Məhkəmə qərarları › İş №2(103)-5930/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5930/2025

27.01.2026 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5930/2025 27.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Qanpanı qızına qarşı (Azərbaycan Respublikası İqdisadiyyat Nazirliyi Əmək Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüququ şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi və X4 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) (Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi ) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızından və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, X12 Əziz qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil və Cavabdeh2 nümayəndəsi (vəkili) Nümayəndə iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 iyun 2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 27 yanvar 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Bakı şəhəri 14 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş X10 ilə İddiaçı arasında bağlanılmış xx.xx.2004-cü il tarixli, AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqısatqı müqaviləsinə əsasən satıcı X10 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 57 saylı mənzili alıcı İddiaçı satmışdır.

2. Bakı şəhəri 14 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş İddiaçı ilə Cavabdeh3 Qanpanı qızı arasında bağlanılmış xx.xx.2021-ci il tarixli, ANİ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 35.89 kv.m. olan 57 saylı mənzili alıcı Cavabdeh3 Qanpanı qızına 40.000 manata satmışdır.

3. Bakı şəhəri 14 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş Cavabdeh3 ilə Cavabdeh4 arasında bağlanılmış xx.xx.2022-ci il tarixli, AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı Cavabdeh3 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 35.89 kv.m. olan 57 saylı mənzili alıcı Cavabdeh4 55.000 manata satmışdır.

4. Bakı şəhəri 30 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş Cavabdeh4 ilə Cavabdeh1 arasında bağlanılmış xx.xx.2022-ci il tarixli, AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı Cavabdeh4 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 35.89 kv.m. olan 57 saylı mənzili alıcı Cavabdeh1 39.000 manata satmışdır.

5. Bakı şəhəri 32 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanılmış xx.xx.2023-cü il tarixli, AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 35.89 kv.m. olan 57 saylı mənzili alıcı Cavabdeh2 50.000 manata satmışdır. a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Qanpanı qızı və Cavabdeh4 qarşı (Azərbaycan Respublikası İqdisadiyyat Nazirliyi Əmək Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüququ şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) "müqavilənin etibarsız hesab edilməsi və s." dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 30 dekabr 2021-ci il tarixdə bağlanmış və 4Ə-2193 nömrəli reyestrdə təsdiq edilmiş alqı-satqı müqaviləsinin, 11 mart 2022-ci il tarixdə bağlanmış və 4Ə-363 nömrəli reyestrdə təsdiq edilmiş alqı-satqı müqaviləsinin, 12 may 2022-ci il tarixdə bağlanmış və 4Ə-54 nömrəli reyestrdə təsdiq edilmiş alqı-satqı müqaviləsinin, 27 yanvar 2023-cü il tarixdə bağlanmış və 4Ə-114 nömrəli reyestrdə təsdiq edilmiş alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, ünvan 2 ünvanında yerləşən mənzilə dair daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh2 adına aparılmış qeydiyyatın ləğv edilməsi və həmin mənzilin iddiaçıya geri qaytarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən mənzil 21 oktyabr 2004-cü il tarixdən İddiaçı mülkiyyətində olmuşdur. 30 dekabr 2021-ci il tarixdə Bakı şəhəri 14 saylı Notariat ofisində qeyd edilən mənzil Cavabdeh3 faizə götürülmüş borc pulun qarşılığında yalan əqd əsasında mülkiyyətçi tərəfindən Cavabdeh3 satılmışdır. Onların razılaşmasına əsasən İddiaçı Cavabdeh3 olan borcu faizi ilə birlikdə ödədikdən sonra sonuncu mənzili İddiaçı qaytarmalı idi. Cavabdeh3 tərəfindən borc pul heç bir sənədə imza edilmədən İddiaçı verilmişdir. Borc pulun qarşılığında isə qeyd edilən mənzil yalan əqd əsasında Cavabdeh3 satılmışdır. Daha sonra İddiaçı borcu ödəyə bilmədiyi üçün borca görə həmin mənzil 11 mart 2023-ci il də Bakı şəhəri 14 saylı Notariat ofisində Cavabdeh3 tərəfindən yenə yalan əqd əsasında Cavabdeh4 satılmışdır. İddiaçı Cavabdeh3 olan borcunu isə Cavabdeh4 sonuncuya ödəmişdir. İddiaçı ilə Cavabdeh4 razılaşmasına əsasən İddiaçı Cavabdeh4 olan borcu faizi ilə birlikdə ödədikdən sonra sonuncu mənzili İddiaçı qaytarmalı idi. Bundan sonra həmin mənzil əhəmiyyətsiz əqdlər ilə 12 may 2022-ci il tarixdə Bakı şəhəri 30 saylı Notariat ofisində Cavabdeh4 tərəfindən X5, sonra isə 27 yanvar 2023-cü il tarixdə Bakı şəhəri 32 saylı Notariat ofisində sonuncu tərəfindən Cavabdeh2 satılmışdır. Qeyd etmək istəyir ki, İddiaçı ilə Cavabdeh3, Cavabdeh3 ilə Cavabdeh4, Cavabdeh4 ilə X7 və X7 ilə Cavabdeh2 arasında bağlanan alqı-satqı müqavilələri yalan əqdlərdir. Həmin əqdlər başqa əqdi pərdələmək məqsədi ilə bağlanmışdır. Buna görə də həmin əqdlər əhəmiyyətsizdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ədliyyə sahəsində xidmətlər baş idarəsinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki 2021-2023-cü illər ərzində Cavabdeh3 iştirakı ilə 21, Cavabdeh4 iştirakı ilə 4, X3 iştirakı ilə 5, Cavabdeh2 iştirakı ilə 3 alqı-satqı müqaviləsinin rəsmiləşdirildiyi məlum olmuşdur. 3 il ərzində cavabdehlərin iştirakı ilə bu sayda alqı-satqı müqavilələrinin rəsmiləşdirilməsi sübut edir ki, həmin şəxslər əlaqəli şəxslərdir və borc pulun qarşılığında alqı-satqı müqaviləsi əsasında daşınmaz əmlakları adlarına keçirirlər. Bundan başqa xx.xx.2023-cü il tarixdə bağlanmış və 4Ə-114 reyestrlə təsdiq edilmiş alqısatqı müqaviləsi vəkil sorğusu əsasında Bakı şəhəri 32 saylı Notariat ofisindən əldə edilmişdir. Müqavilədən görünür ki, müqaviləni Cavabdeh2 adından X4 (AA0340364, FİN:0UH15JV) imzalamışdır. Cavabdeh3, Cavabdeh4, X7 və Cavabdeh2 ilə X4 arasında 2021-2023-cü illər ərzində hər hansısa alqı-satqı müqaviləsi bağlanmışdırmı, bağlanmışdırsa hansı notariat ofislərində bağlanması barədə məlumatların təqdim edilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ədliyyə sahəsində xidmətlər baş idarəsinə sorğu verilmişdir. Əlavə olaraq bildirir ki iddiaçı hələ də qeyd edilən mənzildə qeydiyyatdadır. Mənzil Cavabdeh2 mülkiyyətinə keçənə qədər həmin mənzildə yaşamışdır. Sonradan həmin mənzilin kilidi onun xəbəri olmadan mülkiyyətçi tərəfindən dəyişdirilmiş və onu mənzilə buraxmamışdırlar. Bu günə qədərdə iddiaçının sənədləri və əşyaları həmin mənzildədir. Hal hazırda həmin mənzildə heç kim yaşamır. İddiaçının sənədlərinin və əşyalarının qaytarılması üçün cavabdehlərə müraciətlər olunsada onlar bundan imtina etmişdirlər.

8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-97/2025 saylı, 05 iyun 2025-ci il tarixli qətnaməsi ilə (hakim R.Xəlilov) iddia rədd edilmişdir.

9. Məhkəmə işin müəyyən edilmiş hallarına əsasən bu qənaətə gəlmişdir ki, İddiaçı alqı-satqı müqaviləsi bağlayarkən əmlakın qiymətini öz iradəsi əsasında müəyyən etmiş, həmin əmlaka görə müqavilə əsasında müəyyənləşdirilmiş məbləği almışdır. Bununla da İddiaçı bağlanmış əqdlə (əqdlərlə) bağlı onun yalan əqd olmasının əsası kimi istinad etdiyi halı sübut edə bilməmişdir. Başqa sözlə, mübahisələndirilən alqı-satqı müqavilələri bağlanan zaman Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtlərinin pozulması halı müəyyən edilməmişdir.

10. Məhkəmə həmçinin qeyd etmişdir ki, son mülkiyyətçi – Cavabdeh2 vəkili tərəfindən təqdim olunmuş sənədlər, üçüncü şəxsin izahatları və sosial şəbəkə (whatsapp) yazışmaları göstərir ki, mənzil real bazar qiymətinə, vasitəçi vasitəsi ilə, vicdanlı niyyətlə əldə olunmuşdur. Satıcı ilə alıcı arasında əşyaların boşaldılması ilə bağlı müvəqqəti razılaşma olmuş, lakin sonradan əlaqə yaradıla bilmədiyindən alıcı evə müstəqil şəkildə daxil olmuşdur. Beləliklə, mənzilin hazırki mülkiyyətçisi Cavabdeh2 daşınmaz əmlakı dövlət reyestrində göstərilən qeydiyyata güvənərək, notariat qaydasında hüquqi qüvvəyə malik müqavilə əsasında həmin mənzili əldə etmişdir. Məhkəmə hesab etmişdir ki, Cavabdeh2 mənzili alarkən vicdanlı üçüncü şəxs olmuş, əqdin əvvəlki tarixçəsindən və iddiaçının bildirdiyi razılaşmalardan xəbərdar olmamışdır.

11. Əlavə olaraq məhkəmə onu da qeyd etmişdir ki, mübahisəyə cəlb olunan digər şəxslər – X7, vəfat etmiş Cavabdeh4 və Cavabdeh3 tərəfindən əldə edilmiş mülkiyyət hüququ da reyestrdə qeydiyyatdan keçmiş və hüquqi nəticələr doğurmuşdur. Hər bir cavabdeh mənzili qanuni əsasla əldə etmiş, daşınmaz əmlakın reyestrində heç bir məhdudlaşdırıcı qeyd olmadığına görə, həmin şəxslərin də hər biri “vicdanlı alıcı” hesab olunmalıdır.

12. Bundan əlavə məhkəmə həmçinin qeyd etmişdir ki, iddia tələbinin əsasında duran əsas arqumentin biri də iddiaçı ilə Cavabdeh3 arasında borc pulun alınıb verilməməsi qeyd edilsə də, bununla bağlı özünün də etirafı nəticəsində bununla bağlı rəsmi sənədi təqdim edə bilməmiş və bunu onunla öz aralarında rəsmiləşdirməmişdir. Bu bir daha onu deməyə əsas verir ki, iddiaçı məhkəmədə iddiasını tam olaraq sübuta yetirə bilməmişdir.

13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140, 152.1, 152.5, 157.2, 324, 337.1, 337.2, 337.4, 340, 372, 377, 378, 380, 567-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2ci maddəsinin şərh edilməsinə dair” 18 mart 2022-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

14. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ədliyyə sahəsində xidmətlər baş idarəsinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki 2021-2023-cü illər ərzində Cavabdeh3 iştirakı ilə 21, Cavabdeh4 iştirakı ilə 4, X3 iştirakı ilə 5, Cavabdeh2 iştirakı ilə 3 alqı-satqı müqaviləsinin rəsmiləşdirildiyi məlum olmuşdur. 3 il ərzində cavabdehlərin iştirakı ilə bu sayda alqı-satqı müqavilələrinin rəsmiləşdirilməsi sübut edir ki, həmin şəxslər əlaqəli şəxslərdir və borc pulun qarşılığında alqı-satqı müqaviləsi əsasında daşınmaz əmlakları adlarına keçirirlər.

16. Şahid qismində dindirilmiş X6 izahat verərək bildirmişdir ki, hazırki iş üzrə həm iddiaçını, həm də bu vasitəçiliklə məşğul olan şəxsi tanıyırdı və bu məsələ ilə bağlı onlarla əlaqə saxlamışdı. Əvvəlcə, alqı-satqı məsələsinə qarışmasa da, sonradan maraqlanaraq, evin Dinarə adlı xanımın adına rəsmiləşdirildiyini və həmin şəxsin bir müddət orada yaşamağa davam etdiyini, daha sonra isə evi tərk etdiyini öyrənmişdi. Dinarənin ona müraciət edərək borcu ödəyə bilmədiyini və evi satmalı olduğunu deməsindən sonra tanıdığı Müşfiqlə əlaqə saxlamış və həmin ev Müşfiqin adına keçirilmişdi. Müşfiqlə Dinarə arasında olan borcun bir hissəsi ilə bağlı iddiaçı ilə də əlaqə saxlanılmış, nəticədə notarial qaydada tərtib olunmuş sənəd əsasında iddiaçı tərəfindən Dinarəyə 30.000 manat məbləğində pul verilmişdi. Daha sonra iddiaçı bu mübahisə ilə əlaqədar əlavə olaraq 6.700 manat da ödəmişdi. Müşfiq evin satıldığını bilirdi və Dinarənin borcuna görə bu məbləğin ödənilməsini təmin etmişdi. Hadisələrin sonrakı gedişatı barədə isə hər hansı məlumata malik deyildi. Məhkəmə qətnaməsində qeyd etmişdir ki, məhkəmə hesab edir ki, iş üzrə şahid qismində dindirilmiş X1 da izahatına hüquqi qiymət verilməlidir. Qeyd olunmalıdır ki, şəxsin şahid ifadəsi yalnız digər obyektiv və etibarlı sübutlarla təsdiqləndiyi halda işin hallarının sübut edilməsi vasitəsi kimi hüquqi əhəmiyyət kəsb edə bilər. Lakin iş üzrə təqdim edilmiş sübutlar və materiallar şahidin ifadəsində göstərilən halları, xüsusilə də alqı-satqımüqavilələrinin formal xarakter daşımasını və ya qeyri-real niyyət əsasında bağlanmasını təsdiq etmir. Əksinə, iş materialları bu əqdlərin hər birinin qanunvericiliyə uyğun olaraq bağlandığını və notariat qaydasında rəsmiləşdirildiyini göstərir. Belə olan halda, şahid ifadəsi təkbaşına alqı-satqı müqavilələrinin etibarsızlığını təsdiq edən sübut kimi qəbul edilə bilməz. Şahid ifadəsi ilə tərəflər arasında olan borc münasibətləri təsdiq olunsa da məhkəmə şahid ifadəsinə izahat kimi qiymət verərək sübut kimi qiymətləndirməmişdir. X2 istifadəsində ********** mobil telefon nömrəsi və Cavabdeh1 əri Mübariz adlı şəxsin istifadəsində ********** mobil telefon nömrəsi var. Ehtimal olunur ki məhkəmə iclaslarından əvvəl və sonra X4 və Mübariz adlı şəxs bir-birləri ilə əlaqə saxlayırlar. Onların bir birlərini tanıyıb tanımamalarının müəyyən edilməsi və işin tam və obyektiv araşdırılması üçün 27 yanvar 2023-cü il tarixdən vəsatət verilən tarixə qədər ********** və ********** mobil telefon nömrələri arasında zənglərin olub-olmaması barədə sorğu verilməsi üçün vəsatət verilsə də, məhkəmə tərəfindən təmin edilməmişdir. Mübahisəli mənzil əgər cavabdehlərə satılmışdırsa o zaman niyə iddiaçı və iddiaçının atası həmin mənzildə yaşamışdır? Bu bir daha sübut edir ki alqı-satqı müqavilələrinin hamısı yalan əqd olmuşdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

18. İddiaçının nümayəndəsi (vəkili) məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.

19. Cavabdeh2 nümayəndəsi (vəkili) isə məhkəmə kollegiyasının iclasında izahat verərkən apellyasiya şikayətini qəbul etmədi və onun rədd olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

20. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

21. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları qorunmalıdır. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 324. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və xitamına yönəlmiş birtərəfli, iki tərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli ədq) və ya üç və ya daha çox tərəfin razılaşdırlmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir . Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir və əhəmiyyətsizdir. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.

22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli Qərarı: “...Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olubolmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir.

23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” 18 mart 2022ci il tarixli Qərarı: “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin mənasına görə, tərəflərin həqiqi iradə ifadələri nəticəsində yaranan faktiki münasibətləri pərdələmək məqsədi ilə görüntü üçün bağlanan əqdlər, o cümlədən fərqli subyektlər arasında formal olaraq bağlanan əqdlər yalan əqd olaraq əhəmiyyətsizdir.”

Apellyasiya baxışının hədləri

24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

25. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən mübahisələndirildiyindən və iddia rədd edildiyindən qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni isə əsaslı sayaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri və tətbiq edilməli hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

27. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır.

28. Əqdin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması zəruridir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr baş verir. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur.

29. İddiaçı iş üzrə tərəflər arasında bağlanmış alqı-satqı müqavilələrini mübahisələndirərkən hesab edir ki, ünvan 2 ünvanında yerləşən mənzil guya borc müqabilində formal olaraq ard-arda müxtəlif şəxslərin adına keçirilmişdir. Lakin bu iddialar fərziyyələrə və əsaslandırılmamış subyektiv izahatlara söykənir. İddiaçı tərəfindən məhkəməyə alqı-satqı münasibətlərinin borc münasibətləri ilə əvəz olunduğunu sübut edə biləcək hər hansı bir rəsmi sənəd, borc müqaviləsi, qəbz və ya öhdəlik sənədi təqdim edilməmişdir. Əksinə, cavabdehlər tərəfindən təqdim olunmuş alqı-satqı müqavilələri notariat qaydasında rəsmiləşdirilmiş, hər bir əqd üzrə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

30. Yuxarıda göstərilənlərlə yanaşı, mənzilin bazar dəyərinin müəyyən olunması məqsədilə birinci instansiya məhkəməsi tərəfindən əmtəəşünaslıq ekspertizası təyin etmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 10/4406 nömrəli rəyi ilə ümumi sahəsi 35.89 kv.m olan ünvan 4 ünvanında yerləşən təmirli mənzilə yaxın ərazilərdə yerləşən analoji təmirli mənzillərin mövcud orta bazar dəyəri təqribən 76.984,00 manat məbləğində müəyyən edilmişdir.

31. Beləliklə, ekspert rəyinə əsasən, mənzil üzrə bağlanmış alqı-satqı müqavilələrində göstərilən qiymətlər əmlakın faktiki bazar dəyərinə uyğun olması müəyyən edilmişdir. Bu hal isə onu göstərir ki, tərəflər əqdləri real iradə və qarşılıqlı razılaşma əsasında bağlamış, hər hansısa “formallıq” və ya “yalan əqd” niyyəti ilə deyil, əmlakın real kommersiya dəyəri nəzərə alınmaqla rəsmiləşdirmişlər.

32. Məhkəmə kollegiyası hesab edir ki, ekspert rəyinin nəticəsi bir daha iddiaçının alqısatqı müqavilələrinin formal xarakter daşıdığı barədə iddialarını təkzib edir və əksinə, onların reallığını, iqtisadi əsaslılığını və bazar şərtlərinə uyğunluğunu sübut edir.

33. Bundan əlavə, iddiaçı tərəflər arasında bağlanmış müqavilələrin etibarsız olduqları ilə bağlı həm iddia ərizəsində, həm də apellyasiya şikayətində iki məqamı daha vurğulamışdır.

34. Birincisi, iddiaçı iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2023-cü il tarixli məktubuna istinad edərək qeyd etmişdir ki, 3 il ərzində cavabdehlərin iştirakı ilə çoxlu sayda alqı-satqı müqavilələrinin rəsmiləşdirilməsi həmin şəxslərin əlaqəli şəxslər olduğunu və borc pulun qarşılığında alqı-satqı müqaviləsi əsasında daşınmaz əmlakları adlarına keçirdiklərini sübut edir. İkincisi, iddiaçı hələ də qeyd edilən mənzildə qeydiyyatda olduğunu bildirmişdir.

35. Məhkəmə kollegiyası iddiaçının bu dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, şəxsin bir neçə daşınmaz əmlak müqaviləsində iştirak etməsi qanunvericiliklə qadağan olunmur və bu, onun sahibkarlıq fəaliyyəti və ya şəxsi mülki hüquq subyekti kimi iqtisadi azadlığı çərçivəsində olan bir hüquqdur. Alqı-satqı müqavilələrinin sayının çoxluğu əqdlərin formal və ya saxta olması qənaətini formalaşdırmır və belə yanaşma hüquqi dövlət prinsiplərinə və mülki dövriyyənin azadlığına zidd hesab edilir. Mülkiyyət hüququna malik olan hər bir şəxs qanuni məhdudiyyətlər çərçivəsində sərbəst şəkildə əmlak əldə etmək, satmaq və ya digər şəxslərə ötürmək hüququna malikdir. Bu baxımdan, cavabdehlərin alqı-satqı müqavilələrində çoxsaylı iştirak etməsi iddianın əsaslandırılması üçün yetərli hüquqi dəlil sayıla bilməz.

36. Həmçinin, iddiaçı hələ də mübahisə predmetini təşkil edən mənzildə qeydiyyatda olduğunu qeyd etsə də, iş materiallarına əlavə edilmiş arayışdan görünür ki, İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, 5-ci mikrorayon, Cavabxan küçəsi, ev 25 ünvanında yerləşən 57 saylı mənzildə qeydiyyatda deyil. Məhkəmə onu da vurğulamağı zəruri hesab edir ki, iddiaçının mənzildə qeydiyyatda olması, və ya orada əvvəllər yaşaması mülkiyyət hüququnun sübutu sayıla bilməz. Belə ki, qeydiyyat faktı yalnız yaşayış yerini təsdiqləyir və heç bir halda əmlak üzərində mülkiyyət hüququ yaratmır. Əgər şəxs mənzilə dair alqısatqı müqaviləsinə imza ataraq onu digər şəxsə veribsə, bu halda o, həmin əmlakdan könüllü imtina etmiş sayılır.

37. Bundan əlavə, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə təqdim edilmiş səs yazıları da qiymətləndirilmiş və müəyyən edilmişdir ki, təqdim olunan səs yazılarının heç biri alqı-satqı müqavilələrinin etibarsızlığını təsdiq edən birbaşa və inandırıcı sübutları özündə əks etdirmir. Həmin yazıların əksəriyyəti ümumiyyətlə müqavilə tərəfləri arasında aparılmamış, bir qismi isə kontekstdən çıxarılmış, qeyri-müəyyən xarakter daşıyan danışıq parçalarından ibarətdir. Belə olduğu halda, səs yazılarının da iş üzrə həlledici sübut kimi qəbul edilməsi üçün hüquqi əsas mövcud deyildir.

38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 95.1-ci maddəsinə əsasən elektron və digər daşıyıcılar üzərində səs və ya video yazılar təqdim edən və ya onların tələb olunması barədə vəsatət qaldıran şəxslər həmin yazıların nə vaxt, kim tərəfindən və hansı şəraitdə yazılmasını göstərməyə borcludur.

39. Həmin Məcəllənin 95.2-ci maddəsinə əsasən qanunla icazə verilən hallardan başqa, gizli yolla əldə edilmiş səs və ya video yazılardan sübut kimi istifadə oluna bilməz.

40. N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12.04.201-ci il tarixli qərarına əsasən, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır.

41. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə şahid qismində dindirilmiş X1 da izahatına hüquqi qiymət verilməlidir. Qeyd olunmalıdır ki, şəxsin şahid ifadəsi yalnız digər obyektiv və etibarlı sübutlarla təsdiqləndiyi halda işin hallarının sübut edilməsi vasitəsi kimi hüquqi əhəmiyyət kəsb edə bilər. Lakin iş üzrə təqdim edilmiş sübutlar və materiallar şahidin ifadəsində göstərilən halları, xüsusilə də alqı-satqı müqavilələrinin formal xarakter daşımasını və ya qeyri-real niyyət əsasında bağlanmasını təsdiq etmir. Əksinə, iş materialları bu əqdlərin hər birinin qanunvericiliyə uyğun olaraq bağlandığını və notariat qaydasında rəsmiləşdirildiyini göstərir. Belə olan halda, şahid ifadəsi təkbaşına alqı-satqı müqavilələrinin etibarsızlığını təsdiq edən sübut kimi qəbul edilə bilməz.

42. Beləliklə, işin müəyyən edilən halları ondan ibarətdir ki, İddiaçı alqı-satqı müqaviləsi bağlayarkən əmlakın qiymətini öz iradəsi əsasında müəyyən etmiş, həmin əmlaka görə müqavilə əsasında müəyyənləşdirilmiş məbləği almışdır. Bununla da İddiaçı bağlanmış əqdlə (əqdlərlə) bağlı onun yalan əqd olmasının əsası kimi istinad etdiyi halı sübut edə bilməmişdir. Başqa sözlə, mübahisələndirilən alqısatqı müqavilələri bağlanan zaman Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtlərinin pozulması halı müəyyən edilməmişdir.

43. Məhkəmə kollegiyası həmçinin onu da qeyd edir ki, son mülkiyyətçi – Cavabdeh2 vəkili tərəfindən təqdim olunmuş sənədlər, üçüncü şəxsin izahatları və sosial şəbəkə (whatsapp) yazışmaları göstərir ki, mənzil real bazar qiymətinə, vasitəçi vasitəsi ilə, vicdanlı niyyətlə əldə olunmuşdur. Satıcı ilə alıcı arasında əşyaların boşaldılması ilə bağlı müvəqqəti razılaşma olmuş, lakin sonradan əlaqə yaradıla bilmədiyindən alıcı evə müstəqil şəkildə daxil olmuşdur. Beləliklə, mənzilin hazırkı mülkiyyətçisi Cavabdeh2 daşınmaz əmlakı dövlət reyestrində göstərilən qeydiyyata güvənərək, notariat qaydasında hüquqi qüvvəyə malik müqavilə əsasında həmin mənzili əldə etmişdir.

44. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 mənzili alarkən vicdanlı üçüncü şəxs olmuş, əqdin əvvəlki tarixçəsindən və iddiaçının bildirdiyi razılaşmalardan xəbərdar olmamışdır.

45. Əlavə olaraq məhkəmə kollegiyası onu da qeyd edir ki, mübahisəyə cəlb olunan digər şəxslər – X7, vəfat etmiş Cavabdeh4 və Cavabdeh3 tərəfindən əldə edilmiş mülkiyyət hüququ da reyestrdə qeydiyyatdan keçmiş və hüquqi nəticələr doğurmuşdur. Hər bir cavabdeh mənzili qanuni əsasla əldə etmiş, daşınmaz əmlakın reyestrində heç bir məhdudlaşdırıcı qeyd olmadığına görə, həmin şəxslərin də hər biri “vicdanlı alıcı” hesab olunmalıdır.

46. Bundan əlavə isə məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddia tələbinin əsasında duran dəlillərdən biri də iddiaçı ilə Cavabdeh3 arasında borc münasibətinin olması qeyd edilsə də, iddiaçı bununla bağlı heç bir rəsmi sənəd təqdim edə bilməmiş və bunu onunla öz aralarında rəsmişləşdirməmişdir. Bu bir daha onu deməyə əsas verir ki, iddiaçı məhkəmədə öz tələbini sübuta yetirə bilməmişdir.

47. Mülki qanunvericiliyə əsasən, əgər mülkiyyətçi tərəfindən alğı-satqı müqaviləsinin və onun alıcı üçün verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürülürsə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edilirsə, iddianın təmin olunmasından imtina edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun H.Cəfərovun şikayəti üzrə 2014-cü il 15 sentyabr tarixli Qərarı).

48. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil edir, bu dəlillər formal mülahizə xarakteri daşıyır və həmin dəlillərlə bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir.

49. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

50. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin iş üzrə 05 iyun 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar