Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3165/2021 24.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment məbləğinin artırılması və müalicə xərcinə görə pulun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment məbləğinin artırılması və müalicə xərcinə görə pulun tutulması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ilə birgə nikahlarından olan 26.07.2013-cü il təvəllüdlü X1 üçün müəyyən olunan alimentin miqdarının artırılaraq hər ay 175 manat sabit pul məbləğində alimentin Cavabdeh onun xeyrinə tutulması və 26.07.2013-cü il təvəllüdlü X3 Ağ dəniz qızdırması (FMF) Amiloidoz xəstəliyindən əziyyət çəkdiyi üçün əlavə olaraq 200 manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırmışdır ki, Abşeron rayon Məhkəməsinin 2(012)-2364/2019 saylı 11.06.2019-cu il tarixli qətnaməsinə əsasən İsmayıllı rayon Məhkəməsinin 13.10.2017-ci il tarixli 2(037)-1016/2017 saylı qətnaməsi ilə müəyyən olunan alimentin miqdarı dəyişdirilərək, 26.07.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh onun xeyrinə hər ay üçün 160 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Qızı Yağmur milyonda bir görünən nadir xəstəlikdən əziyyət çəkir. Bu barədə arayışı iddia ərizəsinə də əlavə etmişdir. 2013-cü il təvəllüdlü Yağmur Ağ dəniz qızdırması (FMF) Amiloidoz xəstəliyindən əziyyət çəkir. Qızının daim qəbul etdiyi dərmanlar və vurdurduğu iynələri vardır. Həmin qəbul etdiyi dərmanlardan biri gecikdiyi halda qızının vəziyyəti ağırlaşır və xəstəlik ağır fəsad törədir. Qızının bu xəstəlikdən əziyyət çəkdiyini bilən ata isə heç bir şey etmir. Yalnız bir ata kimi gördüyü iş qətnamə ilə təyin edilmiş alimenti ödəməkdir. Bircə dəfə də olsun övladının nə səhhəti nə də ki, digər tələbatları ilə maraqlanmışdır. Cavabdehdən qızının xəstəliyi ilə əlaqədar müalicə alması və dərmanları üçün pul tələb etdikdə, cavabdeh ona qətnamə ilə qət edilmiş aliment məbləğini ödəyəcəyini bildirmişdir. O, çarəsiz bir ana kimi uşağının müalicəsi ilə bağlı onun xeyrinə iddia tələbinin təmin edilməsini xahiş edir. Abşeron rayonu Xırdalan şəhəri Koroğlu küçəsində yerləşən evdə o, qızı, yaşlı və xəstə anası ilə birlikdə kirayə yaşayır. Şəkərli diabet xəstəsi olan anası da onun himayəsindədir və həkim nəzarətində müalicə olunur. Maddi cəhətdən o, əziyyət çəkdiyi üçün və qızının maddi xərclərini ödəyə bilmədiyi üçün alimentin artırılmasını və qızının xəstəliyindən ötrü cavabdehdən əlavə pulun tutulmasını xahiş edir. Yağmurun qəbul etdiyi dərmanlar olduqca bahadır və hər aptekdə tapılmır, bəzi dərmanlarını ölkə xaricindən sifariş edərək gətizdirmək məcburiyyətində qalır. Qızının qida, geyim kimi maddi ehtiyacları ilə yanaşı azyaşlının müalicə xərclərinə də (həkim yoxlanışları, dərman vasitələrinin alınması) əlavə olaraq 400-500 manat məbləğində pul sərf edir. Bir ata kimi cavabdehin də onunla bərabər qızının xəstəliyi üçün ona maddi yardım etməsini zəruri hesab edir. Ona görə də hazırki iddia tələbi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin iş yeri barəsində rəsmi məlumatı yoxdur. Odur ki, göstərilənləri nəzərə alaraq məhkəmədən iddiasının təmin olunmasını xahiş edir. Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, o, iddiaçı X8 ilə 08.04.2012-ci il tarixdə nikaha daxil olmuş, birgə nikahlarından 26.07.2013-cü il tarixli X7 anadan olmuşdur. Münasibətləri korlandığından İsmayıllı rayon Məhkəməsinin 23.09.2017-ci il tarixli 2(037)-1016/2017 saylı qətnaməsinə əsasən nikahları pozulmuşdur. Hazırda işləmədiyindən və maddi çətinliyi olduğundan iddiaçının iddia tələbində tələb etdiyi aliment və müalicə xərclərini ödəmək iqtidarında deyildir. Ona görə də göstərilənlərə əsasən iddianın təmin edilməməsini məhkəmədən xahiş edir. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarını və işin faktiki hallarını hərtərəfli araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -AA № ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1991ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır. -DİN-in BPQMİ-nin Maps şöbəsi tərəfindən 15.04.2021-ci il tarixdə verilmiş arayışdan görünür ki, Cavabdeh Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti ünvanında qeydiyyatdadır. - Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən 03.08.2013-cü il tarixdə verilmiş AZ-İİİ 144931 №-li doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X7 26.07.2013-cü ildə Bakı şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 1518 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası Cavabdeh, anası X6r. -İsmayıllı rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 29.04.2019-cu il tarixli AZ-İ № 317661 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Cavabdeh ilə X5 nikahı ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 81 nömrəsi ilə qeyd edilmiş, nikah ləğv olunandan sonra qadına Əzizzadə soyadı verilmişdir. Güven Klinika tərəfindən verilmiş 05.04.2021-ci il tarixli 131 saylı arayışdan görünür ki, X2 müraciət edərək həkim, laboratoriya, ultrasəs, EKQ, EXKQ, doppler və KT müayinəsindən keçmiş və ailəvi Ağ dəniz qızdırması (FMF) Amiloidoz diaqnozu təyin edilmişdir. -Abşeron rayon Məhkəməsinin 11.06.2019-cu il tarixli 2(012)-2364/2019 saylı qətnaməsindən görünür ki, iddia təmin edilmiş, İsmayıllı rayon Məhkəməsinin 13.10.2017ci il tarixli, 2(037)-1016/2017 saylı qətnaməsi ilə müəyyən olunan alimentin miqdarı dəyişdirilərək, 26.07.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh iddiaçı X5 xeyrinə hər ay üçün 160 (yüz altmış) manat sabit pul məbləğində alimentin tutulması, alimentin dəyişdirilmiş miqdarının qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulması qət edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 75.1. və 75.4. maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1. maddəsinin tələbində göstərilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. 78.2. maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Eyni zamanda, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1. maddəsinin tələbində göstərilir ki, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya alimenti ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, tərəflərin birgə nikahlarından 26.07.2013-cü il təvəllüdlü X7 anadan olmuş, İsmayıllı rayon Məhkəməsinin 13.10.2017-ci il tarixli, 2(037)-1016/2017 saylı qətnaməsinə əsasən tərəflərin nikahı pozulmuş, azyaşlının anasının himayəsində saxlanılması və onun yetkinlik yaşına çatanadək hər ay 135 manat məbləğində alimentin tutulması qət edilmişdir. Abşeron rayon Məhkəməsinin 11.06.2019-cu il tarixli 2(012)-2364/2019 saylı qətnaməsinə əsasən isə İsmayıllı rayon Məhkəməsinin 13.10.2017-ci il tarixli, 2(037)-1016/2017 saylı qətnaməsi ilə azyaşlının saxlanılması üçün müəyyən olunan alimentin miqdarı dəyişdirilərək 160 manat məbləğində təyin edilmişdir. Hazırda, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yetkinlik yaşına çatmayan 26.07.2013-cü il təvəllüdlü X1 üçün Cavabdeh tutulan alimentin məbləği artırılaraq hər ay 175 manat sabit pul məbləğinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İşin hallarını araşdıraraq məhkəmə qeyd edir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, qanunun qeyd edilən tələbini rəhbər tutaraq qeyd edir ki, Abşeron rayon Məhkəməsinin 11.06.2019-cu il tarixli 2(012)-2364/2019 saylı qətnaməsi ilə tutulmuş alimentin miqdarı olan 160 manat hazırkı gün üçün yaşayış minimumundan azdır və məlum olduğu kimi qeyd olunan məhkəmə qətnaməsi ilə uşağın saxlanması üçün 160 manat aliment tutulması qət ediləndən sonra yaşayış minimumu xeyli artmışdır. Hazırkı şəraitdə azyaşlının yaşını, qida və digər zəruri xərclərə tələbatını nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, 160 manat aliment məbləği müəyyən edilmiş yaşayış minimumundan aşağı olduğundan uşağın saxlanması üçün yetərli hesab edilə bilməz. Eyni zamanda məhkəmə qeyd edir ki, cavabdehin əmək fəaliyyəti ilə məşğul olmaması onun iddiaçı ilə birgə nikahlarından olan uşağın saxlanılması üçün müəyyən olunmuş aliment məbləğini ödəmək vəzifəsindən azad etmir. Belə ki, Qanunvericilik uşağın həmin minimum dolanışıq xərcinin ödənilməsini valideynin üzərinə vəzifə kimi qoymuşdur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli qərarında qeyd edilir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Beləliklə, məhkəmə, qanunun qeyd edilən tələbini rəhbər tutub məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək, həmçinin, tərəflərin birgə nikahından olan uşağın mənafeyini nəzərə alaraq, 26.07.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Abşeron rayon Məhkəməsinin 11.06.2019-cu il tarixli 2(012)-2364/2019 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilərək, Cavabdeh 26.07.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı xeyrinə hər ay 175 manat sabit pul məbləğində alimentin tutulmasını məqsədəmüvafiq hesab edir. Bundan başqa məhkəmə qeyd edir ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Hazırki iddia tələbi isə alimentin tutulması barədə ilkin iddia deyil, alimentin artırılması barədədir. Bu səbəbdən də məhkəmə hesab edir ki, artırılmış alimentin tutulmasının vaxtı Ailə Məcəlləsinin 100.2-ci maddəsinin təsiri altına düşə bilməz. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 №-li Qərarında da məhkəmələrə tövsiyyə edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə də, məhkəmə qeyd edir ki, hazırki halda alimentin dəyişdirilmiş miqdarı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulmalıdır. Məhkəmə İddiaçı 26.07.2013-cü il təvəllüdlü X3 Ağ dəniz qızdırması (FMF) Amiloidoz xəstəliyinin müalicəsi ilə bağlı cavabdehdən əlavə olaraq hər ay 200 manat pul vəsaitinin tutulmasına dair iddia tələbi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1. Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Qərarında göstərilmişdir ki, Ailə Məcəlləsinin 81-ci maddəsində valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakı nəzərdə tutulur. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və s.) bağlı yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Qeyd olunan maddədə valideynlərin aliment öhdəlikləri ilə əlavə xərclərdə iştirakları fərqləndirilir. Aliment öhdəliklərinin əsasını valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsi təşkil etdiyi halda, yetkinlik yaşına çatmış övladlarına münasibətdə valideynlərin əlavə xərclərdə iştirakının əsasını isə Ailə Məcəlləsinin 81.1-ci maddəsində müəyyən edilmiş hallar təşkil edir. Bu hallara övladın ağır xəstə, şikəst olması, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətlər və s. daxildir. Göründüyü kimi, Ailə Məcəlləsində əlavə xərclərin ödənilməsinin halları dəqiq müəyyən edilməmişdir. Lakin məhkəmənin müstəsna hesab etdiyi digər hallarda da valideyndən əlavə xərclər alına bilər. Qanunvericilikdə qeyd olunmuş digər hallar o zaman əlavə xərclərin alınması üçün əsas ola bilər ki, onlar əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidmətlər, müalicə, bu və ya digər şəkildə tibbi xidmət və müalicə ilə əlaqəli olmaqla göstərilən analoji xidmətlər (ağır bədən yarasının sağaldılması, protezləşdirmə, uşağın reabilitasiya təlimləri, sanatoriya-kurort müalicəsi və s.) olsun. Yetkinlik yaşına çatmamış uşaqlara görə əlavə xərclərin çəkilməsi valideynlər arasında bağlanan sazişlə, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladlara görə əlavə xərclərin çəkilməsi isə övladlarla valideynlər arasında bağlanan sazişlə həll edilə bilər. Belə saziş olmadıqda, məhkəmə valideynləri əlavə xərclərin ödənilməsinə cəlb edə bilər. Valideynlər övladlarına görə əlavə xərclərin çəkilməsində könüllü iştirak etmədikdə, onları saxlayan şəxslər – digər valideyn, qəyyum, himayəçi, tərbiyəçi, yetkinlik yaşına çatmış övlad isə özü (o, fəaliyyət qabiliyyətlidirsə) məhkəmədə iddia qaldıra bilər. Bu halda Ailə Məcəlləsinin 81.2-ci maddəsinə uyğun olaraq valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Qanunun məzmunundan və Konstitusiya Məhkəməsinin qərarından aydın olur ki, uşaqların xəstəliyi ilə əlaqədar əlavə xərclərə valideynlər o vaxt cəlb olunur ki, uşaqlar ağır xəstə, şikəst olması ilə yanaşı bu və ya digər şəkildə tibbi xidmət və müalicə ilə əlaqəli olmaqla göstərilən analoji xidmətlər (ağır bədən yarasının sağaldılması, protezləşdirmə, uşağın reabilitasiya təlimləri, sanatoriya-kurort müalicəsi və s.) olsun. İddiaçı isə uşağın ağır xəstə olması ilə bağlı məhkəməyə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən heç bir sübut təqdim etməmiş, yalnız uşağın Ağ dəniz qızdırması (FMF)-Amiloidoz xəstəliyi olmasını əsas gətirmişdir ki, həmin xəstəliyin ağır xəstəlik olmasını müəyyən edən sənədləri, eyni zamanda isə, azyaşlının müalicəsi ilə bağlı çəkilən xərclərə dair ödəniş qəbzlərini məhkəməyə təqdim etməmişdir. Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1. maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni zamanda 28 oktyabr 1998-ci il tarixdə qəbul olunmuş Tibbi sığorta haqqında Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin fərmanı ölkə üzrə ücra olunur. Hər bir şəxs həmin icbari tibbi sığortadan istifadə etməklə tibbi müayinə və müalicə etdirmək hüququndan istifadə edə bilər. Ona görə də məhkəmə hesab edir ki, X3 xəstəliyi ilə əlaqədar hər ay 200 manat sabit pul məbləğində alimentin cavabdehdən onun xeyrinə tutulması barədə iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Milli Məclisinin 21 iyul 1992-ci il tarixli, 236 saylı qərarı ilə Azərbaycan Respublikasının qoşulduğu, BMT-nin Baş Məclisinin 20 noyabr 1989-cu il tarixdə qəbul etdiyi «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3. maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Abşeron rayon Məhkəməsinin 11.06.2019-cu il tarixli 2(012)-2364/2019 saylı qətnaməsi ilə müəyyən olunan alimentin miqdarı dəyişdirilərək, 26.07.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh Əzizzadə (Zeynalova) Məsmə Pərviz qızının xeyrinə hər ay 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində aliment tutulsun. Alimentin dəyişdirilmiş miqdarı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-3165/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3165/2021
24.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver