Məhkəmə qərarları › İş №2(012)-3169/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3169/2021

18.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3169/2021 18.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası üzrə mülki işə 18 may 2021-ci il tarixdə, Xırdalan şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 21.10.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay cavabdehdən 175 manat alimentin, habelə azyaşlı uşağın 3 yaşı tamam olanadək öz maddi ehtiyaclarını ödəmək üçün cavabdehdən hər ay 100 manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin 2(012)- 3871/2019 saylı, 26.09.2019-cu il tarixli qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh arasında 29.01.2019-cu il tarixdə Sumqayıt “ASAN xidmət” Mərkəzi Qeydiyyat şöbəsində bağlanmış nikahın ləğv edilməsi və onun hamiləliyi dövründə Cavabdeh hər ay 60 manat məbləğində alimentə görə pulun tutulması qət edilmişdir. Tərəflərin birgə nikahından 21.10.2019-cu il tarixdə X2 dünyaya gəlmiş və onun bütün xərclərini iddiaçı çəkmişdir. Cavabdeh övladı ilə maraqlanmadığı üçün iddiaçı aliment tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul etdiyini bildirərək maddi imkanının aşağı olmasının nəzərə alınmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki iş materialları ilə birgə tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Mülki işin materiallarından olan 506777 №-li doğum haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, 21.10.2019-cu il təvəllüdlü X1 atası Cavabdeh, anası isə İddiaçıdır. Mülki işin materiallarından olan nikahın pozulması haqqında 343185 №-li şəhadətnamənin surətindən müəyyən edilir ki, Cavabdeh və İddiaçı arasında olan nikah 11.02.2020-ci il tarixdə Abşeron rayon Qeydiyyat şöbəsində ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 46 nömrə ilə qeyd edilmişdir. Nikahın ləğvindən sonra qadına “Cəbrayılova” soyadı verilmişdir. Məhkəmə tərəfindən işin araşdırlan hallarından müəyyən edilir ki, tərəflər arasındakı nikah məhkəmə qaydasında pozulmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) muəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 85.1.1-ci maddəsinə görə hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad keçmiş ərindən aliment almaq hüququ vardır. "Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlara görə 175 (yüz yetmiş beş) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə minimum yaşayış məbləğni, azyaşlı uşağın mənafeyini və cavabdehin maddi vəziyyətini nəzərə alıb hesab edir ki, iddia tələbi aliment tələbi hissəsində əsaslı olduğundan təmin edilməli, 21.10.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay cavabdehdən 175 manat aliment, habelə 21.10.2019-cu il təvəllüdlü X1 3 yaşı tamam olana qədər hər ay 50 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı ödənilməli, bu hissədə iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalıdır. İş materiallarından görünür ki, iddiaçı hazırki iddia tələbi bağlı iddia ərizəsini məhkəməyə 20.04.2021-ci il tarixdə təqdim etmişdir. Ona görə də məhkəmə hesab edir ki, alimentin tutulması 20.04.2021-ci il tarixdən hesablanmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 112.1 və 112.1.3-cü maddələrinə əsasən, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Beləliklə də, qeyd edilənlərə əsasən Cavabdeh dövlət nəfinə 20 manat məbləğində dövlət rüsumuna görə pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 234, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 21.10.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay, sabit pul məbləğində 175 manat aliment, habelə 21.10.2019-cu il təvəllüdlü X1 3 yaşına çatanadək saxlanması üçün hər ay 50 manat məbləğində aliment tutulsun. Alimentin tutulmasının əvvəli 20.04.2021-ci il tarixdən hesablansın. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Cavabdeh dövlət nəfinə 20 manat məbləğində dövlət rüsumuna görə pul tutulsun. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar