Məhkəmə qərarları › İş №2(012)-3194/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3194/2021

10.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3194/2021 10.09.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «sığorta ödənişi və xərclərin tutulması» tələbinə dair mülki işə 10 sentyabr 2021-ci il tarixdə Abşeron rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2100 manat sığorta ödənişi məbləğinin, 500 manat işlərin görülməsi xərclərinin və 30 manat dövlət rüsumu olmaqla cəmi 2630 manat məbləğində pul vəsaitinin "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC ərizə ilə məhkəməyə müraciət edərək işlərinin çoxluğu ilə əlaqədar məhkəmə iclaslarına gələ bilməyəcəklərini, iddianı müdafiə etdiklərini göstərmiş və mülki işə nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişlər. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə X2 arasında 05.01.2018-ci il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “X5 Rover” markalı, ** LG *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh 18.03.2018-ci il tarixdə “X5 Rover” markalı, ** LG *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Bakı-Quba yolunda yol-nəqliyyat hadisəsi törətmiş və “Mitsubishi Roza” markalı, ** CZ *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC 2100 manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. Yol nəqliyyat hadisəsi ilə bağlı BDYP Ekoloji nəzarət üzrə YPXB-dən ünvanlarına 18.03.2018-ci il tarixli, TYP 090383 saylı inzibati xəta haqqında protokol daxil olmuş və həmin protokola əsasən Cavabdeh AR İXM-nin 332.4-cü maddəsi ilə təqsirli bilinmişdir. BDYP Ekoloji nəzarət üzrə YPXB-nin "xxxx" ASC-yə təqdim etdiyi 28.03.2018-ci il tarixli, 016-31447-1218 saylı arayışa əsasən, Cavabdeh yol-nəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmaısna dair mülki məsuliyyəti yaranmışdır. Həmin arayışda Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verdiyi vaxt “X5 Rover” markalı, ** LG *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququnun olmadığı qeyd olunmuşdur. Qeyd olunanlara əsasən, nümayəndə iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan olan "xxxx" ASC-nin 17.04.2018-ci il tarixli, 1646/18/AA-1210/18 nömrəli sığorta aktından görünür ki, 18.03.2018-ci il tarixdə Bakı-Quba yolunda yol-nəqliyyat hadisəsi baş vermiş, idarə olunan “X5 Rover” markalı, ** LG *** dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən “Mitsubishi Roza” markalı, ** CZ *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurulmuşdur. Vurulan zərərin məbləği 2100 manat təşkil edir və bu yol-nəqliyyat hadisəsi BDYP Ekoloji nəzarət üzrə YPXB tərəfindən qeydə alınmışdır. 2100 manat məbləğində sığorta ödənişi "xxxx" ASC vasitəsilə X3 hesabına ödənilmişdir. İş materiallarında olan BDYP Ekoloji nəzarət üzrə YPXB tərəfindən verilmiş 18.03.2018-ci il tarixli, TYP 090383 saylı inzibati xəta haqqında protokol daxil olmuş və həmin protokola əsasən Cavabdeh AR İXM-nin 332.4-cü maddəsi ilə təqsirli bilinmişdir. Məhkəmə iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. 18.03.2018-ci il tarixdə Bakı-Quba yolunda Cavabdeh tərəfindən etibarnamə olmadan idarə olunan X1 məxsus "xxxx" ASC-də sığortalanmış “X5 Rover” markalı, ** LG *** dövlət qeydiyyat nişanlı avtomobil yol nəqliyyat hadisəsi törətmiş və nəticədə “Mitsubishi Roza” markalı, ** CZ *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymiş, qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən 2100 manat sığorta ödənişi həyata keçirilmişdir. Ona görə də məhkəmə hesab edir ki, sözügedən zərərin aradan qaldırılması üçün iddiaçının ödədiyi 2100 manat sığorta ödənişinin məbləğini cavabdehdən tələb etmək hüququ vardır. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 25.1.3.-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 25.2-ci maddəsinə əsasən Bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.3-cü maddəsinə əsasən faydalanan şəxs sığorta ödənişini aldıqda, subroqasiya hüququnun həyata keçirilməsi üçün özündə olan bütün lazımi sənədlərlə sığortaçını təmin etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə hesab edir ki, iddia tələbinin işlərin görülməsi xərcləri ilə bağlı 500 manat məbləğində pul vəsaitinin Cavabdeh alınaraq iddiaçı şirkətə ödənilməsi hissəsi ilə bağlı mötəbər sübutlar müəyyən edilmədiyindən həmin hissədə rədd edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumundan iddianın təmin olunmuş hissəsinə mütənasib olan 25 manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 2100 manat məbləğində sığorta ödənişi və 25 manat dövlət rüsumu olmaqla cəmi 2125 manat məbləğində pul tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar