeh ona pul verməkdən imtina etmiş və hara istəsə müraciət edə biləcəyini demişdir. Bu səbəbdən o, Abşeron rayon polis idarəsinə müraciət etmişdir. Araşdırmanı sahə müvəkilli mayor Hüseynov Samirə tapşırmışlar. Uzun müddət Hüseynov Samir araşdırma apardığını və ona kömək edəcəyini bildirsə də nəticə alınmamışdır. Əslində cavabdeh ona qarşı dələduzluq etmiş və onun haqqını mənimsəmişdir. Onu da qeyd edir ki, o, qaçqın və şəhid ailəsidir. Qeyd edilənlərə əsasən, o, iddianın təmin edilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə həmin maddəyə əsaslanaraq və iddiaçının mülki işə qiyabi icraat qaydasında baxılması barədə ərizəsini nəzərə alaraq işə qiyabi icraat qaydasında baxılmasını məqsədə müvafiq hesab edir. İş materiallarında olan Abşeron RPİ-nin İTŞ-də Cavabdeh tərəfindən yazılmış və imzalanmış izahatda Cavabdeh göstərmişdir ki, 6 ay bundan əvvəl Vəli adlı ustaya Masazır kəndində plastik pəncərə hazırlatmış və Novxanı kəndində evə quraşdırmışdır. Vəliyə 825 manat borcu vardır. Onun işi məhkəmədə olduğu üçün Vəlinin pulunu verə bilməmişdir. 10 aprel 2023-cü il tarixədək Vəliyə olan borcunu ödəyəcəkdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Abşeron RPİ-nin İTŞ-də Cavabdeh tərəfindən yazılmış və imzalanmış izahatdan göründüyü kimi Cavabdeh İddiaçı 825 manat məbləğində borcu olduğunu etiraf etmişdir. Lakin cavabdeh hələ də iddiaçıya olan borcunu qaytarmamışdır. Belə olan təqdirdə məhkəmə hesab edir ki, Cavabdeh 825 manat pul tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikasının MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 825 manat pul tutularaq İddiaçı verilsin. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Abşeron Rayon Məhkəməsinə ərizə verməyə haqlıdır. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-3131/2023
Abşeron Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(012)-3131/2023
13.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver