Məhkəmə qərarları › İş №2(012)-3261/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3261/2021

01.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3261/2021 01.06.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Abaszadə Sevda Nizami qızının katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı X9 Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və X1rşı kredit müqaviləsinin ləğv edilməsi və borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X9 Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və X1rşı kredit müqaviləsinin ləğv edilməsi və borcun tutulması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 ilə Yelo Bank ASC arasında bağlanmış 02.07.2019-cu il tarixli, BAKU1-38720-16736 saylı kredit müqaviləsinin ləğv edilməsi, Yelo Bank ASC-nin xeyrinə kredit müqaviləsi üzrə 3451,94 manat əsas, 517,93 manat faiz, 515,65 manat cərimə olmaqla cəmi 4485,52 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 02.07.2019-cu il tarixli kredit müqaviləsinə əsasən TBC Kredit Bank olmayan Kredit təşkilatından illik 25 faizlə 36 ay müddətinə 4500 manat kredit götürmüşdür. Borcun təminatı olaraq 02.07.2019-cu il tarixli X4 ilə zaminlik müqaviləsi bağlanmışdır. TBC Kredit Bank olmayan Kredit təşkilatı ilə Nikoyl İKB ASC arasında bağlanmış tələbin güzəşti barədə 19.07.2019-cu il tarixli müqaviləyə 1 saylı Əlavə Sazişə əsasən Cavabdeh1 ilə TBC Kredit Bank olmayan Kredit təşkilatı arasında bağlanmış kredit müqaviləsi üzrə borcun tələb etmək hüququ Nikoyl İKB ASC-yə ötürülmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 09.04.2021-ci ilədək Cavabdeh1 banka 02.07.2019-cu il tarixli kredit müqaviləsi üzrə 3451.94 manat əsas, 517.93 manat faiz borcu, 515.65 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 4485.52 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Ona görə də göstərilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Yelo Bank ASC-nin Məhkəmə Orqanları ilə İş Şöbəsinin hüquqşünası Ramin Abdullayevin məkəməyə verdiyi 31.05.2021-ci il tarixli məktubuna əsasən, iş yükünün çoxluğu səbəbindən məhkəmə iclasında iştirak edə bilməyəcəyini, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia ərizəsini qəbul edərək izahatında göstərmişdir ki, o, 02.07.2019-cu il tarixli kredit müqaviləsinə əsasən TBC Kredit Bank olmayan Kredit təşkilatından illik 25 faizlə 36 ay müddətinə 4500 manat kredit götürmüş, borcun təminatı olaraq 02.07.2019-cu il tarixli X4 ilə zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsi üzrə ödənişlərini əvvəllər vaxtında icra etsə də sonradan Covid-19 pandemiyası ilə əlaqədar olaraq ödənişlərində gecikmələri yaranmışdır. Ona görə də göstərilənlərə əsasən iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş edir. Cavabdeh X4 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPMnin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddia ərizəsinin dəlillərini nəzərə alaraq hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1. və 739.2. maddələrindən görünür ki, kredit müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -TBC Kredit Bank olmayan Kredit təşkilatı ilə Cavabdeh1 arasında bağlanmış 02.07.2019-cu il tarixli, BAKU1-38720-16736 saylı kredit müqaviləsindən görünür ki, Bokt borcalana 240 ay müddətinə illik faiz dərəcəsi 50 faiz olmaqla 4500 manat kredit verməyi, borcalan isə həmin kredit məbləğini ödəməyi öhdəsinə götürmüşdür. -TBC Kredit Bank olmayan Kredit təşkilatı, borcalan Cavabdeh1, zamin X4 arasında bağlanmış 02.07.2019-cu il tarixli BAKU1-38720-16736+ BAKU1-39403 saylı zaminlik müqaviləsindən görünür ki, zamin və borclu kredit müqaviləsindən irəli gələn öhdəliklərin vaxtında və lazimi qaydada icra olunmasına görə o cümlədən lakin bununla məhdudlaşmadan, əsas borc və faizi kredit müqaviləsi ilə şərtləşdirilmiş müddətdə qaytarılmadığı, kredit müqaviləsində nəzərdə tutulmuş dəbbə borcu və ya sığorta pulu ödənilmədiyi və kredit müqaviləsində göstərilən digər şərtlər yerinə yetirilmədiyi halda kredit müqaviləsində birgə məsuliyyət daşıyırlar. -TBC Kredit Bank olmayan Kredit təşkilatı ilə Cavabdeh1 arasında bağlanmış 09.07.2019-cu il tarixli, BAKU1-38720-16736/2 saylı razılaşmadan görünür ki, kredit verən və borcalan 02.07.2019-cu il tarixli BAKU1-38720-16736 saylı kredit müqaviləsi (bundan sonra kredit müqaviləsi adlandırılacaq) əsasında kredit münasibətlərinə daxil olmuşlar və bu razılaşma həmin kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olmaqla bu Razılaşma əsasında verilən kreditin məbləğini, illik faiz dərəcəsini, müddətini, məqsədli təyinatını və digər zəruri şərtləri əks etdirir. 2. Bu Razılaşmaya əsasən Borcalan illik 25% faizlə 36 ay müddətinə 1000 manat məbləğində kredit Borcalanın hesabına açılmış bank hesabına, Borcalanın Azərpoçt MMC tərəfindən buraxılan istifadəçisi eyniləşdirilmiş yüklənə bilən əvvəlcədən ödənilmiş kartına yüklənmək üçün saylı tranzit hesabına və ya notariusun depozit hesabına köçürülməklə verilir. Borcalan kreditdən məqsədli təyinatına uyğun istifadə etmədikdə və ya kreditin əsas borc və faiz borcunun bu müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlində göstərilən ödəniş tarixində ödəməməklə 30 təqvim günündən çox gecikdirdikdə, bu müqavilə ilə verilmiş kreditdən istifadə üçün nəzərdə tutulan illik faiz dərəcəsi Kredit verən tərəfindən 5 faiz artırıla bilər və bu Müqaviləni imzalamaqla Borcalan bu şərtlə razılaşır və krediti yeni faiz dərəcəsi ilə qaytaracağına dair öhdəlik qəbul edir. Bu halda kreditin ödənilməmiş qalıq əsas borca faiz hesablanacaq və faiz borcunun artmış hissəsi Ödəniş cədvəlində göstərilən ödəniş tarixlərində qaytarılacaqdır. Bu Razılaşma ilə verilən kreditin X8 Dərəcəsi illik 25,71% faiz təşkil edir. 3. Bu Razılaşmaya əsasən Borcalana verilən kreditin məqsədli təyinatı Şəxsi istifadə məqsədi üçün kimi müəyyən edilir. 4. Borcalan bu Razılaşma ilə verilən kredit məbləğinin 10 manat məbləğində vəsaiti Kredit Müqaviləsinə əsasən Kredit verənə ödəyir. 5.Borcalan bu Razılaşma ilə verilən kredit məbləğinin istifadəsini təsdiq edən sənədləri kreditin verilməsindən ən çoxu 2 təqvim günü müddətində Kredit verənə təqdim edir. 6. Borcalan kreditin əsas və ya faiz borcunu bu Müqavilənin tərkib hissəsi olan Razılaşmaya əlavə edilmiş Ödəniş Cədvəli ilə müəyyən edilmiş qaydada qaytarmadıqda, gecikmə baş verdiyi gündən Kredit verən hər gecikdirilən təqvim günü üçün ödənilməmiş cari əsas borcun 1% miqdarında dəbbə pulu ödənilməsini tələb edə bilər. 7. Bu Razılaşmaya əsasən Kredit alana verilən kreditin Kredit verənə qaytarılması bu Razılaşmaya əlavə olunan Ödəniş Qrafiki üzrə aparılır. -02.07.2019-cu il tarixli, BAKU1-38720-16736 saylı kredit müqaviləsi üzrə ödəniş qrafikindən görünür ki, borcalan Cavabdeh1 02.07.2019-cu il tarixdən 04.07.2022-ci il tarixədək olan müddətdə 3500 manat əsas, 1515.30 manat faiz borcu olmaqla cəmi 5015.30 manat borcu hər ay 139 manat olmaqla hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. -09.07.2019-cu il tarixli, BAKU1-38720-16736 saylı kredit müqaviləsi üzrə ödəniş qrafikindən görünür ki, borcalan Cavabdeh1 02.07.2019-cu il tarixdən 04.07.2022-ci il tarixədək olan müddətdə 4500 manat əsas, 1933.41 manat faiz borcu olmaqla cəmi 6433.41 manat borcu hər ay 179 manat olmaqla hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. -Ödəniş tapşırıqlarından görünür ki, TBC Kredit Bokt müştəri Cavabdeh1 hesabına 02.07.2019-cu il tarixdə 3500 manat, 09.07.2019-cu il tarixdə 1000 manat pul vəsaiti köçürmüşdür. -TBC Kredit Bokt ilə Yelo Bank ASC arasında bağlanmış 09.09.2020-ci il tarixli tələbin güzəşti barədə müqavilədən görünür ki, TBC ilə bu Müqavilənin 1 saylı Əlavəsində göstərilən borclular arasında Əlavə 1-də qeyd edilən tarixli və nömrəli kredit müqavilələri bağlanmışdır; Qeyd edilən Kredit müqavilələri üzrə borcluların öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə Əlavə 1-də qeyd edilən təminat müqavilələri rəsmiləşdirilmişdir; Kredit müqavilələri üzrə borcluların 09.09.2020-ci il tarixinə TBC-yə olan cəmi borcları 502 223,79 manat, o cümlədən əsas borcu 498 088,87 manat, faiz borcu 4134,92 manat təşkil edir. -TBC Kredit Bokt ilə Yelo Bank ASC arasında bağlanmış 09.09.2020-ci il tarixli tələbin güzəşti barədə müqaviləyə 30.09.2020-ci il tarixli 2 saylı Əlavə sazişdən görünür ki, bu saziş qüvvəyə mindiyi tarixdən müqavilənin 1.1.3 və 2.1.2-ci bəndlərində qeyd olunmuş 30.09.2020-ci il tarixədək sözləri 05.10.2020-ci il tarixədək sözləri ilə əvəzləşdirilmişdir. -TBC Kredit Bokt ilə Yelo Bank ASC arasında bağlanmış 09.09.2020-ci il tarixli tələbin güzəşti barədə müqaviləyə 01.10.2020-ci il tarixli 3 saylı Əlavə sazişdən görünür ki, Bu Saziş qüvvəyə mindiyi tarixdən etibarən: 1.1.1. Müqavilənin tərkib hissəsi hesab olunan 1 saylı Əlavə qüvvədən düşmüş hesab edilməklə, yeni Əlavə tərtib olunmuş, 1.1.2. Kredit müqavilələri üzrə borcluların 01.10.2020-ci il tarixinə TBC-yə olan cəmi borcları 501 951.78 manat, o cümlədən əsas borcu 496 283.58 manat, faiz borcu 5 668.20 manat təşkil edir. 1.1.3. Müqavilənin 1.1.2-ci bəndində qeyd edilmiş 502 223.79 manat sözü "501 951.78 manat sözü ilə əvəz edilmiş, 1.1.4. TBC-yə ödənilmiş 502 223.79 manat məbləğində vəsaitlə TBC tərəfindən Yelo-ya faktiki olaraq güzəşt edilmiş 501 951.78 manat tələb hüquqlarının dəyəri arasında fərqi təşkil edən 272.01 manat məbləğ 05.10.2020-ci il tarixinədək TBC tərəfindən Yelo Bank ASC-yə ödənilməlidir. -12.02.2021-ci il tarixli xəbərdarlıqdan və qəbzlərdən görünür ki, cavabdehlərə müqavilənin şərtlərinin pozulması ilə əlaqədar xəbərdarlıq edilmiş, borcun ödənilməsi üçün 5 gün vaxt verilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. - 09.04.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 02.07.2019-cu il tarixli kredit müqaviləsi üzrə 3451,94 manat əsas, 517,93 manat faiz, 515,65 manat cərimə olmaqla cəmi 4485,52 manat borcu vardır. -Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin Dövlət Qeydiyyat İdarəsinin çıxarışından görünür ki, X9 Səhmdar Cəmiyyəti – adlı qurum, qanuni təmsilçisi X6 olmaqla VÖEN ********** dövlət qeydiyyatı nömrəsi ilə 03.02.2021-ci il tarixdə, **********461600 nömrəli çıxarış verilmişdir. -02.07.2019-cu il - 31.05.2021-ci il tarixlərini əhatə edən hesabdan çıxarışdan görünür ki, Cavabdeh1 sonuncu dəfə 10.02.2021-ci il tarixdə 150 manat ödəniş etmişdir. -Azərbaycan Respublikası Vətəndaşının Seriya AZE № ******** nömrəli Şəxsiyyət vəsiqəsinin surətindən və Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS şöbəsinin 12.02.2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh1 Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 6 ünvanında qeydiyyatdadır. -Azərbaycan Respublikası Vətəndaşının Seriya AZE № 0******* nömrəli Şəxsiyyət vəsiqəsinin surətindən və Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS şöbəsinin 12.02.2021-ci il tarixli arayışından görünür ki, X4 Bakı şəhəri Nərimanov rayonu Ə.Əliyev küçəsi 69 saylı evin 8 saylı mənzilində qeydiyyatdadır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1. maddəsində göstərilir ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. 428.4. və 743-cü maddələrinin tələbindən görünür ki, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. 423.2. maddəsinin mahiyyətindən görünür ki, tərəf müqavilənin ləğv edilməsi tələbini məhkəməyə təklifdə göstərilmiş müddətdə irəli sürə bilər. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. maddəsində göstərilir ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1. və 448.2. maddələrinə əsasən əgər qanunla və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. 462.3-cü maddəsinə görə müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməsi üçün cərimə ödədiyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. İşin müəyyən edilən hallarına əsasən əsas borclu, Cavabdeh1 müqavilə öhdəliklərinin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğu halda lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Məhkəmə X4in cavabdehliyi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxs, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyır. Sadalanan maddi hüquq normasının tələblərinə və zaminlik müqaviləsinə əsasən məhkəmə hesab edir ki, cavabdeh X2 iddiaçı bank qarşısında, digər cavabdeh olan Cavabdeh1 ilə birlikdə eyni həcmdə birgə məsuliyyət daşıyır. Eyni zamanda işin faktiki hallarına qiymət verərək və qeyd olunan maddi hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, Cavabdeh1 iddiaçıdan aldığı krediti faizlərlə birlikdə vaxtında və lazımı qaydada qaytarmamış, zamin X4 isə borclunun əvəzinə hər hansı ödəniş etməmiş və bununla da cavabdehlər kredit və zaminlik müqavilələrindən irəli gələn öhdəlikləri yerinə yetirməmişlər. Ona görə də, borc məbləği cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Tərəflər arasında bağlanmış müqavilənin şərtlərindən müəyyən olunur ki, müştəri müqavilədən irəli gələn öhdəliklərini vaxtında yerinə yetirmədiyi təqdirdə, TBC Kredit BOKT-un müqavilə müddətinin bitməsindən əvvəl borcun ödənilməsini tələb etmək hüququ vardır. İddiaçının tələbetmə hüququndan istifadə edərək borcu vaxtından əvvəl tələb etməsi əsaslıdır və müqavilənin vaxtından əvvəl xitam verilməsi müqavilə şərtlərinə uyğundur. Məhkəmə qeyd edir ki, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər Mülki Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər. (MM-nin 421.1.,421.2.,422.2.-ci mad.) Eyni zamanda,Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair 09 iyul 2009-cu il tarixli qərarında göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır İstinad edilən maddi hüquq normalarının tələbləri baxımından məhkəmə hesab edir ki, əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu gəlir kimi çıxış edə bilməz. Belə ki, dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə zidd olardı. Ona görə də məhkəmə 3451.94 manat məbləğində əsas borc üzrə hesablanmış 515.65 manat məbləğində dəbbənin azaldılaraq, 10 manat məbləğində müəyyən edilməsini qanuni, əsaslı və ədalətli olmaqla, həm də iddiaçı təşkilatın əmlak mənafelərinə, həmçinin cavabdehin maddi, əmlak vəziyyətinə uyğun hesab edir. İş materiallarında olan 14.04.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddia təmin edildiyindən cavabdehlərə aid edilməli və onlardan müştərək qaydada 30 (otuz) manat alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Beləliklə, məhkəmə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, TBC Kredit BOKT ilə Cavabdeh1 arasında bağlanmış 02.07.2019-cu il tarixli, BAKU1-38720-16736 saylı kredit müqaviləsi ləğv edilməli, iddiaçı Yelo Bank ASC-nin xeyrinə cavabdehlər Cavabdeh1 və X2 müştərək qaydada kredit müqaviləsi üzrə 3451,94 manat əsas, 517,93 manat faiz, 10 manat cərimə olmaqla cəmi 3979,87 manat borc və ödənilmiş dövlət rüsumuna görə 30 manat pul vəsaiti tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 217.4. maddəsində göstərilir ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. TBC Kredit BOKT ilə Cavabdeh1 arasında bağlanmış 02.07.2019-cu il tarixli, BAKU1-38720-16736 saylı kredit müqaviləsi ləğv edilsin. Yelo Bank ASC-nin xeyrinə Cavabdeh1 və X2 müştərək qaydada 02.07.2019-cu il tarixli, BAKU1-38720-16736 saylı kredit müqaviləsi üzrə 3451,94 (üç min dörd yüz əlli bir manat doxsan dörd qəpik) manat əsas, 517,93 (beş yüz on yeddi manat doxsan üç qəpik) manat faiz, 10 (on) manat cərimə olmaqla cəmi 3979,87 (üç min doqquz yüz yetmiş doqquz manat səksən yeddi qəpik) manat borc və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat pul vəsaiti tutulsun. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar