Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3135/2021 13.07.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, İddiaçı AccessBank QSC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı AccessBank QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı AccessBank QSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı X3 Cəmiyyətinin xeyrinə 2820.5 manat əsas, 702.08 manat faiz və 1194.82 manat cərimə olmaqla cəmi 4717.40 manat borcun, ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı AccessBank QSC-nin nümayəndəsi X2 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Cavabdeh1 AccessBank QSC ilə bağladığı 19.03.2009-cu il tarixli 10L000000627 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 20000 ABŞ dolları kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Tərəflərin imzaladıqları 27.09.2017-ci il tarixli 10L000000627S saylı sazişə əsasən kredit xətti müqaviləsinin müddəti 222 ay, məbləği 50000 ABŞ dolları müəyyən edilmişdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 AccessBank QSC ilə bağladığı 05.09.2018-ci il tarixli 056R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 5000 manat kredit götürmüşdür. Tərəflərin imzaladıqları 07.08.2019-cu il tarixli 056R**********S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 20.02.2020-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 2179.5 manat ödəmiş, onun 2820.5 manat kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən, Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 12.02.2021-ci il tarixə 358 gün üçün hesablanmış faiz borcu 702.08 manat təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidir. 12.02.2021-ci il tarixə 358 gün üçün hesablanmış cərimə 1194.82 manat təşkil edir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür.Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, onun izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayıb, iddia ərizəsinin dəlillərini nəzərə alaraq hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Mülki Prosessual Məcəllənin:
88. maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -AccessBank QSC ilə Cavabdeh1 arasında bağlanmış 19.03.2009-cu il tarixli, 10L000000627 saylı kredit xətti müqaviləsindən görünür ki, cavabdehə 120 ay müddətinə, 20 000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. -AccessBank QSC ilə Cavabdeh1 arasında bağlanmış kredit xətti müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında 27.09.2017-ci il tarixli 10L000000627S saylı sazişdən görünür ki, bank tərəflər kredit xətti müqaviləsinin bəndlərinə aşağıdakı 1.1, 1.2 və 1.3-cü bəndlərindəki aşağıdakı dəyişiklik və əlavələr edilməsi barədə razılığa gəlmişlər. Bank bu müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün kredit alana 50 000 ABŞ dolları kredit xətti müqaviləsini açır. Kredit xətti bu müqavilə üzrə və onun qüvvədə olduğu müddətdə istənilən zaman kredit alanın bank qarşısında faizlər nəzərə alınmadan maksimum borclanma həddidir. Kreditlər tərəflər arasında “kredit razılaşması”, “bank qarantiyası verilməsi haqqında müqavilə” və “akkreditiv açılması üçün razılaşma” formasında bağlanacaq ayrıca razılaşmalar əsasında veriləcək. Bu müqavilə bankın kredit vermə vədini ifadə etmir. Bu müqavilə və kredit razılaşmaları əsasında istənilən məbləğ 222 ay müddətinə 19 sentyabr 2027-ci il tarixdən gec olmayaraq verilməlidir. Verilən hər bir kredit məbləğli, faiz dərəcəsi, müddəti, məqsədi və digər şərtləri hər dəfə tərəflər arasından bağlanan və bu müqavilənin ayrılmaz hissəsi olan kredit razılaşmaları ilə müəyyən edilir. -Borcverən AccessBank QSC ilə borcalan Cavabdeh1 arasında bağlanmış 05.09.2018-ci il tarixli 056R********** saylı kredit razılaşmasından müəyyən olunur ki, bank borcalana bu müqavilənin şərtlərinə uyğun olaraq aylıq faiz dərəcəsi 2,1667 % olmaqla 07.10.2019-cu il tarixdən 07.09.2020-ci il tarixədək aylıq faiz dərəcəsi 2 faiz olmaqla 24 ay müddətinə qaytarmaq şərti ilə 5000 manat kredit verməyi öhdəsinə götürmüşdür. -19.03.2009-cu il tarixli, 10L000000627 saylı kredit xətti müqaviləsi üzrə ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 ona verilmiş kredit üzrə əsas və faiz borclarını 05.10.2018-ci il tarixdən başlayaraq, 07.09.2020-ci il tarixədək, 5000 manat əsas, 1466.17 manat faiz borcu olmaqla, 6466.17 manat ümumi borc məbləğindən hər ay banka 269 manat (sonuncu ay 279.17 manat) ödəməklə qaytarmalıdır. -Kreditin verilməsi-köçürmə barədə 09.05.2018-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh1 5000 manat kredit məbləğini X3 Cəmiyyətindən imza edərək qəbul etmişdir. -05.09.2018-ci il tarixli 056R********** saylı kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilməsi haqqında 07.08.2019-cu il tarixli 056R**********S nömrəli Sazişdən görünür ki, bank ilə kreditalan arasında 19.03.2009-cu il tarixli, 10L000000627 saylı kredit xətti müqaviləsi üzrə 05.09.2018-ci il tarixdə bağlanmış 056R********** saylı kredit razılaşması (“kredit razılaşması”) əsasında kredit alan, kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faziləri bu sazişə əlavə olunan 07.08.2019-cu il tarixli ödəniş planına uyğun olaraq banka ödəməlidir. -19.03.2009-cu il tarixli, 10L000000627 saylı kredit xətti müqaviləsi üzrə ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 ona verilmiş kredit üzrə əsas və faiz borclarını 20.08.2019-cu il tarixdən başlayaraq, 22.09.2020-ci il tarixədək, 3359.58 manat əsas, 624.05 manat faiz borcu olmaqla, 4211.57 manat ümumi borc məbləğindən hər ay banka 385 manat (sonuncu ay 616.57 manat) ödəməklə qaytarmalıdır. -AccessBank QSC ilə Cavabdeh2 arasında bağlanmış 27.09.2017-ci il tarixli 056S**********02 saylı zaminlik müqaviləsindən görünür ki, zamin zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamailə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüş və borclu ilə bank qarşısında birgə məsuliyyət daşımalıdır. -AccessBank QSC-nin 26.05.2021-ci il tarixli hesabdan çıxarışından görünür ki, borclu 21.01.2020-ci il tarixdə sonuncu ödəniş olaraq 87.95 manat ödəniş etmişdir. -AccessBank QSC-nin 08.04.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 AccessBank QSC-yə 05.09.2018-ci il tarixli 056R**********S saylı kredit razılaşması üzrə 12.02.2021-ci il tarixinə 2820.5 manat əsas, 702.08 manat faiz və 1194.82 manat cərimə olmaqla, cəmi 4717.40.94 manat borcu var, cərimə hesablanmış gecikdirilən günlərin sayı 358 gün təşkil edir. -22.01.2021-ci il tarixli 1701 və 1702 saylı xəbərdarlıq məktublarından və xəbərnamələrdən görünür ki, AccessBank QSC tərəfindən birgə borclular Cavabdeh1 və Cavabdeh2 kredit müqaviləsi üzrə borc 31.01.2021-ci il tarixinədək ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. -Kommersiya qurumlarının Dövlət Reyestri haqqında məlumatdan görünür ki, X3 Cəmiyyəti – adlı quruma, VÖEN ********* hüquqi ünvanı ünvan 1-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Məhkəmə tələb ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə adlanacaq) ; 425.1. maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
739. maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İş materiallarından da göründüyü kimi borcalan Cavabdeh1 bank ilə bağladığı kredit müqaviləsi və sazişlərə əsasən kredit götürmüş və həmin məbləğin faizləri ilə birlikdə müqavilə ilə müəyyən olunmuş müddətdə banka qaytarmağı öhdəsinə götürmüşdür. Mülki Məcəllənin: 385.1. maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
442. maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
445. maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. İddiaçının nümayəndəsinin izahatı tədqiq edilmiş sənədlərlə əlaqəli şəkildə araşdırılaraq məhkəmə hesab edir ki, borcalan Cavabdeh1 bank qarşısında yaranmış kredit öhdəliyinin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxs, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Sadalanan maddi hüquq normasının tələblərinə əsasən məhkəmə hesab edir ki, Cavabdeh2 bank qarşısında digər Cavabdeh1 ilə birlikdə eyni həcmdə birgə məsuliyyət daşıyır. Məhkəmə iclasında iddia ərizəsi, iddiaçının nümayəndəsinin izahatı və digər sənədlərlə müəyyən edilmişdir ki, Cavabdeh1 Banka 07.08.2019-cu il tarixli, 056R**********S saylı kredit razılaşması üzrə 12.02.2021-ci il tarixinə cərimə borcu 1194.82 manat təşkil edir. Eyni zamanda, Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İstinad edilən maddi hüquq normalarının tələbləri baxımından məhkəmə qeyd edir ki, əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu gəlir kimi çıxış edə bilməz. Belə ki, dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə zidd olardı. Ona görə də məhkəmə 2820.5 manat əsas borc üzrə hesablanmış 1194.82 manat məbləğində dəbbənin azaldılaraq, 200 manat məbləğində müəyyən edilməsini qanuni, əsaslı və ədalətli olmaqla, həm də iddiaçı təşkilatın əmlak mənafelərinə, həmçinin cavabdehin maddi, əmlak vəziyyətinə uyğun hesab edir. Beləliklə, məhkəmə işin faktiki hallarına qiymət verərək və qeyd olunan maddi hüquq normalarına əsaslanaraq hesab edir ki, Cavabdeh1 aldığı krediti faizlərlə birlikdə vaxtında və lazımı qaydada qaytarmamış, zamin Cavabdeh2 isə borclunun əvəzinə hər hansı ödəniş etməyərək kredit və zaminlik müqaviləsindən irəli gələn öhdəlikləri yerinə yetirməmişdir. Ona görə də, məhkəmə kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazimi qaydada yerinə yetirməyən birgə borclulardan iddiaçı AccessBank QSC-nin xeyrinə 07.08.2019-cu il tarixli, 056R**********S saylı kredit razılaşması üzrə 2820.5 manat əsas, 702.08 manat faiz və 200 manat cərimə borcu olmaqla, cəmi 3722.58 manat borcun müştərək qaydada tutulmasını məqsədəuyğun hesab edib iddia ərizəsinin qismən təmin edilməsi qərarına gəlir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq cavabdeh şəxslərə aid edilməli, iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi cavabdehlərdən iddiaçının xeyrinə müştərək qaydada tutulmalıdır. Mülki Prosessual Məcəllənin; 14.2. maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 220.5. maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
İddia ərizəsi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 07.08.2019-cu il tarixli, 056R**********S saylı kredit razılaşması üzrə 2820.5 (iki min səkkiz yüz iyirmi manat əlli qəpik) manat əsas, 702.08 (yeddi yüz iki manat səkkiz qəpik) manat faiz və 200 (iki yüz) manat cərimə borcu olmaqla, cəmi 3722,58 (üç min yeddi yüz iyirmi iki manat əlli səkkiz qəpik) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu iddiaçı AccessBank QSCnin xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Habil Əhmədov