Məhkəmə qərarları › İş №2(012)-3308/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3308/2021

31.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3308/2021 31.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı qızının Cavabdeh oğluna qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə 31 may 2021-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Naxçıvan MR Babək Rayon Məhkəməsinin 2(079)- 156/2020 saylı, 16 iyun 2020-ci il tarixli qətnaməsinə əsasən onun xeyrinə təyin edilmiş 27.04.2009-cu il təvəllüdlü X2 və 20.06.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında alimentin miqdarının dəyişdirilərək cavabdehdən hər ay, hər uşağa görə 175 manat, cəmi 350 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Naxçıvan MR Babək Rayon Məhkəməsinin 2(079)-156/2020 saylı, 16 iyun 2020-ci il tarixli qətnaməsinə əsasən 27.04.2009-cu il təvəllüdlü X2 və 20.06.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. İddiaçı hazırda azyaşlı övladları ilə birgə yaşayır. Təyin edilən aliment məbləği isə azyaşlıların saxlanması üçün kifayət etmir və bu ona uşaqların saxlanması üçün çətinlik yaradır. Onlar böyüdükcə tələbatları artır və cavabdeh isə hissə-hissə az miqdarda aliment ödəyir. Cavabdehin qazancı kifayət qədərdir. Bu səbəbdən də hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edib izahatında bildirdi ki, cavabdeh hərbiçidir. Aylıq 120-170 manat arası aliment ödəyir. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki iş materialları ilə birgə tədqiq edərək işdə olan sübutlara qiymət verib hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilir ki, Naxçıvan MR Babək Rayon Məhkəməsinin 2(079)-156/2020 saylı, 16 iyun 2020-ci il tarixli qətnaməsi ilə tərəflərin birgə nikahlarından anadan olan azyaşlıların yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə hər ay qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında alimentin təyin edilməsi qət edilmişdir. İddiaçı izahatında bildirmişdir ki, azyaşlıların tələbatları artmaqdadır və aliment artırılmalıdır. Məhkəmə müəyyən etmişdir ki, cavabdeh hərbiçidir,aylıq stabil qazancı vardır. Cavabdehin maddi vəziyyətinin əvvəlkindən daha yaxşı olması barədə iş materiallarında hər hansı sübut yoxdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2 maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi üzrə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad ola bilər. "Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlara görə 175 (yüz yetmiş beş) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə işin müəyyən edilən faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunandan sonra cavabdehin maddi vəziyyətinin əvvəlkindən daha yaxşı olması sübut olunmadığından, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası əsassız hesab edilməli və təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılmasına dair iddia tələbi təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar