Məhkəmə qərarları › İş №2(012)-3289/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3289/2021

10.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3289/2021 10.06.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc pul tələbinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc pul tələbinə dair sadələşdirilmiş iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh "xxxx" KB ASC-nin xeyrinə 180,81 manat borcun və 20 manat dövlət rüsumuna görə ödənilmiş pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" KB ASC ilə Cavabdeh arasında 04.07.2019-cu il tarixli ödəniş kartına xidmət göstərilməsi haqqında müqavilə bağlanmışdır. Tərəflər arasında bağlanmış müqavilənin 1.1-ci bəndinə əsasən “Bu Müqaviləyə görə Bank Müştəriyə cari hesab açmağı və Hesab üzrə plastik kart(lar) vasitəsilə hesablaşma-kassa əməliyyatlarının aparılması üçün bank xidmətlərinin göstərilməsi, Müştəri isə bu Müqavilənin ayrılmaz hissəsi olan Bankın müəyyən etdiyi Tarif üzrə ona göstərilən Bank xidmətlərinə görə müvafiq haqq ödəməyi öhdəsinə götürür”. Tərəflər arasında bağlanmış cari hesablar üzrə xidmət müqaviləsinin 3.4.2-ci bəndinə əsasən Müştəri tərəfindən “Kart vasitəsilə bir qayda olaraq Hesabda olan pul vəsaitinin məbləği həddində əməliyyat aparmaq və Hesab üzrə texniki overdrafta yol verməmək. X1 razılaşdırılmadan kartın balansında olan pul vəsaitindən artıq əməliyyat aparılması nəticəsində müştərinin Bank qarşısında yaranmış borcudur və Müştəri tərəfindən məcburi qaydada ödənilməlidir”. Cavabdeh bank tərəfindən açılmış hesab üzrə 06.04.2020-ci il tarixdə 457,89 manat texniki overdrafta yol verilmişdir. Həmin overdraft məbləğindən cəmi 277,08 manat məbləğində qismən ödəniş edilsə də, sonradan borclu ona məxsus hesab üzrə yol verdiyi texniki overdraft məbləğini müqavilə üzrə öhdəliklərini yerinə yetirməməklə bu günədək geri qaytarmamışdır. Bu günə cavabdehin "xxxx" KB ASC qarşısında cəmi 180,81 manat məbləğində texniki overdraft üzrə icra edilməmiş öhdəliyi vardır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, iddia ərizəsi 26 aprel 2021-ci il tarixdə məhkəməyə daxil olmuş və 30 aprel 2021-ci il tarixdə məhkəmə Cavabdeh prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə Cavabdeh qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizəyə əlavə edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən sadələşdirilmiş icraat qaydasında qətnamə qəbul edilməlidir. Belə ki, işin materiallarından müəyyən edilir ki, "xxxx" KB ASC ilə Cavabdeh arasında 04.07.2019-cu il tarixli ödəniş kartına xidmət göstərilməsi haqqında müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci maddəsinə əsasən bu müqaviləyə görə Bank Müştəriyə cari hesab açmağı və Hesab üzrə plastik kart(lar) vasitəsilə hesablaşma-kassa əməliyyatlarının aparılması üçün bank xidmətlərinin göstərilməsi, Müştəri isə bu Müqavilənin ayrılmaz hissəsi olan Bankın müəyyən etdiyi Tarif üzrə ona göstərilən Bank xidmətlərinə görə müvafiq haqq ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 3.4.2-ci maddəsinə əsasən müştəri tərəfindən kart vasitəsilə bir qayda olaraq Hesabda olan pul vəsaitinin məbləği həddində əməliyyat aparmaq və Hesab üzrə texniki overdrafta yol verməmək. X1 razılaşdırılmadan kartın balansında olan pul vəsaitindən artıq əməliyyat aparılması nəticəsində müştərinin Bank qarşısında yaranmış borcudur və müştəri tərəfindən məcburi qaydada ödənilməlidir. Mülki işin materiallarında olan 04 mart 2021-ci il tarixli UB/ADJ/ƏB/198 №-li arayışdan müəyyən edilir ki, Cavabdeh 04.07.2019-cu il tarixli müqavilə üzrə plastik kartdan istifadə üzrə 29.03.2020-ci il tarixinə 457,89 manat overdraft borcu yaranmış, həmin overdraft borcdan 06.04.2020-ci il tarixində 277,08 manat ödəniş edilmiş və plastik kart üzrə ümumi overdraft borcu 180,81 manat qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər həmin Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmasına baxmayaraq, Cavabdeh həmin müqavilə ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən Cavabdeh 180,81 manat borc tutularaq iddiaçı "xxxx" KB ASC-yə qaytarılmalı, bununla da iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 20 manat dövlət rüsumu Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 180,81 (yüz səksən manat 81 qəpik) manat borc və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun əvəzi "xxxx" KB ASC-nin xeyrinə tutulsun. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar