Məhkəmə qərarları › İş №2(012)-3168/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3168/2021

26.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3168/2021 26.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin 2(012)- 236/2020 saylı, 23.01.2020-ci il tarixli qətnaməsinə əsasən onun xeyrinə təyin edilmiş 25.01.2010cu il təvəllüdlü X2 və 10.01.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşaq üçün 130 manat sabit pul məbləğində alimentin miqdarı artırılaraq cavabdehdən hər ay bir uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, onun Cavabdeh ilə 01.03.2009-cu il tarixdə toyları olmuş və həmin tarixdən də qeyri-rəsmi ər-arvad münasibətlərində yaşamağa başlamışdır. Onların bu münasibətlərindən iki övladları - 25.01.2010-cu il təvəllüdlü X2 və 10.01.2012-ci il təvəllüdlü X3 dünyaya gəlmişdir. Onların rəsmi nikahları olmadığı üçün övladlarının atalığı müəyyən edilmişdir. Onlar əvvəllər normal ər-arvad münasibətlərində yaşamışlar. Sonradan cavabdehin təqsiri səbəbindən münasibətləri pozulmuşdur. Birgə yaşamaqları dözülməz həddə çatmışdır. Bir yerdə yaşamaqları artıq baş tutmadığı üçün o, cavabdehdən ayrılaraq validenylərinin yanına sığınmağa məcbur olmuşlar. O, valideynləri ilə yaşayan müddətdə cavabdeh öz istəyi ilə bircə dəfə də olsun övladları ilə maraqlanmamış və onların maddi təminatını ödəmək üçün kömək etməmişdir. Bu səbəbdən o, məcbur olub məhkəməyə müraciət edərək, cavabdehdən iki övladının saxlanması üçün aliment tələb etmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-236/2020 saylı, 23.01.2020-ci il tarixli qətnaməsinə əsasən onun iddia tələbi qismən təmin edilərək, 16.09.2019-cu il tarixdən başlayaraq Cavabdeh 25.01.2010-cu il təvəllüdlü X2 və 10.01.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün hər ay hər uşaq üçün 130 manat olmaqla cəmi 260 manat sabit pul məbləğində aliment tutularaq mənə ödənilməsi qət edilmişdir. Cavabdeh övladları üçün cəmi 260 manat məbləğində aliment ödəyir. Həmin aliment onun nəyinki iki, heç bir övladının tələbatlarını ödəmir. Ona övladlarını saxlamağa valideynləri kömək edir. Cavabdeh bir ata kimi heç bir vəzifəsini yerinə yetirmir. Cavabdeh bircə dəfə də olsun övladlarının nə səhhəti, nə də ki, digər təlabatları ilə maraqlanmamışdır. Ona görə də hazırki iddia tələbi ilə bağlı məhkəməyə müraciət edərək, 2021-ci il üçün qanunla müyyən edilmiş alimenti tələb edir. Qeyd olunanlara əsasən o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahatında bildirdi ki, o, məhkəmə qətnaməsi ilə təyin edilmiş 260 manat məbləğində alimenti ödəyir. Onun maddi vəziyyəti yaxşı olsaydı, daha artıq aliment ödəyə bilərdi, lakin onun daimi işi yoxdur və fəhlə olaraq işləyir. İddiaçı özü də mağazada satıcı işləyir. Odur ki, o, iddianın təmin edilməməsini xahiş edir. İş materiallarında olan AZE Seriyalı, 11178618 №-li şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X2 25.01.2010-cu ildə Abşeron rayonu, Xırdalan şəhərində doğulmuşdur, atası Cavabdeh, anası isə İddiaçıdir. İş materiallarında olan AZE Seriyalı, 11178599 №-li şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X3 10.01.2012-ci ildə Abşeron rayonu, Saray qəsəbəsində doğulmuşdur, atası Cavabdeh, anası isə İddiaçıdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-236/2020 saylı, 23.01.2020-ci il tarixli qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilərək, 16.09.2019-cu il tarixdən başlayaraq Cavabdeh 25.01.2010-cu il təvəllüdlü X2 və 10.01.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün hər ay hər uşaq üçün 130 manat olmaqla cəmi 260 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmədə sübutlat tədqiq edilərkən alimentin tələb olunan miqdarda cavabdeh tərəfindən ödəmək iqtidarında olması ilə bağlı sübutlar müəyyən edilmədiyindən, həmçinin uşağı saxlamaq vəzifəsinin hər iki valideynin üzərinə düşməsini nəzərə alaraq məhkəmə hesab edir ki,alimentin miqdarı artırılaraq hər uşaq üçün 150 manat həddində müəyyən edilməlidir. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə Ali Məhkəmənin Plenumunun qeyd olunan qərarına istinad edərk hesab edir ki, alimentin artırılmış məbləğinin tutulmasının əvvəli qətnamə qanuni qüvvəsini aldığı gündən hesablanmalıdır. Azərbaycan Respublikası MPM-in 112.1.3-cü maddəsinə görə aliment alınması haqqındakı iddialarda, iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə istinad edərək hesab edir ki, 20 (iyirmi) manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət nəfinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPMnin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-236/2020 saylı, 23.01.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək 25.01.2010-cu il təvəllüdlü X2 və 10.01.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün Cavabdeh hər ay hər uşaq 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı verilsin. Qətnamə qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablansın. Cavabdeh 20 (iyirmi) manat dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar