Məhkəmə qərarları › İş №2(012)-3214/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3214/2021

06.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3214/2021 06.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi ilə, İddiaçı «xxxx» MMC-nin Cavabdeh qarşı Nisyə alqı-satqı müqaviləsi üzrə mübahisələr tələbinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında 06 may 2021-ci il tarixdə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı «xxxx» MMC Cavabdeh qarşı Nisyə alqı-satqı müqaviləsi üzrə mübahisələr tələbinə dair sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 20.04.2018-ci il tarixli Nisyə alqı-satqı müqaviləsi üzrə 1330 manat əsas, 80 manat cərimə olmaqla, cəmi 1410 və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin tutulması barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 20.04.2018-ci il tarixdə Hay-Zek markalı Su təmizləyici sisteminin alqı-satqısına dair Nisyə alqı-satqı müqaviləsi bağlanmışdır.Həmin müqaviləyə əsasən «xxxx» MMC ümumi dəyəri 1590 manat olan həmin malı cavabdehə nisyə satmağı, cavabdeh isə ona satılmış malın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etmir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, o, borcu ödəməkdən boyun qaçırır. Beləliklə, Cavabdeh hazırda iddiaçı «xxxx» MMC-yə olan borcu 1330 manat əsas, 80 manat cərimə olmaqla, cəmi 1410 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, iddia ərizəsi 22 aprel 2021-ci il tarixdə məhkəməyə daxil olmuş və həmin tarixdə məhkəmə cavabdehə prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər.Məhkəmə, Cavabdeh qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizəyə əlavə edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən sadələşdirilmiş icraat qaydasında qətnamə qəbul edilməli, iddia təmin edilməlidir. Mülki işin materiallarında olan 20.04.2018-ci il tarixli Nisyə alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh «xxxx» MMC-dən nisyə olaraq Su təmizləmə sistemi almış və malın dəyəri olan 1590 manat pulu ödəməyi öhdəsinə götürmüşdür. Mülki işin materiallarında olan 15.04.2021-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, cavabdehin iddiaçıya olan borcu 20.04.2018-ci il tarixli Nisyə alqı-satqı müqaviləsi üzrə 1330 manat əsas, 80 manat cərimə olmaqla, cəmi 1410 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin məcəllənin 449.4-cü maddəsinə görə isə özgə vəsaitindən istifadə ücün faizlər, əgər müqavilədə faizlərin hesablanması ücün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər ücün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri ücün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 447.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddiaçı «xxxx» MMC ilə Cavabdeh arasında 20.04.2018-ci il tarixli Nisyə alqı-satqı müqaviləsi bağlanmasına baxmayaraq, cavabdeh Nisyə alqı-satqı müqaviləsi ilə üzərinə düşən öhdəliyi vaxtında və lazımi qaydada yerinə yetirməmişdir. Belə ki, Cavabdeh 20.04.2018-ci il tarixli Nisyə alqı-satqı müqaviləsi üzrə 1330 manat əsas, 80 manat cərimə, cəmi 1410 manat və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsait tutularaq iddiaçı «xxxx» MMCyə ödənilməli, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki işin materiallarında olan ödəniş qəbzindən müəyyən edilir ki, «xxxx» MMC tərəfindən iddia ərizəsinin verilməsinə görə 30 manat dövlət rüsumu ödənilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-1 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı «xxxx» MMC ilə Cavabdeh arasında bağlanmış 20.04.2018-ci il tarixli Nisyə alqı-satqı müqaviləsinə əsasən, 1330 manat əsas, 80 manat cərimə olmaqla, cəmi 1410 manat və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsait Cavabdeh tutularaq «xxxx» MMC-yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Səfiyeva Cəmilə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar