Məhkəmə qərarları › İş №2(012)-3192/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3192/2021

16.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3192/2021 16.06.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədirliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı və onun nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə 16 iyun 2021-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Kamil oğlundan “Mercedes C 180” markalı, **-BX-*** dövlət nömrəli nişanlı avtomobilə vurmuş olduğu ziyana görə ümumilikdə 2645 manat miqdarında pulun və 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq, bildirmişdir ki, texniki səhv nəticəsində cavabdehin ata adı “Kamul” əvəzinə, “Kamil” olaraq göstərilmişdir. Odur ki, o, Cavabdeh Kamil oğlundan “Mercedes C 180” markalı, **-BX-*** dövlət nömrəli nişanlı avtomobilə vurmuş olduğu ziyana görə ümumilikdə 2645 manat miqdarında pulun və 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, Cavabdeh qardaşı X5 ilə yaxın münasibətləri olmuşdur. Onlar söhbət əsnasında Azər Əliyev qardaşı Cavabdeh işsiz olduğunu, iş tapa bilmədiyini, həyətində olan və ara-sıra istifadə etdiyi «Mercedes C 180» markalı, **-BX-*** dövlət nömrəli nişanlı avtomobili icarəyə verməyini və hər ay vaxtı-vaxtında ona aylıq ödənişlər edəcəyini, əgər avtomobil qəza nəticəsində xarab olarsa və yaxudda hər hansı bir detalı sıradan çıxarsa, təmiri də Cavabdeh tərəfindən olunacağını bildirirərək, qardaşının işsiz qalmamasından ötrü qardaşına kömək etməsini ondan xahiş etdi. O da düşünərək və Azər Əliyev ilə yaxın münasibətləri olduğuna görə cavabdehə etibar etmiş və o, cavabdehin təklifi qəbul edərək, maşınını hər ay 300 manat almaq şərti ilə icarəyə qardaşı Cavabdeh idarə etməyə verəcəyini bildirmişdir. O, Cavabdeh etibarnamə vermişdir. Cavabdehlə danışmış, aralarında razılığla gələrək, ona hər ay 300 manat pul verəcəyini bildirmişdir. 01.02.2019-cu ildə o, «Mercedes C 180» markalı, **-BX-*** dövlət nömrəli nişanlı avtomobilini tam saz vəziyyətində Cavabdeh təhvil vermişdir. Belə ki, 20.03.2020-ci il tarixdə Cavabdeh qeyd edilən avtomobili demək olar ki, yararsız bir vəziyyətdə ona təhvil vermişdir. Cavabdeh 14 ay avtomobilini istifadə etdikdən sonra avtomobili ilə qəza törətmiş və qəza törətdikdən sonra istifadəyə yararsız olan avtomobilini ona geri qaytarmış və avtomobilini təmir etməkdən yayınmışdır. Cavabdeh və qardaşı ilə aralarında olan danışıqlarda qəza baş verərsə, avtomobili təmir edəcəklərini, hər hansı bir detalı xarab olarsa düzəltdirəcəklərini mənə söz vermişdirlər. İlqar dediklərinə əməl etməyərək, avtomobil istifadəyə yararsız hala düşdükdən sonra ona vermişdir. Onun avtomobilinə qəza nəticəsində 1810 manat məbləğində ziyan dəymişdir. İddia ərizəsinə əlavə etdiyi qüsur aktında da bu fakt öz təsdiqini tapmışdır. Bu azmış kimi 14 ay müddətində cavabdeh avtomobilini səliqəsiz istifadə etmiş və xarab olan heç bir detalını dəyişməmişdir. Qəza nəticəsində avtomobilinə dəyən ziyan 1810 manat təşkil edir. Bundan əlavə avtomobilinin hava fıltiri qutusu (70 manat), dinamo bendeksi (60 manat), maşının karobkası (435 manat), süyün radiatırı (230 manat) yararsız halda olmuş və o həmin detalları da öz vəsaiti ilə dəyişdirmişdir. Həmin pullardan əlavə onun ustaya 40 manat əlavə pulu da çıxmışdır. Avtomobilin həmin yararsız hissələri avtomobil ustası X3 tərəfindən təmir olunmuşdur. Usta şahid qismində məhkəmə iclaslarında da izahat verməyə hazırdır. Cavabdeh tərəfindən ona qəza nəticəsində dəymiş ziyan 1810 manat manat, İlqar avtomobilini idarə edən zaman xarab etdiyi digər detallara görə ümumi 835 manat olmaqla, cəmi 2645 manat məbləğində pul ödəməlidir. O, ilk əvvəl cavabdeh barəsində şikayət ərizəsi ilə Abşeron rayon Polis İdarəsinə müraciət etmişdir. Abşeron rayon Polis İdarəsi tərəfindən ona 18.03.2021-ci il tarixli cavab məktubu göndərilərək, məsələnin mülki xarakterli olması səbəbindən məhkəməyə müraciət etmək hüququmun olmasını izah etmişdir. Ona dəyən ziyanı sübut etmək üçün qüsur aktı və maşınının hansı vəziyyətdə olması barədə fotoşəkilləri də iddia ərizəsinə əlavə etmişdir. Odur ki, o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçı nümayəndəsi X2 iddiaçının izahatının məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahatında bildirdi ki, o, iddianı qəbul etmir. Belə ki, iddiaçı ilə aralarında olan sövdələşməyə əsasən, 1997-ci il buraxılışlı, «Mercedes C 180» markalı, **-BX-*** dövlət nömrəli nişanlı avtomobili taksi fəaliyyəti üçün etibarnamə əsasında ona vermişdir. O, maşının istifadəsi müqabilində hər ay 300 ödəniş etməli idi. O, 13 ay maşını istifadə etmiş və hər ay 300 manat ödəmişdir. Lakin 2019-cu ildə qəza baş vermiş və maşına zərər dəymişdir. Bununla bağlı sığorta şirkəti ona 250 manat məbləğində sığorta ödənişi etmişdir. O isə 250 manati iddiaçıya qaytarmışdır. Əlavə olaraq iddiaçı ondan xəbərsiz qardaşından müxtəlif vaxtlarda 100, 200, 100 və maşın təmir üçün usta pulu olaraq 250 manat olmaqla, cəmi 650 manat pul almışdır. Odur ki, onun iddiaçıya borcu yoxdur. İddiaçı ondan 2020-ci ilin mart ayında maşını təhvil aldığına görə iddiaçıya ödəniş etməyi dayandırmışdır. Əlavə olaraq qeyd edir ki, avtomobili 2020-ci ilin mart ayında iddiaçıya qaytarmış, iddiaçının qüsur aktına əsasən ondan pul tələb etməsi də əsassızdır. Həmin qusur aktı onun tərəfindən avtomobil iddiaçıya təhvil verəndən bir il sonra tərtib edilmişdir ki,o da həqiqəti əks etdirmir. Avtomobil 1997-ci il buraxılışlıdır və maşının ümumi dəyəri belə 2645 manat edə bilməz.Ona görə də iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində çıxış edən X5 ifadəsində bildirdi ki, Cavabdeh onun qardaşıdır. Qardaşı iddiaçıdan «Mercedes C 180» markalı, **-BX-*** dövlət nömrəli nişanlı avtomobili taksi fəaliyyəti üçün hər ay 300 manat ödəmək şərtilə istifadəyə götürmüş, qardaşı 13 ay müddətində ödəniş etmiş, lakin 2019-cu ildə qəza baş vermiş, qardaşı 250 manat məbləğində sığorta ödənişini cavabdehə ödəmiş, daha sonra iddiaçı ondan müxtəlif vaxtlarda 100, 200, 100 və maşın təmir üçün usta pulu olaraq 250 manat olmaqla, cəmi 650 manat pul almış, avtomobili 2020ci ilin mart ayında iddiaçıya qaytarılmış və beləliklə maşına dəymiş ziyan ödənilmişdir. Odur ki, qardaşının iddiaçıya borcu yoxdur. Məhkəmə işdə iştirak edən şəxsləri və şahidi dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, İddiaçı sübut növü kimi yalnız özünün, nümayəndəsinin izahatına və iş materialalrında olan 13 aprel 2021-ci il tarixli qüsur aktına istinad etmiş, halbuki məhkəmə iclasında işin faktiki hallarından müəyyən edilmişdir ki, sözügedən qüsur aktı cavabdeh tərəfindən avtomobil iddiçıya təhvil verəndən bir ildən çox müddət keçdiyindən sonra tərtib edilmişdir ki, bu da həmin qüsur aktının həqiqəti əks etdirməsinə kifayət qədər şübhələr yaradır və həmin şübhələri aradan qaldıran digər mötəbər sübutlar məhkəmədə müəyyən edilməmişdir. Digər tərəfdən iddiaçı və nümayəndəsi hazırkı mülki işin həllində maraqlı olduğundan,onların izahatları digər mötəbər sübutlarla da təstiqini tapmadığından məhkəmə həmin izahatlara tənqidi yanaşmışdır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərəkən bir qayda olaraq, affırmanti, non neganti incumbiti probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biribirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddia rədd edildiyindən iddiaçının məhkəməyə müraciət etmək üçün ödədiyi 30 (otuz) manat dövlət rüsumu da iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 220-216, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı Cavabdeh “Mercedes C 180” markalı, **-BX-*** dövlət nömrəli nişanlı avtomobilə vurmuş olduğu ziyana görə ümumilikdə 2645 manat miqdarında pulun və 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə iddia tələbi rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar