Məhkəmə qərarları › İş №2(012)-3218/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3218/2025

09.10.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3218/2025 09.10.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Rzayev Fariz Gündüz oğlunun katibliyi, İddiaçı, Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 MTK, Cavabdeh3 və Cavabdeh2 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, mənzil üzərində əmlak hüquqlarının cavabdehlər tərəfindən tanınması, əmlakın qanunsuz sahiblikdən azad edilməsi və sökülmüş giriş qapısının bərpa edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MTK, Cavabdeh3 və Cavabdeh2 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, mənzil üzərində əmlak hüquqlarının cavabdehlər tərəfindən tanınması, əmlakın qanunsuz sahiblikdən azad edilməsi və sökülmüş giriş qapısının bərpa edilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək Cavabdeh1 MTK tərəfindən inşa edilmiş Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişməsində yerləşən yaşayış binasının 2-ci blok, ümumi sahəsi 75.1 kv.m olan 16 nömrəli mənzilin alqı-satqısına dair Cavabdeh1 MTK ilə X14 arasında bağlanmış 10 noyabr 2008-ci il tarixli alqı-satqı müqaviləsi əhəmiyyətsiz olması ilə etibarsız hesab edilməsi, Cavabdeh1 MTK tərəfindən inşa edilmiş Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişməsində yerləşən yaşayış binasının 2-ci blok, ümumi sahəsi 75.1 kv.m olan 16 nömrəli həmin mənzil üzərində əmlak hüquqları cavabdehlər, Cavabdeh1 MTK, X14 və Cavabdeh3 tərəfindən tanınması, Cavabdeh1 MTK tərəfindən inşa edilmiş Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişməsində yerləşən yaşayış binasının 2-ci blok, ümumi sahəsi 75.1 kv.m olan 16 nömrəli mənzil X14 və Cavabdeh3 qanunsuz sahibliyindən azad edilərək ona qaytarılması, mənzilin sökülmüş giriş qapısının cavabdehlər, X14 və Cavabdeh3 hesabına əvvəlki vəziyyətdə bərpa edilməsi və ödənilmiş 100,0 manat dövlət rüsumu cavabdehlərdən alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbləri onunla əsaslandırılmışdır ki, Cavabdeh1 MTK tərəfindən inşa edilmiş Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişməsində yerləşən yaşayış binasının 2-ci blok, ümumi sahəsi 75.1 kv.m olan 16 nömrəli mənzil onun tərəfindən xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi əsasında 55.650 manat MMC-nin hesabına ödənilməklə əldə olunmuş və həmin vaxt cəmiyyət tərəfindən ona təhvil verilmişdir. Mənzil həmin tarixdən etibarən faktiki surətdə onun sahibliyində olmuş və bununla bağlı heç kəs tərəfindən etiraz bildirilməmişdir. Mənzildə təmir işlərinə başlamaq üçün, həmçinin işıq, su, qaz sayğaclarına görə tərəfindən MMC-yə ödənişlər edilmiş, 2022-ci ildə mənzilin işıq, su, kombi, kanalizasiya sistemi çəkilmiş, giriş qapısı dəyişdirilmiş, pəncərələrin şüşələri salınmış, içəridəki arakəsmələrin divarları hörülərək otaqlar bir-birindən təcrid edilmiş və rəngsaz işi görülərək mənzil (döşəmə istisna olmaqla) bütünlüklə təmir edilmişdir. Təmir bərpa işlərinə tərəfindən ümumilikdə 15.000 manat xərclənmişdir. Sonradan məlum olmuşdur ki, həmin mənzil Cavabdeh1 MTK direktoru vəzifəsində işləmiş X11 tərəfindən X9 10 noyabr 2008-ci il tarixli alqı-satqı müqaviləsi ilə satılmışdır. Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişməsində yerləşən yaşayış binasında eyni mənzilin iki və daha artıq şəxsə satılması faktı üzrə şirkətin rəhbəri X16 AR CM-nin 178.4, 308.2 və 303-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmişdir. 29 mart 2025-ci il tarixdə gecə vaxtı Cavabdeh3 ona məxsus olan Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişməsində yerləşən yaşayış binasının 2-ci blok, ümumi sahəsi 75.1 kv.m olan 16 nömrəli mənzilin giriş qapısını sındırmış, həmin qapını yerindən çıxardaraq kənara qoymuş və yerində özünə məxsus olan qapı quraşdıraraq mənzili özbaşınalıqla zəbt etmişdir. Bu barədə dərhal “102” Qaynar xətti məlumatlandırılmışdır. Hesab edir ki, X14 ilə "xxxx" MTK arasında bağlanmış 10 noyabr 2008-ci il tarixli alqı-satqı müqaviləsi qanunda nəzərdə tutulmuş şərtlərə zidd olduğundan etibarsızdır və mənzilin əldə olunması üçün əsas deyil. Belə ki, X14 həmin mənzilin alınmasına görə ödənişi cəmiyyətin hesabına keçirməyərək X7 ödəmişdir. Əksinə onun tərəfindən cəmiyyətin hesabına 20 iyul 2019-cu il tarixində 53.300 manat nağd olaraq keçirilmişdir (ciddi hesabat blankı və pulun ödənilməsini təsdiq edən əsas maliyyə sənədi hesab olunan 20 iyul 2019-cu il tarixli ƏXZ 819242 nömrəli kassa mədaxil order qəbzi ilə təsdiq olunur). X8 hərəkətləri nəticəsində ona maddi zərər dəymiş və mülkiyyət hüquqları pozulmuşdur. X4 şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişməsində yerləşən yaşayış binasının 2-ci blok, ümumi sahəsi 75.1 kv.m olan 16 nömrəli mənzilin alınmasına görə şirkətin hesabına ödəniş etməmiş və həmin gəlir barədə cəmiyyətin analitik hesabda qeyd olunmamış və şirkətin maliyyə hesabatlarında əks olunmamışdır. Başqa sözlə, mənzilin satışına dair alqı-satqı aktı X14 ilə Cavabdeh1 MTK arasında deyil, X14 ilə X11 və yaxud hansısa fiziki şəxs arasında aparılmışdır. X16 dələduzluq yolu ilə özgə əmlakını ələ keçirtmiş və buna görə cinayət məsuliyyətinə cəlb edilmişdir. X4 şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişməsində yerləşən yaşayış binasının 2-ci blok, ümumi sahəsi 75.1 kv.m olan və 16 nömrəli mənzilin alınmasına görə şirkətin hesabına ödəniş etməmiş və mənzil ona təhvil verilməmişdir. Başqa sözlə, mənzilin alqı-satqısına dair müqaviləni tərəflərin heç biri icra etməmişdir. Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişməsində yerləşən yaşayış binasının 2-ci blok, ümumi sahəsi 75.1 kv.m olan və 16 nömrəli mənzilin alınmasına görə X14 ilə Cavabdeh1 MTK arasında bağlanmış 10 noyabr 2008-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız olmuşdur. X14 ötən müddətdə bir dəfə də olsun mənzilin yerləşdiyi ünvana gəlməmiş və mənzilə dair tələb irəli sürməmişdir. «Mühasibat uçotu haqqında» Azərbaycan Respublikasının Qanununun 2.1.6, 2.1.7, 2.1.13, 2.1.16, 3.1, 5.2, Mülki Məcəlləsinin 567, 568.1, 570.1, 598.1, 599.1, 337.1, 337.3, 337.4, 157.1, 157.2, 162, 164.1, 164.2-ci maddələrinə əsasən iddianın təmin edilməsi xahiş edilir. Məhkəmə iclasında İddiaçı izahatında iddia tələbini müdafiə edərək, təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə izahatında iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, yerində mayinə edərək məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: - Azərbaycan Respublikasının Baş Prokurorunun yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin X16 AR CM-nin 178.4, 308.2 və 303-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair ittiham aktından görünür ki, təqsirləndirilir ondan ötrü ki, o, qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını vahid niyyətlə ələ keçirib xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, vəzifəli şəxs qismində qeyrilərinin köməkliyi ilə xidmət vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifdə edərək fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vuraraq təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs kimi qeyrilərinin köməkliyi ilə vahid tamah niyyətilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil edərək təkrarən vəzifə saxtakarlığı törətmişdir. Belə ki, o, xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin 5 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən dövlət qeydiyyatına alınmış, hüquqi ünvanı ünvan 1inin (VÖEN № **********) direktoru vəzifəsində, eləcə də xx.xx.2015-ci il tairxdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən dövlət qeydiyyatına alınmış, hüquqi ünvanı Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 1 A olan Cavabdeh1 (VÖEN № 1********) təsisçilərinin yığıncağının xx.xx.2018-ci il tarixli 01/K nömrəli əmri ilə direktor vəzifəsinə təyin edilməklə işləyərkən, "xxxx" Mənzil Tikinti Kooperativinin Əsasnaməsinə əsasən, cəmiyyətin idarə edilməsi, cəmiyyətin fəaliyyətinə aid bütün məsələlərin həll edilməsi, cəmiyyətin adından əqdlər bağlanılması, rəsmi sənədlərin imzalanması, yaşayış binasının tikintisinə və tikinti xidmətlərinin aparılmasına nəzarət edilməsi, maliyyə-uçot işlərinin təşkili, icrası və nəzarətin həyata keçirilməsi, satışdan əldə olunan vəsaitlərlə əlaqədar maliyyə və kassa əməliyyatlarına nəzarət edilməsi və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzəifəli şəxs kimi X20 və qeyrilərinin köməkçiliyi ilə xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə xüsusilə külli miqdarda ziyan vurmaqla özgə əmlakını ələ keçirmək niyyətilə X20 və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə, Abşeron rayon İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli sərəncamı əsasında ünvan 3 ünvanında 0,4 ha torpaq sahəsində 2006-2016-cı illərdə "xxxx" MMC tərəfindən, 2016-cı ildən "xxxx" MMC-nin hüquqi varisi "xxxx" MTK tərəfindən inşa edilən 5 bloklu çoxmərtəbəli yaşayış binasındakı mənzillər və qeyri-yaşayış sahələrinin "xxxx" MMC-nin direktoru vəzifəsində işləmiş şəxslər X11 və X21, Cavabdeh1 MTK-nın direktoru vəzifəsində işləmiş X21, eləcə də özü tərəfindən rəsmi qaydada alqı-satqı müqaviləsi, maliyyə arayışı və kassa mədaxil qəbzləri əsasında başqa şəxslərə satılmalarına baxmayaraq, həmin Kooperativdən mənzil və qeyri-yaşayış sahəsi almaq üçün müraciət edən şəxslərə qeyd edilən mənzil və qeyri-yaşayış sahələrinin əvvəllər başqa şəxsə satılmaması barədə yalan məlumat verməklə, eləcə həmin sahələrin onlara satıla biləcəyini ünvan 4 ünvanında yerləşən həmin MTK-nın satış ofisində aldatmaqla yalandan bildirib müvafiq satış qiymətlərini etibarlarından sui-istifadə və aldatma yolu ilə pul vəsaitini əldə edib, inandırmaq üçün həmin ünvanda rəsmi sənədlər – mənzil alqı-satqı müqavilələri, alıcılar tərəfindən pulun ödənilməsini təsdiq edən maliyyə arayışları, habelə, kassa mədaxil orderi qəbzlərinə Kooperativin həmtəsisçisi və faktiki rəhbəri kimi vəzifəli şəxs olmaqla vahid tamah niyyətilə şəxsən, eləcə də bir sıra hallarda X20 və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində vahid tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil edərək saxta rəsmi sənədləri onlara təqdim edib, inandırmaq üçün həmin şəxslərin bəzilərinin mənzillərə köçüb yaşamalarına şərait yaratmaqla, ayrı-ayrı şəxslərə, o cümlədən qeyd edilən yaşayış binasının 2-ci blok, ümumi sahəsi 75.1 kv.m ölçüdə olan, 2 otaqlı 16 nömrəli mənzilin xx.xx.2008-ci il tarixli alqı-satqı müqaviləsi və həmin tarixli maliyyə arayışı ilə "xxxx" MMC-nin direktoru X11 tərəfindən X2 bildiyi halda, həmin mənzili ona müraciət etmiş İddiaçı xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi, həmin tarixli maliyyə arayışı və ƏXZ seriyalı 819242 nömrəli kassa mədaxil orderi ilə satılmasını rəsmiləşdirməklə ondan 55.560 manat, həmin mənzili xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi, həmin tarixli maliyyə arayışı və kassa mədaxil qəbzi ilə X1 rəsmiləşdirməklə ondan 33.795 manat almaqla, X16 Azərbaycan Respublikası CM-nin 178.4, 308.2 və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. - Azərbaycan Respublikasının Baş Prokurorunun yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin xx.xx.2023-cü il tarixli «zərarçəkmiş şəxs qismində tanınma haqqında» qərarından görünür ki, ********* saylı cinayət işi üzrə İddiaçı zərərçəkmiş şəxs kimi tanınmışdır. - İddiaçı ilə Cavabdeh1 MTK-nın sədri sədri E.T.Səməndərov arasında bağlanmış tarix qeyd edilməyən mənzil tikintisi haqqında müqavilədən görünür ki, Xırdalan şəhəri, Rəsulzadə küç. 1 A ünvanda inşa olunan 5 bloklu 15 mərtəbəli yaşayış evinin 2-ci blok 4 mərtəbə, ümumi sahəsi 82 kv.m olan izolə olunmuş 2 otaqlı 16 saylı mənzili iddiaçıya 53.300 manata satılması razılaşdırılmışdır. - 20 iyul 2019-cu il tarixli ƏXZ 819242 nömrəli kassa mədaxil order qəbzindən görünür ki, İddiaçı tərəfindən cəmiyyətin hesabına 20 iyul 2019-cu il tarixində 53.300 manat nağd olaraq keçirilmişdir. - Cavabdeh1 MTK-nın sədri E.T.Səməndərovun imzaladığı xx.xx.2019-cu il tarixli maliyyə arayışından görünür ki, ünvan 5 ünvanda inşa olunan 5 bloklu 15 mərtəbəli yaşayış binası "xxxx" MMC-nin hüquqi varisi Cavabdeh1 MTK-ya məxsusdur. Bu binanın 2-ci blok 4 mərtəbə, ümumi sahəsi 82 kv.m olan 2 otaqlı 16 saylı mənzilin dəyəri İddiaçı tərəfindən 53.300 manat ödənilmişdir. MTK-ya heç bir borcu yoxdur. - xx.xx.2022-ci il tarixli RS00-0002423 saylı kassa mədaxil orderindən görünür ki, İddiaçı Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişməsində yerləşən yaşayış binasının 2-ci blok, 5-ci mərtəbədə yerləşən sahəsi 82 kv.m olan 2 otaqlı 16 nömrəli mənzilin sayğaclarının dəyərini (su, işıq, qaz) 1560 manat ödənilmişdir. - xx.xx.2022-ci il tarixli RS00-0002443 saylı kassa mədaxil orderindən görünür ki, İddiaçı Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişməsində yerləşən yaşayış binasının 2-ci blok, 5-ci mərtəbədə yerləşən sahəsi 82 kv.m olan 2 otaqlı 16 nömrəli mənzilin təmirə icazə dəyəri 700 manat ödənilmişdir. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Abşeron rayon Polis İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli cavab məktubunda göstərilmişdir ki, onun Abşeron rayon Polis İdarəsinə etdiyi müraciəti əsasında araşdırma aparılmış və araşdırma zamanı müraciətində göstərilən məsələnin məhkəmə səlahiyyətində olduğu müəyyən edilmişdir. Yaranmış mübahisə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məhkəmə vasitəsilə həll edilir. Bildirilir ki, Daxili İşlər Nazirliyində «Vətəndaş müraciətlərinə baxılması qaydası» haqqında qərara əsasən X17 səlahiyyətlərinə aid olmadığı zaman və eləcə də, müraciətin aidiyyatı üzrə göndərilməsi mümkün olmadıqda bütün fiziki və hüquqi şəxslərə, qanunla qorunan hüquq və azadlıqlarını təmin etmək məqsədi ilə qanunvericiliklə müəyyən qaydada məhkəmə müdafiəsindən istifadə etməsi tövsiyyə olunur. - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin sədri X11 ilə X14 ilə bağladığı xx.xx.2008-ci il tarixli 410 saylı müqaviləsindən görünür ki, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişməsində yerləşən 12 mərtəbəli yaşayış evinin 4-cü mərtəbə, ümumi sahəsi 75,1 kv.m olan 2 otaqlı 16 saylı mənzili 41.305 manata satılması razılaşdırılmışdır. - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin sədri X11 tərəfindən imzalanmış tarixi qeyd olunmayan maliyyə arayışından görünür ki, ünvan 5 ünvanda inşa olunan yaşayış binası "xxxx" MMC-yə məxsusdur. Binanın 2-ci blok 4 mərtəbə, ümumi sahəsi 75,1 kv.m olan 2 otaqlı 16 saylı mənzili dəyəri X14 tərəfindən 41.305 manat ödənilmişdir. MTK-ya heç bir borcu yoxdur. - Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh3 ilə X14 xx.xx.2010-cü ildə nikahları rəsmi qeydə alınmış və sonuncuya Bağırova soyadı verilmişdir. - Abşeron rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(012)-1105/2023 saylı qərardadından görünür ki, iddiaçı Cavabdeh2 Cavabdeh1 MTK-ya xx.xx.2008-ci il tarixli 410 saylı müqavilə əsasında iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişməsində yerləşən 12 mərtəbəli yaşayış evinin 4-cü mərtəbə, ümumi sahəsi 75,1 kv.m olan 2 otaqlı 16 saylı mənzilinin iddiaçının sahiblik və istifadəsinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, məhkəmənin qeyd edilən qərardadı ilə onun ərizəsinə əsasən iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin özünə qaytarılması qərara alınmışdır. - Azərbaycan Respublikasının Baş Prokurorunun yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, ünvan 7 ünvanında Cavabdeh1 MTK tərəfindən inşa edilməkdə olan yaşayış binasının 2ci blokunda yerləşən, ümumi sahəsi 75.1 m2 ölçüdə olan, 2 otaqlı 16 nömrəli mənzil ilk dəfə xx.xx.2008-ci il tarixli müqavilə və həmin tarixli maliyyə arayışı ilə Məhərrəmova (hazırki soyadı Bağırova) Sara Eldar qızının adına rəsmiləşdirilmişdir. Bundan sonra MTK-nın direktoru olmuş X16 tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi və həmin tarixli maliyyə arayışı ilə həmin mənzil ikili satış əsasında İddiaçı adına, daha sonra isə xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi və həmin tarixli maliyyə arayışı əsasında X5 adına rəsmiləşdirilmişdir. Həmin xüsusatlarla bağlı X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4 və 308.2-ci maddələri ilə ittiham elan edilməklə cinayət işi aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. - Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Kommersiya Hüquqi şəxslərin Dövlət Reyestrindən xx.xx.2016-cı il tarixli Çıxarışından görünür ki, PROGRESS-2016” MTK-nın əvvəlki adı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti olaraq xx.xx.2005-ci ildə qeydiyyata alınmışdır. Əvvəlki nizamnamə kapitalı 10 manat, hazırki 50 manatdır. - Abşeron rayon İcra Şöbəsinin xx.xx.2025-ci il tarixli aktından görünür ki, Abşeron rayon məhkəməsinin 16(012)-169/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədini icrası zamanı müəyyən edilmişdir ki, icra sənədində göstərilən ünvanda borcluların (hazırki iş üzrə cavabdehlər) uşaqları ilə birlikdə həmin mənzildə yaşamaları, mənzildə təmir–tikinti işlərinin aparılmadığı, tam təmirli olduğu müəyyən edildi. - Azərbaycan Respublikasının Baş Prokurorunun yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin müstəntiqi X15 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli «götürmə haqqında protokol»undan görünür ki, Cavabdeh3 istintaqa təqdim etdiyi "xxxx" MMC-nin adından verilmiş xx.xx.2008-ci il tarixli, 410 №li alqı-satqı müqaviləsi və həmin tarixli maliyyət arayışı götürüldü. - İddiaçı iştirakı ilə məhkəmə tərəfindən Cavabdeh1 MTK tərəfindən inşa edilmiş Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişməsində yerləşən yaşayış binasının 2-ci blok, 4-cü mərtəbə 16 nömrəli mənzilə yerli baxış keçirildi. Baxış zamanı müəyyən edildi ki, mərtəbə üzrə mənzillərin sayı dörddür. Liftdən çıxdıqda birbaşa mübahisəli mənzilin giriş qapısıdır. Mənzilə daxil olduqda ümumi sahəsi 75.1 kv.m olan 16 nömrəli mənzil, qanuni 2 otaq olmaqla 3 otağa düzəldilmədir, tam təmirlidir və mənzildə Cavabdeh3 və Cavabdeh2 yaşadığı müəyyən edilmişdir. Hazırda iddiaçı Cavabdeh1 MTK tərəfindən inşa edilmiş Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişməsində yerləşən yaşayış binasının 2-ci blok, ümumi sahəsi 75.1 kv.m olan 16 nömrəli mənzilin alqı-satqısına dair Cavabdeh1 MTK ilə X14 arasında bağlanmış 10 noyabr 2008-ci il tarixli alqı-satqı müqaviləsi əhəmiyyətsiz olması ilə etibarsız hesab edilməli olmasını iddia edir və bunu həmin mənzilin onun tərəfindən xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi əsasında 55.650 manat MMC-nin hesabına ödənilməklə əldə olunması və həmin vaxt cəmiyyət tərəfindən ona təhvil verilməsi, mənzildə təmir işlərinə başlamaq üçün, həmçinin işıq, su, qaz sayğaclarına görə tərəfindən MMC-yə ödənişlər edilməsi, 2022-ci ildə mənzilin işıq, su, kombi, kanalizasiya sistemi çəkilməsi, giriş qapısının dəyişdirilməsi, pəncərələrin şüşələrinin salınması, içəridəki arakəsmələrin divarları hörülərək otaqlar bir-birindən təcrid edilməsi və rəngsaz işi görülərək mənzilin (döşəmə istisna olmaqla) bütünlüklə təmir edilməsi, təmir bərpa işlərinə tərəfindən ümumilikdə 15.000 manat xərclənməsi ilə əsaslandırmışdır. Cavabdeh tərəf isə mənzilə dair ilk müqavilənin Məhərrəmova (hazırda Bağırova) Sara Eldar qızı ilə bağlanılmasını, hazırda mənzildə onun ailəsi ilə yaşadığını, mənzilin ona satıldığı halda xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi əsasında İddiaçı satılması ilə bağlı Azərbaycan Respublikasının Baş Prokurorunun yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində cinayət işinin istintaqının aparılmasını göstərərək iddiaya etiraz etmişdir. Məhkəmə iddia tələbləri ilə bağlı qeyd edir ki, hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin «Müqavilə hüququ» adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onu standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən, bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. Mülki Məcəllənin 324.1 və 389.1-ci maddələrinin dispozisiyasından aydın olur ki, müqavilənin bağlana bilməsi, hüquqi nəticələr doğurması üçün bəzi ünsürlərin (elementlərin) mövcud olması tələb edilir. Bu ünsürlər əsasən, müqavilənin tərəfləri, bir-birinə uyğun və qarşılıqlı iradə ifadələridir. Bu baxımdan müqavilənin bağlanması üçün tərəflərin müqavilənin mühüm şərtləri barədə lazımı formada razılığa gəlmələri tələb edilir. Belə ki, alqı-satqı müqavilələri üzrə satılan əşyalar (alqı-satqı müqavilələrinin predmetləri) fərdi-müəyyən əşyalardır. Bu mənada alqı-satqı müqavilələrinin obyektlərinin hər hansı digər əşyadan yalnız özlərinə xas əlamətlərə görə ayrılması və müəyyənləşdirilə bilən olması tələb edilir (MM, maddə 135.7). Müqavilənin bağlanması üçün tərəflərin forma şərtinə əməl etməsi ilə yanaşı həm də müqavilənin predmeti barəsində razılığa gəlmiş olması lazımdır (MM, maddə. 405.1-Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə, tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır). Göründüyü kimi, müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Müqavilənin mahiyyəti onda ifadə olunur ki, belə razılaşmada hər iki tərəfin mənafeyi qorunur. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Məhkəmə qeyd edir ki, əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə, subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir. Başqa sözlə, əqdin etibarsızlığı əqdin etibarlı olması şərtlərinin pozulmasından asılıdır. Bu şərtlərdən birinə riayət edilməməsi etibarsız əqdlərin əmələ gəlməsinə səbəb olur. Etibarsız əqdlər tərəflərin arzu etdikləri hüquqi nəticəyə səbəb olmur. Onlar qanunda nəzərdə tutulan mənfi nəticələrin yaranmasına səbəb olur. Etibarsız əqdlər hüquqa zidd, qeyri-hüquqi hərəkətdir. Etibarsız əqdlər elə hüquqa zidd hərəkətlərdir ki, bu hərəkətlər əqdin etibarlı olması şərtlərindən, heç olmazsa, birinə uyğun gəlmədiyinə görə arzu edilən hüquqi nəticəyə səbəb olmur. Bu çür əqdlər mülki hüquq və vəzifələrin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitam olunması ilə nəticələnmir. Müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanmasının zəruri şərtidir. Eyni zamanda hər hansı əqdin, o cümlədən bağışlama müqaviləsinin etibarlılığı üçün onun bağlanmasında lazımı subyektlərinin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. O da diqqətə alınmalıdır ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir. “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 03 mart 2023-cü il tarixli Qərarı”nda formalaşdırdığı hüquqi mövqeyə görə... qanunvericiliyin müəyyən etdiyi forma (şəkil) tələbinin yerinə yetirilməməsi tərəflərə bu əsas ilə müqavilənin etibarsızlığını irəli sürmək haqqını verir. Lakin nəzərə alınmalıdır ki, digər haqların realizəsində olduğu kimi, əqdin etibarsızlığının irəli sürülməsi halında da mülki dövriyyə subyektləri vicdanla hərəkət etməli, hüquqdan sui-istifadəyə yol verməməlidirlər. Mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarlar). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “T. Qasımovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılması”na dair 01 dekabr 2020-ci il tarixli Qərarındakı hüquqi mövqeyə görə, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qanunvericiliyin mülki - hüquqi öhdəliklərin ən mühüm yaranma əsası olan əqdlər, onların etibarsızlığı, o cümlədən, aldatma nəticəsində bağlanmış əqdlərin etibarsızlığı ilə bağlı normaları nəzərdən keçirilməlidir. Qeyd olunmalıdır ki, müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün onun bağlanmasında lazımı subyektlərinin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə yə onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Əqdin etibarsızlığı dedikdə, mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquqi münasibətlərini yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır. Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir (Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə xx.xx.2004-cü il və T.Qasımovanın şikayəti üzrə xx.xx.2020-ci il tarixli Qərarları). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “N. Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 13 iyul 2009-cu il tarixli qərarında bildirilir ki, məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. Müəyyən edilmişdir ki, ünvan 7 ünvanında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən inşa edilməkdə olan yaşayış binasının 2-ci blokunda yerləşən, ümumi sahəsi 75.1 m2 ölçüdə olan, 2 otaqlı 16 nömrəli mənzil ilk dəfə xx.xx.2008-ci il tarixli müqavilə və həmin tarixli maliyyə arayışı ilə Məhərrəmova (hazırki soyadı Bağırova) Sara Eldar qızının adına rəsmiləşdirilmişdir. xx.xx.2016-cı il tarixdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təşkilatı hüquqi forması, nizamnamə kapitalının miqdarı və adı dəyişdirilərək «PROGRESS-2016” MTK olmuşdur. İşin materiallarından daha sonra görünür ki, mübahisəli mənzillə bağlı ilk müqavilə bağlanandan sonra MTK-nın direktoru olmuş X16 tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi və həmin tarixli maliyyə arayışı ilə həmin mənzil ikili satış əsasında İddiaçı adına, daha sonra isə xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi və həmin tarixli maliyyə arayışı əsasında X5 adına rəsmiləşdirilmişdir. Həmin xüsusatlarla bağlı X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4 və 308.2-ci maddələri ilə ittiham elan edilməklə cinayət işi aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Müəyyən edilmişdir ki, hazırda mənzildə mübahisəli mənzillə bağlı ilk müqavilə bağlamış Məhərrəmova (hazırki soyadı Bağırova) Sara Eldar qızı hazırda orada ailəsi ilə yaşamaqda davam edir və mənzil tam təmirli vəziyyətdədir. İddiaçı X8 mübahisəli mənzilin alınmasına görə şirkətin hesabına ödəniş etməməsinə və və mənzil ona təhvil verilməməsinə, mənzilin alqı-satqısına dair müqaviləni tərəflərin heç biri icra etməməsinə, alqı-satqı aktının X14 ilə Cavabdeh1 MTK arasında deyil, X14 ilə X11 və yaxud hansısa fiziki şəxs arasında aparılmasına, ötən müddətdə bir dəfə də olsun mənzilin yerləşdiyi ünvana gəlməmiş və mənzilə dair tələb irəli sürməməsinə, X8 hərəkətləri nəticəsində ona maddi zərər dəymiş və mülkiyyət hüquqları pozulmasını göstərməsi ilə bağlı məhkəmə hesab edir ki, əvvəlla bu halların təsdiqi olaraq heç bir sübut təqdim edilməmişdir. Həmçinin də bu halları göstərməklə yanaşı, iddiaçı özü ilə müqavilə bağlamış Cavabdeh1 MTK-nın X10 dələduzluq yolu ilə özgə əmlakını ələ keçirtməsinə görə cinayət məsuliyyətinə cəlb edilməsini də vurğulamışdır. Başqa sözlə, X16 mübahisəli mənzilin X8 adına rəsmiləşdirilməsini bilə-bilə ittiham aktından göründüyü kimi tamah niyyəti ilə həmin mənzili iddiaçıya satmış, hətta, bununla kifayətlənməyərək iddiaçıya satdıqdan sonra təkrarən xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi əsasında X6 da satmışdır. Məhkəmə daha sonra hesab edir ki, hazırda mübahisəli mənzilin xx.xx.2008-ci il tarixli alqı-satqı müqaviləsi və həmin tarixli maliyyə arayışı ilə "xxxx" MMC-nin direktoru X11 tərəfindən X2 bildiyi halda, həmin mənzili ona müraciət etmiş İddiaçı xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi, həmin tarixli maliyyə arayışı və ƏXZ seriyalı 819242 nömrəli kassa mədaxil orderi ilə satılmasını rəsmiləşdirməklə ondan 55.560 manat, həmin mənzili xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi, həmin tarixli maliyyə arayışı və kassa mədaxil qəbzi ilə X1 rəsmiləşdirməklə ondan 33.795 manat almaqla, X16 Azərbaycan Respublikası CM-nin 178.4, 308.2 və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi faktı ilə əlaqədar qaldırılmış cinayət işi üzrə İddiaçı zərərçəkmiş kimi tanınması faktı onun hazırki iddiasının əsaslı olmasının təsdiqi kimi qiymətləndirilə bilməz. Belə ki, mənzilə dair HAYAN-E” MMC-nin direktoru X11 tərəfindən rəsmiləşdirilmiş ilk müqavilənin xx.xx.2008-ci il tarixli alqı-satqı müqaviləsi və həmin tarixli maliyyə arayışı ilə “X3 işin mübahisəsiz halıdır və belə olan halda xx.xx.2008-ci il tarixli alqı-satqı müqaviləsi və həmin tarixli maliyyə arayışı ilə "xxxx" MMC-nin hüquqi varisi olan İddiaçı ilə Cavabdeh1 MTK-nın sədri E.T.Səməndərov arasında bağlanmış tarix qeyd edilməyən mənzil tikintisi haqqında müqaviləsi etibarlı sənəd kimi qiymətləndirilə bilməz. M.Hüseynovun şikayət üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 iyul 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 04 mart 2015-ci il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə görə mənzilin dəyərini tam ödəməklə həmin əmlaka sahiblik və istifadə hüququ başqa şəxs tərəfindən əldə edildikdən sonra MTK-nın mülkiyyətində olmayan əşya (mənzil) barədə sərəncam verməsi mülki qanunvericiliyin normalarına və Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə uyğun deyildir. Həmçinin, məhkəmə hesab edir ki, iddiaçının tələbində sadaladığı əsaslar xx.xx.2008ci il tarixli alqı-satqı müqaviləsinin əhəmiyyətsiz və etibarsız hesab edilməsi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Mülki Məcəllənin 337.3-cü maddəsinə görə, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Göründüyü kimi, qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olubolmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır. Plenum qərarında daha sonra göstərilmişdir ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Məhkəmə hesab edir ki, ünvan 7 ünvanında Cavabdeh1 MTK tərəfindən inşa edilməkdə olan yaşayış binasının 2-ci blokunda yerləşən, ümumi sahəsi 75.1 m2 ölçüdə olan, 2 otaqlı 16 nömrəli mənzilə dair Məhərrəmova (hazırki soyadı Bağırova) Sara Eldar qızının adına rəsmiləşdirilmiş xx.xx.2008-ci il tarixli müqavilə etibarlı müqavilə kimi, İddiaçı adına qiymətləndirilmiş, xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsini isə etibarsız müqavilə kimi qiymətləndirir. Belə ki, İddiaçı adına qiymətləndirilmiş müqavilə heç bir hüquqi əhəmiyyətə malik olmamaqla həmin əqd üzrə tərəflər arasında mübahisəli sahə ilə bağlı heç bir hüquq və vəzifələr yaratmır. Həmçinin, məhkəmə qeyd edir ki, mülki hüquq münasibətlərində mülkiyyətçinin eyni əşyanın alğı-satqısı barədə bir neçə alıcı ilə razılığa gəlməsi istisna edilmir və bu cür vəziyyət özü-özlüyündə həmin müqavilələrin birinin və ya bir neçəsinin etibarsızlığı üçün əsas deyil. Belə bir yanaşma Mülki Məcəllənin 452.1-ci maddəsinin məzmunundan da irəli gəlir. Həmin maddəyə əsasən fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Normadan göründüyü kimi fərdi müəyyən əşyanın digər şəxsin mülkiyyətinə və ya əvəzli istifadəsinə verilməsi barədə bir neçə etibarlı müqavilənin olması istisna deyil və qanunverici belə halda əşyanın hansı kreditora verilməsi qaydasını da tənzimləyir. Həmçinin nəzərə alınmalıdır ki, eyni fərdi müəyyən əşyanın verilməsinə dair digər etibarlı müqavilələr də hüquqi nəticə, yəni hüquq və öhdəliklər yaradır. Başqa sözlə, ikitərəfli əqd üzrə borclunun kreditorun xeyrinə müəyyən hərəkəti etmək (əmlak vermək, pul ödəmək və s.) öhdəliyi, kreditorun isə həmin öhdəliyin icrasını tələb etmək hüququ əmələ gəlir. Müqavilədə razılaşdırılmış öhdəliyin icrası mümkünsüz olduqda kreditorun təklif olunan ayrı icranı qəbul etmək (Mülki Məcəllə, maddə 435) və ya öhdəliyin pozulması nəticəsində düşdüyü zərərin əvəzinin ödənilməsini tələb etmək (Mülki Məcəllə maddə 443.1 və 452.2) hüquqları vardır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının qanunvericiliyin tələbləri pozulmadan həyata keçirilmiş Məhərrəmova (hazırki soyadı Bağırova) Sara Eldar qızının adına rəsmiləşdirilmiş xx.xx.2008-ci il tarixli müqavilənin etibarsızlığına dair tələbində irəli sürdüyü faktiki hallar onun iddia tələbinin mübahisələndirdiyi müqaviləsinin etibarsız sayılmasının qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığından iddia tələbi bu hissədə əsassızdır və təmin edilə bilməz. Məhkəmə həmçinin qeyd edir ki, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa, hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə iddianın mübahisələndirilən müqavilənin etibarsızlıq tələbinin əsassız olması nəticəsinə gəldiyi üçün, digər tələb, yəni, Cavabdeh1 MTK tərəfindən inşa edilmiş Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişməsində yerləşən yaşayış binasının 2-ci blok, ümumi sahəsi 75.1 kv.m olan 16 nömrəli həmin mənzil üzərində əmlak hüquqları cavabdehlər, Cavabdeh1 MTK, X14 və Cavabdeh3 tərəfindən tanınması, Cavabdeh1 MTK tərəfindən inşa edilmiş Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişməsində yerləşən yaşayış binasının 2-ci blok, ümumi sahəsi 75.1 kv.m olan 16 nömrəli mənzil X14 və Cavabdeh3 qanunsuz sahibliyindən azad edilərək ona qaytarılması, mənzilin sökülmüş giriş qapısının cavabdehlər, X14 və Cavabdeh3 hesabına əvvəlki vəziyyətdə bərpa edilməsi və ödənilmiş 100,0 manat dövlət rüsumu cavabdehlərdən alınası kimi tələbləri törəmə tələb olduğu üçün prosessual qənaət prinsipi baxımından həmin hissələri də əsassız saydığından onlara ayrıca hüquqi qiymət verilməsinə zərurət görmür. Məhkəmə göstərilən nəticələrə gələrkən Məhərrəmova (hazırki soyadı Bağırova) Sara Eldar qızının mübahisəli mənzilə göslənilən mülkiyyət hüququnun olmasını da diqqətə almışdır. Belə ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiya hər kəsin mülkiyyət hüququnu, mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarını nəzərdə tutur, habelə, mülkiyyət hüququnun, o cümlədən xüsusi mülkiyyət hüququnun qanunla müdafiəsinə təminat verir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (Konstitusiyanın 13 və 29-cu maddələri). Mülkiyyət hüququ hamılıqla tanınan əsas hüquqdur və ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl prinsiplərindən biri hesab olunur. Mülkiyyət hüququ “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində öz əksini tapmışdır. Mülkiyyət hüququ hər kəsin qanunla müəyyən olunmuş qaydada və üsullarla əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülkiyyət hüququnun tərkib hissəsi olan sərəncam hüququnun həyata keçirilməsi əmlakın mənsubluğunun, vəziyyətinin və ya təyinatının dəyişdirilməsinə yönələn hüquqi fakt kimi çıxış edir. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçıya mötəbər və tutarlı sübutlar müqabilində mübahisəli mənzildə tərəfindən görülmüş təmir işlərinin dəyəri ilə, eləcə də Cavabdeh1 MTK-ya ödədiyi məbləğlərin geri qaytarılması ilə bağlı iddia qaldırmaq hüqunun olması ona izah edilməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia əsassızdır və rədd edilməlidir. QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MTK, Cavabdeh3 və Cavabdeh2 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, mənzil üzərində əmlak hüquqlarının cavabdehlər tərəfindən tanınması, əmlakın qanunsuz sahiblikdən azad edilməsi və sökülmüş giriş qapısının bərpa edilməsi tələbinə dair iddia tələbi rədd edilsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar