Məhkəmə qərarları › İş №2(012)-3192/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3192/2024

28.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3192/2024 28.06.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi ilə, İddiaçı Həsənbəyova (Mustafayeva) Sveta Nazimovnanın Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Həsənbəyova (Mustafayeva) Sveta Nazimovna Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh birgə nikahlarından anadan olmuş Nurismayıl adlı uşağın saxlanılması üçün hər ay 250 manat sabit pul məbləğində alimentin tutularaq uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün verilməsinə və 60 manat ödənilmiş mediasiya xərcinin alınaraq xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onlar xx.xx.2019-cu il tarixdə rəsmi nikahı qeyd etdirməklə Cavabdeh ilə nikaha daxil olmuşlar. Onların birgə nikahlarından 17 oktyabr 2020-ci il təvəllüdlü Nurismayıl adlı uşaqları doğulmuşdur. Qusar Rayon Məhkəməsinin xx.xx.2022-ci il, 2(029)769/2022 saylı qətnaməsinə əsasən Cavabdeh ilə aralarında olan nikahın pozulmasını və həmin nikahdan doğulmuş 17 oktyabr 2020-ci il təvəllüdlü Nurismayıl adlı uşağın saxlanılması üçün iddiaçının xeyrinə hər ay 140 manat miqdarında alimentin tutulması qət edilmişdir. İddiaçı bildirir ki, Cavabdeh iddiaçıya ödəməli olduğu 140 manat aylıq aliment uşağın cüzi ehtiyaclarını belə ödəməyə kifayət etmir. Uşağın gündəlik ehtiyaclarını ödəyə bilmir. Ona görə Cavabdeh uşağın saxlanılması üçün daha artıq aliment ödəməyə borcludur. İddiaçı qeyd edilən mübahisə barədə mediasiyaya müraciət etmiş, lakin cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı Həsənbəyova (Mustafayeva) Sveta Nazimovna məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh iştirak etdiyi məhkəmə iclasında işsiz olduğunu bildirərək, iddia tələbini qəbul etmədi. Məhkəmə cavabdehi dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materiallarında olan Qusar Rayon Məhkəməsinin 07 dekabr 2022-ci il tarixli, 2(029)-769/2022 saylı qətnaməsindən görünür ki, iddiaçı Həsənbəyova (Mustafayeva) Sveta Nazimovna ilə Cavabdeh arasında Quba regional “ASAN” xidmət mərkəzinin Qeydiyyat şöbəsində bağlanmış 13 iyun 2019-cu il tarixli, 0356 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, 17 oktyabr 2020-ci il təvəllüdlü X2 anası X3 himayəsində saxlanılması və həmin uşağın yaşayış yeri kimi X3 yaşayış yeri müəyyən edilməsi, xx xxx 1992-ci ildə Abşeron rayonu Xırdalan şəhərində anadan olmaqla ünvan 1 ünvanında yaşayan Cavabdeh X3 xeyrinə 17 oktyabr 2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 140 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi üzrə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad ola bilər. "Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlara görə 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı təyin edilmiş aliment məbləğinin hazırda birgə nikahdan doğulmuş Nurismayıl adlı uşağın saxlanması üçün kifayət etmədiyini iddia edir. Birgə nikahdan doğulmuş uşaq iddiaçının himayəsindədir və onun maddi ehtiyacları artmaqdadır. Məhkəmə Nurismayıl adlı uşağın mənafeyini, normal inkişaf etməsini, uşaqlar üçün hal-hazırda minimum yaşayış həddinin məbləğini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Qusar Rayon Məhkəməsinin 07 dekabr 2022-ci il tarixli, 2(029)-769/2022 saylı qətnaməsinə əsasən 17 oktyabr 2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün təyin olunmuş alimentin miqdarı dəyişdirilərək, hər ay 235 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq Həsənbəyova (Mustafayeva) Sveta Nazimovnaya verilməli və alimentin tutulmasının əvvəli bu qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Qusar Rayon Məhkəməsinin 07 dekabr 2022-ci il tarixli, 2(029)-769/2022 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilsin. 17 oktyabr 2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 235 manat sabit pul məbləğində aliment və 60 manat ödənilmiş mediasiya xərci Cavabdeh tutularaq Həsənbəyova (Mustafayeva) Sveta Nazimovnaya ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh tutulan alimentin miqdarının dəyişdirilməsinin əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar