Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3282/2021 27.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ X1 Kazımovun sədrliyi, X2 oğlunun katibliyi ilə, İddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair sadələşdirilmiş icraat qaydasında mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” QSC Cavabdeh qarşı sadələşdirilmiş icraat qaydasında borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 150 manat əsas borcun, 22,50 manat cərimə borcu, 20 manat ödənilmiş dövlət rüsumu və 0.40 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış “Nisyə” alqı-satqı müqaviləsinə əsasən cavabdeh 300 manat dəyərində nisyə aldığı malın dəyərini müqaviləyə əlavə olan ödəniş cədvəlinə uyğun olaraq hər ay 50 manat ödəmək şərtilə 6 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. “xxxx” QSC ilə “xxxx” MMC arasında imzalanan “Faktorinq” müqaviləsi və həmin müqaviləyə əlavə olunan “Saziş”ə əsasən “xxxx” MMC-in Cavabdeh qarşı olan 300 manat məbləğindəki tələb hüququ “xxxx” QSC-yə keçmişdir. Eyni zamanda tələb hüququnun “xxxx” QSC-yə keçməsi barədə “Nisyə” alqı-satqı müqaviləsi üzrə “Alıcı”ya müvafiq bildiriş təqdim edilmişdir. Belə ki, cavabdeh sonuncu dəfə 26.12.2020-ci il tarixdə ödəniş etmiş və bugünə 150 manat əsas və 22,50 manat cərimə borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, iddia ərizəsi 26 aprel 2021-ci il tarixdə məhkəməyə daxil olmuş və həmin tarixdə məhkəmə Cavabdeh prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə, iddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də, Mülki-Prossesual Məcəllənin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə məhkəmə bildirişi müvafiq qaydada cavabdehə göndərilmişdir. Məhkəmə, kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: İddiaçı “xxxx” MMC - “satıcı”, Cavabdeh - “alıcı” arasında bağlanmış BZM000164 saylı, 16 iyun 2020-ci il tarixli “Nisyə alqı-satqı” müqaviləsindən görünür ki, sonuncuya ümumilikdə alqı-satqı qiyməti 300 manat olan velosiped avadanlığını ilkin ödəniş olmadan və aylıq 50 manat ödəmək şərti ilə 6 ay müddətinə nisyə satılmışdır. Həmin müqavilənin 5.2-ci bəndindən görünür ki, müqavilə ilə bağlı meydana gələn mübahisələr danışıqlar yolu ilə həll edilə bilmədikdə qanunvericiliyə əsasən məhkəmələrdə həll edilir. 16 iyun 2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh 300 manat dəyərində olan velosipedi “xxxx” MMC-dən təhvil almışdır. “xxxx” QSC ilə “xxxx” MMC arasında bağlanmış R-489/20 saylı, 10 mart 2020-ci il tarixli “Faktorinq” müqaviləsindən və həmin müqaviləyə əlavə olunan “Saziş”dən görünür ki, “xxxx” MMC-in tələb hüququ “xxxx” QSC-yə keçmişdir. 14 aprel 2021-ci il tarixli bildirişdən görünür ki, “xxxx” QSC Cavabdeh qalıq borcunu 3 gün müddətində ödəməsi barədə xəbərdar edilmişdir. “xxxx” QSC tərəfindən verilmiş 14 aprel 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh iddiaçıya 150 manat əsas və 22,50 manat cərimə borcu olmaqla, cəmi 172,50 manat borcu təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. İş materialları ilə müəyyən edilir ki, 16 iyun 2020-ci il tarixli “Nisyə alqı-satqı” müqaviləsinə əsasən satıcı “xxxx” MMC tərəfindən alıcı Cavabdeh alqı-satqı qiyməti 300 manat olan velosiped avadanlığını ilkin ödəniş olmadan və aylıq 50 manat ödəmək şərti ilə 6 ay müddətinə nisyə satılmış olsa da, alıcı Cavabdeh tərəfindən müqavilə şərtləri pozulmuş və buna görə də, sonuncunun 150 manat məbləğində əsas borcu yaranmışdır. 10 mart 2020-ci il tarixli Faktorinq müqaviləsinə əsasən “xxxx” MMC-in tələb hüququ “xxxx” QSC-yə keçmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Beləliklə, Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli və Cavabdeh 150 manat əsas və 22,50 manat məbləğində cərimə borcu iddiaçı “xxxx” MMC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də, iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 20 manat məbləğində pul vəsaitinin əvəzi və 0.40 qəpik dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqı cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 284-1 - 284-6, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 150 (yüz əlli) manat əsas borc, 22,50 (iyirmi iki manat, əlli qəpik) manat cərimə borcu, 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumu və 0.40 (qırx) qəpik dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqı olmaqla, cəmi 192,90 (yüz doxsan iki manat, doxsan qəpik) manat məbləğində pul vəsaiti iddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: E.Kazımov
Məhkəmə qərarları › İş №2(012)-3282/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3282/2021
27.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver